Source: Meydan TV

Şəki sakini: Qızım ağrılardan göz yaşını saxlaya bilmir

8 yaşlı Vüsalə sağalmaq istəyir

Şəkinin Bideyiz kənd sakini Vüsal Əzizovun böyük övladı skoliozun ən ağır dərəcəsini yaşayır. Ata qızına görə qohum-əqrəbadan, dost-tanışdan yardım toplamağa məcbur olur.

“Qızım çox çətinlik çəkir”

Vüsal Əzizov qızı Vüsalədə xəstəliyi təxminən uşağın bir yaşı olanda müşahidə etdiklərini deyir. Ciddi narahatlıq ortaya çıxıb. Həkimə müraciət zamanı onurğa əyriliyi müəyyən edilib:

“Həkimlər sonradan dedi ki, uşaqda xəstəlik anadangəlmədir. Həyat yoldaşımın hamiləliyi dövründə sonradan hər hansı problem yaranacağı gözlənilmirdi. Amma uşağın 7-8 aylığından narahatlığı başladı”.

Vüsal Əzizov övladını xəstəlikdən xilas etmək üçün çox çalışıb. Müxtəlif xəstəxanalara üz tutublar, amma lazımi nəticə əldə olunmayıb:

“Daha çox özəl xəstəxanalara getmişik. Adətən, korset yazırdılar. Onun da faydasını görmədik. Beli getdikcə daha çox əyilməyə başladı. Hər şeydə özünü büruzə verir. Oturub-durmasında, gəzməsində, qaçmasında... Çox çətinlik çəkir”.

Vüsalənin 3 yaşında kiçik qardaşı var. Amma onda fiziki problem müşahidə olunmayıb. Valideynləri hələ də skoliozun yaranmasının əsas səbəbini müəyyənləşdirə bilməyiblər. Həkimlərdən də dəqiq fikir eşitməyiblər.

“İnkişafdan qalıb, yaşıdlarından kiçik görünür”

Vüsalənin xəstəliyi ağır mərhələyə keçib. Onurğa əyriliyi xeyli qabarıq nəzərə çarpmağa başlayıb. 8 yaşlı uşaq ağrılardan göz yaşlarını saxlaya bilmir. Daha çox anasının qucağında sakitlik tapır.

“Əyriliyin artması ciyərlərinə pis təsir eləyir. Vaxt onun yalnız zərərinə işləyir. Getdikcə vəziyyəti pisləşir. İnkişafdan da qalıb. Yaşıdlarından daha kiçik görünür”, - bunları da atası deyir.

Vüsalə əvvəl məktəbə gedirmiş. Düzdür, ciddi çətinlik çəkirmiş, amma şagird olmaq çox xoşuna gəlib. Pandemiya işləri korlayıb. Bu müddətdə xəstəliyi də şiddətlənib. İndi parta arxasında əyləşmək də mümkünsüz görünür:

“Daha parta arxasında otura bilməz. Belinin əyriliyi çox artıb. Məktəbə getməyi çox sevir. Hamı kimi olmaq böyük arzusudur. İstəyir, uşaqlara qoşulsun, dərs oxusun, oynasın”.

“Çarəsizlikdən kömək istəyirəm”

Vüsal Əzizov danışır ki, Bakıda çox vaxt keçirməli olurlar. Çünki paytaxtda müalicə üçün üz tutduqları yer çoxdur. Həkimlər daha xüsusi prosedurlara ehtiyac duymur, yalnız əməliyyat məsləhət görürlər:

“Türkiyədə əməliyyat olunmalıdır. Düzdür, hələ əməliyyat olunacaq yeri, həkimi müəyyənləşdirməmişik. Amma onurğa əyriliyinin çarəsinin Türkiyədə olduğunu öyrənmişik. Bundan ötrü pul toplayırıq”.

Atanın dediyinə görə, mayın 18-də qızının adına kart açılıb. Qarşıya 25 min manat toplamaq məqsədi qoyulub.

“Çarəsizlikdən kömək istəyirəm. Doğrudan başqa çarə yoxdur. İmkanım olsaydı, heç insanlardan yardım istəməzdim. 25 min toplanan kimi qızımı əməliyyata aparacam. Artıq pulda gözüm yoxdur. Əsas odur, iş alınsın”.

Bideyiz sakini sosial qayğılar haqda çox danışmaq istəmir. Deyir ki, ailəsini bacardıqca dolandırmağa çalışıb. Hərçənd, Vüsal Əzizov fəhlə işləyir, ailə kirayədə yaşayır, problemlərin öhdəsindən çətinliklə gəlirlər. İndiyə qədər qızının müalicəsini də öz gücünə həyata keçirməyə cəhd göstərib. Amma əməliyyat insanların köməyi olmadan mümkünsüz görünür. Çünki 8 yaşlı Vüsalənin sağlamlığının bərpası üçün yerli qurumlardan səs çıxmayıb.

“Çoxlu paylaşımlar eləyirik ki, insanlar görsün. Karta lap 2 manat köçürən də var. Hamıdan razıyam. Şikayət eləmək istəmirəm...”, - ata ümidini üzmür.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/y521cg

Most Viewed