Turizm Qəbələsinin ”Ruhlar parkı”

Ölkədə baş verən maddi-mənəvi söküntü və çöküntülərlə bağlı deyilən fikirlərə əlavə etməyə gücüm çatmaz.

Source: Meydan TV


Sil görüm keçmişimi, necə silirsən…

Düşünmək istəmirdim, Qəbələdə İsmayıl bəy Qutqaşınlı küçəsinin Heydər Əliyev prospektinə çevriləcəyini, İsmayıl bəyin heç bir texniki imkan olmadan yalnız əl əməyi ilə öz hesabına çəkdirib kənarlarında ağac əkdirdiyi məşhur yolun aqibətini, illər öncə o yolun kənarında nə vardısa buldozerin qabağına qatılmasını. O cümlədən qəbristanlığın “geri çəkilən” hissəsinin əyləncə məkanı kimi inşa edilib istifadəyə verilməsini. Birdən şəhər əhalisinin kütləvi şəkildə oranı “Ruhlar parkı” adlandırıb tarixin yaddaşına köçürməyini xatırlayıb yüngülləşdim. Bundan sonra ha denən ki, ulu öndərə görə rəhmətlik ölüləri bir az o tərəfə çəkməmişik. Bəs onda yerini özlərinin də artıq həmin adla nişan verdikləri “Ruhlar parkı” hardan əmələ gəldi? Ordan ki:

Qəbələ hələ Qutqaşın olandan şəhərin mərkəzi küçəsi İsmayıl bəy Qutqaşınlının adını daşıyırdı. Hətta sovet vaxtının populyar “Elm və həyat” jurnalında bu küçənin Azərbaycanda ən uzun küçə-prospekt olduğu barədə yazılmışdı. Əlbəttə, mütaliəçi cəmiyyət üçün bu önəmli məsələ idi. Amma biz o məqaləsiz də küçəmizi çox sevərdik. Şəhərin bütün başqa küçələri İsmayıl bəy Qutqaşınlıya çıxırdı. Şəhərdə yeganə beşmərtəbəli binaların pəncərələri ora açılırdı. İnsanlığın min halı yaşanan o küçənin ana xəttinə zaman-zaman həzin pıçıltılarla bahəm bəzən açarını itirən sakinlərin hay-küylü anları da yazılırdı. Amma kimsə özünü o xəttin üstündə “oyundankənar” vəziyyətdə hiss etməzdi. Çünki o işıqlı, dübbədüz küçə bizim doğma küçəmiz, güvən yerimiz idi.

Gün gəldi, cürbəcür səlahiyyətli adamlar peyda olub əhalinin məhz özəl dəyərlərinə əl uzatdılar. O əllərin sadiq maşaları yerli darğalar dərhal təşəbbüs göstərib təklif verməklə, görünməyini göstərib xatırlatmaqla vəzifələrini və digər təminatlarını sığortaladılar. Ümumilikdə “yaddaşsökmə” siyasətinə Qəbələ bir küçə ilə kifayətlənməyib, qalıqlarının üstündə indi tək iqamətgah ucalan min illərin bütöv Küsnət kəndini töhfə verdi.

Ölkədə baş verən maddi-mənəvi söküntü və çöküntülərlə bağlı deyilən fikirlərə əlavə etməyə gücüm çatmaz. Elə doğumdan ölümə kimi tərk edə bilməyəcəyim məkan barədə də nəsə demək iddiasında deyiləm. Çünki nəticəni bilirəm. “Uşaqlarımız müharibədə qırılsa yaxşıdır?”, “Kimi neçə dəfə seçirlər-seçsinlər, bizdən soruşası deyillər ki?”, “Jımıx yemirik ki?”, “Otellərdən nə qədər adam evinə çörək aparır”, “Gecəsi flan qiymətə turistlərə ev verib dolanan ailələr var, özü verə bilmir deyə narazıdır ”, “Sezon vaxtı fərasəti olan baş dolandırır da, iş yeri gərək mütləq zavodda-fabrikdə ola?”, “Bir loxma çörək tapırıq, buna da şükür. Ona da möhtac nə qədər insanlar var” və sairə sonsuz “arqumentlər”…

Üstündən bu adamlarla küçə söhbəti eləsən adamı infarkt edərlər. Çünki:

İsmayıl bəy Qutqaşınlı atəşkəs imzalamayıb. Qəbələyə turizm gətirməyib. Otel-zad da bir yana, özünə heç isbatlı bir ev-eşik tikdirməyib. Çar Rusiyasının general rütbəsi ilə Avropada yaşayanda sərfəli biznes qurmaq əvəzinə oturub fransızca kitab yazıb ki, elin avropalılarına vətənini tanıtsın. Üstəgəl bütün həyatını maarifçiliyə həsr edib ki, xalqı da dünyadan və dünyada baş verənlərdən xəbərdar olsun. Heç bir təmənnasız insanları oxudub, onların mütərəqqi dünyaya gözünü açıb. Həm də ona general rütbəsi verənlərin ağır qəzəbinə tuş gələcəyini bilə-bilə. Dostları Mirzə Fətəli Axundov, Qasım bəy Zakir və digər aydınlar olub. Maraqlananlar üçün kifayət qədər mənbələr var deyə İsmayıl bəy haqqında geniş yazmayıb başqa bir haşiyə çıxıram.

Məlum küçədə genişləndirmə işləri gedən vaxtlarda aman-zaman çörək ağacı süd “budkası” plana düşən bir qəbələli yolçulardan soruşur ki, nə baş verir, a bala, niyə qabağınıza çıxanı sökürsüz? Bunların başçısı yavaşdan pıçıldayır ki, yola ulu öndərin adını verəcəklər, dayı. Ona görə enlədirik. Adam gülümsəyib qayıdır ki, o boyda İsmayıl bəy Qutqaşınlının rahatca yerləşdiyi küçə indi sizə dar gələsi oldu, a bala?

Deməyim odur ki, yuxarıdakı standart sitatlara rəğmən xalqın gözündən, ürəyindən heç nə yayınmır. Yeri gələndə özünü, sözünü mükəmməl ifadə edir. Əsasən uşaqların istirahəti üçün nəzərdə tutulmuş “Ruhlar parkı” kimi. Təsəvvür edin ki, təqaüdçü məmur nəvəsinə parka qoyulan adın mənasını anlatmağa küçənin birinci adından başlamalıdır. Sil görüm keçmişimi, necə silirsən…

Ana səhifəXəbərlərTurizm Qəbələsinin ”Ruhlar parkı”