Rövşən Hacıbəyli

Source: Meydan TV

Caption: Rövşən Hacıbəyli

Sərəncamla suvarılan torpaqlar

Article was updated on :  2 July 2020

27 milyon manata qazılacaq 391 quyu su problemini çözəcəkmi?

Ölkədə su problemi yaşanır. Yeni deyil, artıq illərdir əhali susuzluqla üz-üzədir, həm də təkcə təsərrüfat, mal-qara yox, adamlar özləri də bundan əziyyət çəkir. Bir çox rayonda arx suyunu əhali həm də duruldub içir, mənbəyindən mənsəbinə kimi hamı o arxa kanalizasiya kimi yanaşıb bütün zir-zibilini, ölmüş heyvanının cəsədini atsa belə. Neçə illərdir arxa gələn suyun rəngi onun qalıq su olduğunu göstərir.

arx suyu

arx suyu

Source: Meydan TV

Buna baxmayaraq, əhali çarəsizcə yenə də ondan istifadə edir. Son illər geniş yayılmış müxtəlif xəstəliklərin bir səbəbini də, bəlkə, bunda axtarmaq gərəkdir. Arxa günlərlə su gəlmədikdə adamlar məcbur olub quyu suyundan istifadə edir. O suların da tərkibi kimsəyə bəlli deyil.

Yaranan su qıtlığının səbəbi çox vaxt quraqlıq göstərilsə də, Azərbaycanda buna daha bir səbəb əlavə olunur; müxtəlif rayonlarda əhalinin pay, dövlət və bələdiyyə fondu torpaqlarını oliqarx məmurlar, generallar çox ucuz qiymətə ələ keçirib. Qarabağda qələbə qazana bilməyən çoxsaylı generallar arxa cəbhədə biznesmen kimi böyük uğura imza atıb. Əllərində dövlət resursu olan bu məmurlar büdcə vəsaiti hesabına yeni beton arxlar çəkib əhalinin illərdir yararlandığı arxların suyunu öz təsərrüfatlarına yönəldirlər. Oğurladıqları pullar hesabına böyük təsərrüfatlar yaradıb dövlətdən subsidiya, lizinqlə texnika, toxum, gübrə alır, səlahiyyətlərinə arxalanıb suya da sahiblənirlər. Beləcə yerli əhalinin həm özü, həm kiçik təsərrüfatı, həm də mal-qarası susuzluqdan qovrulur.

Yerli əhalinin həm özü, həm kiçik təsərrüfatı, həm də mal-qarası susuzluqdan qovrulur.

Yerli əhalinin həm özü, həm kiçik təsərrüfatı, həm də mal-qarası susuzluqdan qovrulur.

Source: Meydan TV

Yalnız bu il su probleminin hakimiyyəti də artıq narahat etməyə başladığı görünür. Gec də olsa. Bu il aprelin 15-də prezident “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladı. Baş nazirin müavini Şahin Mustafayevin sədriliyi ilə yaradılan komissiyaya tapşırıqlar da verildi:

- su ehtiyatlarından istifadə və su təsərrüfatının idarə olunması sahəsində mövcud vəziyyəti təhlil etsin;

- su ehtiyatlarından istifadədə səmərəliliyin artırılmasını, uçotun və idarəetmənin təkmilləşdirilməsini və bu sahədə operativ əlaqələndirməni təmin etsin;

- Sərəncamın 2.1-ci və 2.2-ci bəndlərində (yuxarıdakı bəndlər – R.H.) verilən tapşırıqların icrası üçün müvafiq dövlət orqanlarının (qurumlarının), elmi müəssisələrin (təşkilatların), ixtisaslı mütəxəssislərin, habelə beynəlxalq ekspertlərin cəlb olunmasını təmin etsin.

Nələr edildiyi bilinmir, komissiyanın hər hansı açıqlaması ortada yoxdur. Ancaq ölkənin ilk özəl pilot taxılçılıq təsərrüfatı “Qarabağ Taxıl” MMC şirkətin Ağcabədi və Beyləqandakı 6 000 hektara yaxın sahədə əkilmiş qarğıdalı və soya bitkilərinin məhv olmaq üzrə olduğu barədə iyunun 23-də açıqlama yayandan dərhal sonra Meliorasiya və Su Təsərrüfatı ASC-dən reaksiya gəldi. ASC-nin nümayəndəsi Dilqəm Şərifov bildirib ki (“APA-Economics”), Sərəncamın icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC iki dövlət proqramı hazırlayaraq komissiyaya təqdim edib. Komissiya o sənədlərə baxıb-baxmayıb, o barədə bilgimiz yoxdur. Baxsa belə, bunun “Qarabağ Taxıl” MMC-nin 6 min hektarda susuzluqdan yanan qarğıdalı və soya bitkisinə daha heç bir faydası olmayacaq...

Qarğıdalı sahəsi

Qarğıdalı sahəsi

Source: Meydan TV

Saatlı ərazisində dövlət fondunun torpaqları var. O torpaqların bir hissəsi rayonun Azadkənd kəndinin örüş yeri idi. Hamısını aldılar. Son illər o torpaqların bir hissəsini Gənclər və idman naziri Azad Rəhimov, bir hissəsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş rəhbəri Füzuli Ələkbərovun oğlu, bir hissəsini Hacı İbrahim Nehrəmli (hacının “Xəzər adaları”nı dövlətə “bağışlaması” Saatlı camaatına baha başa gəldi) və başqaları ələ keçirib. Biri nar, biri zeytun, biri də pambıq, taxıl əkir. Su problemi də yoxdur. Çünki 2010-ci il Kür daşqınları zamanı əhalinin “qayğısına qalıb” dövlət büdcəsinin vəsaiti hesabına İmişlinin Bəhrəmtəpə qəsəbəsində Arazdan qol ayırdılar. Əsaslandırma da o oldu ki, yenə daşqınlar olarsa, Arazın suyunu bu qola yönəldib selin qabağını alarlar. Ancaq yazıq Araz heç o vaxt daşıb-eləməmişdi. Elə onda əhali bunun oyun olduğunu, məmurların dövlət fondu torpaqlarındakı təsərrüfatına su çəkmək məqsədilə edildiyini deyirdi. “Elin sözü əvvəl-axır düz olur” axı. O qol çəkiləndən İmişli və Saatlının susuz günləri başlanıb. Bəhrəmtəpədəki su qovşağında suyun qabağı kəsilir, onsuz da az olan su məmurların sahəsinə yönəldilir. Araz çayının suyu Ermənistanla əməkdaşlıq edən İranın tam nəzarətindədir, suyu istədiyi vaxt istədiyi həcmdə buraxır, üstəlik, onun üzərində SES də tikib, Ermənistanla rahat gediş-gəliş üçün körpü də...

Bu ilin başlanğıcında – yanvarın 6-da dövlət başçısı Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadəni 75 yaşıyla bağlı1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdi. Yanvarın 7-də isə Ağcabədi rayonunda 30 quyu qazılması üçün 2,1 milyon manatlıq sərəncam imzaladı. Beləcə, sərəncamlar başladı. İlin 6 ayında quyular qazılması ilə bağlı 27 sərəncam imzalanıb. Bu sərəncamlarla 32 milyon 643 min manat vəsait Meliorasiya və Su TəsərrüfatıASC-yə ayrılıb. Əhmədzadənin idarəsi Azərbaycanda 391 quyu qazmalıdır. Həmin pulun 1 milyon manatı Naxçıvanın Nazirlər Kabinetinə ayrılıb, ancaq onların neçə quyu qazması sərəncamda qeyd olunmayıb. Yeri gəlmişkən, Ağsu (3,3 milyon), Qusar (652 min) və Biləsuvara ayrılan vəsaitlə quyu qazılmayacaq, arx çəkiləcək.

Biləsuvarın Çinarlı kəndində əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə bağlı sərəncam iyunun 22-də verilib. İşlər hələ başlamaz, başlasa belə, builki, artıq əkilmiş əkinə onun heç bir faydası olmayacaq. Ancaq qədirbilən və uzaqgörən xalqımız su üzü görməsə də, təşəkkür məktubunu sərəncamdan 8 gün sonra, iyulun 1-də yollayıb. Biləsuvardan Nurəngiz Bədəlova yazır: “Möhtərəm cənab Prezident, son illər Biləsuvar rayonunda əkin sahələrinin su təminatı ilə bağlı çətinliklər əhalini narahat edirdi. Bu yerlərdə təsərrüfat işlərində su böyük əhəmiyyət kəsb edir. Yaranmış vəziyyətlə bağlı əkin sahələrinin su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında imzaladıgınız Sərəncam bir biləsuvarlı kimi məni çox sevindirdi. Sizə dərin təşəkkürümü bildirirəm. Ömrünüz uzun olsun”. Nə olsun ki, hələ nə iş başlayıb, nə də su var, başlıcası sərəncamdı; yanan qəlblərə, artıq külə dönən sahələrə su çiləyən sərəncam. Yeri gəlmişkən, məktub yazan da, görünür, diqqətsiz olub, sərəncam bir kəndlə bağlıdı, bütün Biləsuvarla yox.

Məhsulunuz bol olsun, əziz biləsuvarlılar.

P.S. Hər il suyun qıt vaxtı – iyunun 4-ü Meliorasiya və Su Təsərrüfatı işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu il həmin gün Prezident ASC-dən 8 nəfərə əməkdar mühəndis, 6 nəfərə 3-cü dərəcəli “Əmək” ordeni, 24 nəfərəsə “Tərəqqi” medalı verib; bu sahə illərdir tənəzzüldə olsa belə...

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  2 July 2020
Featured in:  
Shortlink:   http://mtv.re/jki8yh

Most Viewed