Tovuzda: Baş həkimin xətri kimi istəyirsə, ona kompensasiya yazır

“Dövlət də buna görə pul ayırıb ki, risk altında olan bu tibb işçiləri fərqləndirilsin”.

Source: Specify Source


Həkimlər Prezidentin sərəncamının tətbiq olunmadığını deyirlər

Tovuzun Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Qovlar Şəhər Xəstəxanasında yerləşən bölməsinin 17 nəfərdən ibarət tibbi və qeyri-tibbi işçisinin həyatı təhlükədədir. Dediklərinə görə, mövcud pandemiya dönəmində çağırışlara xüsusi qoruyucu geyimlərlə təchiz olunmadan gedirlər.

İşlərini itirməmək üçün adlarının açıqlanmasını istəməyən tibb işçiləri Meydan TV-yə bildiriblər ki, mümkün yeni növ koronavirusla təmas halında əliyalın – maskasız, əlcəksiz dayanıblar.

Tibb işçilərindən biri deyib ki, çağırışa gedən zaman əksər hallarda xəstələrdə yüksək hərarət müşahidə olunur. Xəstənin hərarəti yüksək olanda onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasındakı xüsusi briqadaya zəng edirlər, gəlib yaxma götürülür:

“Sonradan analizin cavabı çıxır ki, xəstə COVİD-19 virusuna yoluxub. Bu neçə ay ərzində bir dəfə də olsun bizi tibbi müayinədən keçirməyiblər. Heç bir qoruyucu vasitələrlə təmin olunmamışıq. Həyatımızı riskə atırıq, sonra bu minvalla evə gəlirik, ailəmizə – övladlarımıza xəstəlik sala bilərik. Prezidentimiz tibb işçilərinə görə əməkhaqqının müəyyən mislinin verilməsinə görə sərəncam imzalayıb. Biz indiyədək həmin pulun bir manatını da görməmişik. Halbuki, xəstəni biz aşkar edirik, sonradan briqada xüsusi geyimlərdə gəlir, yaxma götürür”.

img_20200711_214900_453.jpg
Stasionar

Tibb işçisi bildirir ki, məsələ ilə bağlı Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradovun qəbulunda olaraq problemlərini deyiblər:

“Baş həkimin cavabı bu oldu ki, pandemiya ilə mücadilədə iştirak etməmisiniz, sizə pul düşmür. Neçə olur ki, Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavininə, yaxud Təcili Tibbi Yardım Stansiyasının baş həkiminə kompensasiya yazılır, amma biz yazıq həkimlər canımızı təhlükəyə atırıq, bizə pul düşmür? Paşa Muradovun xətri kimi istəyirsə, sənədi uyğunlaşdırıb, kompensasiyanı ona yazırlar. Biz isə təhqir olunuruq, aşağılayıcı sözlər eşidirk. Baş həkim olanda insanların təhqir etmək olar? Mən bir neçə xəstə ilə təmasda olmuşam. Sonradan onların test nəticəsi pozitiv çıxıb. Heç mənimlə maraqlanmayıblar ki, bu yazıq həkim xəstə ilə təmasda olmuşdu, görəsən, vəziyyəti necədir? Belə haqsızlıq olmaz. Mən Təcili Tibbi Yardım həkimiyəm, qızdırması olan xəstə məni çağırır. Nə deyim, deyim ki, getmirəm?”

Tibb işçisinin sözlərinə görə, ümumilikdə rayon üzrə həkim çatışmazlığı var. Əksər xəstəxanalarda isə vəziyyət acınacaqlıdır:

“Biz Qovlar Şəhər Xəstəxanasının iki otağında yerləşdirilmişik. Köhnə binadır, müxtəlif böcək, həşaratlar olur. Otaqları özümüz dərmanlayırıq. Tabeliyimizdə 18 kənd var. Cəmi dörd həkim bir gündən bir işə çıxır. Hər növbədə bir həkim, bəzi hallarda iki-üç tibb bacısı olur. Çağırışa gedirik, xəstəxana boş qalır. Həmin vaxt tibbi yardım üçün gələn xəstə burada heç kimi tapmır. Çağırışdan qayıdıb gələndə az qala bizi döyürlər ki, harada qalmısan, ölmüsən? Ya da bizi təhqir edirlər. Dərdimizi deyə bilmirik, susuruq. Yaxud olur ki, çağırışa gedirik, ikinci xəstənin üstünə çağırırlar. Həkimlər bir yandan ölüb gedir. Bir azdan iynə vuran da tapılmayacaq”.

img_20200711_214831_255.jpg
“Heç bir qoruyucu vasitələrlə təmin olunmamışıq”

“Hamı bilir ki, ön sırada, risk altında olanlar məhz Təcili Tibbi Yardımın işçiləridir. Üstünə getdiyimiz xəstələrin çoxunun test cavabı müsbət çıxıb. Həyatımız çox böyük risk altındadır. Paşa Muradova müraciət etdik, dedi ki, siz pandemiya ilə mübarizədə iştirak etmirsiniz. Maskanı özümüz aptekdən pulla alırıq. Əlcəyi gah tapırıq, gah da yox. Xəstələrin çağırışına adi maskayla gedirik, başqa heç bir qorunma vasitəmiz yoxdur. Xüsusi qoruyucu geyimimiz yoxdur. Spirtlənirik, vəssalam. Gecəyarısı qızdırmalı xəstə gəlir. Mən ona necə deyim ki, xəstəxanaya gəlmə?” – bunu stansiyanın başqa bir tibb işçisi deyir.

Digər tibb işçisi isə söyləyir ki, məsələ ilə bağlı öncə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əlaqə saxlayıblar:

“TƏBİB-ə zəng etdik, dedilər ki, Agentliklə əlaqə saxlayın. Agentlikdən isə bildirdilər ki, COVİD xəstələri ilə təmasda olan həkimlərin siyahısını rayonlar üzrə yerli tibb müəssisələri müəyyən edir. Bizi göndərdilər Paşa Muradovun üstünə. Paşa Muradov da dedi ki, sizə pul düşmür. Haqqımızı sübut edə bilmirik. Deyirik ki, sərəncamda bir müddəa, bənd göstərin ki, orada yazılmış olsun ki, COVİD-19-a görə ayrılan pul həqiqətən yaxmada iştirak edən, pandemiyalı xəstələri daşıyan briqadalara şamil olunur. Prezident qərar verib ki, bu pul ümumən Təcili və Təxirəsalınmaz Tibbi Yardıma ayrılsın. Çünki Prezident bilir ki, tibbi yardım əməkdaşlarının hər bir üzvü risk altındadır. Dövlət də buna görə pul ayırıb ki, risk altında olan bu tibb işçiləri fərqləndirilsin. Bizdə isə tərsinədir. Deyirlər ki, kim yaxmaya gedirsə, pul ancaq ona düşür. Ümid edirik ki, bu müraciətimizi Prezident, Birinci vitse-prezident oxuyacaq. Oxuyub, həmin adamdan soruşsunlar ki, bu həkimlərin haqlarını niyə tapdalayırsan?”

img_20200711_214822_579.jpg
“Əlcəyi gah tapırıq, gah da yox”

Tibb işçisi digər vacib problemlərə də toxunub. Bildirib ki, son dörd aya qədər onlara ayrılması nəzərdə tutulan tibbi ləvazimat, eyni zamanda dərman preparatları ilə təmin olunmayıblar:

“Bizə COVİD-19 pandemiyası başlayandan sonra iynə-dərman verməyə başlayıblar. On ildir ki, Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında işləyirəm. Bu on ildə ilk dəfə işə başlayanda bizə xalat verilib. Bununla da məsələ qurtarıb. Hələ də həmin xalatlardayıq. Halbuki, ildə iki dəfə dəyişməlidir. Buna görə pul ayrılır. Maşınlar da çox pis vəziyyətdədir. Biri köhnə “Qazel”dir. Biri köhnə “UAZ”-dır, üstündə yazısı və sirenası yoxdur. İçində də bir köhnə xərəkdir. Bircə təcili tibbi yardım maşınımız var. Onu da Tovuz Rayon Mərkəzi Xəstəxanası ilə şərikli işlədirik.“UAZ”la çağırışa gedəndə yolda qalırıq. Maşın köhnədir, “yatır”. Təsəvvür edin, biz həkim, tibb bacıları maşından enib, onu itələyirik ki, işə düşsün”.

Tovuz Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Paşa Muradov Meydan TV-yə açıqlamasında tibb işçilərinin dediklərini əsassız adlandırıb:

“Məni şantaj edirlər, onların başında dayananları bilirəm. Orada bir-iki yerində olmayan adam var. Kimlərləsə məni təhdid edirlər. Bu da heç vaxt alınmayacaq. Hara istəyirlər şikayət etsinlər, amma qanun hamı üçün eynidir. COVİD-19-la mübarizədə iştirak etmək istəyirlər? Problem yoxdur. Onları əmrləşdirib, mərkəzə gətirmişəm. Qrafik qurulacaq. Həmin qrafikə onlar da düşəcək. Ondan sonra baxarlar ki, pul əziyyət çəkənlərə verilir. Təcili Tibbi Yardım Stansiyasının müdirinə tapşırmışam ki, onlara xüsusi geyimlər verilsin. İndi əziyyət çəkib, gəlib, həmin geyimləri bu yayın istisində geyinsinlər, görsünlər ki, əlavə pul alanlar nələr çəkir. Təhlükəyə gəlincə, xüsusi geyimdə olan iki həkimimiz artıq yoluxub. Yəni geyim də yoluxmadan qorumur. Cənab Prezidentin sərəncamı var, profilaktik müayinədə iştirak edənlər 3, yaxmalarla məşğul olanlar 4, birbaşa karantin xəstəxanasında işləyən həkimlər isə əməkhaqlarının 5 misli qədərində pul alırlar. Həmin bölmədə işləyənlərə isə əslində geyim verməməliyik. Yaxmada kimlər iştirak edirsə, geyim onlara verilir”.

img_20200711_214851_924.jpg
“Tibbi ləvazimat, eyni zamanda dərman preparatları ilə təmin olunmayıblar”

Paşa Muradov onu da bildirib ki, indiyə kimi Tovuz rayonunda ümumilikdə 69 yoluxma faktı qeydə alınıb. Üç nəfər vəfat edib. Həkimlərdən beş nəfər yoluxub. Dörd nəfər sağalıb, bir həkim xəstəxanada müalicəsini davam etdirir. Hazırda xəstəxanada reabilitasiya keçənlərlə yanaşı, evdə həkim nəzarətində müalicə olunanlar da var.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Meydan TV-nin məsələ ilə bağlı sorğusunu cavablandırıb. Məlum olub ki, Agentlik Tovuz Rayon Mərkəzi Xəstəxanasından göndərilən siyahı əsasən mart ayında 358 nəfərə 127 min 937 manat 49 qəpik müddətli əlavə ödəyib. Aprel ayında 126 nəfərə 54 min 480 manat 18 qəpik, may ayında isə 136 nəfərə 89 min 799 manat 58 qəpik müddətli əlavə ödənib. Beləliklə, keçən 3 ay ərzində Tovuz Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 272 min manatdan çox pul ödənilib.

Ümumilikdə isə infeksiya ilə mübarizə tədbirlərində agentlik martda 24 462 nəfər tibb və qeyri tibb işçilərinə 11,8 milyon manat ödəyib. Apreldə 13 245 nəfər tibb və qeyri tibb işçilərinə 14,2 milyon manat ödənilib. Mayda 11 535 nəfər tibb və qeyri tibb işçilərinə 14,4 milyon manat ödənilib. İyunda 5 673 nəfər tibb və qeyri tibb işçilərinə 6,5 milyon manat müddətli əlavələr ödənilib.

img_20200711_214647_459__1_.jpg
“Maşınlar da çox pis vəziyyətdədir”.

Ümumilikdə isə infeksiya ilə mübarizə tədbirlərində agentlik martda 24 462 nəfər tibb və qeyri tibb işçilərinə 11,8 milyon manat ödəyib. Apreldə 13 245 nəfər tibb və qeyri tibb işçilərinə 14,2 milyon manat ödənilib. Mayda 11 535 nəfər tibb və qeyri tibb işçilərinə 14,4 milyon manat ödənilib. İyunda 5 673 nəfər tibb və qeyri tibb işçilərinə 6,5 milyon manat müddətli əlavələr ödənilib.

Hazırda yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən işçilərin əməkhaqlarına müddətli əlavənin iyun ayı üzrə ödənilməsi davam edir. Agentlikdən bildirilib ki, ödəmələrin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Bu ilin martında Prezident İlham Əliyev COVİD-19 infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sərəncam imzalayıb. Sənədə əsasən, yeni növ virusla mübarizədə iştirak edənlərin əməkhaqları vəzifəsindən asılı olaraq 3–5 dəfə artırılaraq ödənilməsi müəyyən edilib. Müddətli əlavələr tibb müəssisələrindən göndərilən siyahılara uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ödənilir.

Meydan TV təcili və təxirəsalınmaz tibbi yardımın təşkilinə və işinə cavabdeh olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) ) ilə əlaqə saxlamağa çalışsa da, mətbuat xidmətindən zənglərə cavab verən olmayıb.

xestesa.jpg
“COVİD-19-a görə ayrılan pul həqiqətən yaxmada iştirak edən, pandemiyalı xəstələri daşıyan briqadalara şamil olunur”
Ana səhifəBölgəTovuzda: Baş həkimin xətri kimi istəyirsə, ona kompensasiya yazır