“Relax” İstirahət Mərkəzi

Source: google.az

Caption: “Relax” İstirahət Mərkəzi

“Relax” istirahət mərkəzindəki insidentə görə deputatın oğlu həbs edildi (yenilənib)

Article was updated on :  19 August 2019

Deputatın oğlu vergi işçilərini döyüb, həbs edildi

***

İstirahət mərkəzi ilə bağlı vergidən yayınma şübhələri var

Vergilər, Daxili İşlər nazirlikləri və Baş prokurorluq “Relax” istirahət mərkəzində baş verən hadisə ilə bağlı birgə məlumat yayıblar.

Məlumatda deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 nəfərin həbs edilməsi xəbəri təsdiqlənib.

“İş üzrə istirahət mərkəzinin təşkilati-sərəncamverici və inzibati funksiyaları yerinə yetirən vəzifəli şəxsləri - Nərimanlı Mirhəmid İqbal oğlu, Nərimanlı Orxan Çingiz oğlu, Əsgərov Pərviz Əvəzoviç, İmanov Famil Kamran oğlu, Şahverdiyev Rahim Bəhlul oğlu və Abbasov Amir Nağızadə oğlu Cinayət Məcəlləsinin 309.2 (vəzifə səlahiyyətlərini ağır nəticələrə səbəb olmaqla aşma) və 315.2-ci (hakimiyyət nümayəndələrinə həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib”, - birgə məlumatda deyilir.

Hüquq-mühafizə orqanları bildiriblər ki, Lerik rayonunda fəaliyyət göstərən “Relax” istirahət və turizm mərkəzində cari il avqustun 16-da vergi nəzarəti tədbirinin keçirilməsi planlaşdırılmışdı.

“Nəzarət tədbirinin həyata keçirilməsinə istirahət mərkəzindən dövlət büdcəsinə ödənilən vergilərin kəskin şəkildə azalması səbəb olub. Belə ki, faktiki sahəsi 14 hektardan çox olan və qonaqların qalması üçün 142 nömrədən ibarət istirahət mərkəzində müxtəlif təyinatlı 20 obyektin fəaliyyət göstərməsinə baxmayaraq, 2018-ci ildə cəmi 10 min 726 manat, 2019-cu ilin ötən dövrü ərzində isə 972 manat məbləğində vergi ödənilib. Bundan başqa, “Relax” istirahət mərkəzi vahid idarəetmə sisteminə malik olmasına baxmayaraq, vergidənyayınma məqsədi ilə buradakı obyektlər ayrı-ayrı vergi ödəyicilərinin adına rəsmiləşdirilib, bir sıra obyektlər vergi orqanında uçota alınmadan fəaliyyət göstəriblər”.

Məlumatda daha sonra bildirilib ki, istirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə vergi qanunvericiliyinin tələblərinə əməl olunmasının zəruriliyi, mövcud çatışmazlıqların və vergidənyayınma hallarının aradan qaldırılması haqqında dəfələrlə xəbərdarlıq edilsə də, buna məhəl qoyulmayıb.

“Bu səbəbdən real vergi potensialının müəyyən edilməsi məqsədilə Vergilər Nazirliyinin 6 saylı Ərazi Vergilər İdarəsi tərəfindən istirahət mərkəzində fəaliyyət göstərən vergi ödəyicilərinə məxsus obyektlərdə xronometraj və digər operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilib. Avqustun 16-da nəzarət tədbirlərini həyata keçirmək üçün təsərrüfat subyektinə gələn Vergilər Nazirliyinin əməkdaşları burada müqavimətlə üzləşib, onlara qanuni fəaliyyətini həyata keçirlməsinə maneələr törədilib. Aparılmış izahat və məlumatlandırma tədbirlərinə, yoxlamanın keçirilməsi barədə müvafiq qərarların təqdim edilməsinə baxmayaraq, vergi əməkdaşlarının əraziyə daxil olmasına imkan verilməyib”.

Birgə məlumatda deyilir ki, hadisə yerinə gəlmiş Lerik rayon Polis Şöbəsinin əməkdaşlarının, eləcə də Lerik rayon İcra Hakimiyyəti nümayəndələrinin də məsələyə müdaxiləsi müsbət nəticə verməyib, istirahət mərkəzinin vəzifəli şəxsləri kimi özünü təqdim etmiş şəxslər vergi əməkdaşları və polis işçilərinə hücum təşkil edərək onlara müxtəlif xəsarətlər yetirib, bundan başqa Vergilər Nazirliyinin xidməti istifadəsində və nazirlik əməkdaşlarının şəxsi istifadələrində olan avtomaşınlara daş parçaları ilə zədələr yetiriblər.

“Həmin faktla bağlı cinayət işi başlanmış, təcrübəli polis və prokurorluq əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb, eləcə də Baş Prokurorluğun, Vergilər və Daxili İşlər nazirliklərinin vəzifəli şəxsləri rayona ezam olunublar. Cinayət işi üzrə kriminalistik texniki vasitələrdən istifadə olunmaqla hadisə yerinə foto və videoçəkiliş aparılmaqla baxış keçirilib, hadisələrin baş vermə məkanı fiksasiya olunmuş, maddi sübutlar götürülmüş, hadisənin şahidləri müəyyənləşdirilərək dindirilmiş, məhkəmə-tibbi, məhkəmə-əmtəəşünaslıq, məhkəmə-trasoloji ekspertizalar təyin edilib”.

***

Natiq Cəfərli: “Kresloları ilə illərdir diffuziya əlaqəsinə girmiş qalstuklular özlərini həyatın sahibi kimi hiss edirlər”

Sosial şəbəkələrdə Lerikdə yerləşən “Relax” istirahət mərkəzində bir qrup şəxs arasında baş verən qarşıdurma haqqında video yayılıb. Görüntülər “Relax” istirahət mərkəzində deputat İqbal Məmmədovun adamları vergi işçilərin döyüblər” başlığı ilə paylaşılıb. Videodan görünür ki, istirahət mərkəzinin əməkdaşları mülki geyimli şəxslərlə mübahisə edirlər və çörəklərinə bais olduqlarını bildirirlər. Söz mübahisəsi ara sıra davaya keçir və əraziyə çağırılmış polis əməkdaşları baş verənlərə müdaxilə edərək, tərəflər arasında davanın böyüməsinə imkan vermirlər.

Hadisə ilə bağlı “Modern.az” saytına şərh verən “Relax” istirahət mərkəzinin direktor müavini Famil Kərimov hadisəni turistlərin üzərinə yıxmağa çalışıb:

“Avqustun 15-dən “Relax” istirahət mərkəzində Vergilər Nazirliyi tərəfindən dövrü vergi yoxlamalarına başlanılıb. Dünən isə istirahətə gələn turistlər arasında mübahisə yaranıb. Həmin an vergi işçiləri də orada olub. Hadisə zamanı vergi işçiləri arasında döyülənlər olmayıb”.

Sosial şəbəkələrdə istirahət mərkəzinin deputat İqbal Məmmədova məxsus olduğu bildirilsə də, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov bunu təsdiq etməyib:

“İqbal Məmmədov Milli Məclisin deputatıdır. Baş verənlər ona aid olmayan məsələlərdir. Milli Məclisin deputatı sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilməz. Hər halda, qanunlarımız belə deyir. İqbal Məmmədovun Lerikə gəldiyi barədə bir söz deyə bilmərəm. İstirahət mərkəzi işini davam etdirir”.

İqbal Məmmədov

İqbal Məmmədov

Source: meydan.tv

APA” agentliyinin xəbərinə görə, “Relax” istirahət mərkəzində baş verən insidentlə bağlı 6 nəfər saxlanılıb.

“Vergilər, Daxili İşlər nazirlikləri və Prokurorluq orqanlarının birgə həyata keçirdiyi tədbirlər nəticəsində istirahət mərkəzinin rəhbəri, deputat İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 6 nəfər tutulub.

Mirhəmid Nərimanlı, onun yaxın qohumları Orxan Nərimanlı, Pərviz Əsgərov, Famil İmanov, Rəhim Şahverdiyev və Amil Abbasov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılırlar”, - agentlik yazıb.

Hadisəyə münasibət bildirən deputat İqbal Məmmədov da baş verənləri turislərin üzərinə atıb və oğlunun saxlanılması xəbərini təkzib edib.

“Mən bu gün gəlmişəm. Baş verən hadisədən xəbərdaram. Bizim vergilərlə heç bir problemimiz yoxdur. Onlar bu ayın 15-dən “Relax”da yoxlama aparırlar. Dava “Relax”ın əməkdaşları və turistlər arasında olub. Hadisəyə polis müdaxilə edib. Ola bilər həmin vaxt vergilərin əməkdaşları da orada olublar və belə xoşagəlməz hadisə baş verib”.

İqbal Məmmədov baş verən hadisəyə görə, oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 5 qohumunun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmasını da təkzib edib: “Oğlum və qohumlarımın saxlanılması xəbəri yalandır”.

Baş verənləri şərh edən ReAL Partiyasının İdarə Heyətinin üzvü Natiq Cəfərli “Facebook” sosial şəbəkəsindəki profilində yazıb ki, təqribən 1 il öncə Vergilər Nazirliyində çalışan, özü də qərarvermədə iştirakı olan bir tanışım xeyli söhbət zamanı dedi ki, sistemdə ciddi dəyişiklər olacaq, qanunvericilik sərtləşəcək, heç kimə güzəşt olmayacaq.

Natiq Cəfərli

Natiq Cəfərli

Source: meydan.tv

“O zaman tanışıma anlatmağa çalışdım ki, “ayrıca bir ölkədə kommunizm qurmaq mümkün deyil”, yəni tək bir nazirliklə bu işləri düzənə salmaq olmayacaq - iri bir qalstuklu müəllimin obyektinə girəcəksiz, sizin işçiləri döyüb qovacaqlar. Bu zaman hüquq-mühafizə, məhkəmə orqanları da ədalətli, qanunauyğun çalışmalıdırlar ki, sizin nazirliyin atdığı addımların nəticəsi olsun - qısası, bütün sistem dəyişməlidir. İzah etməyə çalışdım ki, məmur ya biznesdən, ya da kreslosından qopardılmalıdır, bizdə biznes məmura, məmur isə biznesə qarışıb - ağılsız və biliksiz qalstuklular yığını öz kreslolarının verdiyi imkanlardan istifadə edərək biznes qurub pul qazanırlar - elə bilirlər ki, dahi iş adamlarıdırlar. Dövlətin resurslarını, imkanlarını gəmirib varlanırlar, düşünürlər ki, bunlardan ağıllı biznesmen yoxdur.

Dünən Relax-da baş verənlər bir daha mənim dediklərimi sübut etdi - kresloları ilə illərdir diffuziya əlaqəsinə girmiş qalstuklular özlərini həyatın sahibi kimi hiss edirlər. Onlar üçün nə iqtisadi, nə hüquqi, nə də insani qaydalar mövcud deyil. Özü də hər elə məmurun arxasında daha iri bir korrupsioner qalstuklu dayanır, o iri məmur da daha yekə bir məmura arxalanır - beləliklə də ölkədə primitiv klientalist sistem formalaşıb, WiFi olan feodalizm oturuşub...”, - Natiq Cəfərli yazıb.

“Relax” İstirahət Mərkəzi

“Relax” İstirahət Mərkəzi

Source: meydan tv

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  19 August 2019
Featured in:  
Shortlink:   http://mtv.re/8rdhk8

Most Viewed