Rəhim Qazıyevin həbsdə ölüm aclığı keçirdiyi bildirilir

Sabiq nazir barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib

Foto: sosial şəbəkə


Sabiq nazir barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib

Azərbaycanın keçmiş Müdafiə naziri Rəhim Qazıyev barəsində ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib. İyulun 14-də Səbail Rayon Məhkəməsində bu barədə qərar çıxarılıb.

Sabiq nazirinin yaxınları Meydan TV-yə bildirib ki, R.Qazıyev həbsdə aclıq aksiyasına başlayıb:

“Dövlət Təhlükəsizliyi Xidmətində istər şübhəli və təqsirləndirilən şəxs qismində dindiriləndə, istərsə də həbs qərarı üçün məhkəmə qarşısına çıxarılanda onun özünün istədiyi vəkillə təmin olunmasına imkan verilməyib. Ona dövlət hesabına vəkil təyin edilib. Bildiyimizə görə, dövlət vəkilindən imtina edib, amma deyiblər ki, həbs qərarı veriləndə mütləq vəkil olmalıdır. Qanunsuz və əsassız həbs edilməsinə etiraz olaraq, iyulun 13-dən quru aclığa – ölüm aclığına başlayıb”.

R.Qazıyevə qarşı Cinayət Məcəlləsinin 281-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (təxribat) maddələri ilə ittiham irəli sürülüb.

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun birgə açıqlamasında bildirilib ki, R.Qazıyevin saxlanılmasına əsas onun iyulun 12 və 13-də sosial şəbəkələr vasitəsilə cəbhə bölgəsindəki hadisələr barədə həqiqətə uyğun olmayan xəbərlər yaymasıdır. Onun paylaşımları Azərbaycan Respublikasının müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etmək kimi qiymətləndirilib.

İyulun 12-də günorta saatlarından başlayaraq Tovuz rayonu istiqamətində atəşkəs pozulub.

Rəhim Qazıyev “AzFreedom” internet kanalında iyulun 12-də atəşkəsin pozulması nəticəsində Azərbaycanın 12 əsgərinin həlak olduğunu və çoxlu hərbçinin yaralandığını deyib. O, dövlət başçısı İlham Əliyev haqqında ittihamlar səsləndirib.

Rəhim Qazıyev 1992-1993-cü illərdə Azərbaycanın Müdafiə naziri olub. 1993-cü ilin noyabrında həbs edilib. 1994-cü ilin sentyabrında MTN-da saxlanılan Rəhim Qazıyev, Arif Paşayev, Baba Nəzərli, Əlikram Hümbətov təcridxananın əməkdaşı Faiq Mirzəyevin köməkliyi ilə qaçıb. 12 may 1995-ci ildə Rəhim Qazıyev üç maddə ilə (Külli miqdarda dövlət əmlakını talamaq, Vəzifə səhlənkarlığı və qanunsuz silah gəzdirmə) təqsirkar bilinərək Ali Məhkəmənin hökmü ilə qiyabi ölüm hökmünə məhkum edilib. Rəhim Qazıyev 1996-cı il aprelində Moskvada saxlanılaraq Bakıya həbsxanaya qaytarılıb.

Rəhim Qazıyev 2004-cü ildə Prezident İlham Əliyevin fərmanı ilə əfv olunub.

Ana səhifəXəbərlərRəhim Qazıyevin həbsdə ölüm aclığı keçirdiyi bildirilir