Söyməkdə və qürrələnməkdə davam edək?

Azərbaycan özü təcili Ermənistanla da, Dağlıq Qarabağ erməniləri ilə də, Bəyanatda deyildiyi kimi, iqtisadi, rabitə və kommunikasiya əlaqələrini bərpa etməlidir.

Foto: Meydan.tv


İndi Qarabağda yarış başlayır

Cəmiyyət bir neçə qismə bölünüb.

Bir qisim insan milli bayrağın Qarabağda dalğalanmasından məst olub şadyanalıq edir. Belə insanlara şadyanalıq üçün bayraq, gerb və himn kifayətdir.

Digər qisim hüzn və kədər içindədir. Niyə? Qarabağa rus qoşunu gəlib. Rus onların qənimidir, kim gəlir gəlsin, təki rus gəlməsin. Erməni ordusu Qarabağda 30 il şellənəndə, kədərin həcmi indiki qədər böyük deyildi. Rus qoşunu bu qismin qələbə keyfinə soğan doğradı, şirin çayına bir xörək qaşığı duz tökdü.

Digər qisim baş sındırır. Aya, bu rus qoşunu nə qədər vaxta gəlib? Bəlkə heç getməyəcək? Odey, Jirinovski rus telekanllarında elə-hey bağırır ki, rus qoşunu əbədi gəlib…

Sizin bəndeyi-həqiriniz heç bir qisimdən deyil. Nə şadam, nə kədərliyəm, nə də başımı sındırıram. Mənə gələcək hadisələrin gedişi əyandır, zira tarixin səmtini və meylini görürəm və bilirəm. İzn versəniz, rəyimi sizinlə bölüşərəm.

Əminəm ki, gələcək hadisələr və xalqımızın taleyi bizim özümüzdən asılıdır. Ağıllı və tədbirli hərəkət etsək, bizə zaval yoxdur. Qarabağ tam bizim olacaq. Yox, əgər ağılsız və tədbirsiz hərəkət etsək, Qarabağı da, lap elə Azərbaycanı da itirəcəyik. Hər şey özümüzdən asılıdır.

Dərindən fikirləşəndə, ağılsız və tədbirsiz xalqın Qarabağ nəyinə gərəkdir? Belə xalq Qarabağa layiqdirmi?

Əsla demək istəmirəm ki, biz layiq deyiliksə, erməni xalqı layiqdir. Ağıl və tədbir cəhətdən biz bir-birimizə tayıq, hər ikimizi siyasi dələduzlar və dəllallar istədikləri kimi hərləyib fırladıblar. Məhz bu səbəbdən iyirmi birinci əsrdə dinc və asudə yaşamaq əvəzinə ölüm-dirim savaşına girmişik, rus da o yandan atıla-atıla gəlib aramızda “sülh” yaradır.

Nə isə, hər iki tərzi-hərəkətin, ağıllı və ağılsız, nişanələrini elə indinin özündə müşahidə edirəm.

Məsələn, ağıllı və tədbirli hərəkətə aid edərdim Prezident Əliyevin “ermənilər Azərbaycanın vətəndaşlarıdır və onların təhlükəsizliyinə zəmanəti dövlətimiz verəcək” deməsini. Bu fikrin əsasında Qarabağın və hətta Ermənistanın xəstə millətçi olmayan hissəsinin qəlbindəki qorxu və inamsızlıq toxumlarının məhvini, əvəzində tədricən dövlətimizə etimadın yaranmasını görmək mümkündür. Əgər belə bir etimad yaranarsa, beş ilə, on ilə, elə bir münasibət bərpa ola bilər ki, dəxi erməni əhalisinin təhlükəsizliyini təmin edən rus qoşunlarına ehtiyac qalmaz və bütün dünya görər ki, iki qonşu xalq arasında ədavət aradan qaldırılıb.

Bu ağıllı və tədbirli siyasətin davamı kimi erməni xalqına qarşı ədavət və təhqir kampaniyasının dayandırılmasını, dayanmayıb öz murdar içalatını dövlət kanallarında tökməyə davam edən məxluqatın kütləvi informasiya vasitələrindən təcrid edilməsini görmək məntiqi olardı. Belə olmasa, ya dövlətin informasiya və ideologiya siyasəti yoxdur, ya da prezident riyakarlıq edib.

Hələlik bu ağıllı və məntiqi siyasətin əvəzinə ədavəti dərinləşdirən, nifrəti qızışdıran hərəkətləri görürük. Erməni xalqını təhqir etməyi öz milli kimliyinin təsdiqi sayan insanlar televiziya ekranlarından çəkilmirlər. Kampaniyaya şəxsən prezident rəhbərlik edir, erməni liderini az qala Sergey Kurginyan səviyyəsində aşağılayır. Yaxşı, Kurginyan ona rus hakimiyyətinin verdiyi tapşırığı yerinə yetirir, bəs Əliyev kimin tapşırığını icra edir?

Qələbə çalmısan, torpağı qaytarmısan, çox gözəl, lakin sonranı fikirləşməyin vaxtı çatmayıbmı? Erməni tərəfinin rəhbərliyi bizi məğlub edəndə özünü cox namərd aparıb bizi cox aşağılamışdı, ələ salmışdı, təhqir etmişdi. Yəni özünün namərd olduğunu hamıya göstərmişdi.

Əsgər və zabitlərimizin misilsiz şücaəti və qanı hesabına əldə edilmiş ülvi qələbəni nalayiq hərəkət və davranışla ucuzlaşdırmağa dəyərmi? Belə siyasətin sahibləri anlayırlarmı ki, onlar iki qonşu xalqın onsuz da uçurumla ayrılmış münasibətlərini daha da dərinləşdirirlər və son nəticədə rus qoşunlarının bölgədə qalmasını labüd edirlər? “Qarabağ erməniləri Azərbaycanın vətəndaşlarıdır” demək hara, milli təhqir siyasətinə rəvac vermək hara?

Kimsə mənim xalqımı söyə-söyə mənə “gəl barışaq” desə, mən ona inanarammı? Bu təhqir kampaniyası xalqıma xeyir gətirirsə, izah edin, mən də sizə qoşulum. Mən bu təhqir kampaniyasının Azərbaycana yalnız ziyan, rus siyasətinə böyük fayda gətirdiyini görürəm.

Yoxsa, 1990-cu illərdə olduğu kimi, meydan yenə rus casuslarına verilib?

Dünyadakı müharibə tarixlərində bir sərkərdə nəcib və comərd bir insan kimi qalıb: Səlahəd-din əl-Eyyubi! Səlib yürüşləri zamanı məğlub etdiyi xaçpərəstlərin rəhbərlərinə hörmətlə yanaşan, onları çadırında yanında əyləşdirib mehriban söhbət edən, düşmənçilik etməyəcəkləri barədə vədlərini alandan sonra onların özlərini də, döyüşçülərini də silahları ilə səlamət azad edən bu insan indinin özündə də bütün Qərb tarixində və ədəbiyyatında misilsiz nəcib cəngavərlik rəmzi sayılır.

17.11.2020-də Putin rus dövlət kanallarına Qarabağla bağlı müsahibə verdi. Xeyli yalan-palan və riyakarlıqdan sonra dedi ki, Ermənistanın əsas səhvi DQR-i tanımamaq olub. Tanısaydı, tamam başqa söhbət olardı. Bunun ardınca həmin televiziya DQR-in saxta prezidenti Araik Harutyunyanı sülhməramlıların komandiri general Rüstəm Muradovla yanaşı camaat arasında göstərdi.

Arifə işarə də bəsdir. Rusiyanın növbəti gedişi bəlli oldu. Ermənistana buyurur ki, DQR-i tanı. Məğlub başıqapazlı Ermənistan ağanın buyruğunu icra edib DQR-i tanıyacaq. Onun ardınca DQR-i tanıyacaq Rusiyanın düzəltdiyi qondarma respublikalar: Trinistriya, Abxaziya, Cənubi Osetiya. Sonra bir milyon dollar yardım müqabilində Nauru, ardınca Nikaraqua, Venesuela, Hamas və Suriya.

Sonra Rusiya başlayacaq o vaxta kimi Rusiya pasportları almış “müstəqil” DQR-in vətəndaşlarını “qorumağa”. Ardını özünüz fikirləşin. Dövlət televiziyasında xalqı təhqir olunan insanlara himayə və təhlükəsizlik təmin edən nəcib Rusiya dövlətini dünyada hansı insafsız tənqid edər?

İndi Qarabağda yarış başlayır. Kim daha tez və cəld hərəkət edəcək? Bütün maddi və hüquqi imkanları əlində olan Azərbaycan, ya imkanları hələlik məhdud, lakin dəfələrlə daha məkrli və təcrübəli Rusiya? Kim yerli ermənilərlə daha tez və düzgün münasibət quracaq?

Azərbaycan Dağlıq Qarabağda bütün dünyaya açıq olan şəffaf bir barış siyasəti yürütməlidir. Dünya görməlidir ki, hakimiyyət(media, iqtisadi və humanitar sahələrdə) əsla erməni xalqına və erməni əsilli vətəndaşlarına düşmən deyil. Qarabağın qansız-qadasız tam şəkildə Azərbaycana qayıtması naminə hökumət yerli QHT-lərə qanuni imkan yaratmalıdır ki, Qarabağdakı erməni əhalisi ilə qarşılıqlı etimadın yaradılması naminə işləsinlər. Bir tankın və üç dronun pulu kifayətdir ki, onlarla QHT yüzlərlə erməni fəalı ilə sıx işbirliyinə başlasın. Bu işə Qərbin, o cümlədən Türkiyənin QHT-ləri cəlb edilməlidir.

Azərbaycan var gücü ilə çalışmalıdır ki, Türkiyə Ermənistanla bağladığı Surix protokollarını ratifikasiya etsin, sərhədlərini açıb qonşusu ilə səmərəli iqtisadi, siyasi və humanitar əlaqələr qursun. Belə olarsa, beş ildən sonra erməni cəmiyyəti türklərə bəslədiyi inamsızlıqdan tam olmasa da, xeyli dərəcədə qurtular.

Azərbaycan özü təcili Ermənistanla da, Dağlıq Qarabağ erməniləri ilə də, Bəyanatda deyildiyi kimi, iqtisadi, rabitə və kommunikasiya əlaqələrini bərpa etməlidir. Azərbaycan sülhməramlılarla sıx əlaqə qurub yerli əhali ilə işləməyə başlamalı, onların həyati məsələlərinin həllini üzərinə götürməlidir. Məntiqə görə, münaqişə Azərbaycanın türk və kürd mənşəli əhalisinə deyil, həmçinin erməni əsilli əhalisinə də ciddi ziyan vurmuşdur. Bu ziyanın aradan qaldırılması hökumətin vəzifəsidir.

Əks halda elə bir an yetişə bilər ki, bizim fərsiz vəzifəlilər ölkənin düşəcəyi ağır vəziyyəti əhaliyə belə izah edərlər: “ermənilər coxdan hazırlaşırdı, biz isə bunu bilmirdik, bizə rus icazə vermirdi” və sair digər həqarət hissi oyadan dilxoşluqlar.

Müharibəni qazanmışıq, torpağın şir payını qaytarmışıq, qalıb ağıllı və tədbirli siyasət yürüdüb münaqişəni bilmərrə çözmək.

Bacaracağıqmı?

Ana səhifəXəbərlərSöyməkdə və qürrələnməkdə davam edək?