Sabiq nazir: Azərbaycan xüsusi təyinatlı qüvvələrini sülhməramlıların paradına göndərsin

Ekspert qeyd edib ki, əsas problem budur və digər məsələlər də buradan qaynaqlanır.

Source: Specify Source


Deputat: "Sülhməramlıların Qarabağda parad keçirməsi qəbuledilməzdir"

Rusiya sülhməramlı qüvvələri Dağlıq Qarabağda parada hazırlaşırlar.

Məlumatı Rusiya Müdafiə Nazirliyi

yayıb

.

Bildirilir ki, sülhməramlılar II Dünya Müharibəsində faşizm üzərində qələbənin 76-cı ildönümü ilə bağlı parad keçiricəklər. Hətta nazirlik sülhməramlı qüvvələrin Xocalı hava limanında ilk məşqlərini keçirdiyini və təxminən 400 hərbçinin iştirak etdiyini bildirib.

Azərbaycanın rəsmi qurumları isə bu barədə hələ də susur.


"Şuşada qələbə bayramı münasibəti ilə atəşfənalıq keçirilməsini təklif edirəm"

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyir ki, əgər sülhməramlılar Xocalıda belə bir tədbir keçirəcəksə, Azərbaycan tank briqadasını, xüsusi təyinatlı qüvvələrini və türk əsgərlərini də parada göndərsin: “Bu zaman artıq yüksək səviyyədə tədbir alınacaq. O cümlədən, Şuşada qələbə bayramı münasibəti ilə atəşfənalıq keçirilməsini təklif edirəm”.


"Sülhməramlıların atdığı hər bir lazımsız addım Azərbaycanda qıcıq doğurur"

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sabir Rüstəmxanlı “Turan” İA-a bildirib ki, Azərbaycan hər il faşizm üzərində qələbəni qeyd edir: “Biz onu təqvimdən silməmişik və tariximizin bir parçası kimi özümüz burada qeyd edirik. Çünki Azərbaycan faiz hesabıyla II Dünya Müharibəsində Belarusdan sonra ən çox insan itirən respublikalardan biridir. Qafqazdan başlayaraq Avropanın ortasına kimi, Azərbaycana aidiyyatı olmayan torpaqlarda qardaşlıq qəbiristanlıqlarında Azərbaycanın on minlərlə igidinin məzarı var. Ona görə də faşizm üzərində qələbə həm də bizim bayramımızdır”.

Sabiq Rüstəmxanlı qeyd edib ki, Rusiya sülhməramlıları Dağlıq Qarabağa gəliblərsə, onlar orada sülh yaratmaq niyyətilə gəliblər, parad keçirmək niyyətilə deyil: “Rusiya sülhməramlıları bilirlər ki, atdıqları hər bir lazımsız addım onlara qarşı etimadsızlıq yaradır və Azərbaycanda qıcıq doğurur. Ona görə də onların bu hərəkəti qəbuledilməzdir”.

Komitə üzvü vurğulayıb ki, Rusiyada Azərbaycanla Ermənistanın arasında yaranmış bu müvəqqəti anlaşmanı pozmaq istəyən qüvvələr çoxdur: “Vladimir Putinin öz ətrafında Rusiya rəhbərliyində erməniləri müdafiə edən, bəzilərinin isə əsli erməni olan şəxslər var. Onlar Putindən fərqli olaraq münaqişənin taleyini başqa cür görmək istəyirlər və Azərbaycanı qıcıqlandırmaq, müvəqqəti anlaşmanı pozmaq üçün bütün addımları atırlar. Rusiya mətbuatı antiazərbaycan yazılarla, çıxışlarla doludur”.


"Əgər burada Rusiya ordusu varsa, təbii ki, bu bayramı qeyd edəcəklər"

Politoloq Şahin Cəfərli isə bildirib ki, Rusiya sülhməramlı qüvvələrinin Azərbaycandakı statusu qeyri-müəyyəndir: “Biz bilirik ki, bu sülhməramlı qüvvələr 10 noyabr 2020-ci il tarixli bəyanat əsasında Qarabağa, yəni Azərbaycan ərazisinə daxil olublar. Bu bəyanatın nə dərəcədə hüquqi qüvvəyə malik olması, nə dərəcədə Azərbaycan Konstitusiyasına uyğun olması məsələsi mübahisəlidir. Yəni adi üçtərəfli bəyanatla xarici dövlətin ordusunun ölkə ərazisinə daxil olması adi məntiqə belə uyğun deyil”.

Ekspert qeyd edib ki, əsas problem budur və digər məsələlər də buradan qaynaqlanır.

“Əslində mən sırf bu hərbi paradın keçirilməsini ciddi problem hesab etmirəm. Ona görə ki Rusiya ordusunun olduğu hər yerdə onun hərbi hissələri 9 may bayramını həmişə təntənəli şəkildə qeyd edir. O baxımdan əgər burada Rusiya ordusu varsa, təbii ki, bu bayramı qeyd edəcəklər”, – ekspert deyib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Həmin il Dağlıq Qarabağ Muxtar Vilayəti Azərbaycan SSR-in tərkibindən çıxdığını elan edib.

1992-1993-cü illərdə silahlı qarşıdurma zamanı Azərbaycan Dağlıq Qarabağ və ona birləşən yeddi rayon üzərində nəzarəti itirib.

1992-ci ildən üç həmsədrin – Rusiya, ABŞ və Fransanın rəhbərliyi ilə ATƏT-in Minsk qrupu çərçivəsində münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar aparılır.

Azərbaycan öz ərazi bütövlüyünün qorunub saxlanmasını israr edib, Ermənistan isə qondarma respublikanın maraqlarını dəstəkləyib.

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan qoşunları arasında növbəti hərbi əməliyyatlar başlayıb.

44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu tərəfindən noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.

İndiyədək Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəkliyin azad olunduğu bildirilir.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın Baş naziri münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıb. Bundan başqa, bölgəyə rusiyalı sülhməramlılar yerləşdirilib.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Yanvarın 11-də Moskvada Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə İlham Əliyevlə Nikol Paşinyan arasında görüş keçirilib.

Görüşdən sonra dövlət başçılarının imzaladığı bəyanat yayımlanıb.

Ana səhifəSiyasətSabiq nazir: Azərbaycan xüsusi təyinatlı qüvvələrini sülhməramlıların paradına göndərsin