Rafiq Manaflı İsmayıl Cəlilovdan üzr istəməyəcəyini deyir

Ancaq o, faşist Almaniyasına 12 il rəhbərlik edən Adolf Hitlerdən gətirdiyi sitatın uğursuz və yersiz olduğunu etiraf edib.

Source: Foto: sosial şəbəkə


Gültəkin Hacıbəyli isə söylədiklərinə görə üzrxahlıq edib

Mayın 13-də Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) Koordinasiya Mərkəzinin bir gün əvvəl keçirilən video-toplantısının görüntüləri yayılıb. Görüntüdən bəlli olur ki, Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyevin jurnalist İsmail Cəlilov barəsində sosial şəbəkədəki sərt və təhqiramiz ifadəsi müzakirəyə çıxarılıb.

İclasda bu barədə danışan Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli də jurnalistin orientasiyası ilə bağlı təhqiramiz ifadələr işlədib:

“Məsələ ondadır ki, Qərbin bir nömrəli priotiteti cinsi azlıqların, üzdəniraqlıların hüququdur. Onlar bu məsələyə çox həssas yaşanırlar”. Ardınca Gültəkin Hacıbəyli İsmail Cəlilovun “Facebook” səhifəsində yazıdıqlarına toxunub:

“O, ingiliscə səhifəsində şüvənlik edir ki, Xalq Cəbhəsinin tərəfdarı Eldəniz Quliyev bizə belə etdi, Xalq Cəbhəsinin tərəfdarı Qabil Məmmədov bizə belə etdi, bizi Əli Kərimlinin və onun tərəfdarlarından qoruyun. Cəbhə bizi öldürür, əlacları olsa bütün geyləri yığıb yandırarlar. Xədicə İsmayıl sağ olsun, onun statusuna cavab verdi ki, sən utanmırsan, Eldəniz Quliyevin AXCP-yə nə aidiyyatı var, bu adamlar partiya üzvü deyil. Eldəniz Quliyev Milli Şura üzvüdür, Qabil Məmmədovu isə Milli Şura və AXCP-də qəbul etmirlər. Və ardınca İsmaill Cəlilov Xədicəyə nələr dedi, sən də Əli Kərimli üçün ikinci Sevinc Osmanqızına çevrilmisən. Çox üzr istəyirəm, dedi ki, mən və ərim neçə günlərdir bu dəhşətli hadisəyə görə stress yaşayırıq…”.

Bundan sonra Milli Şura üzvü Rafiq Manaflı İsmaill Cəlilov haqqında təhqiramiz ifadə işlədir və “çox təəssüf ki, Hitler ikinci dünya savaşında geyləri qırıb qurtarmadı”,- deyə bildirir. Amma jurnalist Qənimət Zahid iclasdakılara xəbərdarlıq edir ki, toplantı canlı yayımlanır, ehtiyatlı olun.

Sosial şəbəkədə yaşanan müzakirələrdən və etirazlardan sonra Gültəkin Hacıbəyli bildirib ki, o, sərt və kobud ifadə işlətdiyini etiraf edir, amma bunun səbəbini həm də qarşı tərəfin onu və dostlarını hədəfə alan şəxsdə axtarmaq lazımdır:

“Sərt, kobud ifadə işlətmişəm, razıyam, ancaq yenə deyirəm, bu bilavasitə uzun müddətdir məni və dostlarımı ədalətsiz bir şəkildə hədəfə alan şəxslə bağlı olduğu üçün emosional münasibətin qüsuru kimi ortaya çıxıb. Bir daha bəyan edirəm ki, insanlara insan olduğu üçün dəyər verirəm, onların şəxsi həyatı, cinsi, etnik, siyasi, sosial mənsubiyyəti məni maraqlandırmır və əgər kimsə qapalı görüşdə işlətdiyim uyğunsuz ifadəni hansısa bir qrupa və ya azlığa qarşı hörmətsizlik kimi dəyərləndiribsə, səmimi üzrxahlığımı qəbul etsin”.

Gültəkin Hacıbəyli Milli Məclisin keçmiş deputatıdır və uzun illər ölkəni Avropa Şurası Parlament Assambleyasında təmsil edib. Azərbaycanın AŞPA qarşısında götürdüyü öhdəliklərdən biri də azlıqların hüquqlarının təminatı ilə bağlıdır.

Rafiq Manaflının isə Demokratik Qüvvələrin Milli Şurasının video toplantısında işlətdiyi sərt və təhqiramiz ifadəyə görə üzr istəmək niyyəti yoxdur. Ancaq o, faşist Almaniyasına 12 il rəhbərlik edən Adolf Hitlerdən gətirdiyi sitatın uğursuz və yersiz olduğunu etiraf edib.

Bu barədə Meydan TV-nin suallarını cavablandıran DQMŞ Koordinasiya Şurasının üzvü, Vətəndaş Həmrəyliyi Partiyasının Ali Məclisinin sədri Rafiq Manaflı mühacirətdə olan jurnalist İsmail Cəlilovdan üzr istəməyəcəyini vurğulayıb:

“Mən onun nümayişkarənə şəkildə LGBT-ni təbliğ etməsini qəbul edə bilmərəm. Adama deyərlər, ailə qurmusan, öz işindir, daha bunu niyə təbliğata çevirmisən? Dəfələrlə xalqımızın dini xurafatın təsirinə düşməməsi üçün təhsilin inkişafının vacibliyini vurğulamışam. Çünki təhsilsizliyin nəticəsində dini fanatizmin tüğyan edəcəyindən çox ehtiyatlanıram. Amma indi daha ciddi bəla var, bunun adı LGBT ideologiyalı faşizmdir, vəssalam!”

İsmail Cəlilov öz “Facebook” səhifəsində qeyd edib ki, haqqında deyilənlərlə bağlı beynəlxalq təşkilatları məlumatlandıracaq.

Toplantıda adı hallanan araşdırmaçı jurnalist Xədicə İsmayıl da Koordinasiya Mərkəzinin üzvlərinin çıxışlarını tənqid edib, onları “salam verilməyəcək bir qrup adam” adlandırıb.

Ana səhifəSiyasətRafiq Manaflı İsmayıl Cəlilovdan üzr istəməyəcəyini deyir