”Şəhərin meri ilə ”Facebook”da müsahibə edirəm”

İdrak Abbasov
İdrak Abbasov


Norveç mətbuatında çalışan azərbaycanlı jurnalist: “Evdə birinci uşaqdır, ikinci qadın, üçüncü ev heyvanları, ən sonda isə kişi gəlir…”


Bugünlərdə Norveçdə yaşayan jurnalist İdrak Abbasovun çəkib paylaşdığı bir video Azərbaycanda maraqla qarşılandı. Bu videodan sonra ölkədə Norveçə getməyin yollarını axtaran insanlar çoxaldı. Bunu jurnalistin özü də təsdiq edir ki, insanlar ona sosial şəbəkələrdə yazaraq, ora necə gəlməyin mümkün olduğu barədə saysız suallar verirlər. Doğrudanmı Norveçdə həyat rifahı belə yüksəkdir? Norveçlilərin gündəlik həyatı, xasiyyətləri, ailə münasibətləri bizimkilərdən nələrlə fərqlənir? Bir azərbaycanlı üçün orada yaşamaq və iş tapmaq nə qədər asan və ya çətindir? Bütün bu suallaımızı iki ildir ki, Norveçdə yaşayan və yerli qəzetlərdən birində jurnalist kimi çalışan həmvətənimiz İdrak Abbasov cavablandırır.


İdrak bəy, siz Azərbaycandan gedib, xaricdə məhz öz işi ilə məşğul olan nadir jurnalistlərdənsiniz. Mümkünsə iş yeriniz, işiniz barədə bir az məlumat verin.

Mən bizim şəhərin qəzetində, “Bö blad” qəzetində işləyirəm. Qəzet bölgə qəzetidir, bələdiyyəmizin lokal qəzeti sayılır. Bilirsiniz ki, Norveçə gələn bütün mühacirlər sıfırlanır, onların bütün keçmişi sıfırdan başlayır. Yəni, sənin keçmişdə kim olmağından asılı olmayaraq, ömründə bir gün belə parta arxasında oturmayan mühacirlə eyni statusda olursan. Bildiyiniz kimi, mən burada ICORN təşkilatının “Azad şəhər layihəsi” çərçivəsində qonaq statusu ilə yaşayıram. Bu, mənə bir qədər üstünlüklər verdi. Yəni mən sıravi mühacirlərdən fərqli olaraq şəhər rəhbərliyindən tutmuş ölkə rəhbərliyi, parlament və kral sayarına qədər müxtəlif şəxslərə görüşə bilirəm. Bundan başqa, müxtəlif beynəlxalq tədbirlərə qatıldım, “Azərbaycan saatı” və digər xarici KİV-lərlə əməkdaşlığımı davam edərək jurnalistika fəaliyyətimdən qalmadım. Ən əsası isə gecələr yatmadım, dil öyrənməklə məşğul oldum və indi də dili təkmilləşdirməkdəyəm.

Qəzetdə işə başlamam isə təsadüfən oldu. Ötən ilin payızında şəhərimizdə ifadə azadlığı ilə bağlı bir tədbir oldu. Onda mən cəmi 9 ay idi ki, Norveçdə yaşayırdım. Mənə bir iranlı azərini tərcüməçi tutmuşdular. Bu iranlı isə Azərbaycan dilini yaxşı bilmirdi. Mən özüm qol-qabırğasını qırıb şikəst etsəm də, norveçlilər demiş (kroppen språk), əzələ dili ilə Norveç dilində geniş auditoriya qarşısında Azərbaycanda medianın və insan haqlarının durumu ilə bağlı məruzə ilə çıxış etdim. Sən demə, tədbirin aparıcısı şəhər qəzetinin redaktoru Hilde xanim imiş. Onun əlinin altında mənim haqqımda anket məlumatları var idi və dili qısa müddətdə pis səviyyədə olsa da öyrənməyim buna ləzzət eləmişdi. Ona görə mənə əməkdaşlıq təklif etdi. Elə oldu ki, əməkdaşlığa bu ilin mayından başladım. İlk işim də Norveçin müstəqillik günü ilə bağlı keçirilən uşaq paradı ilə bağlı oldu və bunu ölkəmizdəki paradla müqayisə eləmişdim. Yazı həm redaktorun, həm də oxucuların çox xoşuna gəlmişdi. Həm də mənim digər əməkdaşlardan üstünlüyüm odur ki, mən həm yazıram, həm şəkil, video çəkirəm, həm də montajını özüm edirəm. Bir sözlə, 4-5 adamın işini tək görə bilirəm. Bu səbədən də əməkdaşlığa başladıq.

İdrak Abbasov
İdrak Abbasov


Avropada jurnalist kimi işləmək istəyən kəslər üçün, ilk növbədə, lazım olan şərtlər və bacarıqlar hansılardır?

Ölkənin dilini bilmək, beynəlxalq jurnalistikanın standartlarından xəbərdar olmaq və ən əsası olduğun ölkə vətəndaşlarının sarı simindən xəbərdar olmalısan. Çünki bəzi yazılarıma görə evimizə gül dəstəsi göndərən, redaksiyaya təşəkkürə gələnlər də olub. Hətta məni yolda görüb qucaqlayanlar da az olmayıb, mənə məktub yazanlar da var. Məsələn, bir həftə hansısa səbəbdən işə getməsəm və ya səfərə getsəm, mütləq bir yazı yazıb verməliyəm. Bir dəfə verməmişdim deyə xeyli oxucu redaksiyaya müraciət etmişdi ki, o, daha sizdə işləmir? Niyə yazısı yoxdur? Əslində isə jurnalist kimi Norveçdə işləmək üçün 5-6 il univeritetdə oxumalı, xeyli təcrübə də keçməlisən. Həm də mən hələ Norveç mətbatının ibtidai sinifinə başlamışam. Uğurlu yola davam etmək üçün daha çox işləməli, oxumalıyam.


Əgər artıq işləyirsinizsə, deməli, Norveç dilinə kifayət qədər yiyələnmisiniz. Nəzərə alsaq ki, cəmi iki ildir oradasınız, belə düşünmək olar ki, Norveç dili asan dildir?

Əvvəla, Norveçə gəlişimin iki ili gələn ilin yanvarının sonunda tamam olacaq. İkincisi, yox, əsla, Norveç dili asan deyil. Ən azı Norveçdə 3 rəsmi dil var. Sami dili, Norsk bukmål, Ny norsk. Sami dilini bilməsən də olar. Digər dilləri bilmən vacibdir. Bundan başqa, dialektlər N qədərdir. Mən hələlik B1 səviyyəsində dili öyrənə bilmişəm. Bu isə yüksək səviyyədir və mənə yazmağa imkan verir.

Amma lap yüksək B2-C1-dir. Bu səviyyəni heç norveçlilərin də əksəriyyəti bilmir. Amma burda mühacirlər var ki, 10 ilə mənim səviyyəmə qədər öyrənə bilməyiblər. Yeri gəlmişkən, bu səviyyə məndə 5 ay əvvəl dil imtahanında olub və əminəm ki, indi daha yüksəkdir. Dili isə ona görə tez öyrəndim ki, bir növ məcbur idim. Çünki ingilis dilim çox zəif idi, bizim şəhərdə nə türk, nə azərbaycanlı, nə də rus tanışı-bilişım vardı.


İşlədiyiniz bu qısa müddət ərzində gördüyünüz və sizi təəccübləndirən fərqlər hansılardır? Söhbət hələ ki, jurnalistikadakı, mətbuatdakı fərqlərdən gedir.

Eh, heç müqayisə ediləsi deyil. O gün redaktor mənə tapşırıq verir ki, sən vacib bir reportaja gedirsən, həm də videoreportaj elə. Bu vacib videoreportaj universitet kitabxanasının açılışı idi. Elə həyat yoldaşım Yeganə xanımla bərabər gedib reportajı hazırladıq və özümüzə də lağ edirdik ki, bunu öz adımızla verək, ya yox. Çünki Azərbaycanda qaynar nöqtələrdə bərabər reportajlar eləmişik və mənə kimsə bu çox vacib hadisədir və ya tədbirdir deməyib. Qəzetdə hər kəsin öz ofisi, yəni otağı var. 8 saatdan artıq heç kim işləmir. Bir saat nahar edirlər, çay və kofe fasilələri var. Hamı bir nəfər kimi bu fasilələrdə istirahət edir. Qəzet reklamçıların və abunənin hesabına çıxır və s. Dövlət məmurları, qurumları ilə əlaqə saxlamaq, müsahibə almaq üçün heç bir əziyyət yoxdur. Şəhərin ən böyüyü merdir, o, “Facebook”da dostumdur. Məsələn, bəzən suallarıma elə “Facebook”da da cavab alıram və ya müsahibə uçün bir-iki dəfə vaxtı məhz “Facebook”la təyin etmişik. Heç bir yerdə, tədbirdə vəsiqə, xüsusi gödəkcə- filan tələb edilmir. Ən maraqlı hadisələrdən biri isə şahzadə Hakon Magnus və xanımı Metta Maritla bağlı oldu. Qonşu şəhərdə bir litsey var və Yeganə xanımla orada dil öyrənirik. Bir də eşitdim ki, şahzadə gələcək. Gedib litseyin direktoruna dedim ki, mən də qəzet uçün reportaj hazırlayacam. Telefon nomrəmi də yazdım ki, dərsdə olacam, şahzadə gələndə zəng edin, gəlim çəkim. Əlqərəz, bu direktor da nömrəni aparıb Kral ailəsinin mühafizə xidmətinə verib ki, jurnalistdir, şahzadələr gələndə buna zəng edin. Bunlar da mənə zəng ediblər və nömrəmin son rəqəmini 9 olsa da, 3 kimi yiğıblar. Nömrəyə isə ayrı adam cavab verib deyə, yazıqlar əl-ayaga düşüblər ki, yəqin bu, terrorçu imiş və dərhal “qırmızı siqnal”ı işə salıblar ki, şahzadə hələ gəlməsin. Redaksiyaya zəng ediblər və təsdiq alıblar ki, orada işləyirəm, amma mənə redaksiya belə bir reportaj hazırlamaqla bağlı tapşırıq verməyib. Çünki onlarda da şahzadənin qonşu şəhərə gələcəyi barədə xəbər olmayıb. Əlqərəz, gördüm ki, mənə zəng edən olmadı. Amma şahzadənin gələcəyi saatı direktor mənə demişdi deyə, gedib maşından ştativ və kameranı götürüb, bir yerə yığışıb təlaşla nəyisə müzakirə edən polis, xüsusi xidmət və mühafizə xidməti əməkdaşlarının üstünə gəldim ki, “ə, bə nə oldu? Bu oğlan gəlmədi?” Təsəvvür edin ki, üz həmişəki kimi qırxılmamış, köynəyin bir qulağı şalvardan çıxıb yellənir, çiynimdə avtomata oxşayan qara bir şey, əlimdə də sumka və kameranın mikrafonunu bağlaya-bağlaya gəlirəm. Amma artıq kimliyimi müəyyən etmişdilər deyə heç veclərinə də olmadı, yalnız nömrəni niyə səhv verdiyimi sorşanda, dedim ki, siz niyə gül kimi 9-u 3 sayırsınız, mən başa düşmürəm. Beləcə gülüşdük, sonra da sözsüz ki, reportajımı problemsız elədim. Deyim ki, Norveçdə şahzadələr baş nazirdən daha etibarlı qorunur və onlar ölkənin rəmzlərindən biridir.

İdrak Abbasov ailəsi ilə, foto: sosial şəbəkə
İdrak Abbasov ailəsi ilə, foto: sosial şəbəkə


Mümkünsə bir az da mentalitet, dəyərlər, mədəniyyət, gündəlik həyat və davranışlar barədə danışardınız…

Bu barədə bir az danışmaq mümkün deyil. Adamlar yeyib-içib kef eləməyə bəhanə axtarırlar. Demək olar ki, hamı idman edir, imkan daxilində il ərzində heç olmasa bir dəfə hansısa isti ölkəyə istirahətə gedirlər. Mentalitet tam fəqlidir. Məsələn, bir qonşu bizi ad gününə çağırmışdı. Məclisdəkiləri mənə təqdim etdi: “Bu, böyük oglumun, digəri kiçik oğlumun atasıdır. Üçüncüsü də sevgilimdir”.

Üstəlik, bu birinci ər və ya sevgililər də özlərinin xanımları ilə gəliblər. Mən ta içib dəmləşənəcən key kimi bunlara baxırdım.

Mentalitetlə bağlı digər məsələ ilə ötən yayda ilk dəfə rastlaşdıq. Biz ailəlikcə cayın qırağında istirahətdə idik, digər bir ailə də gəlib bizdən 15-20 metr aralıda düşərgə saldılar. Ata, ana, 16-17 yaşlı qız və 14-15 yaşlı oğlan, anadangəlmə soyunub özlərini günə verdilər, çimişdilər və “su istidir, siz niyə çimmirsiniz” təklifini də etdilər. Biz isə quruyub onlara tamaşa edirdik. Heç vaxt yalan danışdıqlarını, onlara aid olmayan şeylərə sahib çıxdıqlarını, yola qızıl belə düşübsə, ona sahiblənəcəyini, kiminsı qeybətini edəcəklərini görməmişik. Gəlmələrlə bir az məsafə saxlayırlar və yalnız kimliyini tam öyrənəndən sonra ünsiyyətə keçirlər. Məsələn, biz təzə gələndə bir ailə bizi qonaq çağırdı, sonra biz onları qonaq etdik. Sonra da ailənin xanimi üzümüzə dedi ki, bizim oglumuz sizin oglunuz, ailəniz barədə danışada polisə sorğu verib kimliyinizi öyrənəndən sonra sizi qonaq çağırdıq. Bizimkilər var-dövlət, bahalı maşın və paltar, mal-mülklə öyünürlərsə, bunlar da kiməsə yardım etməklə fəxr edirlər.


İdrak bəy, Norveçdə bahalıq, şaxta, insanların ağır şərtlər altında yaşadığı (məsələn, hər şeyə görə gəlib uşağını əlindən alırlar və s.)barədə gəzən miflər nə qədər doğrudur?

Bu, əslində mif deyil, reallıqdır. Mən bu barədə buranın yerli qəzeti üçün də yazmışam. Əslində, norveçlilərin əksəriyyəti çox dayaz biliyə malikdir və onların çoxu heç bilmir ki, Azərbaycan hardadır, ərəb ölkəsidir və ya Asiyanın hansısa bir səhralığıdır. Əksəriyyəti bizi elə bananyığan baci-qardaşlarla eyni tutur deyə bizim kimi ailələrin uşaqlarını da ciddi nəzarətdə saxlayırlar ki, bunlar sivilizasiya görməyiblər, birdən üşaqlara şiddət edərlər. Amma konkret söhbət bizdən getmir. Kimliyindən asılı olmayaraq bütün gəlmələr bilməlidirlər ki, Norveçdə ailədə birici uşaq, sonra qadınlar, üçüncü əgər evdə it-pişik varsa o, lap sonda kişilər gəlir. Heç bir halda uşağa qarşı mənəvi, fiziki zorakılıq etmək olmaz. Məsələn, uşağı döysən, bunu ən yaxın qonşun belə zəng edib deyəcək və xəbərin olmadan uşağı ya bağça, ya da məktəbdən aparacalar. Ömür boyu da onu tapa bilməyəcəksən. Uşağa qışqırsan və ya sağlamlığına biganə qalsan. Məsələn, burada yalnız şənbə günləri uşaqlara şirniyyat, donduma yemək olar və ya uşaq orqanizminə lazım olan bütün kalori sutkalıq almalıdır. Uşağı hətta dərslərini hazırlamağa məcbur edə bilməzsən. Uşağın kompüterdə oyun oynamaq haqqını belə təmin etməlisən. Məktəb, uşaq bağçası, hətta diş həkimi uşağı ona şiddət edilib-edilməməsi ilə mütəmadi sorğu-sual edir, müxtəlif psixoloji inşalar yazdırır, testlər etdirirlər. Amma bu da bir reallıqdır ki, heç bir normal ailənin uşağını yalandan bəhanə uydurub, əlindən almırlar! Azərbaycanda deyirlər ki, uşaq böyüyəndə yanına döyməyəsən deyə, uşaq ikən onun yanına vurmalısan, amma burada onun tam tərsidir. Uşağı vurdunsa, əmin ol ki, yanına deyil, başına da vursan, xarakiri də eləsən, əlindən alınacaq!


Avropada xeyli azərbaycanlı var və fəal həmvətənlərimiz özlərinə o ölkələrdə balaca da olsa, çevrə yarada bilirlər. Amma bildiyim qədərilə, Norveçdə azərbaycanlılar, xüsusilə vətəndaş fəallığı ilə seçilən soydaşlarımız azdır. Çevrə problemini orada necə həll etmisiniz?

Yoxdur! Bu yaxınlarda hələ oturum gözləyən bir gənc qızımız mənə demişdi ki, Osloda 3 min soydaşımız yaşayır. Mən onları tanımıram, bizim kimi tənqidçilərlə çoxu əlaqə yaratmaqdan qoxur. Çünki sonra Azərbaycana getmək üçün viza ala bilməyəcəklərindən qorxurlar. Tanıdığm İsa Sadıxov və iki igid ogludur, Məlahət Nəsibova, İlqar Nəsibov və artıq norveçliləşmiş 3 gül balalarıdır. 3-5 cənublu qardaşımız da var ki, mütəmadi əlaqə saxlaylb dərdləşirik.


Bir azərbaycanlı kimi sizə orada ən çətin gələn nədir? Nəyə heç öyrəşə bilmirsiniz?

Əvvələr çox çətin idi, hər şey yad idi. Ən çox sıxan da dilsizlik, və sıfırın altında olmaq idi. Qalan hər şeyə zatən Bakıda da uyğun idik. Məsələn, mən Lerikə gedəndə kənddə də kəmər bağlayırdım deyə mənə lağ edirdilər. Bizdə ailədə zorakılıq olmayıb, düzdür, Yeganə xanım ev işlərində daha çox əziyyət çəkir, amma mən də ona bacardığım koməyi edirəm, hətta arada yemək-filan da bişirirəm.

Yeganə problem odur ki, əzizlərimizin, xəstə ata-anamızın, ailəmizin, dostlarımızın, əziyyətlə qurub atdığımız evimizin, o həyatımızın yoxluğuna alışa bilmirik. Tez-tez Bakıdakı bağımda işləməyim və ya Şirvan kanalında, Xəzərdə qardaşlarımla, məhlə avaraları ilə balıq tutmağım yuxuma gəlir.


Mühacirlər üçün ənənəvi sual – Azərbaycana qayıtmağı planlayırsınızmı?

Əlbəttə. Hər gün. Tbilisidə ATƏT-in tədbirində hökumətdə işləyən dostlardan biri soruşdu ki, niyə gəlib-getmirsən. Ordan evə bir saatlıq cəmi yol var. Amma mən arxayın deyiləm ki, məni RATİ, Emin Hüseyniv, elə ötən il “The Guardian”a yazdığım bir məqaləyə görə bağışlasınlar. Amma istənilən halda özüm qayıtsam da, uşaqları buradan qoparıb ora qaytarmaq fikrim yoxdur. Amma çalışıram ki, uşaqlarım ana dilini, yəni talış dilini və dövlətimizin dili olan Azərbaycan dilini unutmasınlar. Biz yeni doğulan oglumuzla da hər iki dildə danışırıq. Çünki əminəm ki, gün gələcək, Vətənin bizim uşaqlarımızın qabiliyyətinə ethiyacı olacaq.

Ana səhifəVideo”Şəhərin meri ilə ”Facebook”da müsahibə edirəm”