Sabirabad sakini: Bankda bizi aldatdılar

“Aylıq əlli manata yaxın ödəmə edirdim”

Source: Specify Source


"Dedilər ki, hər ay 60 manat ödəməlisiniz"

Sabirabadın Qaratuğay kənd sakini, I qrup gözdən əlil Varis Baxışov “Kapital Bank”ın rayon filialından şikayətçidir.

O, Meydan TV-yə açıqlamasında iddia edir ki, bankın rayon filialında aldadılıb: “2007-ci ildən qarasu (qlaukoma-red) xəstəliyindən əziyyət çəkirəm. Çox xəstəxanalara getdim, əlacı yoxdur. Gözlərim tamamilə kor olub. 2008-ci ilin sonlarından başlayaraq, birinci qrup əlil kimi 222 manat pensiya alıram. Həyat yoldaşım ağır şəkər xəstəsidir. Hər ay sistem köçürülməsə, vəziyyəti çox ağır olur. Onun adına bankdan kredit götürmüşdük. Fikirləşdik ki, banka gedək, bəlkə, krediti təkrar artıra bildik. “Kapital Bank”ın Sabirabadda yerləşən filialına getdik. Bankda olanda, həyat yoldaşımı başqa şöbəyə göndərdilər. Bir nəfər mənə yaxınlaşdı və niyə gəldiyimi soruşdu. Dedim ki, kredit götürmək istəyirik. Amma əlilliyimə görə heç bir bank kredit verməyib. Deyiblər ki, I qrup gözdən əlillərə kredit verilmir. Həmin adam məndən soruşdu ki, nə qədər istəyirsən? Mən də bildirdim ki, hər ay altmış manat ödəməyə gücüm çatar. Həmin adam bildirdi ki, narahat olma, mən sənə kredit verəcəyəm. Ad-soyadımı öyrəndi, daha sonra isə mənə sənədlərə qol çəkdirdi. Həyat yoldaşım yanıma qayıdanda dedim ki, bəs, məsələmiz həll olunub. Sonra kassaya yaxınlaşdıq ki, mənə ayrılan pulu götürüm. Dedilər ki, siz pul götürməyəcəksiniz, əksinə, hər ay banka altmış manat ödəyəcəksiniz. Səbəbini soruşdum, bildirdilər ki, Şirvan sakini Aidə Nəbiyeva “BirKart” götürüb, onu sizin adınıza keçiriblər. Onu da deyim ki, Aidə qızımdır, ailə qurub, mənimlə yaşamır”.


"Bankın rəhbərinə dedim ki, məni aldadıblar"

Şikayətçinin dediyinə görə, məsələ ilə bağlı bank rəhbərliyi ilə görüşüb, lakin heç bir nəticəsi olmayıb. Əksinə, ondan yerində altmış manat ödəmək tələb olunub: “Bankın müdirinə dedim ki, əlil, xəstə adamam. Həyat yoldaşımın da səhhətində ciddi problemlər var. Niyə başıma bu oyunu gətirdiniz? Sənədə baxdı, dedi ki, qol çəkmisən. Etiraz etdim ki, bilərəkdən qol çəkməmişəm. Məni aldadıblar ki, sənə kredit verəcəyik. Mənə qol çəkdirən adam isə dedi ki, hara istəyirsən şikayət et. Polisə şikayət etmişəm, video kadrları göstərmirlər. Bank ola və orada kameralar olmaya? Əlbəttə ki, məni aldadıblar. Görüntüləri üzə çıxarmazlar. Yalvarıb-yaxardım, lakin məhəl qoyan olmadı. Suyu süzülə-süzülə evə gəldik”.


"Dövlətdən 222 manat alıram, heç dava-dərmanıma çatmır"

Varis Baxışov məsələ ilə bağlı Prezident Adminstrasiyasına, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa məktub yazıb. Məktublarına cavab “Kapital Bank”ın Sabirabad filialına yönləndirilib: “Yəni nəticəsiz qalıb. Kəndin sahə müvəkkili də mənimlə banka getdi, amma məsələni həll edə bimədik. Vəkillə məsləhətləşdik, dedi ki, bu bizim həll edəcəyimiz iş deyil. Qızımı da götürüb, banka getdim. Ona da əhəmiyyət vermədilər. Baş Prokurorluğa da rəsmi ərizə göndərdik. Bildirdim ki, mən pensiyamdan çıxılmasına icazə vermirəm. Üç il müddətində iki min yüz altmış manat pul ödəməliyəm. İndi hər ay əlilliyə görə aldığım pensiyamdan 60 manat tuturlar. Gözüm görsə, buna razılıq verməzdim. Dövlətdən 222 manat alıram, heç dava-dərmanıma çatmır”.


"Bizə kələk gəliblər"

Şikayətçinin qızı Aidə Nəbiyeva Meydan TV-yə bildirib ki, atası artıq bir ildir həmin pulu məcburi ödəyir: “Kartla yeddi yüz manatlıq alış-veriş etmişdik. Aylıq əlli manata yaxın ödəmə edirdim. Bir gün pulu ödəməyə gedəndə, dedilər ki, sizin adınıza “BirKart” yoxdur. Adınıza olan kart atanızın adına köçürülüb. Onu da deyim ki, ödəmə etdiyim bir il silinib. Üç il əlavə atamın adına verilib. Çox yerə getdik, lakin şikayətimizə baxılmadı. Sahədə bitkilərin alaq otlarını təzmiləməklə övladlarımı saxlayıram. Krediti də bununla ödəmişəm. Əvəzində, bizə kələk gəliblər”.


“Kapital Bank”ın sözçüsü: "Araşdırıb mütəriyə məlumat vermişik"

“Kapital Bank”ın mətbuat katibi Pərviz Sədrəddinov Meydan TV-nin sorğusunu cavablandırarkən bildirib ki, araşdırma aparılıb, nəticəsi ilə bağlı müştəriyə məlumat verilib: “Müştərinin şəxsi məlumatları haqda məlumat verə bilmərik. Bütün banklarda belədir, müştəriləri məlumatlarının konfidensiallığı məsələsi var. Təbii ki, müştəri özü istəsə, şəxsi məlumatlarını açıqlaya bilər. Biz məsələni tam araşdırıb və şikayətçi olan müştəriyə məlumat vermişik”.

Ana səhifəBölgəSabirabad sakini: Bankda bizi aldatdılar