Qax sakini: Torpaq sahəmi əlimdən alıblar

“Beş-on gün sonra gedəndən sonra it əlindən ora heç yaxınlaşmaq mümkün olmadığını gördüm”.

Source: Specify Source


“Beş-on gün sonra gedəndə gördüm ki, it əlindən ora yaxınlaşmaq mümkün deyil…”

Qax rayonunun Əmircan kənd sakini Elşən Mahmudlu ailəsinə məxsus pay torpaq sahəsinin ələ keçirildiyini iddia edir. Deyir ki, əmlakının zəbt olunması bir yana, üstəlik, təzyiqlərə məruz qalır.


“Zəng vurub dedim ki, torpağıma əl vurmayın”

Elşən Mahmudlu danışır ki, 1998-2000-ci illərdə Qax rayon Aqrar-İslahat Komissiyası atası Hacıvəli Mahmudova iki dəfə pay torpaq sahəsi verib. Ailə əvvəlcə 1.1, sonra isə 0.71 hektar əraziyə sahib çıxıb. İlk dəfə verilən topaq sahəsi üçün dövlət aktı, çıxarış almaq mümkün olub. Amma ikinci islahat zamanı ərazi ilə bağlı boşluq yaranıb. Sonradan Elşən Mahmudlunun bələdiyyədən aldığı sənəddə də bu məqam əksini tapıb. Əslində, Mahmudovlar ailəsinə ümumilikdə 2.64 hektar ərazi verilməliymiş.

“Biz torpaqdan 2011-ci ilə qədər istifadə eləmişik. 2011-ci ildə rayonun baytar həkimi kimi tanıdığımız, indi “Uludağ” turizm kompleksinin rəhbəri olan Zabit Əhmədov gəldi, fermer tərəsərrüfatı yaratmaq istədiyini dedi. Adamlardan torpaq sahələri almağa başladı. Bunu da müəyyən təzyiqlərlə həyata keçirdi. Təxminən 70-80 hektar torpaq sahəsi aldı. Mən məcbur olub 1.09 hektar torpaq sahəsini ona satdım. O da ümumi sahəni çəpərlədi”.

Elşən Mahmudlu deyir ki, problemlər də bundan sonra yaranıb. Əmircan sakininin iddiasına görə, Zabit Əhmədov fermer təsərrüfatındakı mal-qarasını onun torpaq sahəsində otarmağa başlayıb:

“Neçə dəfə çağırıb çobanlarına dedim ki, bura atamın yeridi, heyvanları başqa yerə aparın. Dedilər, yaxşı. Beş-on gün sonra gedəndən sonra it əlindən ora heç yaxınlaşmaq mümkün olmadığını gördüm. Zabit Əhmədova zəng vurub dedim ki, mənim torpağıma əl vurmayın. Dedi ki, get, sənəd gətir. Ona belə səlahiyyəti olmadığını başa salmağa çalışdım. Alınmadı. Bundan sonra məhkəməyə müraciət elədim. Amma üz tutduğum Şəki İnzibati-İqtisad Məhkəməsi bu işə baxmadı. Yalnız şifahi dedilər ki, Aqrar-İslahat Komissiyasının arxivlərində torpağın sənin adına olması əksini tapıb. Məsləhət gördülər ki, bələdiyyədən arayış alıb kadastr xidmətinə təqdim edim, çıxarış alım”.


“Polisin yanında məni hədələdilər”

Elşən Mahmudlu ikinci islahat zamanı əldə etdikləri torpağa çıxarış almaq üçün çox çalışıb. Təkcə bələdiyyə sədri Sahil İsrafilovdan arayış almaq iki il çəkib. Kənd sakini bu müddətdə vitse-prezident Mehriban Əliyevaya, Prezident Administrasiyasına müraciət edib. Cavab məktublarında yerli icra strukturlarından vətəndaşa kömək etmək tövsiyə olunub:

photo-2021-05-29-17-32-41.jpg
Əmiran bələdiyyəsinin verdiyi arayış

“Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev bir dəfə kəndimizə gələndə onunla üz-üzə söhbət elədim. İcra nümayəndəsi İsmayıl Qasımova göstəriş verdi ki, get, vətəndaşın torpağını ölçüb-biçib ver. Getdik əraziyə. İcra nümayəndəsi dedi ki, torpaq sənindi, get istifadə elə. Onda bələdiyyə sədri artıq vəzifəsindən imtina eləmişdi. Çünki ondan prokurorluğa çoxlu şikayətlər olmuşdu. İcra nümayəndəsinin sözündən sonra mən traktor götürüb ora getdim. Əlimdə torpaq sahəsinin mənə aid olduğuna dair arayış vardı. Gedib görürəm ki, fermanın briqadiri traktorla ot biçir. Bu şəxs də Zabit Əhmədovun qohumudu. O da məndən sənəd tələb elədi. Briqadir mənə şillə vurdu, təhqir elədi. Bundan Daxili İşlər Nazirliyinin “102” xidmətinə şikayət elədim…”

Elşən Mahmudlu deyir ki, Zabit Əhmədov topaq sahəsini 3 il əvvəl Zaqatalanın Bəhmətli kənd Ruslan Məmmədova satıb. Fermanın sahibi də odur:

“Hadisədən sonra şikayətimiz Qax rayon Polis Şöbəsində araşdırılır. Şöbənin rəis müavini anamla məni qəbul elədi. Bizi polis əməkdaşı ilə birlikdə əraziyə göndərdi. Tapşırdı ki, bizim ərazidə ət biçməyimizə şərait yaradılsın. Qarşı tərəf bizə problem yaratmasın. Təsəvvür edin, Ruslan Məmmədov gəlib elə polisin gözü qarşısında gəlib bizi hədələdi”.

Untitled design (1).png
“Üz tutduğum Şəki İnzibati-İqtisad Məhkəməsi bu işə baxmadı”.


“Şəxsən mən istəyərəm ki, onların torpağı olsun, kasıb ailədilər”

Uzun müddət Qax rayonunun baş baytarının müavini olmuş Zabit Əhmədov Meydan TV-yə Mahmudovların torpaqlarını ələ keçirmədiyini bildirib: “Onlar mənim qohumumdur. Mənə təxminən 1 hektar ərazi satıblar. Onların adına başqa torpaq sahəsi yoxdur. Mən torpaq işini yaxşı bilirəm, fermer tərəsərrüfatım olub. Şəxsən mən istəyərəm ki, onların torpağı olsun, kasıb ailədirlər. Onları başa salmağa çalışdım, əllərində sənəd yoxdur. Bu adamlar torpağı satandan sonra gedib bələdiyyəyə ərizə yazıb ki, dolana bilmirik. Bələdiyyə də onlara istifadə üçün torpaq ayırıb. Vəssalam”.

Meydan TV-nin suallarını cavablandıran Ruslan Məmmədov Mahmudovlar ailəsinin çox adamdan müxtəlif orqanlara şikayət etdiyini bildirib. Fermanın indki sahibi heç kimə problem yaratmağa çalışmadığını söyləyib: “Mən prokurorluğa da, polisə də izahat vermişəm. Lazımi sənədlərin hamısını bu qurumlara təqdim eləmişəm. Mənim orada 1 hektar 60 sot torpağım var. Həmin adam anası ilə gəlib iddia eləyir ki, o ərazidə torpaq sahibidir. Halbuki, mən 1 hektar 60 sot üçün rəsmi sənəd almışam. Yəni dövlət çıxarışı, alqı-satqı müqaviləsi. Polisə də, prokurorluğa da bu sənədləri təqdim eləmişəm…”

Ana səhifəBölgəQax sakini: Torpaq sahəmi əlimdən alıblar