Rəmzlərin savaşı

Tarixin fərqli qiymətləndirilməsi və yozulması əsl mahiyyəti pərdələmək üçündür.

Foto: Meydan.tv


İndiki nəslin yaddaşında bu cür “rəmzlərin savaşı” hələ də güclüdür və diridir

Küçədə-bacada iki insan amansız tərzdə savaşanda bir-birləri üçün müqəddəs sayılan rəmzləri – əziz insanları, valideyni və övladı söyürlər. Loru dillə desək, ana-bacı söyüşünün cütü bir qəpiyə…

Düşmən dövlətlər və dövlət daxilində düşmən kəsilmiş ictimai təbəqələr öz amansız ədavətini əks tərəfin müqəddəsatı sayılan rəmzləri təhqir və məhv etməklə bildirirlər. Yəni heykəlləri uçurmağın mənasını adi məişət dilinə tərcümə etsək, bu əməllər küçədə yumruqla dalaşan tərbiyəsizlərin söyüşlərindən mahiyyətcə heç nə ilə fərqlənmir.

Demokratik Avropanın demokratik dövlətlərində rusları qovmaqla qəzəbləri soyumayıb, sovet əsgərlərinə və sərkərdələrinə ucaldılmış heykəllləri uçurdurlar.

Sonra da demokratik Qərb mətbuatı Əfqanıstanda Buddanın nəhəng heykəllərini partladan Talibana barbar deyəndə, mənim gülməyim tutur…

İndiki nəslin yaddaşında bu cür “rəmzlərin savaşı” hələ də güclüdür və diridir. Sovet quruluşu sayəsində ağ günə çıxmış rəiyyətin mədəniyyətsiz törəmələri böyük ehtiras və şövqlə bolşeviklərin heykəllərini uçuranda bu qaçılmaz barbarlığı daxillərində gizlənən qisas hissi ilə yanaşı, həm də parlaq gələcək və işıqlı üfüqlərə ümidləri naminə icra edirdilər. Bu zaman bu cahillərin ağlına belə gəlmirdi ki, alovlu bolşeviklərin heykəlləri ilə yanaşı xalqı üçün canını qoymuş ziyalı-maarifçi Məşədi Əzizbəyovun heykəli də uçurulur. Solçudur? Dünya zəhmətkeşlərinin həmrəyliyinə inanırdı? Babıdır…

O biri tərəfdən onlara dialektik düşüncə yad olduğu üçün heç cür inanmaq istəmirdilər ki, gün gələcək və “inkarın inkarı qanunu” öz dəmir kimi sərt gücü ilə onların da öz rəmzlərinə ucaltdıqları heykəlləri uçurdacaq.

Dialektikadan bixəbər cahil bolşeviklər çarizmin ucaltdığı heykəlləri uçuranda heç ağıllarına belə gəlmirdi ki, alovlu bolşeviklərin də heykəlləri bir zaman uçurulacaq.

Sabiq SSRİ-də zəfər çalmış liberalizm tərəfdarları sovet dövrünün heykəllərini uçuranda elə bilirdilər ki, “tarixin sonu” çatıb. Başda ABŞ olmaqla liberalizm minilliyi başlayır.

Tarixin kinayəsi çox güclüdür.

İndi ABŞ-da qızmış kütlə Qərbin rəmzlərini uçurdur.

Sovet dövründə və məkanında kim müqəddəs sayılırdı? Lenin? Uçurun onun heykəllərini!

ABŞ-da müqəddəs kimdir? Dövlətin baniləri? Vaşinqton və Cefferson? Uçurun onların heykəllərini!

Niyə? Rasist idilər. Quldar idilər!

Qərbdə heykəlsökmə şıdırğı gedir, yaman dəbdədir. Quldar mülkədarlar, quldarların ordusunun generallarının və əsgərlərinin abidələri rasizmə görə məsuliyyət daşıyırlar. Uçurun onların heykəllərini!

Kolumbun da heykəlini uçurun!

O da rasist idi? Uçurun, deyirlər ki, rasist idi. Amerika qitəsini kəşf etməsəydi, nə hindular qırılardı, nə də ağdərililər qaradərili zavallıları Afrikadan tutub buraya işlətməyə gətirməzdilər…

Avraam Linkolnun da heykəlini uçurun! O ki rasizmə qarşı cənub ştatları ilə vətəndaş müharibəsinə başlamışdı? Xeyr! O da rasist idi, qaradərililərə səsvermə hüququ verilməsinə etiraz edirdi. Uçurun heykəlini!

ABŞ-ın 31 ştatında cənub ştatlarının görkəmli siyasi və hərbi xadimlərinə 700 abidə mövcuddur. Daha doğrusu, 2015-ci ilə qədər mövcud idi, həmin vaxtdan bəri həqiqi azadlıqsevərlərin qızğın fəaliyyəti nəticəsində bu abidələrin sayı sürətlə azalır.

Abidələrə qarşı savaş mərəzi Avropaya da sirayət edib. Britaniya, Belçika və Fransa ön cərgədə öz tarixlərilə amansız mücadilə aparırlar.

Parisdə böyük filosof Volterin heykəlinə hücum olub. Niyə? Ruzusu müstəmləkə ticarətinə qoyduğu sərmayədən çıxırmış…

Fransanın müstəmləkə imperiyasını qılınc və barıt gücünə qurmuş sərkərdələrin abidələri hələlik təhqir olunur, lakin bir azdan uçurulacaqlar.

Britaniyada quldarların və Afrika və Asiya fatehlərinin heykəllərindən başlayıb gəlib çatıblar Uinston Çörçilə, onun parlament önündəki məşhur heykəlini artıq rəngləyiblər. İndi İngiltərədə ağlı başında olanlarla olmayanlar arasında qızğın mübahisə gedir: Çörçiılin heykəli uçurulsun, ya qalsın?

Rəmzlərin savaşı daha ciddi mübarizənin zahiri əlamətidir. Nədir rəmz? Bir toplumun və bir siyasi-ideoloji quruluşun müqəddəsləşdirilmiş məfhumları. Bu rəmzlər insanlar da ola bilər, şüarlar da, mahnılar da…

Sovet quruluşuna qarşı amansız savaş aparan Qərb və daxili müxalifət sovetlərin rəmzlərini məsxərəyə qoymaq, ələ salmaq, bihörmət etmək yolu ilə sovet quruluşunu laxlatmağa və məhv etməyə çalışırdılar. Və buna müvəffəq oldular. Rəmzlər öz müqəddəsliyini itirdi. Ardınca dövlətin sökülməsi əməliyyatı asanlaşdı.

Liberal ziyalılar sovetlərin bütün müqəddəsatını: sinəsi ilə pulemyotun güllə saçan lüləsini qapamış Aleksandr Matrosovun qəhrəmanlığını da, döyüşdə iki ayağını itirəndən sonra faşistlərlə döyüşmək naminə protez ayaqları ilə qırıcı təyyarəni yenidən idarə etməyi bacarmış qəhrəman təyyarəçi Aleksey Maresyevi də, faşistlərə əsir düşüb işgəncələrə qəhrəmancasına dözmüş Zoya Kosmodemyanskayanı da ələ salaraq onları rəmz mahiyyətindən məhrum etdilər. Sovet quruluşunun daha samballı rəmzlərini – Lenini və Stalini – sovet liderləri özləri hakimiyyət uğrunda çəkişmələri əsnasında bədnam etmişdilər. Sonda sovet xalqının inana biləcəyi, güvənəcəyi heç bir rəmzi qalmadı.

Heç bir müqəddəs rəmzi qalmamış quruluşu yıxmaq cox asan oldu.

İndi Qərbdə rəmzlərin savaşı gedir. Ön cərgədə yenə asadlıqsevər liberallardır. Onlar mühafizəkarların hakimiyyətini yıxmaq məqsədilə cəmiyyətin bütün rəmzlərini uçururlar.

Prezident Donald Tramp əbəs yerə dövlətin təməl rəmzlərinin məhvinə yol verməyəcəyi barədə bəyanatlar verir. Lakin liberalların qətiyyəti və imkanları daha geniş və güclüdür. Onların rəmzlərə hücumunun qarşısına sədd çəkmək mümkün deyil.

Rəmzlər savaşının mahiyyəti hakimiyyət savaşıdır. Hakimiyyət savaşının mahiyyəti sərvət savaşıdır. Tarixin fərqli qiymətləndirilməsi və yozulması əsl mahiyyəti pərdələmək üçündür.

Hakimiyyət naminə savaşda Məhəmməd Əmin Rəsulzadənin xidmətlərini şişirtmək də, kiçiltmək də caizdir. Torpaq uğrunda savaşda rəqib xalqın rəmzlərini, hətta qəbirlərini də inkar və məhv etmək olar.

Bu ümumdünya miqyaslı savaşda tipoloji oxşar təzahürlər bəşəriyyətin yekcinsliyini təsdiqləyir. ABŞ-da sosial yardım hesabına yaşayan qaradərili bir avara gənc küçədə halal zəhməti ilə yaşayan ağdərili bir qızın yolunu kəsib tələb edir ki, qız diz çöküb onun babalarının qul əsarətinə salındığına görə avaradan üzr istəsin. Zavallı qız xata-baladan sovuşmaq xatirinə diz çökür, üzr diləyir və hələ Allaha şükür edir ki, bu qaradərili gənc ondan tozlu ayaqqabısını öpməyi tələb etməyib. ABŞ-da bu da artıq adət halını alıb və əsla qəbahət sayılmır.

Burada mənim yadıma bir oxşar əhvalat düşür. Bu əhvalatı 1990-cı illərin əvvəllərində mətbuatımızın fəxri, indi isə üzqarası sayılan bir jurnalist danışmışdı. Həmin jurnalist dara düşmüş Füzuli rayonunda çəkiliş aparırmış və oranı xilas etməyə gəlmiş cəbhəçi bir bəylə söhbət aparıbmış. “Görkəmli dövlət xadimi” danışıbmış ki, “biz müxalifətdə olanda bir partokrat mənimlə çox ötkəm rəftar etmişdi. AXC hakimiyyətə gələndən sonra əmr etdim, onu tutub kabinetimə gətirdilər. Cox qorxmuşdu. Sakitcə əmr etim ki, diz çöküb ayaqqabımı öpsün. Əsə-əsə diz çökdü və ayaqqabımı öpdü. Dedim ki, indi gedə bilərsən”.

Sözümün canı odur ki, bəzi tarixi hadisələr bizim Azərbaycanda ABŞ-dan da əvvəl baş vermişdi. Bizim millətdə də qaradərililər, yəni, ayıb olmasın, ağdərili zəncilər var.

Olub, var və əminəm ki, olacaq.

Ana səhifəXəbərlərRəmzlərin savaşı