Yadigar Sadıqlı

Source: meydan tv

Caption: Yadigar Sadıqlı

SAVAK və onun ilk rəhbəri

Jerar de Vilye: “General Bəxtiyarın ölümü taleyin istehzası idi”

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) köməyilə hərbi çevriliş edərək Baş nazir Müsəddiqin devrilməsinə nail olan Məhəmməd Rza şah Pəhləvi öz üsul-idarəsinin təhlükəsizliyini təmin etmək üçün xüsusi dövlət orqanı yaratmağı qərara aldı. Həmin qurum siyasi müxalifəti nəzarət altında saxlamalı, şah əleyhinə planları aşkara çıxararaq zərərsizləşdirməli idi.

Belə daxili nəzarət və kəşfiyyat üçün gərəkən təcrübəsi olmayan İran hakimiyyəti kömək üçün amerikalılara müraciət etdi. Amerikalılar yaranacaq təşkilatdan təkcə daxildə deyil, həm də SSRİ əleyhinə kəşfiyyat sahəsində istifadə etməkdə maraqlı idilər. Tehrana ezam olunan və mənbələrdə adına rast gəlmədiyimiz bir polkovnik sözügedən təhlükəsizlik orqanının ilk təməllərini atır.

1955-ci ildə İranda MKİ-nin beş nəfərdən ibarət qrupu fəaliyyətə başlayır. Onlara general Herbert Norman Şvartskopf rəhbərlik edirdi (onun oğlu Norman Şvartskopf 36 il sonra beynəlxalq koalisiyanın İraqa qarşı "Səhrada fırtına" əməliyyatına rəhbərlik edəcək). Təşkilatın yaranmasında və sonrakı fəaliyyətində İsrailin Mossad kəşfiyyatı da əhəmiyyətli rol oynayır.

"Sazman-e Ettela’at va Amniyat-e Keshvar" (Milli təhlükəsizlik və kəşfiyyat xidməti) və ya qısaca SAVAK adlanan təşkilatın yaranma tarixi 1957-ci il martın 20-si sayılır. Həmin gün şah müvafiq qanun qəbul etdi. İran parlamenti isə həmin qanunu oktyabrın 18-də təsdiqlədi. SAVAK-ın ilk rəhbəri general Teymur Bəxtiyar təyin olundu.

***

Nüfuzlu Bəxtiyari tayfasının başçısının oğlu olan Teymur Bəxtiyar 1914-cü ildə anadan olmuşdu. Onun atası Sərdare Moazzam titilunu daşıyan Fətəli xan idi. O zaman İran aristokratiyasının gənc nümayəndələrinin əksəriyyəti kimi Teymur da frankyönümlü təhsil alır. Əvvəlcə Beyrutdakı fransız məktəbində oxuyur, sonra isə Fransanın özündə Sen-sir hərbi məktəbini bitirir.

1930-cu illərin ikinci yarısında İrana qayıdan gənc Bəxtiyar polis və orduda xidmət edir. Bir hərbçi kimi karyerasında ilk diqqətçəkən hadisə 1946-cı ildə baş verir. O, İranın cənubun məskunlaşan Xəmsə köçəri tayfalar birliyinin narazılıqlarını yatırdır. Bu birliyə ərəblər, irandilli baseri tayfaları ilə yanaşı türkdilli baharlu, inanlu və nəfər tayfaları daxil idilər.

1951-ci ildə şah Soreyya Esfendiyari Bəxtiyari ilə evlənir. Bu izdivac Bəxtiyari tayfasının nüfuzunu daha da gücləndirir və Teymur Bəxtiyarın karyerasına da təsirsiz ötüşmür, onun tutduğu postlar və hərbi rütbəsi sürətlə yüksəlir.

1953-cü ilin yayında tank briqadasının komandiri vəzifəsini tutan Bəxtiyar Müssəddiqin devrilməsində fəal iştirak edir. Bundan sonra şahın ən etibarlı adamlarından biri kimi Tehranın hərbi qubernatoru təyin olunur. O, bu vəzifədə bir sıra uğurlara nail olur. Müsəddiq hökumətində xarici işlər naziri olan, monarxiyanın ləğv edilərək respublika elan edilməsinin tərəfdarı kimi tanınan Hüseyn Fatemi 7 ay gizləndikdən sonra tapılaraq həbs edildi.

1950-1951-ci illərdə Baş nazir olan və İran neftinin milliləşdirilməsinə qarşı çıxdığı üçün öldürülən Hacı Əli Rəzmaranın qatili, "Fədayan-e İslam" təşkilatının üzvü Xəlil Təhmasıbin yeri aşkar edildi və tutuldu. Ordu sıralarında kommunist Tudə Partiyasının üzvü olan bir qrup zabitlər aşkar olundular. Şaha sadiq kadrlardan biri olmasıyla yanaşı belə polis uğurları da Teymur Bəxtiyarın ilk SAVAK şefi təyin olunmasında rol oynadı.

Artıq briqada generalı rütbəsini daşıyan Bəxtiyar rəhbərlik etdiyi təşkilatı siyasi müxalifətlə mübarizədə effektli silaha çevirməyi bacarır. Hətta xaricdə məskunlaşan İran dissidentləri də nəzarət altına alınaraq izlənilir. Bununla belə, onun əleyhinə işləyən hadisələr də baş verir.

Övladının olmaması səbəbindən şah 1958-ci ildə Soreyya ilə boşanır və bundan sonra Bəxtiyari tayfası ilə əlaqələr zəifləyir. Digər tərəfdən, Teymur Bəxtiyarla münasibətləri pis olan Əli Əmini 1961-ci ildə Baş nazir təyin edilir, halbuki general özü bu posta iddialı idi.

Teymur Bəxtiyar

Teymur Bəxtiyar

Source: google.az

Bu zaman İranın ABŞ-la münasibətləri heç də rəvan deyildi. 1960-cı ildə məhz şahın təşəbbüsü və israrı ilə İran, İraq, Səudiyyə Ərəbistanı, Küveyt və Venesuela "Neft ixrac edən ölkələr təşkilatı"nı (The Organization of the Petroleum Exporting Countries - OPEC) yaratdılar. Bundan sonra dünya neft bazarında OPEC-in qərarları əhəmiyyətli rol oynamağa başladı. Halbuki əvvəllər bunu "yeddi bacı" adlandırılan neft şirkətləri edirdilər.

Amerikalılar şahın belə təşəbbüskarlığından narazı idilər, SAVAK şefi də özünün Baş nazir ola bilməməyindən. O, amerikalılarla əlaqə yaradaraq yeni bir çevriliş etmək üçün dəstək istəyir. Amma amerikalıların narazılığı o həddə deyildi. Əvəzində generalın bu xəyanəti şaha məlum oldu. 1961-ci ilin iyununda şahın sərəncamı ilə Teymur Bəxtiyar SAVAK-ın direktoru postundan azad edildi.

***

1962-ci ilin yanvarında general Bəxtiyar İrandan çıxaraq əvvəlcə Fransada, sonra isə İsveçrə və Livanda məskunlaşır. Burada şah əleyhdarı olan, dünyanın müxtəlif ölkələrində yaşayan müxalifləri öz ətrafında toplamağa başlayır. Bu, şah hakimiyyətini ciddi narahat edir və Bəxtiyar haqqında beynəlxalq axtarış elan olunur. Bundan sonra başqa ölkələrə o qədər də etibar etməyən general İranla münasibətləri yaxşı olmayan, şah rejiminin bir çox əleyhdarına, o cümlədən ayətullah Xomeyniyə sığınacaq verən İraqa köçür.

Burada o, başqa müxaliflərlə yanaşı Milli Azərbaycan hökumətində hərbi nazir postunu tutmuş Mahmud Pənahiyanla əlaqələr yaradır və işbirliyi qurur. Bəxtiyarın fəaliyyəti, istər müxalifət, istərsə də hakimiyyət məmurları haqqında geniş bilgiləri Məhəmməd Rza şah Pəhləvini təşvişə salır və o, SAVAK-ın artıq üçüncü rəhbəri olan Nəsrullah Nasiriyə (ikincisi Həsən Pakravan idi) nəyin bahasına olursa olsun öz sələfini öldürməyi tapşırır.

Təcrübəli kəşfiyyatçı olan, İraq xüsusi xidmət orqanları tərəfindən ciddi mühafizə olunan Bəxtiyara yaxınlaşmaq və xüsusən də etimadını qazanmaq asan deyildi. Buna nail olmaq üçün ciddi və mürəkkəb əməliyyat hazırlamaq qərarına gəlindi. Özünü şah rejiminin əleyhdarı kimi qələmə verən bir nəfər sərnişin təyyarəsini qaçıraraq İraqda enməyə məcbur etdi. Əlbəttə ki, belə bir hadisə Bəxtiyarın diqqətinə səbəb oldu və o, həmin iranlını öz yanına çəkdi.

SAVAK agenti bir müddət öz davranışı ilə generalın tam etimadını qazanır və hətta onun yaşadığı imarətin daxilində yaşamağa başlayır. O, artıq istədiyi vaxt keçmiş SAVAK şefini öldürə bilərdi, ancaq bu zaman ciddi mühafizə olunan məkandan sağ-salamat çıxmağı mümkünsüz olacaqdı. Buna görə də daha əlverişli məqam gözləməyə başlayır.

1970-ci il, avqustun 12-də Teymur Bəxtiyar həmin SAVAK agenti və iraqlı mühafizəçisi ilə birlikdə ova çıxır (Mahmud Pənahiyan da dəvətli idi, lakin işi olduğundan gedə bilmədi). Ov zamanı SAVAK agenti açdığı atəşlə generalı sağ çiynindən yaralayır və müdaxilə etmək istəyən mühafizəçini öldürür. Bundan sonra yenidən generala tərəf çevrilərək 6 güllə vurur.

Qətldən sonra o, piyada halda İran sərhədinə tərəf üz tutur. Lakin yayın qızmar istisində səhralıqdan ibarət böyük məsafəni qət edə bilmir. İran sərhədinə bir neçə kilometr qalmış huşunu itirir və elə huşsuz vəziyyətdə ələ keçir. Bağdada aparılan həmin adamın adı və sonrakı taleyi naməlum qaldı.

Fransız yazıçısı və jurnalisi Jerar de Vilye bu haqda yazırdı: “General Bəxtiyarın ölümü taleyin istehzası idi”. O, özünün yaratdığı alət tərəfindən qətlə yetirildi.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/y4zfht

Most Viewed