Səhnənin unudulan “Sevil”i

Həyat səhnəsinin son pərdəsi…

Source: Meydan.tv


Həyat səhnəsinin son pərdəsi…

Bura onun üçün həyatın son səhnəsidir. Özü də rütubət qoxulu 4 divar arasında undulduğunu deyir, amma bir vaxtlar gözləri səhnədə günəş kimi parlayırmış.

Uzun ipək saçları hər dəfə küləklərlə çarpışanda bundan necə zövq aldığını da gizlətmirmiş… Bir zamanlar qulaqlarında alqış, gəncliyinin qəhqəhəsi cingildəyən 80 yaşlı Sevil Məhərrəmova artıq bəmbəyaz saçlarının işığında ömrünün qürubunu yaşayır…


İlk pərdə…

Məhərrəmova Sevil İsmayıl qızı…

1941-ci ildə Laçın rayonunda anadan olub.

O, Bakı Teatr İnstitutunu bitirib. Deyir ki, ömrünün 64 ilini səhnədə keçirib, amma indi heç onu axtaran və maraqlanan da yoxdur.

Sənət dostlarını televiziyada görəndə isə qəhərlənir: “Səməndər Rzayev, Ceyhun Mirzəyev, Xuraman Qasımova, Hicran Hüseynov Ənvər Əbluc, Kamil Məhərrəmov kimi sənətkarlarla çiyin-çiyinə oxumuşam. Onlar üçün darıxıram. İnstitutda bir dəcəllik etdiyim yoldaşlarım indi tanınmış, sayılıb-seçilən insanlardı. Buna, sadəcə, sevinə bilərəm, amma mən bu rütubət qoxulu 4 divarda unudulmuşam”.

Sevil Məhərrəmova deyir ki, bir dəfə evi yanıb və bütün gənclik xatirələri də yanıb: “Diplomum, kasetlərim, şəkillərim hər şeyim kül oldu. Düşünürəm ki, qrup yoldaşlarımın “vinetka”larında (“açıqça”. red) qalmış olaram. Onlarla da indi əlaqəm yoxdur ki, maraqlanım. İnsan cavan olanda əhəmiyyət vermir, amma yaşlananda cavanlığından izlər axtarır”.

O, həyatını sənətə həsr edib, indi bir çoxunun adını belə xatırlamadığı filmlərdə oynayıb, teatrlarda çıxış edib.

Dediyinə görə, “Sevil” isə həyatının ən çətrəfilli rolu olub.


Atasızlığın ağırısı və “İsmayıl kişi”nin xəyanəti…

Sevil Məhərrəmova deyir ki, məktəbə bir neçə il gec gedib. 8 yaşına kimi eşitmədən də əziyyət çəkib:

“Körpə olanda soyuqlamışdım. Müharibə zamanları, dünya qarışıq, uşaq çox, pul az, müayinə-müalicəyə heç imkan olmayıb. Gec də başlasam, sinif yoldaşlarımdan geri qalmamışam. Komsomolun fəal üzvü idim. “Raykom” istəyirdi ki, mən oxuyum gəlib onun postunu təhvil alım”.

Sevil Məhərrəmova ədəbiyyatı, lirikanı məktəb vaxtından sevdiyini deyir:

“Məktəb vaxtı yazdığım inşalar respublika üzrə birinci yerə çıxırdı, amma məktəbi 1960-cı ildə gümüş medalla bitirdim. Çünki texniki fənlər üzrə yaxşı deyildim. Cəbri, əyri-üyrü rəqəmləri sevmirdim”.

Deyir ki, uşaqlıq illəri heç də ürəyi istədiyi keçməyib və həyatının alt-üst olması isə atasının xəyanəti ilə başlayıb: “Anam Ruqiyyə xanıma “Laçının Həcəri” deyirdilər. O, türkəcarəylə məşğul idi. At belində gedib ağır xəstələri sağaldırdı. Hələ ona “ölü dirildən qadın” da deyənlər var idi. Bir gün anam xəstə üstünə gedibmiş. Qayıdanda görüb ki, İsmayıl kişi (atasını nəzərdə tutur) başqa bir qadınla səmimi şəkildə oturub ona tar çalır. Sonra atamdan sakitcə boşanıb. Sonrası xoş olmasa da, anamın bu qürurlu addımını həmişə dəstəkləmişəm. Atamı heç vaxt bağışlaya bilmədim. Sanki yaşadığım hər uğursuzluqda onun kölgəsi vardı“.

240674861_397819748368265_5329515923159354825_n.jpg
Evin vəziyyəti


Ögey atasının – həyatın silləsi…

Ögey atasının hər silləsində doğma atasını xatırlayan və içində ondan bir az da qırılan kiçik qız qəhərə bürünmüş titrək səsiylə davam edir:

“Cek deyə nəhəng itimiz vardı. Kənd camaatı Cekdən ürkərdi. Bir dəfə də atalığım məni döyəndə qaçıb Cekin damına girmişdim. Ağlayırdım. Cek gözlərimi yalamağa başladı. Mən körpə idim, amma dərk edə bilirdim ki, insandan görmədiyim insanlığı itdən görürəm. Həmin gün heç nə olmamış kimi Həkəri çayında üzümü yuyub evə qayıtdığımı xatırlayıram. Çox ağır idi. Anama heç nə demirdim. Qorxurdum ki, atalığım mənə daha betər əsəbiləşər”.

Çuxura düşmüş gözlərində yumrulanan yaş damcıları yanağına süzüldükcə, uşaqlıq illərini belə xatırlayır: “Qonşunun qızlarıyla evcik oynayanda həmişə ana olurdum. Elə evciklərdə ana ola bildim ancaq. O qədər divara çırpılıb, təpik altına düşmüşdüm ki… Evdən gizlin balaca qazança götürmüşdüm. Çayın yanında kolluqda gizlətmişdim. Həmin qazanda “uşaqlarıma” palçıqdan yemək hazırlayırdım”.


Zorla qaçırılma – həyatın görünməyən üzü…

Məktəbi bitirdiyi il ailəsi ilə birlikdə Bakıya köçür və 1964-cü ildə Teatr İnstitutunda oxumağa başlayır: “Anam Bakıda ev almışdı. Qohumlarımız anama demişdi ki, əlində imkan varkən Sevilə ayrıca ev al. Birdən fərsiz adamla evlənər. Qız Bakıda oxumaq istəyir, qoy ayrıca evi olsun ki, rahatlığı olsun”.

Sevil Məhərrəmova deyir ki, onun da gəlinlik geyinmək, ana olmaq kimi uşaqlıq xəyalları olub, amma bu xəyalları öncə atalığı və yoldaşı əlindən alıb. O, bunları deyərkən qaşlarını çatır, baxışlarında qəzəb hiss olunur:

“İnstituta yenicə başlamışdım ki, nişanlım Yaşarla tanış oldum. Tamaşamı izləməyə gələndə məni bəyənmişdi. Daha sonra danışıb, razılaşıb üzüklərimizi taxmışdıq. Hər kəs bizi çox yaraşdırıdı. Hətta 6 aya toyumuz da olacaqdı. Hazırlıqlar görülmüşdü. 1965-ci ildə Yaşarın Bakıda olmadığı bir vaxt yoldaşım məni zorla qaçırdı“.


Yenidən tapılan və ailəsini dağıdan ata…

Onu qaçırdıqları günü ömür boyu lənətləyib:

“Sumqayıta tamaşaya gedirdim. İşıqforda dayananda bir neçə maşın taksimin önünü kəsdi. Əvvəlcə anlamadım, sonra Zakiri görəndə başa düşdüm ki, nə məsələdir. O, bizim institutda musiqi şöbəsinin müdiri idi. Zakirə dəfələrlə izah etmişdim ki, mən nişanlıyam. Hər halda dediklərimə məhəl qoymamışdı. Məni 6 ay bacısının evində gizlətdi”.

Zakirə görə səhnə həyatında da çox şey itirdiyini deyir: “Çox qısqanc idi. Rasim Balayev və Mikayl Mirzəyevlə birlikdə “Zabitlər” filminə çəkilirdim. Vera rolunu oynayırdım. Gəlib setə müdaxilə edirdi. Məni teleseriala çəkmək istəyirdilər, qoymurdu. İşimə hörmət etmirdi, amma uzun müddət ona tab gətirdim. Son damla məni həssas yerimdən yaralaması oldu”.

“35 yaşım vardı, öyrəndim ki, yoldaşım atamla və onun bərdəli qadından olan oğlanlarıyla görüşür. Ona bundan narahat olduğumu dedim, xeyiri olmadı. Əksinə, atamı, qardaşlarımı gətirdi ki, bizlə yaşasınlar. Ev mənim idi, sənədlərimi götürüb evi tərk etdim. Zakirə son sözüm o oldu ki, sən mənim həyatıma zorla girmisən, mən səni sevmirəm, sevməyəcəm də. Qızıllarım, paltarlarım, əşyalarım hamısı evdə qaldı, Gəncəyə getdim. Qayınanam Tamam xanım “Müsyö Jordan və Dərviş Məstəli Şah” tamaşası üçün mənə Dağıstandan gümüş kəmər almışdı. Şəhrabanu rolunda oynamışdım. Bircə onu xatirə kimi götürmədiyim üçün peşman olmuşdum”, – evini tərk etdiyini belə xatırlayır Sevil Məhərrəmova.

240816026_527296585172968_3933654080278930230_n.jpg
Evin vəziyyəti


Körpə bacısının unudulmaz ölümü…

O, atasına nifrətini gizlətmir və bacısının ölümündə də onu günahkar sayır:

“Atama nifrətim o qədər böyük idi ki. Axı o mənim balaca bacımın da ölümünə səbəb olmuşdu. Bir dəfə Bərdədən qotur dərmanı almışdı. Qapının yanına yerə qoymuşdu. Evdə də balaca bacım vardı – Solmaz. Məndən iki yaş kiçik idi. Uzun, sarı, qıvırcıq saçları var idi. Anam ona güllü parçadan ətəyi qırçın don tikmişdi. Geyinəndə Julyetə oxşayırdı, nazlı gözləri vardı. Ona o qədər heyranlıq və sevgiylə baxırdım ki, kipriklərinin sayını bilirdim. Bacım bilmədən dərmanı içdi və qıvrıla-qıvrıla, ağrı çəkərək yerdə qaldı. Mən bu səhnəni ömür boyu unutmadım. Bundan sonra da həyatıma heç kim xoş gəlmədi. Elə Gəncədə mənə elçi düşən Afdandil kimi. Hər şey qaydasında görünürdü, amma sonra öyrəndim ki, onun bir neçə qadınla münasibəti var. Onunla evlənməyi qəbul etməsəm də, 3 yaşında qızı Leylanı himayəmə götürdüm. Leylanın anası onu bir məktubla tərk etmişdi. Mənim də övladım olmurdu axı. Onu 12 il saxladım. 15 yaşı olanda bibisiylə qalmağı seçdi. Sonradan anasını tapdığını eşitdim. İndi onun üçün heç darıxmıram”.


Son pərdə

Səhnənin “Sevil”i tək özgələrdən yox, doğmalarından da çox haqsızlıqlar gördüyünü deyir:

“Məndən sonra doğulan qar kimi soyuq, daş kimi bərk qardaşım mənim, kimsəsiz bacısının evini satdırdı. Zakirin ona borcu vardı. Əvəzində mənim evim satıldı. 15 il idi ki, Bərdədə işləyirdim, son bir neçə ildir Quzanlıdayam. Ağdam Dram Teatrının müdiri Ağdam Mədəniyyət Evinin binasında mənə qalmağa yer verib”.

Hamı tərəfindən tərk edilən və unudulan “Sevil”in belə bir hekayəsi var. İndi də kiçicik bir otaqda özünə yuva düzəldib. Amma bu, tamamilə ayrı bir səhnədir: qışı rütubət qoxan divarlardan yayda od yağır. 81 yaşlı Sevil isə yorulmur, olumla ölüm arasında mücadilədədir. 267 manat təqaüdündən əlavə qonşuların da işini də görüb pul alır.

Çuxura düşmüş gözlərində təsviredilməz hüzur var: içindəki kədəri hamıyla bölüşür, hər kəsi kədərləndirir, sonra da gülərək ovudur. O, indi sanki həyatın səhnəsində son pərdəsini oynayır…

240036263_862945321012157_7761346528925456530_n.jpg
Evin vəziyyəti
Ana səhifəXəbərlərSəhnənin unudulan “Sevil”i