Tacikistanla sərhəddə baş verən toqquşmaya görə iki qırğız kəndi köçürülüb

Tacikistan yolun mübahisəli ərazilərdən keçdiyini iddia edir və deyir ki, razılaşmaya qədər yol tikilməməlidir

Source: google.ru

Münaqişədə azı 2 nəfərin öldüyü bildirilir

Qırğızıstan hakimiyyəti iki kəndin sakinlərini Tacikistanla sərhədin mübahisəli hissəsinə yaxın ərazidə ölümlə nəticələnən toqquşmalardan sonra evakuasiya edib.

Hökumətin 15 mart tarixli bəyanatında bildirilib ki, Ak-Say və Koktaşlılar Cənub-Qərb bölgəsinin paytaxtı Batkənə köçürülüblər.

Mətbuat xidmətindən verilən məlumata görə, Baş nazir müavini Jenish Razakov və Tacikistan Baş nazirinin müavini Azim İbrahim danışıqlar aparıb və bölgəyə sakitlik gətirilməsinin vacibliyini vurğulayıblar.

İğtişaşlar 13 martda Qırğızıstan Tacikistan-Qırğızıstan sərhədinin mübahisəli hissəsində yerləşən yolda tikinti işlərinə başladıqdan sonra baş verib.

Ak-Say sakinləri ilə Tacikistanın Mehnatobod kəndləri arasında iki gündür davam edən qarşıdurmada ən azı iki nəfər öldürülüb. Hər iki nəfər tacik vətəndaşları olaraq təsbit edilib. Bir qırğız polis məmuru da yaralanıb.

Qırğızıstan prezidenti Sooronbay Jeenbekovun mətbuat xidmətindən verilən məlumata görə, Jeenbekov və Tacikistan prezidenti Emoməli Rəhman 14 mart tarixində telefonla danışıblar və mübahisəli sərhəd məsələsini həll etmək üçün danışıqların vacibliyini vurğulayıblar. Danışıqlar zamanı hadisənin birgə araşdırılması haqda tərəflər razılığa gəliblər.

Qırğızıstanın Baş naziri Məhəmmədqalyı Abılqazıyev (Mukhammedkalyi Abylgaziev) və Tacikistanın Baş naziri Kohir Rəsulzadə (Kohir Rasulzoda) martın 14-də telefon danışıqlarında sərhədlərin gərginliyini müzakirə ediblər. Bu barədə Qırğızıstan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qırğızıstan illərdir bu ərazidə yeni yol çəkməyə çalışır, tikintini gah dayandırır, gah da yenidən bərpa edir. İki ölkə rəsmiləri isə sərhəd xəttinin müəyyən edilməsi üzrə razılığa gəlməyə çalışırlar.

Tacikistan yolun mübahisəli ərazilərdən keçdiyini iddia edir və deyir ki, razılaşmaya qədər yol tikilməməlidir.

Hər iki ölkənin rəsmiləri deyirlər ki, tikinti işləri mübahisəli sərhəd məsələsi müzakirə edildiyi üçün yenidən təxirə salınıb.

Ana səhifəDünyaTacikistanla sərhəddə baş verən toqquşmaya görə iki qırğız kəndi köçürülüb