Nicat Göyüşlü

Source: Meydan TV

Caption: Nicat Göyüşlü

Qazax sakini: Məni işə götürməyə qorxurlar ki, icra başçısının qəzəbinə tuş gələrlər

Article was updated on :  30 November 2020

“Belə qənaətə gəldim ki, başçı kollecdəki xanımla bağlı yaranan məsələni özünə hörmətsizlik kimi qəbul edib”

“2017-ci il iyunun 16-dan, Qazax Dövlət Sosial-İqtisadi Kollecində tədris işləri üzrə direktor müavini vəzifəsində işləyən gündən direktor Elşad Quliyev mənə deyirdi ki, icra başçısının səninlə işləmək istəyi yoxdur, özünü tapşırtdır. Başçının məni istəməməyinin səbəbini anlamırdım”.

Qazax rayonu, Daş Salahı kənd sakini Nicat Göyüşlü belə deyir. Söyləyir ki, kollecdə fəaliyyətə başladığı ilk günlərdən yerli icra hakimiyyəti başçısının ona qarşı münasibətinin birmənalı olmadığını hiss edib:

“Düzü, səbəb mənə də qaranlıq idi. Hətta kollecdə işləyəndə, bəzi xoşagəlməz hallarla bağlı başçı ilə görüşmək istəyim alınmırdı. Təhsil Nazirliyinə yazandan sonra nəhayət, icra başçısı ilə görüşdüm. Dedi ki, sən mənə yanlış formada təqdim olunmuşdun. Bununla da Rəcəb Babaşovun mənə qarşı münasibəti düzəldi. Bu vəziyyət Mikayıl Cabbarov Təhsil naziri vəzifəsindən gedənə kimi davam etdi. Nazir postunda dəyişiklik baş verəndən sonra kollecdə mənə qarşı basqılar yenə başladı. Bununla bağlı dəfələrlə icra hakimiyyətinə müraciət etdim, başçının qəbuluna düşmək istədim. Dedilər ki, başçı səninlə görüşmək istəmir”.

Şikayətçi bu ilin avqustunda icra başçısına məktubla müraciət edib. Yaranmış anlaşılmazlığa aydınlıq gətirmək istəyib:

“Başçıya yazdığım məktubuma müavini Gülayə Həsənova cavab verib. Bildirib ki, müvafiq orqanlar araşdırma aparıb, mənim kollecdə qanunsuzluq faktı kimi ortaya çıxardığım məsələlərin böhtan olduğu sübut edilib. Onda zəhmət olmasa, həmin cavabların bir nüsxəsini mənə və ya ictimaiyyətə təqdim edin. Mən də o zaman müvafiq orqanların həmin araşdırmanın zəif aparıldığını, hansı qanun pozuntularının olduğunu faktlarla sübut edim, onlara yenidən araşdırmaları üçün dəlillər verim. İcra başçısına müracətim kollecdə baş verən qanun pozuntuları ilə bağlı yox, Rəcəb Babaşovla aramızda yaranan anlaşılmazlığa aydınlıq gətirmək idi. Həm müavinlik işim olsa, müraciətimi ona edərdim. Kollecə gəlincə, Prezident İlham Əliyevin qanunları pozan məmurlarla bağlı dəfələrlə səsləndirdiyi fikirlərə arxalanıb, oradakı özbaşınalıqları sübut edən faktları ictimailəşdirmişəm və buna davam edəcəyəm”.

“İcra başçısı məni qəbul edib dinləsin və özü məsələyə aydınlıq gətirsin. Mən də işimi bilim. Rayondakı idarələrə müraciət edim ki, icra başçısının mənimlə bağlı heç bir problemi yoxdur, məni işə götürün”, - deyə şikayətçi bildirir:

“Rayon idarələri ehtiyat edirlər ki, Nicat Göyüşlü haqqında rayon icra hakimiyyəti başçısının fikri mənfidir. Onu işə götürməklə başçının qəzəbinə tuş gələrik. Rayon icra hakimiyyətinin mənimlə bağlı hər hansı problemi varmı? Varsa, nəyə görədir? Yoxdursa, bunu demək lazımdır, mən də bir yerdə işləyim, ailəmi saxlayım. Mənim istədiyim xırda bir məsələdir. Gedim haradasa, laborant, statist, yaxud müəllim işləyim. 300-400 manatlıq maaşa da qane olacaq adamam. Amma buna da imkan vermirlər. Mənə iş tapıb işləməyə imkan vermirlər. Ona görə də aydınlaşdırmaq istəyirəm ki, başçının məndən narazı olduğu məqamlar hansılardır?”

Rəcəb Babaşovla görüşməyə nail olmayan Nicat Göyüşlü onunla təmasda olan adamlara müraciət etmək qərarına gəlib:

“Bir dəfə hörmətli adamlardan biri icra başçısına yanımda məni qəbul etməsi üçün zəng vurmuşdu. Başçının zəng edən adama “Nicat Göyüşlü bizim YAP-çı qızımıza işləməyə imkan verməyib”, - dediyini eşitdim. Söhbət kollecdə şöbə müdiri işləyən bir xanımdan gedir. Belə qənaətə gəldim ki, başçı həmin xanımla bağlı yaranan məsələni özünə hörmətsizlik kimi qəbul edib. Çünki başçı özü mənə həmin xanımı nəzərdə tutaraq, bir neçə dəfə demişdi ki, birgə işləyin. Həmin xanımın ad-soyadını rayondakı mental dəyərləri nəzərə alaraq açıqlamaq istəmirəm. Bilirdim ki, başçı həmin işçiyə dəyər verir, ona “qızım” deyirdi. Həmin xanımla da aramızdakı məsələ işdə yol verdiyi qanunsuzluq halı ilə bağlı idi. Məzuniyyətdəykən, rəhbərliyə məlumat vermədən kollecə yeni qəbul olan tələbələrin qeydiyyatını aparmışdı”.

Hadisəni təfərrüatı ilə danışan şikayətçi deyir ki, şöbə müdirinə qarşı sayğısızlıq etməyib. Əksinə, kollecdə yarana biləcək qanun pozuntusunun qarşısını alıb:

“2018-ci ilin avqustun 1-də kollecin direktor vəzifəsini müvəqqəti əvəz etdiyim vaxt həmin xanım mənə müraciət edərək, məzuniyyətə çıxmaq istədiyini bildirdi. Mən də ərizəsinin üstünü yazdım, əmrləşdirdik, 32 günlük məzuniyyətə getdi. Bir müddət sonra yəni, avqustun 9-da kollecə daxil olan tələbələrin qeydiyyatı başlamışdı. Həmin gün qəbul komissiyasının işinə nəzarət etməkdən ötrü kompüteri kabinetimin girişindıki otaqda yerləşdirmişdim. Baxdım ki, saat artıq 10-11-dir, lakin hələ də bir nəfər də qeydiyyat üçün yaxınlaşmayıb. Çox təəccübləndim. Maraqlandım, məlum oldu ki, bu xanım məzuniyyətə çıxdığı halda, işə gələrək, yeni qəbul olan tələbələrin qeydiyyatını aparır. Vəziyyəti biləndən sonra onun otağına getdim və soruşdum ki, niyə icazəsiz belə addım atırsınız? Ümumiyyətlə, siz şifrəni haradan bilirsiniz? Şifrələr Dövlət İmtahan Mərkəzi tərəfindən nəzərdə tutulmuş adama verilir. O dedi ki, şifrəni mənə direktorum verib və tələbələrin qeydiyyatını aparmağı tapşırıb. Mən də cavabında bildirdim ki, hazırda direktorun səlahiyyətləri məndə olduğu üçün bütün neqativ hallara cavabdehliyi də mən daşıyıram. Mən də sizə belə bir tapşırıq verməmişəm. Xanıma dedim ki, siz səkkiz gün öncə ərizə yazaraq məzuniyyətə çıxmızınız. Xahiş edirəm, gedib istirahət edəsiniz. Təkrar dedi ki, mənə Elşad müəllim tapşırıq verib. Mən ona bir daha etiraz edəndə, dedi ki, sizdən rayon icra hakimiyyətinə şikayət edəcəyəm. Doğrudan da, gedib məndən icra hakimiyyətinə şikayət etmişdi. Başçının müavini Gülayə Həsənova məni qəbula çağırdı. Getdim, məsələnin qanunla necə tənzimləndiyini izah etdim, Gülayə xanım da mənə dedi ki, məsələ araşdırılacaq. Söhbət belə də qaldı, araşdırmanın nəticəsi ilə bağlı cavab gəlmədi”.

“Bu adam işləmək istəyirdisə, niyə məzuniyyətə çıxırdı? Çıxıbsa, niyə geri qayıtmaq istəyir, özü də qeyri-qanuni formada? Əgər qəfil rayonun icra hakimiyyətindən, yaxud Təhsil Nazirliyindən gəlib yoxlanış aparsalar, necə olacaqdı?”- deyə müsahib bildirir:

“Həmin hadisədən bir müddət sonra şöbə müdiri olan o xanımla işlə bağlı daha bir xoşagəlməz hal yaşandı. İş o yerə çatdı ki, xanım məni ən nalayiq ifadələrlə təhqir etdi. Bundan sonra rayon icra hakimiyyəti başçısına müraciət etdim ki, sizin dəyər verdiyiniz adamdır. Bununla bağlı ölçü götürülsün, mən bura təhqir olunmağa gəlməmişəm. Xanım olduğu üçün polisə, məhkəməyə müraciət etmirəm. Bu təhsil müəssisəsinin adının hallanmasının tərəfdarı deyiləm. İstəyirəm ki, bu məsələ sakit formada həllini tapsın. Mən də bu xanımdan ona görə icra başçısına şikayət etdim ki, həmin xanıma dəyər verdiyini, “qızım” deyə xitab etdiyini bilirdim. Düşünmüşdüm ki, icra başçısının sözünü eşidər. Bundan sonra məni icra hakimiyyətinə çağırdılar ki, bəs qadınla, qızla mübarizə aparmaq lazım deyil. Amma istəsən, məhkəməyə müraciət edə bilərsən. Hərçən ki, biz bunu tövsiyə etmirik. Mən də bildirdim ki, heç kimlə mübarizə aparmıram. Sadəcə olaraq, ona deyin ki, mənə söyüş söyməsin. Bu, düzgün deyil. Bir müddət sonra isə mən ərizə yazaraq kollecdən çıxmağa məcbur qaldım. İşdən çıxdığım müddətdən bəri isə başqa bir idarədə işlə təmin olunmağım müşkülə çevrilib”.

Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quliyev məsələyə münasibət bildirmək istəməyib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müaivini Gülayə Həsənova Meydan TV müxbirinin sualını cavabsız buraxaraq, telefonu söndürüb.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  30 November 2020
Featured in:  
Shortlink:   http://mtv.re/invqz8

Most Viewed