Source: google

“Səfirlik və Təhsil Nazirliyi Çində təhsil alan azərbaycanlılarla bağlı addım atmır”

Çində təhsil alan tələbələrin yaxınları narahatdır

“Çində 500 azərbaycanlı gənc təhsil alır. Qızım və həyat yoldaşı da o tələbələrin arasındadır. Bir valideyni kimi onların taleyindən çox narahatam. Amma deyəsən bu vəziyyət Azərbaycanın Çindəki səfirliyini, Təhsil Nazirliyini narahat etmir”.

Bu sözləri Meydan TV-yə Mingəçevir şəhər sakini Şahin Məmmədli deyib. Hazırda Çinin paytaxtı Pekin şəhərində olan Şahin Məmmədlinin sözlərinə görə, ölkədə virusun sürətlə yayılmasına dair xəbərlər var:

“Çinin cənubunda yerləşən Vuhan şəhərində ölümcül konorona virusu “2019-nCoV” yayılıb. Hələ bunun qarşısının alınması yolları tapılmayıb. Rəsmi məlumata görə, virusa yoluxanların sayı 2880 nəfərdir. 81 nəfər həyatını itirib, 56 nəfər müalicə olunur. Hardasa 5 mindən yuxarı adam şübhə altındadır. Dövlət səviyyəsində başqa ölkənin vətəndaşlarına, burada oxuyan tələbələrə məsləhət görürlər ki, bir müddət öz vətənlərinə qayıtsınlar. Çindəki təhsil müəssisələrinin qış seminarı hardasa fevralın sonunadək uzadılıb. Başqa şəhərlərdə olan tələbələrdən xahiş olunur ki, öz şəhərlərində qalsınlar, Pekinə gəlməsinlər. Pekinətrafı rayonlara gedən marşrutlara məhdudiyyətlər qoyulub. Pekində mağazaların çoxu işləmir. Vətəndaşlara tövsiyə olunur ki, evdən çölə çıxmasınlar. Tələbələr də evdən çölə çıxmır. Ancaq ərzaq mağazaları açıqdır. Hər kəs maskada gəzir. Burda müxtəlif universitetlərdə 500-dən çox tələbə təhsil alır. Düzdür, Çindəki səfirliyimiz hər bir tələbə ilə əlaqə saxlayır, məlumat alır, amma konkret addımlar atmır. Müraciət olunsa da, hələ heç bir iş görülməyib. Baxmayaraq ki, digər ölkələr öz vətəndaşlarına sahib çıxır. Məsələn, Türkiyə bütün tələbələri təxliyə edib. Təyyarə göndərildi və hamısı getdi. Eləcə də başqa ölkədən gələn tələbələr geri qayıdıb. Azərbaycan dövlət səviyyəsində bununla bağlı heç bir iş görməyib. Bir valideyn kimi bu, məni çox narahat edir. Onlar Çində qaldıqca, təhlükə altındadırlar. Heç kim istəməz ki, övladı təhlükə altında olsun”.

Şahin Məmmədlinin sözlərinə görə, bu barədə Azərbaycanın Təhsil Nazirliyinə, eləcə də ölkənin Çindəki səfirliyinə müraciət etdikdə “səbirli olun” cavabını alırlar

Meydan TV məsələ ilə bağlı Təhsil Nazirliyindən və Xarici İşlər Nazirliyindən münasibət öyrənə bilməyib. Ancaq Təhsil Nazirliyinin əməkdaşı, Hökumətlərarası Təhsil Proqramının məsul şəxsi Günəş Ovsatova valideynlərə deyib ki, bu məsələ yalnız təmsil etdiyi qurumun səlahiyyətində deyil. Onun sözlərinə görə, bu məsələdə Xarici İşlər Nazirliyindən asılıdırlar:

“Xarici İşlər Nazirliyinin verdiyi qərara əsasən hərəkət edəcəyik. Bizim işimiz biletləri almaq və tələbələrin cari vəziyyəti haqda məlumat verməkdir. Yekun proses XİN-in və səfirliyin addımı ilə bağlıdır. Mütəmadi danışıqlar gedir və problemi həll etməyə çalışırıq”.

Artıq “2019-nCoV” virusunun Yaponiya, Tailand, Cənubi Koreya, Amerika, Sinqapur, Viyetnam və Taivana da keçdiyi haqda məlumatlar var.

Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu deyir ki, bu virus Azərbaycanla Çin arasında əlaqələrin bütün sahələrinə təsirsiz ötüşməyəcək. İlk və daha ciddi təsir ticarət münasibətlərində hiss olunacaq:

“Çünki 2019-cu ildə Çin Azərbaycanın idxalda 3-cü böyük ticarət təfərdaşı olub. Ötən il Azərbaycandan Çinə 752,2 milyon dollarlıq mal göndərilib, 1,432 milyard dollarlıq mal gətirilib. Çinin payı idxalda 10,5 faizə çatıb. Əgər epidemiyanın yaxın zamanlarda qarşısı alınmazsa, onda Azərbaycanda Çin mənşəli malların qıtlığı yarana və bu da heç şübhəsiz ki, istehlak bazarında qiymətlərin bahaşmasına gətirib çıxara bilər”.

Hərəkat sədri hesab edir ki, Çində təhsil alan Azərbaycan vətəndaşlarının təhlükəsizliyi məsələsi də çox önəmlidir. Ölkə rəhbərliyi bununla bağlı təcili və təxirəsalınmaz işlər görməlidir. Tələbələr müvəqqəti olaraq ölkəyə qaytarılmalıdırlar:

“Bu proseslər son illər Çində yavaşlayan iqtisadi artımı daha da aşağı salacaq, məcmu tələbi və təklifi azaldacaq. Təbii ki, bu da Çində alıcılıq qabiliyyətinin azalmasına gətirib çıxaracaq. Bu səbəbdən də Çində enerji daşıyıcılarına tələb və dünya bazarında neftin-qazın qiymətləri aşağı düşəcək. Azərbaycan iqtisadiyyatı da bundan mənfi yöndə təsirlənəcək”.

Qubad İbadoğlu bildirir ki, nəhayət, Çindən Azərbaycana səfər edənlərin sərhəd keçid məntəqlərində tibbi yoxlamaları təşkil edilməlidir ki, virusun Azərbaycana girişinin qarşısı alınsın: “Bununla yanaşı, bu ərəfədə Azərbaycandan Çinə səfəri planlaşdırılan iş adamlarını səfərlərini təxirə salmağa çağırıram. Risk etməyə dəyməz”.

“2019-nCoV” virusunun quruluşunu tədqiq edən elm adamı Leo Poon, bu virusun bir heyvanda yarandığını və insanlara yayıldığını təxmin etdiyini söyləyib:

“Korona virusu haqqında bildiyimiz odur ki, pnevmaniyaya səbəb olur, daha sonra bir çox yeni virus kimi antibiotik müalicəsinə cavab vermir. Korona virusu heyvanlar arasında geniş yayılmış böyük bir viruslar qrupudur”.

Simptomları ümumən soyuqdəyməyə bənzər şəkildə, xəfif, yaxud orta dərəcədə xroniki yuxarı tənəffüs xəstəliyi olan insanları daha tez təsiri altına sala bilir. Korona virusu simptomları arasında burun axması, öskürək, boğaz, baş ağrısı və bir neçə gün davam edən qızdırma var.

İmmunitet sistemi zəif olan yaşlılar və uşaqlarda virus, pnevmoniya və ya bronxit kimi daha ciddi tənəffüs xəstəliyinə çevrilmək şansına malikdir.

Ümumdünya Səhiyyə Təşkilatına görə, Korona virusu tənəffüs problemlərinə səbəb olsa da, ishal, yorğunluq, nəfəs darlığı, tənəffüs çətinliyi və böyrək çatışmazlığı da yaradır. Xəstənin yaşından asılı olaraq, SARS ilə ölüm nisbəti 0-50 faiz arasında dəyişir, yaşlılar ən həssas qruplardır.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/ywbojp

Most Viewed