Türkiyədə 1957-ci il seçkiləri

Adnan Menderes səsvermə gününün axşamı DP-nin qərargahına gələn prezident Cəlal Bayara öz həyəcanını belə ifadə etdi: “Allah mənə bir də belə seçki gecəsi yaşatmasın”.

Foto: Meydan Tv


Türkiyə Böyük Millət Məclisinin iyunun 7-də qəbul etdiyi dəyişikliklər mətbuat azadlığını daha da məhdudlaşdırdı

Demokrat Partiyasının (DP) hakimiyyətə gəlməsində Türkiyənin intellektual kəsiminin, ziyalılarının, o cümlədən universitet müəllimlərinin də ciddi payı vardı. Liberal əhvalın hakim olduğu bu çevrələr bir partiyanın 27 il davam edən hakimiyyətinin dəyişməsinin tərəfdarı idilər. Amma iqtidar olduqdan bir müddət sonra DP bu çevrə ilə də münasibətlərini pozmağa başladı.

Hələ 1953-cü il iyulun 21-də qəbul edilən qanunla təhsil işçilərinə siyasi təşkilatlarda vəzifə tutmaq, siyasi bəyanatlar vermək qadağan edilirdi. Baş nazir bunu “Təbiətşünas bir professor, rektor hökumət əleyhinə olur. Baytar professor mətbuat azadlığının olmamasından danışır. Bu tip insanlar siyasətdən nə anlarlar?” kimi mürtəce şəkildə şərh edirdi.

Tezliklə cəzalar işə düşdü. 1954-cü il avqustun 21-də Ankara Universitetinin hüquq professoru Bülent Nuri Esen mövcud rejimi kakokratiya (pislərin hakimiyyəti) adlandırdığı üçün işdən çıxarıldı. Az sonra Tahsin Bekir Balta və Şevket Aziz Kansu (1946-1948-ci illərdə Ankara universitetinin rektoru) eyni aqibət yaşadılar.

1956-cı ilin ilk günlərində hökumət-universitet münasibətlərini bariz nümayiş etdirən bir hadisə baş verdi. Fikir Klubları Cəmiyyəti Ankara universitetinin siyasi elmlər fakültəsinin (SBF) tələbələri və müəllimləri arasında açıq iclas keçirdi. Toplantıda tələbələr sərbəst şəkildə suaallarını verdilər, müəllimlər cavablandırdılar. Adnan Menderes ertəsi gün partiyanın qrup toplantısında hadisəyə heyrətamiz reaksiya verdi: İstəsək bu gün dərilərinə saman təpərik.

1956-1957 ci illər tədris ilinin başlanğıcında SBF dekanı Turhan Feyzioğlu tələbələrə müraciətində “Asla nabza göre şerbet sunan, kötüye, zararlıya fetva veren sözde münevver haline gelmeyelim” sözlərini söylədi. Bu fikirlərinə görə Təhsil nazirliyi tərəfindən işdən çıxarıldı.

Hadisə geniş rezonans doğurdu. SBF tələbələri dərsləri boykot etdilər. Onların bəziləri qovuldular, bəziləri də olayla başlı tənqidi mövqeyini açıqlayan dosent Muammer Aksoyla birlikdə həbs edildilər. Aksoyla birlikdə Aydın Yalçın, Münci Kapani, Şerif Mardin və Çoşkun Kırca adlı müəllimlər də işdən çıxarıldılar.

Bu kimi hallar həm müəllimlər, həm də tələbələr arasında DP iqtidarından kəskin narazılıq yaradırdı. Universitet cameəsindəki bu əhval ilbəil artdı. Bayar-Menderes iqtidarının son ilində tələbə etirazları hökumətə ən çox başağrısı yaradan əsas amillərdən birinə çevrildi.

***

Adnan Menderes 1956-cı il aprelin 10-da Qaziantepdə çıxışı zamanı bəzi kommunist birliklərin hərəkətə keçdiklərini, onları durdurmaq üçün mövcud qanunlar yetməzsə, yenilərinin qəbul ediləcəyini söylədi. Qeyd edək ki, o zamanın Türkiyəsində kommunizm ittihamı indi bizdəki “erməni dəyirmanına su tökmək” qədər yayğın idi.

Maraqlıdır ki, Baş nazirin fikirləri yeni deyildi. 1946-cı ildə Cümhuriyyət Xalq Partiyası (CHP) iqtidarının Baş naziri Recep Peker parlamentə təqdim etdiyi hökumət proqramında yazırdı: “Təkcə mövcud qanunlar dövlət nizamını tutmağa yetməzsə, yeni qanun təklifi ilə hüzurunuza gələcəyik”. O zaman müxalifət olan DP haqlı olaraq bunu hədə-qorxu kimi dəyərləndirmişdi, indi öz iqtidarlarının Baş naziri eyni sözləri deyirdi.

Amma o zaman Recep Pekerin antidemokratik istəklərini prezident İsmət İnönü öz nüfuzu ilə durdura bilirdisə, indiki prezident Celal Bayarın belə həvəsi yox idi. Parlamentdəki DP üzvlərinin böyük əksəriyyəti də Baş nazirin get-gedə avtoritarlaşan idarəçiliyini dəstəkləyirdilər. Nəticədə, Menderesin anons etdiyi qanunlar tezliklə qəbul edildi.

Türkiyə Böyük Millət Məclisinin iyunun 7-də qəbul etdiyi dəyişikliklər mətbuat azadlığını daha da məhdudlaşdırdı. İndi rəsmi şəxslər haqqında tənqidi yazılar yazmaq ümumiyyətlə mümkünsüz işə çevrilirdi. Qəzet sahibi, baş redaktor olmaq üçün şərtlər sərtləşdirildi. Müəllif və mənbə anonimliyinin qorunması imkansız olurdu: sorulduğu təqdirdə 24 saat ərzində hakimə açıqlanmalı idi. Qanunu pozanların cəzaları da ağırlaşdırıldı. İndi onları 1 ildən 3 ilə qədər həbs (əvvəl 6 aydan başlayırdı) və 3 min lirədən 10 min lirəyədək cərimə (əvvəl 1 min lirədən 3 min lirəyədək) gözləyirdi.

İyunun 27-də qəbul edilən qanun seçki kampaniyası istisna olmaqla açıq hava aksiyalarını qadağan edir, qapalı məkanlardakı tədbirləri də icazəyə bağlayırdı. İcazəsiz aksiyaların dağıdılması üçün hətta odlu silahdan atəş açmaq icazəsi belə verildi. Belə hal özünüifadə azadlığının, demək olar ki, tamamilə boğulması idi. Demokrat Partiyasına müxalif olmaq getdikcə daha təhlükəli məşğuliyyətə çevilirdi.

Məclisdə kəskin azlıqda olan müxalifət bu antidemokratik dəyişikliklərə bir neçə iclası boykot etməklə cavab verdilər. Amma iqtidarın heç bir reaksiya vermədiyini gördükdə iyulun 11-dən etibarən yenidən Məclisin işində iştirak etməyə başladılar. Adnan Menderes bu duruma istehza ilə “tıpış-tıpış döndülər” şərhini verdi.

Yeni qadağaların sərtliyini görən ilk adamlardan biri CHP-nin Baş katibi, daim ölkəni gəzdiyi üçün “çarıqlı siyasətçi” adını alan Kasım Gülek oldu. Onun Rize bazarında gəzərək dükan sahibləri ilə əlbəəl görüşməsi, kef-əhval sorması “gösteri yürüyüşü” kimi qiymətləndirildi. Baş katib 6 ay müddətinə həbsə məhkum edildi.

Qadağalar o qədər absurda yüksəldi ki, 1956-cı il avqustun 30-da Hürriyyət Partiyasının (HP) Anıtkabri ziyarət etmək və Mustafa Kamal Atatürkün məzarına çələng qoymaq cəhdinə də imkan verilmədi.

***

Ötən məqalədə seçkilərdə müxalif Cümhuriyyətçi Millət Partiyasına (CMP) səs verdiyinə görə Kırşehirin vilayət statusunun kiçildərək ilçe halına gətirilməsini yazmışdım. 1957-ci ilin iyununda vilayət statusu yenidən bərpa edildi. Amma bu bərpa elə aparıldı ki, CMP başqanı Osman Bölükbaşının doğma Hasanlar kəndi indi Kırşehirə aid olmadı, Nevşehirdə qalırdı. Bunun da CMP-nin yenə o vilayətdə qalib gəlməsinə imkan verməmək üçün edildiyi şübhə doğurmurdu.

Məsələ parlamentdə müzakirə olunarkən Osman Bölükbaşı sərt çıxış etdi. O, ölkədə siyasətlə məşğul olmağın cəzalı duruma çevrildiyini nəzərdə tutaraq “Siyasət səhnəsi sırat körpüsünə çevrildi” söylədi. Bu çıxışından dolayı Bölükbaşı Məclisin üç toplantısında iştirak hüququndan məhrum edildi. Daha sonra isə Məclisə həqarət etdiyi iddiası ilə toxunulmazlığı qaldırıldı və həbs edildi.

Bir qədər irəli gedərək söyləyək ki, Kırşehirn statusu ətrafında manipulyasiyaların bir faydası olmadı. 1957-ci ilin oktyabrında keçirilən erkən seçkilərdə CMP Kırşehirdə 63% səs topladı, Osman Bölükbaşı və daha üç yoldaşı yenidən parlamentə seçildilər. Bölükbaşı millət vəkili andını həbsxanada, dustaqların qarşısında içdi.

***

Bu dövrdə iqtisadi göstəricilər pisləşməkdə davam edir. 1956 və 1957-ci illərdə inflyasiya müvafiq olaraq 11,5% və 12,5%, iqtisadi artım isə 3,2 və 7,8% oldu. Halbuki DP iqtidarının ilk üç ilində son göstərici orta hesabla 13% təşkil edirdi. Bu illərdə xarici ticarətdə ixracın idxal qarşısında mənfi saldosu xeyli azaldı. Amma bunun səbəbi ixracın artması deyil, valyuta çatışmazlığı səbəbindən idxalın azalması oldu.

İxracın azalması isə ölkədə qara bazarın çiçəklənməsinə səbəb oldu. Hətta türklərin çox istehlak etdikləri qəhvə belə defisitə çevrildi. Qara bazarla mübarizə üçün 1956-cı ildə “İthal Malları Fiyat Kontrol Dairesi” yaradıldı. Amma belə inzibati üsullar fayda vermədi. Əksinə, bəzi DP-li məmurlar qara bazar və yüksək qiymətlər hesabına varlandılar.

Menderes iqtidarının emissiya siyasəti də vəziyyəti ağırlaşdırırdı. Əgər 1954-cü ildə dövriyyədə 1379 milyon lirə vardısa, 1956-cı ildə bu rəqəm 2322 milyona bərabər oldu. 1957-ci ildə isə 3 il öncə ilə müqayisədə iki dəfədən çox artaraq 2936 milyona çatdı. Bu da lirənin real kursuna mənfi təsir göstərirdi.

Belə iqtisadi vəziyyət bir sıra qeyri-populyar addımların atılmasını qaçılmaz edirdi. Məsələn, xarici ekspertlər artıq çoxdan Türkiyənin devalvasiyaya getməsini tövsiyə edirdilər. Menderes bu addımların populyarlığına mənfi təsir edəcəyini bildiyindən, onları atmazdan öncə erkən seçkilərə getməyi qərara aldı. DP iqtidarı 1958-ci ildə keçirilməli olan parlament seçkilərini önə çəkdi və oktyabrın 27-nə təyin etdi.

Seçkilər öncəsi DP daha bir zərbə aldı. Partiyanın banilərindən biri Fuat Köprülü qurucusu olduğu partiyanı artıq tanıya bilmədiyini söylədi və istefa verdi. Keçmiş xarici işlər naziri demokratiyaya inanan hər kəsin Menderesi devirmək üçün birləşməsini “Vətən borcu” kimi dəyərləndirərək Hürriyyət Partiyasına qoşuldu.

Bu dövrdə üç müxalif partiya – CHP, CMP və HP seçki bloku yaratmaq üçün danışıqlar aparırdılar. Türkiyədə o zaman mövcud olan seçki siteminin özəlliyinə görə, seçkilərə blokla getmək proporsional qayda ilə müqayisədə xeyli daha effektli ola bilərdi və DP iqtidarının sonunu gətirərdi.

Bunu gözəl anlayan Menderes hökumətinin təklifi ilə seçki qanununa edilən dəyişiklik siyasi partiyaların blok yaratmasını qadağan etdi. Bu dəyişikliyə görə, siyasi partiyalar hər bir vilayətdə ayrılan mandatların sayı qədər namizəd göstərməli idilər. Bununla da partiyaların nəinki blok yaratmaları, hətta bir-birlərinə güzəştə getmələri imkansız olurdu.

Daha bir düzəliş isə öz partiyasından istefa verən şəxsin 6 ay keçmədən başqa bir partiyadan namizəd olmasını qadağan edirdi. Bu düzəliş sırf Fuat Körpülünün yenidən namizəd olmasının qarşısını almaq üçün irəli sürülmüşdü və jurnalistlər tərəfindən “Köprülü qanunu” adlandırıldı. Yəni DP iqtidarı bir şəxsə görə qanunu dəyişdirməkdən də çəkinmədi.

***

1957-ci il seçkiləri olduqca gərgin atmosferdə, qarşılıqlı ittihamlarla keçdi. İqtidar bir sıra sui-istifadələrdə, manipulyasiyalarda ittiham edildi. CHP-nin iddiasına görə, muxtarların tərtib etdikləri seçki siyahılarında müxalifətə səs verəcəyi bilinən seçicilərin adı yox idi. Əvəzində, DP tərəfdarı olan seçicilərin adının bir neçə məntəqəyə salındığı deyilirdi.

O zaman ən mühüm təbliğat vasitəsi olan radio birmənalı şəkildə DP-nin əlində idi. Bu zaman “nə iqtidar, nə müxalifət, radio dövləti təbliğ etməlidir” düsturu irəli sürülmüşdü, dövlət isə, aydın məsələdir ki, iqtidarın əlində idi. Seçkilərdə tərəf olan Demokrat Partiyasının genel başqanı Adnan Menderesin bütün addımları işıqlandırırlırdı. Belə situasiyaya etiraz olaraq ölkədə “Radio dinləməyənlər cəmiyyəti” qurulmuşdu.

Baş nazir ara-sıra seçki mitinqlərində iştirak etsə də, taktikası əsasən yeni müəssisələrin açılışında və ya təməlqoyma mərasimlərində iştirak etməkdən ibarət idi. Bununla da Türkiyənin sürətli inkişafı təsəvvürü dəstəklənirdi. Məsələn, Afyon və Çorumda sement zavodları bu dönəmdə açıldı. DP-nin seçim plakatında “Nurlu üfüqlərə doğru” şüarı yazılırdı. Prezident Cəlal Bayar da İstanbul mitinqində Türkiyənin 30 il ərzində “kiçik Amerika” olacağını vəd edirdi.

unnamed.jpg
1957-ci il seçkiləri

Bu seçkilər Türkiyədə dini duyğuların son dərəcə istismar olunduğu ilk seçkilər oldu. Menderes hakimiyyətdə olduqları 7 il ərzində 15 min məscid açdıqlarını səsləndirirdi. Açılış və təməlqoyma mərasimlərində Baş naziri mütləq bir ruhani şəxs müşayiət edir, dualar oxunur, təkbir səsləndirilirdi.

Seçki kampaniyası zamanı çıxışlarının birində Menderes ekstaza gələrək “İstanubulu ikinci bir Məkkə, Eyüp Sultan camisini ikinci bir Kəbə edəcəyik” söylədi. CHP lideri İsmət İnönünü və digər müxalifətçiləri nəzərdə tutaraq “Allah münafiqlərin şərindən hər birinizi qorusun” dedi. Halbuki Baş nazir özü həyat tərzinə görə heç də dindar biri deyildi.

CHP-nin seçki kampaniyası əsasən iqtisadi problemləri qabartmaq üzərində qurulmuşdu. Plakatların birində “Qəhvə getdi, adı qaldı yadigar” yazılırdı. Başqa bir plakatda isə “Traktoru öküzlə çəkirik” yazılırdı. Çünki bu dövrdə valyuta çatışmazlığı üzündən ölkədəki traktorlara xaricdən ehtiyat hissələri alına bilmirdi və onların bir hissəsi qeyri-işlək vəziyyətə düşmüşdü.

CMP-nin seçki taktikasını öz liderləri Osman Bölükbaşının həbsini qabartmaq və bundan maksimum yararlanmaq təşkil edirdi. HP isə azadlıqların məhdudlaşdırıldığını vurğulayırdı. Fuat Köprülü Balıkesir mitinqində “Bu seçki mücadiləsi tək partiya, tək şef sistemini canlandırmaq istəyən adama qarşı qoca bir millətin mücadiləsidir” deyirdi.

Seçki kampaniyası dövründə müxalifət xeyli basqılara və məhdudiyyətlərə məruz qaldı. CMP mitinqləri bir çox hallarda dağıdılırdı və buna səbəb kimi həbsdə olan adamın, yəni Bölükbaşının şəklinin qaldırılması göstərilirdi. 300 min insanın iştirak etdiyi CHP-nin İstanbul mitinqində tribunaya verilən elektrik kəsildi və İnönü danışa bilmədi.

Müxalifətin mitinqlərinə polis müdaxiləsi tez-tez baş verirdi. Seçicilərin həmin mitinqlərə getməsini əngəlləyən müxtəlif addımlar atılırdı. Müstəqil və müxalif mətbuatın kağız qıtlığı çəkdikləri və səhifələrinin sayını azaltdıqları bir vaxtda DP tərəfdarı olan “Köylü” qəzeti pulsuz paylanırdı.

Tərəflər bir-birlərinə qarşı kəskin ifadələrdən də vaz keçmirdilər. Oktyabrın 13-də Trabzonda çıxış edən Menderes bunları söylədi: “İsmət paşa deyir ki, böhran var. Böhran İsmət paşanın öz başındadır. İsmət paşa xəstədir. Bu xəstəliyin adı iqtidar xəstəliyidir”. Ertəsi gün İnönü cavab verdi: “Əgər DP-nin şansı varsa, mənim sağlığımda çəkilmək lütfünə uğrar. Gələcəkdə onları müdafiə edəcək tək adam mən olacağam”.

***

Pozuntular səsvermə günü də davam etdi. Bunlardan ən məşhuru radio ilə bağlı oldu. Seçki qanununa görə siyahıdakı bütün seçicilərin səs verdiyi məntəqələr vaxt gözləmədən səsverməni bitirə və səslərin sayılmasına başlaya bilərdilər. Dövlət radiosu artıq saat 14.30-dan etibarən belə məntəqələrin nəticələrini elan etməyə başladı və hər yerdə Demokrat Partiyanın qələbə çaldığı görüntüsünü yaratdı. Bu isə hələ səs verməyən seçicilərə ciddi təsir edə bilərdi.

İsmət İnönü hökumət üzvlərindən Fatih Rüştü Zorlunu arayaraq radiodakı yayımın dayandırılmasını tələb etdi. Deyilənlərə görə, Zorlu bu tələbi Menderesə çatdırdı, o isə rədd etdi. Yalnız Yüksək Seçim Kuruluna şikayətdən sonra yayım dayandırıldı, amma bu zaman seçkilərin bitməsinə az qalırdı. Bir çox CHP tərəfdarı “onsuz da DP qazandı” deyərək səsvermədə iştirak etmədi.

Ən heyrətamiz hadisələr Qaziantepdə baş verdi. Əvvəlcə CHP-nin 700 səs üstünlüklə qalib gəldiyi deyildi. Ertəsi gün haradasa unudulmuş bülletenlər “tapıldı” və bu dəfə DP min səs üstünlüklə qazandı. Səslərin təkrar sayılmasını tələb etdikdə isə sandıqların saxlanıldığı otaqda yanğın çıxdı və bütün bülletenlər yandı.. Baş verənlərə etiraz edən 40-a qədər CHP üzvü tutuldu və 6 ay həbsdə saxlanıldı.

Türkiyədə o zaman mövcud olan seçki sisteminin özəlliyi ondan ibarət idi ki, mandatlar səslərə mütənasib bölünmürdü. Bəzi istisnalar olmaqla, vilayətdə qalib gələn partiya oraya ayrılan mandatların hamısına yiyələnirdi. Nəticədə Qaziantepə ayrılan 10 mandatın hamısı DP-na çatdı.

Mersində baş verən hadisələr zamanı CHP üzvü Mahmut Boytunc DP üzvləri tərəfindən öldürüldü. Hökumət həm Qaziantep, həm də Mersində baş verənləri işıqlandırmağı mətbuata qadağan etdi.

1946-cı il seçkilərindən sonra Türkiyə tarixinin bu ən şübhəli və kirli seçkisində əvvəlkindən 12% az, 76,6% seçici iştirak etdi, bu da əvvəlki seçkidən 12% az idi. DP yenə də birinci oldu, amma çox önəmli səs itkisinə məruz qaldı. Seçicilərin 48,6% səsini və parlamentdə 424 yer (əvvəlki seçilərdə 58,4% və 503 yer) qazandı.

Ötən seçkilərdə cəmi 4 vilayətdə qalib gələn CHP indi 19 vilayəti fəth etdi. Səs faizi 41,4%-ə, mandat sayı isə 178-ə çatdı (əvvəl: 35,1% və 31 mandat). Daha iki vilayətdə CMP və HP qalib gəldi və hərəyə 4 mandat qazandılar. Onların topladığı səs faizi 6.5 və 3,5 idi. Beləliklə, seçicilərin yarıdan çoxu DP əleyhinə səs vermişdi. Əgər seçki öncəsi ittifaq yaratmağı qadağan edən qanun qəbul olunmasaydı, DP yəqin ki, iqtidarı itirəcəkdi.

Adnan Menderes səsvermə gününün axşamı DP-nin qərargahına gələn prezident Cəlal Bayara öz həyəcanını belə ifadə etdi: “Allah mənə bir də belə seçki gecəsi yaşatmasın”. Onun duası bir qədər başqa şəkildə həyata keçdi. Həmin seçkilərdən düz 2 il 7 ay sonra devrilən Adnan Menderes bir daha seçki həyəcanı yaşamadı.

Ana səhifəXəbərlərTürkiyədə 1957-ci il seçkiləri