Rusdilli salyanlılar

Bunları durduran tapılacaqmı?

Mənbə: Meydan TV


“Prezidentə məktub” silsiləsindən

Hər gün prezident saytının məktublar bölməsində ölkənin müxtəlif rayonlarından “gələn” məktublar yerləşdirilir. Bu məktublar, demək olar, həmişə gündəmə uyğun olur. Maraqlıdır ki, bu poçta kimsə öz problemi, dərdi, dolanışığıyla bağlı bir kəlmə də “yazmır”. Böyük ideallarla yaşamaq buna deyirlər; ancaq ölkəni, başlıcası da rəhbəri düşünmək, onun və yaxınlarının hər addımını diqqətlə izləmək, operativ reaksiya vermək. Yəni Azərbaycanın ən ucqarlarında belə vətəndaşlarımız gecə-gündüz ölkə gündəmi ilə nəfəs alır. Həm də təkcə nəfəs almaqla yetərlənmir, anındaca duyğularını qələmə alıb Bakıya – Prezident Administrasiyasının ünvanına, ya da prezidentin elektron poçtuna yollayır, elektron poçt nə demək olduğunu bilməsə belə. Həmin məktubların, istisnasız olaraq, süjet xətti birdir, hər cümlə ölkə başçısına yaltaqlıq üzərində qurulur. Adamlar, əsasən, prezidentin daxili və xarici siyasətini bəyənir, fərman və sərəncamlarını alqışlayır, ingilis dilində danışmasına heyran qaldığını bildirir, bəzən də bunu bir nəfər kənd sakinlərinin, yaxud bir qrup adamın adından yazır. Ağdamdan Əbil Zeynalov adlı biri var, “Qobu Park” yaşayış kompleksində məskunlaşan qaçqınlardandı. 31 oktyabr 2018-ci ildə “Əbil Zeynalov və başqalarından” başlığıyla sayta məktubu yerləşdirilib. Uzun, həm də tərif dolu bir məktubdur, ancaq məktubun ikibaşlı yazıldığı da vurğulanmalıdır.

“…Uzun illər Yasamal rayonu ərazisində, heç bir sanitar-gigiyenik şəraiti olmayan yarıtikili binalarda yaşamışıq. Vəziyyətimiz dözülməz, əzab-əziyyətimiz çox olsa da, ruhdan düşməmişik. Ulu öndər Heydər Əliyevin biz məcburi köçkünlər üçün müəyyənləşdirdiyi, sonralar şəxsən Sizin daha da gücləndirdiyiniz dövlət təminatlarından istifadə etmişik, dövlətimizin bizə daim həyan olmasından razı qalmışıq”.

Bu il fevralın 28-də onun yenə “Əbil Zeynalov və başqalarından” başlığıyla daha bir məktubu sayta qoyulub. Birinci məktubda “Qobu Park”a köçürülmələrinə görə xalqın adından təşəkkür edirsə, ikinci məktubda artıq beynəlxalq siyasətə baş vurur, prezidentin və vitse-prezidentin İtaliya səfərini dəyərləndirir(həm də operativ), yenə də xalqın adından yazır:“Sizin və Birinci vitse-prezident Mehriban xanımın yüksək siyasi peşəkarlıqla keçirdiyiniz görüşlər, Mehriban xanıma verilən ali mükafat xüsusi qayğı ilə inşa etdirdiyiniz “Qobu Park” yaşayış kompleksində yaşayan məcburi köçkünləri qürurlandırdı”.

Sahib Teymur oğlu Qaybaliyev Naxçıvanın Sədərək kəndindən prezidentin poçtuna məktub “yollayıb”. Bu məktub da başqalarından fərqlənmir, eyni stildə yazılıb: “Televiziya vasitəsilə Sizin görüşlərinizi izləyəndə, çıxışlarınıza qulaq asanda ürəyim açılır. Fəxr edirəm ki, dünyanın gəlişini-gedişini məharətlə təhlil edən, düzgün nəticə çıxaran və buna uyğun müdrik qərarlar qəbul edən Prezidentim var”.

İranla, Türkiyə ilə sərhəd bağlandığı, virus xofunun dünyanı bürüdüyü günlərdə “optimist nəslin nümayəndələrinin” belə məktubları qürurvericidir…

Prezidentin saytına yerləşdirilən bu məktublar içərisində son günlər Salyan rayonundan “gələnlər” ayrıca diqqət çəkir. Fevralın 22-dən başlayaraq Salyandan məktubların arası kəsilmir. Hamısının da mövzusu birdir; İlham Əliyevin Münhen səfəri(yeri gəlmişkən, bütün məktublarda Münxen yazılıb, bu da, yəqin, salyanlıların rusdilli olmasından irəli gəlir), Ermənistanın baş naziri Nikol Paşinyanla debatı. Belə təsəvvür yaranır ki, salyanlılar həmin görüşün kasetini alıb bütün günü ona baxır, hisslərini paylaşmağı borc bilirlər. Elə bil Qarabağ dərdini ancaq salyanlılar çəkir. Fevralın 22-dən martın 5-nə qədər bu rayondan eyni məzmunlu 18 məktub sayta qoyulub. Məhəbbət Dadaşov ad-soyadlı biri yazır:

“Mən riyaziyyatçıyam. Siz bir diplomat kimi, bir tarixçi alim kimi, ingilis dilini səlis bilən filoloq kimi və nəhayət, mənim doğma Azərbaycanımın əvəzedilməz prezidenti kimi “Dağlıq Qarabağ Azərbaycanındır” teoremini həm də riyaziyyatçı kimi isbat etdiniz. Paşinyan da Sizin zəhminiz qarşısında özünü itirərək dediklərinizin doğru olduğunu öz dili ilə söylədi”.

Ancaq Məhəbbət müəllim prezidentin bu teoremi və onun isbatı qarşısında gərək özünün riyaziyyatçı olduğunu qabartmayaydı…

Məktublar ümumilikdə 442 Salyan sakini adından yazılıb.

Daha bir məktub müəllifi Murad Vəlizadə Salyanın Qaraçala qəsəbəsindən yazır, başqalarından fərqli olaraq öz adından. Məktubundan da göründüyü kimi, Murad riyaziyyatçı deyil, cümlələrindən daha çox ədəbiyyat adamına – yazıçıya, şairə oxşayır:

elmar.jpg
Salyan rayonundan Prezidentə Məktub

“Hörmətli cənab Prezident.

Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tarixi bir debat seyr etdik. Siz öz çıxışınızla həm düşməni susdurdunuz, həm də bütün dünyaya dərin biliyinizi və liderlik bacarığınızı nümayiş etdirdiniz. Ermənistanın baş naziri isə çətin anlar yaşadı və pərişan halı ilə göz oxşadı”.(!)

“Oqtay Məmmədov və başqalarından” və cəmi 70 imzalı məktub Salyanın Xələc və Xıdırlı kənd sakinlərinin adından yazılıb. Bu kəndlər 60 saylı Salyan-Neftçala seçki dairəsinin ərazisindəki 7-8 və 28-29 saylı məntəqələri əhatə edir. Məktubda adları yazılan 5 nəfərdən seçici siyahısında yalnız bir nəfərin – Pəri Zülfüqarovanın adı var.

image_from_ios (1).jpg
Prezidentə məktub

Maraqlıdır ki, artıq AzTV-lər də Münhen təbliğatını unudub, ancaq salyanlılar hələ də “yazmaqda” davam edir. Bunları durduran tapılacaqmı?

Cənab prezident, arada ailə səfərlərindən vaxt tapıb bu məktubları siz də oxuyun, ya kiməsə oxutdurun. Kreslodan heç də əskik məsələ deyil, Hacıbala demişkən, inandırıram sizi. Belə düşük, səviyyəsiz məktublarla imicmi formalaşdırmaq, rəhbər obrazımı yaratmaq olar? Prezidentliyinizin (seçkilərin necə keçirilməsini kənara qoyaq) 17-ci ilidir, bilməmiş olmazsız, bu 17 ildə doğrudanmı bir normal komanda formalaşdırmaq mümkün deyildi? Ya da elə siyasət aparmaq olardı ki, xalq, həqiqətən, sizə təşəkkür dolu məktub yazardı, yoxsa Bakıda Prezident Administrasiyasında oturub, büdcəni pulunu yeyən, belə səviyyəsiz, bir-birini təkrarlayan, söz yığınından ibarət məktublar yazan komandanın ümidinə qalmazdız.

Ana səhifəXəbərlərRusdilli salyanlılar