“Rəis müavini məni dizüstə çökdürdü, üzr istəməyə məcbur etdi və bunu telefonla çəkdi”

Sərdar Əsgərovun deməsinə görə, həmin gün məhkəmə onu cərimələyəndən sonra evə buraxılıb. Şöbəyə gətirilərkən əlindən alınmış iki telefonunu isə şöbənin rəis müavinindən zorla geri ala bilib

Source: Specify Source


Mingəçevir sakini polis şöbəsində təhqir və fiziki zora məruz qaldığını iddia edir

“Rəis müavini öz otağında məni sillə-təpiklə vurdu, küçə söyüşləriylə təhqir etdi, sonra da dizüstə çökdürdü, üzr istəməyimi tələb etdi”.

Mingəçevir şəhər sakini Sərdar Əsgərov Meydan TV-yə danışır ki, yanvarın 26-da səhər saatlarında onu yaşadığı evin qarşısından zorla maşına mindirərək Mingəçevir şəhər polis şöbəsinə aparıblar. Orada şöbənin rəis müavini onunla kobud davranıb, sosial şəbəkələrdəki yazılarına görə üzr istəməsini tələb edib.


“Məni maşına basıb polis şöbəsinə apardılar”

“Səhər saat 10 radələrində yaşadığım ünvanın qapısını mülki geyimli bir nəfər döydü. Dedi, onu mənim dalımca Mingəçevirin Məşğulluq Mərkəzindən göndəriblər, guya mənə iş təklifi var və onunla birlikdə Məşğulluq Mərkəzinə getməliyəm. Qapıya çıxdım, dedim, maraqlıdır, axı mən iş üçün heç yerə müraciət etməmişəm. Elə həmin adamla danışırdım ki, qəfil daha üç mülkigeyimli şəxs mənə hücum etdi, sən demə bunlar Məşğulluq Mərkəzindən yox, polis şöbəsindən gəliblər, polis işçiləridir. Beləcə, məni aldadıb, evdən çıxarıb, azyaşlı övladımın gözü qarşısında zor tətbiq edərək maşına mindirib polis şöbəsinə götürdülər”.

Sərdar Əsgərovun sözlərinə görə, onu şöbənin binasının 3-cü mərtəbəsinə – rəis müavini Cavid Talıbovun otağına çıxarıblar. Otağa daxil olan kimi rəis müavini onu təhqir edib.


“Otağa girən kimi məni silləylə, təpiklə vurdu”

“Mənə sillə-təpik vurdu, nəsil-nəcabətimin ünvanına elə söyüşlər işlətdi ki, dilimə gətirə bilmirəm. Dedi, sən kimsən ki, icra hakimiyyətinin başçısına, polis rəisinə sosial şəbəkələrdə ağzına gələni yazırsan, deyirsən? Sonra məni diz çökməyə, üzr istəməyə məcbur etdi. Polis işçiləri boynumun ardından, ayağımdan vuraraq mənə zorla diz çökdürdülər. Cavid Talıbov isə əlində telefonla məni çəkməyə başladı və tələb etdi ki, üzümü telefonun kamerasına tutub icra hakimiyyətinin başçısından da, polis rəisindən də üzr istəyim”, – şikayətçi bildirir.

Sərdar Əsgərov deyir, polis şöbəsinə aparılmamışdan əvvəl o, “Facebook” səhifəsində Mingəçevir Mənzil Abadlaşdırma İdarəsində dalandar vəzifəsində işləyən qadınların 2 ildən çoxdur maaş almamaları, pandemiya vaxtı yardımlardan məhrum olmaları ilə bağlı həm yazılı, həm də canlı yayım şəklində çıxışlar edib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovu, aksiya keçirən dalandar qadınların aksiyasına mane olan Mingəçevir Şəhər Polis İdarəsinin rəisini tənqid edib. Polis şöbəsinin rəis müavini də ondan aşağılayayıcı şəkildə tələb edib ki, həm başçıdan, həm polis rəisindən üzr istəsin.

img_6047.jpg
Mingəçevir Şəhər İcra Hakimiyyəti aparatının hüquq şöbəsinin müdirinin cavab məktubu


“Xırda xuliqanlıq adıyla 50 manat cərimələndim”

Sərdar Əsgərovun deməsinə görə, həmin gün məhkəmə onu cərimələyəndən sonra evə buraxılıb. Şöbəyə gətirilərkən əlindən alınmış iki telefonunu isə şöbənin rəis müavinindən zorla geri ala bilib:

“Yanvarın 26-da saatlarla polis şöbəsində saxlanıldıqdan sonra məni təxminən saat 16 radələrində məhkəməyə apardılar, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsiylə 50 manat cərimələdikdən sonra evə buraxdılar. Ancaq telefonlarım rəis müavinində qalmışdı və bir neçə günlük süründürməçilikdən sonra nəhayət, telefonlarımı geri ala bildim. Hər iki telefonu format etmişdilər deyə, sosial şəbəkələrdəki səhifələrim silinmişdi. Rəis müavini məni hədələdi ki, bir də sosial şəbəkələrdə yazsam, bir yolunu tapıb, məni həbsə atdıracaq”.

Mingəçevir Şəhər Polis İdarəsindən Meydan TV-yə bildirilib ki, Sərdar Əsgərov yanvarın 26-da xırda xuliqanlığa görə saxlanılıb, barəsində inzibati protokol tərtib olunub, Mingəçevir Şəhər Məhkəməsinə göndərilib, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsiylə təqsirləndirilərək 50 manat məbləğində cərimələnib. Polis şöbəsindəş bildirilib ki, Sərdar Əsgərovun təhqirə və fiziki təzyiqə məruz qalmasıyla bağlı dedikləri həqiqətəuyğun deyil.

Mingəçevir Şəhər İcra Hakimiyyətindən isə bildirilib ki, Sərdar Əsgərovun başçının sifarişiylə tutularaq polis şöbəsinə aparılmasıyla bağlı dedikləri böhtandır. İcra hakimiyyəti onun sosial şəbəkələrdəki çıxışlarını şər, böhtan adlandırıb. Qurumdan Meydan TV-yə bildirilib ki, hətta Sərdar Əsgərova rəsmi məktub göndərilərək xəbərdarlıq da olunub.

Ana səhifəBölgə“Rəis müavini məni dizüstə çökdürdü, üzr istəməyə məcbur etdi və bunu telefonla çəkdi”