Qarabağ qazisi: Heç bir müalicə görmürəm, adi yoxlanma da olmayıb

O, anası, həyat yoldaşı və körpə qızıyla qardaşının köhnə evində yaşayır

Source: Specify Source


“Övladımın sənədsiz olması məni çox narahat eləyir”

Qarabağ müharibəsində yaralanmış Turan İsgəndərov diqqətdən kənarda qaldığını deyir. Gədəbəy rayonunun Söyüdlü kənd sakini dövlət orqanlarının onun ən kiçik problemlərini belə, həll etmədiyini bildirir.


“Psixoloji problemlər yaşayıram”

Turan İsgəndərov müharibəyə 2020-ci il sentyabrın 29-da ehtiyatda olan hərbi qulluqçu kimi yollanıb. Ağdərə istiqamətindəki döyüşlərin iştirakçısı olub. Noyabrda yaralanıb:

“Gözümün sağ bayır kənarından qəlpə yarası aldım. Yanımda çavuş minaya düşdü. Aramızda təxminən iki metr məsafə vardı. Qəlpə gözümlə gicgahımın arasındakı sümükdə qaldı. Sonradan əməliyyatla çıxardılar. Gözümdə yaşarma olur, yaddaş zəifliyi yaranıb, psixoloji problemlər yaşayıram. Heç bir müalicə görmürəm. Adi yoxlanma da olmayıb”.

Turan İsgəndərov müharibəyə qədər günəmuzd fəhlə işləyirmiş. Döyüşlərdən qayıdandan sonra tamamilə işsiz qalıb. Bununla bağlı Prezident Administrasiyasına xeyli şikayət ərizəsi göndərdiyini deyir:

“Ailəliyəm, bir övladım var, amma iş yoxdu. İcra hakimiyyətinə dəfələrlə müraciət eləmişəm, ancaq yola veriblər. Prezident Aparatına da yanlış məlumat verirlər. Guya “Anar” MMC-yə məni işə düzəldiblər, öz istəyimlə oradan çıxmışam. Halbuki bu, həqiqət deyil”.


“Borc içində qalmışam”

Turan İsgəndərov müharibə ərəfəsində dükan açmağa hazırlaşırmış. Bunun üçün tədarük görüb, borca mal götürüb. Müharibə planın baş tutmasına imkan verməyib:

“Borc içində qalmışam. Malların çoxu xarab olub, borclar da üstümdə qalıb. Əlimdə qalan malları satışa çıxarıram. Gələn müəyyən məbləğlə yaşamağa çalışırıq. Amma borclarım yerində qalır. Malları satmağa yer də yoxdu. Bazarın müdiri yer vermədi. Qazi olduğumu da dedim. İcra hakimiyyətinə bundan da şikayət elədim. Bazar müdirinin orada qohumu işləyirmiş. Şikayətimə baxılmadı”.

Turan İsgəndərovun evi yoxdur. O, anası, həyat yoldaşı və körpə qızıyla qardaşının köhnə evində yaşayır. Ailə sosial yardım almır. Ümumiyyətlə, Turan İsgəndərovun mallarının satışından gələn puldan başqa ailənin gəliri yoxdur:

“Kənd camaatı bir dəfə yığılıb kömək eləyib. Sosial şəbəkələrdə paylaşımlar edilmişdi. Bundan sonra bir nəfər əlaqə saxlayaraq, müəyyən qədər əlimizdən tutacaq məbləğdə pul göndərdi”.

photo-2021-05-31-16-01-20_censored.jpg
Turan İsgəndərovun qızı 1 yaş 3 aylıq olsa da, ata övladına hələ də şəxsiyyətini təsdiq edən sənəd ala bilməyib


“Qızımın, həyat yoldaşımın şəxsiyyətini təsdiq edən sənəd yoxdur”

Turan İsgəndərovun qızı 1 yaş 3 aylıqdır. Amma ata övladına hələ də şəxsiyyətini təsdiq edən sənəd ala bilməyib:

“Xanımım hicablı olduğuna görə problem yaranıb. Həyat yoldaşım özü şəxsiyyət vəsiqəsi ala bilməyib. Hicablı şəkil qəbul eləmirlər. Xüsusilə övladımın sənədsiz olması məni çox narahat eləyir”.

Müharibə iştirakçısı heç özü də yaralanmasıyla bağlı uyğun sənədi ala bilməyib. Söyüdlü kənd sakininə buna görə “YAŞAT” fondundan yardım verilmir:

“Məni Tərtərə göndərdilər ki, tibbi sənəd gətirim. Orada da mənə sənəd vermədilər. Dedilər ki, gedib “Papanin”dən (Mərkəzi Hərbi Hospital nəzərdə tutulur-red.) götürməlisən. Mən tibb məntəqəsində müalicə almışdım. Tibb məntəqəsi də sənəd verə bilməyəcəyini deyir. Mənim Bakıya getməyə imkanım yoxdu. İcra hakimiyyətindən kömək istədim. Onlar dedi ki, biz, sadəcə, məlumat verə bilərik. Mən döyüş tapşırığını yerinə yetirəndə yaralanmışam. Əlimdə travma haqqında arayış – 11 nömrəli qoşma var. Onu əsas saymırlar. YAŞAT Fondu bu sənədi qəbul eləmir”.


İcra hakimiyyəti: "Biz elə izahat verməmişik…"

Meydan TV Turan İsgəndərovun narazı olduğu məqamlarla bağlı Gədəbəy Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İnformasiya təminatı və təhlili sektorundan bildiriblər ki, onun yaralanmasıyla bağlı sənədin verilməsi onların səlahiyyətinə daxil deyil: “Biz sahibkarlara təsir edə bilmərik. Əlbəttə, hamının borcudur ki, şəhid ailələrinə, qazilərə xüsusi diqqət göstərsin. Bazarda yer verilməsiylə bağlı “Anar” MMC-dən xahiş etdik ki, həmin şəxsdən yerpulu almasınlar. Biz Prezident Aparatına onun dediyi kimi izahat verməmişik. Sadəcə, xahiş etdik, onlar da söz verdilər. Yenə araşdırarıq”.

Ana səhifəBölgəQarabağ qazisi: Heç bir müalicə görmürəm, adi yoxlanma da olmayıb