Yadigar Sadıqlı

Source: Meydan.TV

Caption: Yadigar Sadıqlı

“Şiddətli külək” əməliyyatı və Li Bınqın uçuşu

Mayor öz ailəsini necə xilas etdi?

1975-ci il aprelin 29-da Amerika hərbi qüvvələrinin radiosundan “Sayqonda hərarət 105 dərəcədir (Farengeyt üzrə - Y.S.) və artmaqda davam edir” sözləri və bundan sonra “White Christmas” mahnısı səsləndi. Bu, Sayqondakı amerikalıların, risk altında olan vyetnamlıların və digər əcnəbilərin təxliyəsini nəzərdə tutan “Şiddətli külək” əməliyyatının başlandığını bildirən işarə idi.

Cənubi Vyetnamın paytaxtı olan Sayqon şimali vyetnamlıların mühasirəsində idi. Şəhərin yaxınlığındakı Tan Son Nhat hava limanı da artıq atəşə tutulurdu. Buna görə də nəzərdə tutulan şəxslər helikopterlərlə ABŞ-ın Yeddinci donanmasının nəzdindəki 76-cı operativ qrupun gəmilərinə təxliyə olunacaqdılar.

Əvvəlcədən xəbərdar edilən adamları şərti işarədən sonra avtobuslar götürərək helikopterlər gözləyən yerlərə aparacaqdı. Zahirən sadə görünə biləcək əməliyyat yetərincə mürəkkəb idi. Çoxsaylı helikopterlərin toqquşmaması üçün tədbirlər görmək lazım idi. Atəş və ya texniki nasazlıq nəticəsində yerə enən, xüsusən də şimallıların nəzarətində olan əraziyə enən insanların dərhal oradan çıxarılması üçün plan cızılmışdı.

Əməliyyatı çətinləşdirən bir məqam da təxliyəsi planlaşdırılmayan bir çox insanın ailələri ilə birlikdə qayıqlara oturaraq dənizə tərəf üzmələri və burada Amerika gəmilərinə qalxmaları idi. Haqqında danışacağımız mayor Li Bınq da təxliyə ediləsi adamlar sırasında deyildi, amma o qayıqla getmədi.

***

Cənubi Vtetnam ordusunun mayoru olan Li Bınq ailəsi ilə birlikdə Kon Şon adasında idi. Materik Vyetnamın sahillərindən 70-80 km cənubda olan adada aprelin 29-da hələ sakitlik idi. Amma mayor şübhə etmirdi ki, şimallılar Sayqonu ələ keçirəndən bir neçə gün sonra Kon Şona da gələcəklər.

Li Bınq özünü və ailəsini kommunistlərdən xilas etmək istəyir. Amma onun arvadından əlavə 5 övladı (kiçiyi 14 aylıq, böyüyü 6 yaş) vardı. Adadan qaçmaq üçün cəmi ik nəfər üçün nəzərdə tutulan “Sessna O-1 Bird Dog” təyyarəsi vardı. Üstəlik, mayor hara uçacağını, Amerika gəmilərinin harada olduğunu bilmirdi.

Bütün bunlara baxmayaraq, mayor bəxtini sınamağı qərara aldı. O, arvadını və uşaqlarını təyyarəyə mindirərək çətinliklə havaya qalxdı və dənizə tərəf istiqamət aldı. Təxminən yarım saatlıq uçuşdan sonra Li Bınq şərqə tərəf uçan Amerika və Cənubi Vyetnam təyyarələrini gördü. O da həmin istiqamətə uçmağa başladı. Bir müddət sonra o, dənizdə bir gəmi gördü. Bu 76-cı opeativ qrupa daxil olan “Miduey” aviadaşıyıcı gəmi idi.

***

“Miduey” aprelin birinci yarısında ABŞ hərbi donanmasının Filippindəki bazası olan Subik-Beydə lövbər salmışdı. O, burada müəyyən təmir işlərinə məruz qalacaqdı. Amma aprelin 19-da gəminin kapitanı, Amerika tarixində aviadaşığıcı gəmi kapitanı vəzifəsinə yüksələn ilk afroamerikalı Lourens Çembers Vyetnam sahillərinə yaxınlaşaraq təxliyə əməliyyatında iştirak etmək əmri aldı.

Aprelin 29-da “Midiuey”ə enən ilk helikopter Cənubi Vyetnamın aviasiya marşalı, bir müddət vitse-prezident vəzifəsini tutmuş Nquen Kao Ki oldu. Onun ardınca başqa helikopterlər gəlməyə başladı. Onlar eniş üçün növbəyə durmalı olurlar. Tezliklə gəminin eniş zolağında xeyli helikopter yığılır.

Li Bınqın təyyarəsi “Miduey”in üzərində peyda olanda axşama az qalırdı. Helikopterlərdən fərqli olaraq təyyarələrə, hətta Sessna da olsa, eniş üçün daha çox sahə lazımdır. Gəminin üzərindən uçan Li Bınq göyərtədə eniş üçün yer olmadığını görür. Təyyarəsinin radiosu işləmədiyindən gəmi ilə radioəlaqə də saxlaya bilmir.

Lı Bınq iki dəfə “Midiuey”in üzərindən uçaraq gəmiyə kağız atır. Həmin kağızlarda eniş üçün yer açılması istənilirdi. Amma hər dəfə külək kağızı dənizə aparır. Nəhayət üçüncü cəhddə mayor kağızı tapançasının qoburuna qoyaraq göyərtəyə atır. Kağızda yazılırdı: “Siz helikopterləri bir qədər kənara itələyə bilərsiniz ki, sizin zolağa enim? Mən hələ 1 saat uça bilərəm. Sizin kifayət qədər vaxtınız var. Lütfən, məni xilas edin. Mayor Bınq, arvadı və 5 uşağı”.

Li Bınqın xahişi barədə məlumat alan kapitan Çembers tərəddüd etmədən yardım etməyi qərara alır. Onun göstərişi ilə helikopterlərin bəzilərini kənara itələyirlər. Amma yenə də sıxlıq olduğunu görən admiral üç “UH-1 İrokez” və bir “CH-47 Çinuk” helikopterini dənizə atmağı əmr edir. Amma göyərtənin təmizləndiyini görən daha beş “UH-1 İrokez” helikopteri gəmidə eniş edir və sərnişinlərini boşaldır. Çembers onları da dənizə atmağı əmr edir.

Bundan əlavə, kapitan təyyarənin enişini asanlaşdırmaq üçün gəminin üzünü küləyə çevirir və sürətini artırır. Yanğınsöndürmə komandası hazır vəziyyətə gətirilir. Ayrılan bir saatın bitməsinə az qalmış “Sessna” təyyarəsi asta-asta gəmiyə yaxınlaşmağa başladı. Həm gəminin heyəti, həm də təxliyə olunanlar heç zaman gəmiyə eniş etməmiş pilotun gəmiyə eniş üçün nəzərdə tutulmayan təyyarə ilə enməsini həyəcanla gözləyirdilər.

Amma hər şey yaxşı qurtardı. Mayor təyyarəsi bir dəfə göyərtəyə dəyib tullandı, sonra yenə düşərək yavaş-yavaş dayanmağa başladı. Heyətin xeyli üzvü təyyarəyə tərəf qaçaraq hər ehtimala qarşı onu əlləri ilə tutub saxladılar. Lı Bınq, ardınca ən kiçik uşağı qucağında tutan arvadı və daha sonra dörd uşağı təyyarədən düşdülər.

Vyetnamlı mayorun yetərincə riskli davranışı gəminin heyətində güclü təəssürat oyadır. Onlar ailəyə yardım üçün pul toplamağa başladılar. Bınq ailəsi sonralar ABŞ-da yaşadı. Mayorun üç qızı həkim oldu. İki oğlu isə hərbi pilot olaraq ABŞ HHQ-də xidmət etdilər.

***

“Şiddətli külək” əməliyyatı 30 aprel səhər saatlarına qədər davam etdi. Sayqondan Yeddinci donanmanın gəmilərinə 1737 amerikalı və əksəriyyəti vyetnamlı olmaqla 5595 digər ölkələrin vətəndaşlarını təxliyə etdi.

Amerikalılar bu əməliyyatdan əlavə 23 apreldən etibarən “Yeni həyat” (New Life) əməliyyatını həyata keçirirdilər. Bu məqsədlə Konqres dövlət departamentinə 305 milyon, Səhiyyə, təhsil və sosial təminat departamentinə 100 milyon dollar ayırdı. Əməliyyat zamanı 130 mindən çox vyetnamlı hava və dəniz yolu ilə ölkədən çıxarıldılar. Onların çoxu müvəqqəti olaraq Quam adasında yerləşdirildilər.

“Yeni həyat” əməliyyatı noyabrın 1-nə kimi davam etdi. Ailəsi Vyetnamda qalan 1546 nəfər yenidən ölkələrinə qayıtmaq istədiklərini bildirdilər. Təxminən 112 min vyetnamlı ABŞ-da, qalanları isə digər ölkələrdə sığınacaq tapdılar.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/jrxusl

Most Viewed