Rahilə Əliyeva qızıyla

Source: meydan tv

Caption: Rahilə Əliyeva qızıyla

''Qızlarımın yeriməsi üçün 20 min manat lazımdır''

Ağdam sakini: ''Yeriyə bilmədikləri üçün məktəbə də gedə bilmirlər''

“3 övladımız var. İkisi qız, biri oğlan. Qızların hər ikisi ağır xəstədir. Dərdlərinin dərmanı isə Azərbaycanda yoxdur. Adətən dövlət belə xəstələri xaricə göndərir. Ancaq bizə bir haray verən yoxdur. İllərdir getmədiyimiz həkim, etdirmədiyimiz müalicə, əməliyyat qalmayıb. Nə bir irəliləyiş var, nə də pulumuz qalıb”.

Ağdam sakini Qadir Əliyev belə deyir.

Onun ailəsi məcburi köçkünlər üçün tikilən şəhərcikdə yaşayır. Deyir, yoxsa 2 xəstə uşaqla ev alması asan olmazdı.

Ailədə 2 ağır xəstənin olması da nəzərə alınsa:

“Deyirlər, problem əsas başlarındadır. Əvvəl həftədə 2 dəfə tutmaları olurdu. Zamanla azaldı. İndi ayda 1 dəfə, bəzən 2 ayda bir tutur. Həmin an ürəkləri gedir, qıcolmaları olur, əsməcəyə düşürlər və s. Ev şəraitində kömək etmək mümkün deyil. Xəstəxanaya çatdırmasaq, ayılmırlar. Həmin o tutmalar hər ikisinin ayağını sıradan çıxardı. Ayaqlarında əyilmə oldu, indi işləmir. Ayaqlarını yerə normal basa bilmirlər”.

Ata deyir ki, son olaraq Türkiyədən gələn həkimin yanına aparıblar. Həmin həkim hər ikisinə əməliyyat məsləhət görüb:

“Əməliyyat üçün hərəsinə 10 min manat lazımdır. Üstəlik, əməliyyat Azərbaycanda edilmir. Hara aparırıq, deyirlər, “bizlik deyil”. Ancaq xaricdə, Türkiyədə mümkündür. Biz övladlarımızın sağalmasını, yeriməsini, danışmasını istəyirik. Ancaq ikisinin əməliyyatı birgə 20 min manat edir. Nəzərə alsaq ki, indiyədək hər ikisinin əməliyyatına, fizioterapiyasına və s. minlərlə manat pul xərcləmişik. İndi imkanımız çatmır”.

Uşaqların anası Rahilə Əliyeva onların gələcəyindən çox narahatdır. Deyir, illərdir Bakı yollarında qalıblar. Bu azmış kimi bütün qazancları qızlarının müalicəsinə gedib:

“Hesablayırıq, indiyədək 44 mindən çox pulumuz çıxıb. Əməliyyat isə birdəfəyə 20 min manat istəyir. O qədər pulumuz yoxdur. Deyirlər, müalicəsi ancaq Ankaradakı Hacettepe Xəstəxanasında mümkündür. Birinin 11, digərinin 12 yaşı var. Yeriyə bilmədikləri üçün məktəbə də gedə bilmirlər. Müəllim evə gəlir. Üstəlik, danışa, dərdlərini izah da edə bilmirlər. Doğulanda belə deyildilər. Bir neçə ildən sonra yavaş-yavaş başladı. Ayaqlarında qıcolmalar, əyilmələr başlayandan da qalmışıq həkimlərdə”.

Ana şükür edir. Deyir, nə yaxşı ki, eyni problem oğlunda yoxdur. Yoxsa halları daha pis olardı:

“Oğlum məktəbdə əlaçıdır. Çox zehnli uşaqdır. Onda hər şey qaydasındadır. Tək dərdim qızlarımdır. Kaş onlar da sağala. Qız uşaqlarıdır, gələcəkləri var, özlərini təmin edə bilməyəcəklərini düşünəndə az qalır başıma hava gəlsin. Faktiki müalicələri ölkə daxilində mümkün deyil. Yoxsa illərdir xərc tökürük, sağalardılar. Dövlət müalicəsi burada mümkün olmayan insanlara kömək edir, onları xaricə göndərir. Nolar, bizə də bir əncam çəksinlər”.

Qadir Əliyev

Qadir Əliyev

Source: meydan.tv

Rahilə Əliyeva deyir ki, böyük qızının 4 yaşından sonra ayaqları tutulmağa başlayıb. Ardınca da danışıq qabiliyyətini itirib:

“Yadımdadır, mənimlə qəsəbənin ağzınacan yeriyirdi. Tutmalar keçirməyə başlayandan sonra bütün həyatımız məhv oldu. Nitq və yerimə qabiliyyətini itirdi. Həkim deyir, başla əlaqədardır hamısı. Başı ilə bağlı problem həll edilsə, ayaqları da, danışıqları da düzələcək, bərpa olacaq. İnanın, o qədər imkanlı insanlar deyilik. Kənd yeridir, nə ilə dolanırıq? Malımız, heyvanımız var idi. Hamısını bu uşaqların müalicəsinin yolunda satdıq, kökü kəsildi. Dedik, hər şey cəhənnəm, əsas onların sağlamlığıdır. O da olmadı, sağalmadılar. İndi əməliyyat üçün lazım olan məbləği toplamaq üçün satmağa da heç nəyimiz qalmayıb. Bilmirik nə edək. Tək ümidimiz dövlətədir”.

Ata Qadir Əliyev deyir ki, qızlarının gələcəyini düşünməkdən vaxtsız yaşlanıb. Bilmir, o yanlarında olmayanda uşaqları özlərini təmin edə biləcəklərmi:

“Biz hər an yanlarında ola bilməyəcəyik. İstəyirəm öz ayaqları üstündə durmağı bacarsınlar. Heç kimə möhtac olmasınlar. Çox demirik, 70 faiz düzəlsinlər, özlərini təmin etsinlər, bəsimizdir. Biz olmasaq, yemək yeyə, geyinə bilmirlər. Heç təbii ehtiyaclarını da görə bilmirlər. Bir valideyn kimi çox üzülürük”.

R.Əliyeva deyir ki, qızları hələ indiyədək çöldə yaşıdları ilə oynamağa gedə bilməyiblər. Ancaq pəncərədən baxmaqla kifayətləniblər:

“Çöldən uşaqların səsi gəlir, pəncərədən baxıb, həvəslənirlər. Onlar da getmək, oynamaq istəyirlər. Belimdə aparıram. Stul qoyub oturduram ki, oynaya bilməsələr də, baxsınlar. 11-12 yaşları var. Toy nədir, məclis nədir, oynamaq nədir, bilmirlər. Mən də anayam də. İstəyirəm gəzsinlər, oynasınlar, mənim uşaqlarım da xoşbəxt olsunlar. Televiziyada bir həkim reklamı olan kimi uşaqları götürüb qaçırıq yanına. Hər dəfə də bir ümidlə. Alınmayanda da çökürük, məhv oluruq. Bir insan nə qədər ölər, dirilər”.

Q. Əliyev ustadır, ev təmir etməklə ailəsini dolandırır. Rahilə Əliyeva isə evdə qızlarına baxır. Bir də toyuq-cücə saxlayır, təsərrüfat işləri görür. Ancaq onları güc-bəla çatdırır. Deyir, 2 xəstə uşağa baxmaq heç də asan deyil:

“Yoldaşım da, mən də qazandığımızı qızların müalicəsinə xərcləyirik. Heç yerdən köməyimiz yoxdur. Problem 1 uşaqda olsa, yenə birtəhər əməliyyat etdirərik. İkisində də eyni dərddir. Bu, bizim büdcəyə həqiqətən çoxdur. Övladlar arasında ayrı-seçkilik edə bilmərik. Birini əməliyyat etdirək, birini yox, alınmır. Nolar, kömək etsinlər. Bizim qızlarımızı əməliyyat etdirsinlər. Başqa heç nə lazım deyil”.

Meydan TV məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Baş pediatrı, vətəndaşların respublikadankənar müalicəyə göndərilməsi üzrə Komissiyanın sədri Nəsib Quliyevlə əlaqə saxlayıb.

Həkim bildirib ki, ailə problemlə bağlı komissiyaya müraciət etsin. Onların işinə baxılıb, bir söz deyilər:

“Yaxın günlərdə müraciət etsinlər, problemlərinin nə olduğuna baxaq. Bəlkə elə ölkə daxilində müalicə mümkündür. Hər bir halda, müraciət edilməlidir ki, biz baxaq və nə edəcəyimizi söyləyək”.

Əliyevlərin övladı

Əliyevlərin övladı

Source: meydan.tv

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/t4rui9

Most Viewed