“Terror görüntüsü yaratmaq üçün bu qədər insana zülm olunur”

Polis əməkdaşı bu sualın cavabını bilmədiyini deyib.

Yunis Səfərov, Foto: Meydan TV


İcra başçısına sui-qəsd işi üzrə məhkəmə davam edir

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polis əməkdaşı Qasım Aşpazova qarşı sui-qəsddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə məhkəmə prosesi yanvarın 26-da davam etdirilib. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə baxılır.

Məhkəmədə 15 şahid dindirilib. Onların arasında keçmiş icra başçısını öldürmək cəhdində ittiham olunan Yunis Səfərovun bacanağı Fərman Cəfərov da var. O bildirib ki, istintaqdakı ifadəsinə bacanağı haqda demədiyi fikirləri yazıblar. Həmin ifadəsini təsdiqləmir.

Təqsirləndirilən şəxslərdən Ceyhun Salahovun, Cəfər Zalovun tutulmasında iştirak etdiklərini deyən polislər də dindirilib.

Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı Fərhad Məmmədov ifadəsində deyib ki, Cəfər Zalovu Əhmədlidə 2018-ci il iyulun 5-də axşam saat 8 radələrində yaşadığı binada, blokun qarşısında saxlayıblar. Saxlanılarkən də üstündə silah, dini məzmunlu kitablar olub. Özü müqavimət göstərmdən silahı təhvil verib. Evdə də silahlar olduğunu bildirib və bu üzdən birlikdə mənzilə qalxıblar. Polisin sözlərinə görə, C.Zalov özü şkafdan qumbara və digər silahlı çıxarıb təhvil verib. Daha sonra birlikdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gediblər.

C.Zalov polisin dediklərinin hamısının yalan olduğunu, saxlanılarkən üstündə nə silah, nə də kitab olmadığını bildirib. Onun sözlərinə görə, işdən evə qayıdırmış, əlində də dondurma və yemiş olub. Onu həmin vəziyyətdə tutub aparıblar. Evə də polislər sonradan onun iştirakı olmadan gediblər.

“Bu qədər yalan danışdın burada. Səni Allaha tapşırmışam, Allah bilsin…” – C.Zalov polisə belə deyib.

Vəkillər polisdən soruşublar ki, əgər birlikdə mənzilə getmişdilərsə, silah-sursatı da özü könüllü təhvil verirdisə, niyə elə mənzildə bu barədə protokol tərtib olunmurdu: “Mənzildə stol yox idi ki, üstündə bir protokol yazaydınız? Niyə hadisə yerində yox, gəlib idarədə yazmısınız? Sizə nə mane olurdu?”

Polis əməkdaşı bu sualın cavabını bilmədiyini deyib.

Məhkəmədə hal şahidi qismində dindirilən Ceyhun Məmmədov və Qulam Məmmədov da C.Zalovun tutulmasında iştirak etdiyini bildirib.

C.Zalov isə deyib ki, yalnız Q.Məmmədovu tanıyır, o da saxlanılarkən hadisə yerində yox idi: “Bandotdel”də olanda bunu gətirdilər, məni göstərib dedilər ki, bunun üzünə durub, şahidlik edəcəksən. O da dedi ki, “yaxşı”. Mənə baxıb “bağışla, Allah qapısını açsın” dedi. Vəssalam, başqa heç yerdə görməmişəm bunu. Məni tutanda da bu, orada olmayıb”.

Məhkəmədə hadisədən sonra Qasım Aşpazovu xəstəxanaya çatdıran həkim də ifadə verib. O, güllələnmiş polis əməkdaşının həmin vaxt hansı durumda olduğundan danışıb.

Bundan başqa, icra başçısına qarşı sui-qəsddən sonra Y.Səfərovu saxlayıb polis idarəsinə aparan polis əməkdaşı da şahid qismində dindirilərkən bu haqda danışıb.

Məhkəmə prosesi yanvarın 28-də davam edəcək.

Bu iş üzrə təqsirləndirilən şəxslərin ailə üzvləri Prezident İlham Əliyev və vitse prezident Mehriban Əliyevaya müraciət ediblər. Onlar bu cinayət işinin obyektiv araşdırılması, ədalətli hökm çıxarılması üçün göstəriş verilməsini istəyiblər.

“Yunis Səfərov özü də etiraf edir ki, Elmar Vəliyevi öldürmək istəyib, səbəbini də izah edir. Digər şəxslərin hamısı günahsızdır. Bizim əzizlərimizin heç bir günahı olmadığı halda, iki il yarımdır zülm çəkirik. Səbəb də budur ki, deməsinlər Elmar Vəliyev insanlara zülm elədiyinə görə vurulub. Terror görüntüsü yaratmaq üçün bu qədər günahsız insana, onların ailə üzvlərinə zülm olunur”, – Gəncə məhbuslarının ailə üzvləri belə deyir.

C.Zalovun həyat yoldaşı Günay Zalova Meydan TV-yə bildirib ki, iyulun 5-də həyat yoldaşını evin yaxınlığında polislər tutub aparandan sonra onu bir daha mənzilə gətirməyiblər: “Ertəsi gün səhər tezdən 6 nəfər zorla evə girdi, heç bir icazə, axtarış haqda məhkəmə qərarı da yox idi. Özlərilə gətirdikləri silahları qoyub, sonra da götürüb getdilər. Şkafda mənim paltarlarımın arasına qoyanda özüm gördüm, dedim ki, niyə ora qoyursuz? Dedilər ki, elə orada idi bunlar. Bu qədər qırmızı yalan danışa bilirlər…”

G.Zalovanın sözlərinə görə, həyat yoldaşı saxlanılarkən üstündə silah, əlində kitab olması haqda deyilənlər də yalandır: “”Fəhlə adam işdən gələndə əlində kitab nə gəzir? Zəng elədi ki, evə nə alım? Əlində dondurma və yemiş olub, vəssalam.

Y.Səfərov və daha 11 nəfərə qarşı qəsdən adam öldürməyə cəhd, terror, qanunsuz silah saxlama da daxil olmaqla, 30-a yaxın maddə ilə ittiham irəli sürülüb. Təqsirləndirilən 12 nəfərdən ikisi tutularkən polislər tərəfindən öldürülüb. Onların ailə üzvləri məhkəmədə hüquqi varis qismində iştirak edir. Onlar öldürülmüş ailə üzvlərinin günahsız olduğunu deyirlər.

Y.Səfərov sabiq icra başçısını Gəncədə əhaliyə qarşı pis rəftarına görə öldürmək istədiyini bildirib. O, digər təqsirləndirilən şəxslərin onun əməlinə aidiyyəti olmadığını bildirib.

Ana səhifəSiyasət“Terror görüntüsü yaratmaq üçün bu qədər insana zülm olunur”