Qırğızıstanda fövqəladə vəziyyət elan edilib

Bundan öncə isə prezident yeni bir kabinet təyin edilərsə, istefaya hazır olduğunu demişdi.

Source: Lenta.ru


Paytaxtda silah səsləri eşidilib və rəqib qruplar bir-birlərinə daş və butulka atıb

Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov cümə günü paytaxt Bişkekdə fövqəladə vəziyyət elan edib.

“Reuters” xəbər verir ki, o, hərbiyə ölkədəki iğtişaşlara son verməyi əmr edib.

Artıq bir neçə gündür Qırğızıstanda rəqib siyasi qrupların tərəfdarları paytaxt küçələrində qarşıdurmaya səbəb olub.

Paytaxtda silah səsləri eşidilib və rəqib qruplar bir-birlərinə daş və butulka atıb, – “Reuters” bildirib. Qarşıdurma zamanı bir müxalif siyasətçi yaralanıb.

“Bu gün dövlətçiliyimiz üçün real bir təhdidin şahidi oluruq”,- Jeenbekov Kremlin ölkədəki qarışıqlığın qarşısını almaq üçün müdaxilə etməli olduğunu söyləməsindən bir gün sonra deyib.

Bundan öncə isə prezident yeni bir kabinet təyin edilərsə, istefaya hazır olduğunu demişdi. Kabinetin təyin edilməsi şənbə günü, parlamentin onun iqamətgahında toplanmağı planlaşdırdığı gün baş verə bilər, – yerli xəbər saytı “Akipress” bildirib.

Hazırda Qırğızıstanda hakimiyyət boşluğu hökm sürməkdədir. Müxalifət qrupları hökumət binalarını ələ keçirir və bazar günü keçirilmiş, saxta olduğunu dedikləri parlament seçkilərinin nəticələrinin ləğv edilməsini tələb edirlər. Bununla yanaşı, onlar arasında mübahisəli qarşıdurmaların olduğu bildirilir.

İki aparıcı müxalifət lideri cümə günü güclərini birləşdirmək barədə razılığa gəlib və bu addıma görə Jeenbekovun prezident kimi sələfi Almazbek Atambayevin dəstəyini qazanıblar. Lakin onların ardıcıllarının nümayişlər keçirdiyi bildirilir. Bəzi siyasətçilər ölkədə davam edən siyasi vəziyyətin zorakılıqla bitmə təhlükəsinin olduğunu deyir.

Jeenbekovun ofisi açıqlamasında komendant saatı və sərt təhlükəsizlik məhdudiyyətləri də daxil olmaqla fövqəladə vəziyyətin cümə günü saat 20.00-dən 21 oktyabr saat 20.00-dək qüvvədə olacağını bildirib.

Prezidentin bəyanatında göndəriləcək əsgərlərin sayı haqda məlumat verilməyib. Ancaq onlara “vəziyyəti nəzarətə götürmə”, hərbi maşınlardan istifadə etmə, nəzarət məntəqələri qurma və silahlı qarşıdurmaları dayandırma əmri verildiyi deyilir.

Bununla birlikdə yerli QHT əmrin parlament tərəfindən təsdiq edilməli olduğunu bildirib.

Ana səhifəDünyaQırğızıstanda fövqəladə vəziyyət elan edilib