Türkiyə İkinci dünya müharibəsi illərində

İkinci dünya müharibəsi öncəsi həm Almaniya, həm İngiltərə və Fransa, həm də SSRİ Türkiyənin nəhəng strateji önəmini nəzərə alaraq öz tərəflərinə çəkmək istəyirdilər.

Foto: Meydan Tv

(birinci hissə)

İkinci dünya müharibəsi öncəsi həm Almaniya, həm İngiltərə və Fransa, həm də SSRİ Türkiyənin nəhəng strateji önəmini nəzərə alaraq öz tərəflərinə çəkmək istəyirdilər. Türkiyə hökuməti isə ölkənin hərbi və iqtisadi zəifliyini yaxşı bildiyindən müharibədə iştirak etmək istəmir, tərəflərin təkliflərindən öz mənafeyi üçün istifadə etməyə çalışırdı.

1938-ci ildə Türkiyə ordusu 174 min əsgərdən və 20 min komandir heyətindən ibarət idi. Ordunun hətta atıcı silahları belə dövrün tələblərinə cavab vermirdi və XIX əsrin son rübündə buraxılan modellərdən ibarət idi. Türklər ingilislərə müraciət edərək 150 min ədəd müasir atıcı silah almaq istədiklərini bildirirdilər. Belə vəziyyətdə zirehli texnikanın, artilleriyanın halını təsəvvür etmək çətin deyil.

Hərbi hava qüvvələrində 370 müxtəlif tipli təyyarə vardı. Bu təyyarələrin yalnız bir hissəsini az-çox müasir hesab etmək olardı. Şəxsi heyəti 8 min nəfərdən ibarət olan HHQ-də cəmi 450 pilot vardı. Onların da uçuş təcrübəsi çatmırdı. Almaniya Hərbi Hava Qüvvələrində müharibə ərəfəsində 373 min nəfər xidmət edirdi, savaş başladıqdan sonra isə onların sayı 880 minə çatdı.

Hərbi donanma isə Türkiyə silahlı qüvvələrinin ən zəif yeri idi. Flaqman gəmisi Birinci cahan savaşının əfsanəvi "Yavuz" (Göben) gəmisi idi ki, o da xeyli köhnəlmişdi. Digər azsaylı gəmilərdən isə danışmağa belə dəyməzdi. Donanmada cəmi 4800 nəfər xidmət edirdi. Müqayisə üçün göstərək ki, Almaniya donanması 1941-ci ildə 404 min nəfərdən ibarət idi.

Ən əsas gerilik isə ondan ibarət idi ki, Türkiyənin hərbi sənayesi demək olar ki, yox idi və ölkə tamamilə idxaldan asılı idi. İkinci dünya müharibəsində iştirak edən əsas ölkələrin hər birində istehsal olunan tankların və digər zirehli texnikanın, təyyarələrin, artilleriya qurğularının, avtomobillərin sayı onminlərlə, atıcı silahların sayı isə yüzminlərlə və hətta milyonlarla ölçülürdü. Məsələn, təkcə SSRİ-də 6 milyon ədəd PPŞ modelli avtomat silah istehsal olunmuşdu.

Türkiyə iqtıdarı böyük dövlətlərdən bu qədər kəskin geriliyi heç olmasa azaltmaq üçün müəyyən addımlar atırdı. 1938-ci ildə hava hücumundan müdafiəyə 7 milyon, zirehli texnikanın alınmasına isə 5 milyon funt sterlinq vəsait ayrıldı. May ayında ingilislərdən hərbi xərclər üçün 6 milyon funt kredit alındı. Ancaq Cəlal Bayarın Baş nazir olduğu hökumət 21 milyon funtluq kreditə ehtiyacı olduğunu düşünürdü.

Mustafa Kamal Atatürkün 1938-ci ilin noyabrında vəfatından sonra prezident seçilən İsmət İnönü ingilis və fransızların Türkiyə ilə əməkdaşlıqda maraqlı olmasından "Hatay sorunu"nun həllində istifadə etdi. Osmanlı imperiyasının keçmiş İskəndərun sancağının ərazisindən ibarət olan, Suriyanın da iddia etdiyi Hatay sülh dövrünün son aylarında, 1939-cu il iyunun 29-da dinc yolla Türkiyəyə birləşdirildi.

Almaniya isə Türkiyənin əsas ticarət partnyoru idi. Əgər 1932-ci ildə Türkiyə ixracının 13,5%-i, idxalının isə 23,3%-i Almaniyanın payına düşürdüsə, 1938-ci ildə bu rəqəmlər müvafiq olaraq 44% və 46% idi. Almaniyanın Türkiyədən aldığı mallar arasında strateji xammal olan xrom xüsusi yer tuturdu. Paslanmayan poladın vacib komponenti olan xrom hərbi texnikanın istehsalında istifadə edilirdi.

Türkiyə uğrunda mübarizədə SSRİ də passiv qalmırdı. Sovet İttifaqının ayırdığı kreditlə 1935-ci ildə Kayseridə, 1937-ci ildə isə Nazillidə tekstil fabrikləri tikildi. 1939-cu ilin aprelində SSRİ xarici işlər nazirinin birinci müavini Vladimir Potyomkinin Ankaraya səfəri ilə tərəflər arasında qarşılıqlı yardım barədə müqavilənin imzalanması yönündə danışıqlar başladı.

Amma tezliklə baş tutan sovet-alman yaxınlaşması Türkiyə ilə münasibətləri soyuqlaşdırdı. Rəsmi Ankara sovet-alman yaxınlaşmasının gizli şərtlərindən birinin Bosfor və Dardanell boğazlarının SSRİ-nin nəzarətinə keçməsi ola biləcəyindən narahat idi. Sentyabrın sonlarında Moskvaya səfər edən, Stalin və Molotovla da görüşən xarici işlər naziri Şükrü Saracoğlu geriyə əliboş döndü.

Moskva qarşılıqlı yardım haqqında müqaviləni Almaniya ilə münasibətlərini nəzərə almaqla imzalamağa razı idi. Başqa sözlə, əgər Almaniya Türkiyəyə hücum edərdisə, SSRİ yardım etməyəcəkdi. Bu isə Ankaranı qane etmirdi. Türklər zatən iki ölkənin mümkün təcavüzündən əndişə keçirirdilər: Almaniyanın və SSRİ-nin.

***

1939-cu ilin yayında mühüm hadisələr baş verdi. Avqustun 23-də imzalanan "Hücum etməmək haqqında" müqavilə ilə Almaniya və SSRİ dost dövlətə çevrildilər. Sentyabrın 1-də isə Almaniyanın Polşaya hücumu ilə İkinci dünya müharibəsi başladı.

Müharibənin ilk dövründə Türkiyə birmənalı surətdə ingilis-fransız müttəfiqlərinin yanında yer aldı. Sentyabr ayında Böyük Britaniya Türkiyəyə 25 milyon funt məbləğində hərbi kredit açmağa razılıq verdi. Oktyabrın 19-da Ankarada imzalanan müqavilə ilə ingilis-fransız-türk hərbi ittifaqı yarandı.

Müqavilənin şərtlərinə görə, əgər Türkiyə təcavüzə uğrayacaqdısa, müttəfiqlər onu müdafiə edəcəkdilər. Əgər tərəflərdən biri Aralıq dənizi hövzəsində müharibəyə cəlb olunardılarsa, digərləri ona kömək etməli idilər. Eləcə də, əgər Rumıniya və Yunanıstana verdikləri təminatdan dolayı İngiltərə və Fransa Balkanlarda savaşa girərdilərsə, Türkiyə də onların tərəfində çıxış etməli idi.

Müqavilənin xüsusi protokolunda qeyd olunurdu ki, bu müqavilə əsasında üzərinə götürdüyü öhdəliklər Türkiyəni SSRİ-yə qarşı hərbi konfliktə başlamağa məcbur edə bilməz. Çünki Türkiyə və SSRİ arasında 1925-ci ildə "Dostluq və bitərəflik haqqında" müqavilə imzalanmışdı və onun müddəti 1935-ci ildə 10 il uzadıldı.

Amma ingilis-fransız-türk ittifaqı reallıqda işləmədi. Müqaviləyə görə öhdəlik doğuran vəziyyət 1940-cı il iyunun 10-da, İtaliyanın Fransaya savaşa elan etməsilə yarandı. Bununla Fransa Aralıq dənizi hövzəsində hərbi əməliyyatlara cəlb olundu və Ankara müqaviləsinə görə, Türkiyə onun tərəfində çıxış etməli idi.

Amma iyunun 10-da fransızların vəziyyəti artıq fəlakətli idi. Bir ay öncə başlayan alman hücumu nəticəsində onlar sarsıdıcı məğlubiyyətlərə uğradılar. Vəziyyət o qədər ağır idi ki, ingilislər bütün texnikalarını Dünkerk limanında ataraq yalnız canlı qüvvələrini iyunun 4-də ölkələrinə təxliyyə etdilər. İyunun 14-də almanlar Parisi tutdular, səkkiz gün sonra isə Fransa təslim oldu. Belə bir vaxtda Türkiyənin savaşa qoşulması intihar aktı olardı.

Fransanın məğlubiyyətindən sonra Türkiyə qitədəki yeni status-kvonu, yəni almanların hegemon qüvvəyə çevrilməsini nəzərə almalı olur. Almaniyanın müttəfiqi İtaliya 1940-cı ilin oktyabrında Yunanıstana qarşı təcavüzə başlayanda Türkiyə yenə bitərəf qalmağa üstünlük verdi.

Bu dövrdə Böyük Britaniya Balkanlarda Yunanıstan, Türkiyə və Yuqoslaviyadan ibarət blokun formalaşmasına çalışırdı. Bu məqsədlə 1941-ci ilin yanvarında Ankarada türklərlə ingilislər arasında danışıqlar aparıldı. Ancaq türklər hazır olmadıqlarını əsas gətirərək savaşa qoşulmaqdan imtina etdilər.

Həmin il martın 25-də türk və sovet hökumətləri arasında bəyanat mübadiləsi baş verdi. Bildirilirdi ki, tərəflərdən biri üçüncü dövlətin təcavüzünə məruz qaldığı və öz ərazisinin müdafiəsi üçün müharibəyə qoşulmağa məcbur olduğu zaman aralarında mövcud olan hücum etməmək müqaviləsinə əsasən digər tərəfin bitərəfliyinə bel bağlaya bilər.

Almaniya da Türkiyə ilə münasibətlərə xüsusi önəm verirdi. Alman siyasi isteblişmentinin tanınmış üzvlərindən Frants fon Papenin 1939-cu ildən Ankarada səfir işləməsi buna sübutdur. 1941-ci il iyunun 18-də Türkiyə və Almaniya arasında hücum etməmək haqqında müqavilə imzalandı. Dörd gün sonra sovet-alman müharibəsi başladıqda Ankara bitərəf qalacağını bəyan etdi.

***

Türkiyə müharibəyə qoşulmasa da özünün müdafiə qabiliyyətini artırmaq zorunda idi. 1940-cı ilin yanvarında "Milli Koruma Kanunu" qəbul edildi. Bu qanuna görə hökumətə sabit qiymətlər tətbiq etmək, məhsulları icbari satın almaq, əhalini məcburi işlərə cəlb etmək və digər səlahiyyətlər verildi. Noyabrda ölkənin əsasən Avropa hissəsindəki 6 vilayətində (İstanbul, Ədirnə, Tekirdağ, Kırklareli, Çanaqqala, Kocaeli) hərbi vəziyyət olundu.

Müharibədən əvvəlki dövrlə müqayisədə ordunun sayı beş dəfə artırılaraq 1 milyon nəfərə çatıdrıldı. Bu da iqtisadiyyata təsirsiz ötüşmədi. Çünki orduya çağrılanlar iqtisadi cəhətdən fəal insanlar, ilk növbədə kəndlilər idi (1939-cu ildə Türkiyə əhalisinin 75,6% kənddə yaşayırdı). Üstəlik, kəndlilər tez-tez müxtəlif işlərə cəlb olunurdular.

Nəticədə, əkin sahələri azaldı. 1940-cı ildə 8,2 milyon hektar torpaq əkilirdisə, 1945-ci ildə bu rəqəm 6,9 milyona düşdü. Təbiidir ki, məhsul da azaldı. 1945-ci ildə toplanan əkinçilik məhsullarının miqdarı 1938-ci illə müqayisədə 3 milyon ton az idi. Xarici ticarət ciddi zərər gördü. Savaş illərində idxalat 1 milyon ton, ixracat isə 1,8 milyon ton azaldı.

1940-1941-ci illərdə müharibənin Türkiyə ilə həmsərhəd ölkələrə sıçraması ilə ölkəyə sığınan əcnəbilərin sayı artdı. Bu səbəblərdən, eləcə də 1 milyonluq ordunu saxlamaq zərurətindən 1942-ci ilin əvvəllərindən çörək kartoçkaları tətbiq edildi. Hökumət kəndlilərin yetişdirdiyi məhsulun 35%-ni özünün təyin etdiyi qiymətlərlə icbari qaydada satın alırdı.

Mövcud şəraitdə qara bazar təşəkkül tapdı və çiçəkləndi. Burada qiymətlər hökumətin elan etdiklərindən xeyli yüksək idi. İnflyasiya türk lirəsini dəyərdən salırdı. Savaşdan öncə qiyməti 10,78 lirə olan Cümhuriyyət altını 1942-ci ildə 32 lirəyə idi. Reşat altını isə həmin illərdə 11,30 lirədən 33,23 lirəyə yüksəldi.

1942-ci ilin iyulundan Şükrü Saracoğlunun artıq Baş nazir olduğu hökumətin təklifilə parlament noyabrın 11-də "Varlıq vergisi" deyilən qanun qəbul etdi. Bu qanun Türkiyə cəmiyyətində İkinci dünya müharibəsi dövrünə aid hadisələr arasında indiyə qədər ən çox dartışılanlardandır.

Qanun dövlətin fövqəladə ehtiyaclarını nəzərə alaraq zəngin adamlardan birdəfəlik vergi alınmasını nəzərdə tuturdu. Verginin miqdarı qanunla tənzimlənmirdi, buna "Takdir komisyonları" qərar verəcəkdilər. Onların verdiyi qərardan heç bir yerə şikayət etmək olmazdı, kəsilən vergi 30 gün ərzində ödənilməli idi.

Varlıq vergisi haqqında qanunun mətnində nəzərdə tutulmasa da, tətbiqi zamanı əsasən qeyri-müsəlman azlıqlara qarşı yönəldi. Zatən Baş nazir bunu parlamentdə CHP-nin qapalı qrup toplantısında etiraf edirdi: " Bu qanun eyni zamanda bir devrim qanunudur. Bizə iqtisadi müstəqilliyimizi qazandıracaq bir fürsət qarşısındayıq. Bazarımıza hakim olan yabancıları beləcə ortadan qaldıraraq, türk bazarını türklərin əlinə verəcəyik". Belə mövqe, şübhəsiz ki, konstitusiyanın laiklik və vətəndaşların bərabərliyi barədə müddəalarına zidd idi.

Qeyri-müsəlman azlıqlardan bəziləri vergini ödəmək üçün ev əşyalarını, hətta evlərini satırdılar. İntihar hallarına belə rast gəlinirdi. Vergini ödəyə bilməyənlər ağır fiziki işlərə cəlb olunurdular. 1229 nəfər Ərzrumun Aşkale ilçəsinə qar təmizləməyə göndərildilər. Avqust ayında onlardan 900 nəfər Eskişehirin Sivrihisar ilçəsinə göndərildilər. Bu adamlardan ümumən 21 nəfər həyatını itirdi.

Qanunun tətbiqi Böyük Britaniyanın və ABŞ-ın ciddi tənqidinə məruz qaldı. “Nyu York Tayms” qəzetində bu haqda kəskin məqalə yazıldı. Bundan sonra Türkiyə hökuməti ilkin olaraq, təyin edilən, amma hələ alınmayan vergiləri sildi. 1943-cü ilin dekabrında sürgündəkilər geri döndü. Deyilənlərə görə, bu məsələ prezident İnönünün bir neçə gün öncə Qahirədə Ruzvelt və Çörçillə görüşündə razılaşdırılıb. 1944-cü ilin martında isə Varlıq vergisi ləğv olundu.

Varlıq vergisi sayəsində 314 milyon lirə həcmində vəsait toplandı, bunun da 280 milyonunu (89%) qeyri-müsəlmanlar ödədilər. Halbuki ölkə əhalisinin heç 2%-ni təşkil etmirdilər. Toplanan vəsait Türkiyənin 1942-ci ildəki büdcəsinin 80% qədər idi və indiki kursla hesablasaq, 4 milyard dollara bərabər olar.

Varlıq vergisinin qeyri-müsəlmanlara yaşatdıqları barədə 1990-cı illərdə yazıçı və siyasətçi Yılmaz Karakoyunlu "Salkım hanımın taneleri" adlı roman yazdı. 1999-cu ildə çəkilən eyni adlı film Türkiyənin millətçi kəsiminin etirazları ilə qarşılandı və yenidən Varlıq vergisi ətrafında mübahisələrə səbəb oldu.

2012-ci ildə sözügedən qanunun qəbulunun 70 illiyi münasibətilə Milliyət qəzetinə açıqlama verən Şabat Levi adlı yəhudi ailəsinin üç nəsil ərzində topladığı varidatın əllərindən alındığını söylədi. Bununla belə, o, Türkiyə hökumətini bağışladığını söylədi: "Əgər İnönü bizi Hitlerə versəydi, sabun olacaqdıq. Pulla həyat ölçülməz. İnönü sayəsində həyatda qaldıq və bunu unutmadım".

Ümumiyyətlə, İkinci dünya müharibəsi illərində Türkiyə ilə bağlı maraqlı mövzulardan biri də yəhudi məsələsinə münasibətdir. Məqaləmin ikinci hissəsində həm də bu mövzunu işıqlandıracağam.

(ardı var)

Ana səhifəMənim FikrimcəTürkiyə İkinci dünya müharibəsi illərində