Qadın duelləri – vikinqlərdən bugünümüzə qədər

15 yaşlı şahzadə Sofya Frederika Avqusta Anhalt öz əmisi qızı, 17 yaşlı şahzadə Kristina-Anna Lüdviqa Anhaltı duelə çağırır

Source: meydan.tv

(Birinci hissə)

İyun, 1743-cü il.

Almaniya.

15 yaşlı şahzadə Sofya Frederika Avqusta Anhalt öz əmisi qızı, 17 yaşlı şahzadə Kristina-Anna Lüdviqa Anhaltı duelə çağırır. İki gənc qızın öz aralarında nəyi və ya kimi bölə bilmədikləri barədə məlumat yoxdur, bilinən ancaq budur ki, onlar Sofyanın yataq otağına qapanıb aralarındakı problemi şpaqanın köməyilə həll etməyə çalışıblar. O gün o dueldə kimin qalib gəldiyi də məlum deyil, ancaq əgər Sofya həmin gün ölsəydi, Rusiya tarixində II Yekaterina adlı çariça olmayacaqdı.

Doğrudur, taxta çıxandan sonra o da I Pyotr kimi duellərə qadağa qoymuş, hətta “Təkbətək döyüşlər haqqında manifest” də qəbul etmişdi (1787). Amma duellərin təşkilatçılarına və iştirakçılarına ciddi cəzalar nəzərdə tutan bu qanun elə kağız üzərində qalmışdı.

Rusiyada qadın dueli məhz onun zamanında populyarlaşmış, saray xanımları böyük həvəs və hərarətlə bir-biriylə “vuruşmağa” başlamışdılar. Hətta deyilənlərə görə, 1765-ci ildə baş tutmuş 20 qadın duelinin səkkizində sekundantlardan biri II Yekaterina özü olmuşdu.

Amma o, təkbətək döyüşlərin ölümlə nəticələnməsinə icazə vermir, iştitakçılardan “İlk qan damcısına qədər!” qaydasını qorumağı tələb edirdi. Buna baxmayaraq II Yekaterinanın hakimiyyətdə olduğu 34 il ərzində duellərdə 3 qadın həlak olmuşdu.

Onun ölümündən sonra Rusiyada qadın duellərinin sayı daha da artır. Rus qadınları, xüsusilə də Peterburqun əsilzadə xanımları öz aralarındakı münasibətləri şpaqa və tapançayla “tənzimləməyi” adət halına gətirirlər. Duellər əsasən qadın salonlarında təşkil edilir. Onlardan yalnız birində (xanım Vostrouxovanın salonunda) təkcə bir il ərzində (1823) 17 duel keçirilir.

****

Qadın duelinin tarixi xeyli əvvələ – vikinqlərə gedib çıxır. O zamanlarda adət-ənənlər də, problemləri həll etmək qaydaları da indikindən xeyli sərt olub – məsələn, müxtəlif növ konfliktlərdə və ya şərəf-ləyaqət məsələlərində təkcə kişilərə yox, qadınlara da qarşı tərəfi öldürmək haqqı verilib. Orta əsrlərdə bu ənənə məhkəmə müstəvisinə daşınıb – çox qarışıq məsələlərin həlli üçün iddiaçıya və cavabdehə bir-biriylə ən qəddar şəkildə vuruşmaq hüququ verən “Allah məhkəməsi” təyin edilib; hesab olunub ki, göylər haqlı tərəfə kömək edəcək və rəqibi nə qədər güclü olur-olsun, haqlı olan qalib gələcək.

Bu qaydanı skandinavlar da tətbiq ediblər. Onların “Holmqanq” (“adada gəzinti”) adlandırdıqları məhkəmələr kiçik, kimsəsiz adalarda keçirilib. Belə məhkəmələr əsasən kişilər arasındakı duelləri tənzimləsə də, qadınların məsələsinə baxılan hallar da olub. Onların bəzən hətta kişilərlə də duelə çıxmasına icazə verilib və bununla bağlı xüsusi qaydalar müəyyənləşdirilib – qüvvələr nisbəti bərabər olsun deyə kişiləri qurşağa qədər dar quyuya salıblar (öz gücüylə ordan çıxa bilməməsi üçün), hətta bəzən sol əlllərini arxadan bellərinə bağlayıblar ki, tək əllə vuruşsun.

Orta əsrlərdə bu ənənə alman knyazlıqlarına da keçib. Məhkəmənin həll edə bilmədiyi ailə münaqişələri ər və arvad arasında duellə nəticələnib. Belə duellər üçün döyüş texnikalarının çox detallı şəkildə və həm də rəsmlərlə təsvir edildiyi xüsusi kitabçalar da dərc edilib.

Məsələn, müəllifi Hans Talhoffer olan kitabçadan (15-ci əsr) məlum olur ki, hər iki tərəf bədənin bütün hissələrini və hətta başı da örtən parça və ya dəri kombinezon geyirmiş. Kişinin əlində romb şəkilli taxta dəyənək, qadının əlində içinə daş qoyulmuş corab olurmuş. Kitabçada təsvir edilən döyüş pozalarısa dueldə tərəflərin bir-birilərinə qarşı çox qəddar davrandıqlarını göstərir: “Qadın ərinin dəyənəyini qarnıyla yerə sıxıb əlindəki corabla onu boğur”; “Qadın ərini quyudan çıxarıb arxası üstə yıxır və sinəsinə çöküb boğmağa başlayır”; “Ər arvadını özünə tərəf çəkib başı aşağı vəziyyətdə quyuya salır”; “Qadın ərinin başlığından tutub ona zərbə vurmağa hazırlaşanda kişi əlindəki dəyənəyi onun ayaqlarının arasına soxur”.

Duel iştirakçılarını bu qədər amansız olmağa vadar edən səbəb məhkəmənin döyüşdən sonra çıxaracağı qərarıydı: uduzan tərəfə ölüm hökmü kəsilirdi. Kişilərin ya başını kəsir, ya da dar ağacından asır, qadınları diri-diri yandırırdılar (Sonrakı dövrlərdə məcburi ölüm hökmü ənənəsi ləğv edilir).

Məhkəmə duelləri Rusiyada da tətbiq edilib. Pskov məhkəməsinin 1397-ci ilə aid sənədinin 119-cu bəndində yazılırdı ki, belə duellərdə qadınlar da iştirak edə bilər. Kişiylə döyüşən qadına icazə verilirdi ki, öz yerinə muzdla tutduğu birini göndərsin. Rus qadınları silah olaraq taxta dəyənəklərdən, üzərinə dəmir çəkilmiş dəyənəklərdən və heyvan buynuzlarından istifadə edir, hərdən yalın əllə də vuruşurdular.

Avropada isə qadınlar bəzən yarıçılpaq döyüşürdülər. Hesab olunurdu ki, qadın paltarı hərəkətləri məhdudlaşdırır, korset bıçaq zərbəsini zəflədir, üstəlik, onun altından qoruyucu zireh də geyinmək olur. Kişilərə belə duelləri izləməyə icazə verilmirdi, hətta kişi qulluqçulara da kənara çəkilmək və arxalarını çevirmək əmr edilirdi.

****

Erkən orta əsrlərin kor-kobud döyüş üsulları intibah dövründə nisbətən nəcib qaydalarla əvəz olunur. Məsələn, 16-cı əsrdə – kral VIII Henrinin (İngiltərə) dövründə Vestminsterdən olan Uzun Meq adlı bir qadınla ser Ceyms Kastilskinin duelində tərəflər qılıncla, amma öldürmək şərti olmadan vuruşurlar. Məğlub olan Kastilski cəngavər kodeksinə əməl edərək yemək zamanı Meqə qulluq edir.

1552-ci ildə Neapolda əsilzadə xanımlar İzabella de Karazzi və Diambra de Pottinella arasındakı duelin də bilinən tarixçəsi var. Onlar rəfiqəydilər, hər ikisi gənc və yaraşıqlı Fabio de Zeresolaya aşiqiydi. Əyləncə məclislərinin birində üçü bir araya gəlmiş və məlum olmuşdu ki, Fabio xanımların ikisiylə də görüşür. Altı gün sonra rəfiqələr qılınc və nizələrlə silahlanıb duelə çıxırlar, bütün Neapol əhli onların davasına baxmağa toplaşır. Qadınların hər ikisinin böyük ustalıq nümayiş etdirdiyi döyüş Diambranın qələbəsiylə başa çatır. Onun yalançı Fabionu sevməkdə davam edib-etmədiyi bilinmir, amma xəbəri bütün Avropaya yayılan bu döyüş haqında söz-söhbət uzun müddət səngimir. Az qala bir əsr sonra ispaniyalı rəssam Xose de Ribera danışılanlardan ilhama gəlib “Qadın dueli” adlı rəsm əsəri çəkir (1636). Hazırda bu tablo Madriddəki Prado muzeyində saxlanır.

Bir neçə ildən sonra daha iki italiyalı əsilzadə xanım duelə çıxır – bu dəfə Teramo şəhərində (Hadisənin tarixi dəqiq bilinsə də (27 may 1571), qadınların kimliyi barədə məlumat yoxdur). Onlar Müqəddəs Benedikta monastırına gedib ibadət hücrəsinə girməyə icazə alırlar. Bir qədər sonra rahibələr ordan gələn səs-küyü eşidib içəri girəndə qadınlardan birinin artıq öldüyünü, digərinin can verdiyini görürlər.

O dövrə aid hadisələr arasında iki avstriyalı qızın – 19 yaşlı Manna və 21 yaşlı Reyterin bir ordu kapitanına görə odlu silahla duelə çıxmaları və qızlardan birinin ölməsi xəbəri də var.

****

Zamanla duel bir çox ölkələrdə qadağan edilir, amma “haqq-hesab çürütməyin” bu üsulu nəinki zadəgan kişilər, o cümlədən əsilzadə xanımlar arasında da populyarlığını itirmir.

XVII əsrdə qadın dueli Avropada öz pik nöqtəsinə çatır. Fransada, İtaliyada, İngiltərədə və Almaniyada qadınlar ən kiçik şeyləri bəhanə edib bir-birilərini duelə çağırmaqda davam edirlər. Onunla eyni paltarı geydiyinə, onun bəyəndiyi kişini sevdiyinə və ya sadəcə ona çəp baxdığına görə həmcinsini təkbətək döyüşə çağıran qadınların sayı çoxalır.

Qadınlar rəqiblərinə qarşı kişilərdən daha qəddar davranırdılar, hər on dueldən səkkizi (kişilərdə isə ancaq dördü) ölümlə nəticələnirdi. Qadın duelində qayda-filan da yoxuydu – bir çox hallarda tərəflər döyüşə öz sekundantlarını da qatır, şpaqaların ucuna zəhər və ya yandırıcı maddələr sürtür, rəqib ölənə qədər atəş açırdılar.

17-ci əsrdə yaşamış fransalı tarixçi və şair Markus Vulson de la Kolombyerin Sent-Antuan bulvarında (Paris) baş tutmuş duel haqqında yazdıqlarından məlum olur ki, Bopre və Arli adlı iki xanım bir-birilərinin gözəlliyini həzm edə bilmədikləri üçün döyüşmək qərarına gəliblər. Hamının gözü qabağında şpaqayla rəqibinin üzünü və sinəsini yaralamağa can atan qızların ikisi də dueldən sağ çıxıb, amma dərin yaralarla və artıq çox çirkin olaraq.

Tanınmış opera aktrisası madmuazel de Mopensə əsasən onunla kobud davranan kişiləri duelə çağırırmış. Qadın olduğu üçün onu ciddiyə almayan və dueldə ona istehzayla baxan rəqibləri yanıldıqlarını çox qısa bir zamanda başa düşürlərmiş.

Teofil Qotyenin bioqrafik faktlara əsasən qələmə aldığı “Madmuazel de Mopen” romanında belə kişilərdən birinin aktyor Dümen olduğu qeyd edilir. Həmkarının duel təklifini qəhqəhəylə qarşılayan Dümen bir neçə saniyə sonra de Mopenin əlindəki teatr şpaqasıyla yaralandığını görüb elə çaşır ki, qadının qələbə mükafatı kimi onun saatını və tütün qabını götürməsinə etiraz etmir.

Aktrisanı əlinə şpaqa götürməyə vadar edən növbəti səbəb də kobudluqla bağlı olub. Balda onunla sərbəst davranan bir kişini elə ordaca duelə çağıran de Mopen təklifinə rədd cavabı aldığı üçün səs-küy salır; ev sahibəsinin evi tərk etmək xahişini qulaqardına vurduğu üçün iki kişi onu qollarından tutub bayıra çıxarır. De Mopen həmin şəxslərdən birinin şpaqasını götürüb onlara hücum edir və birini yaralayır. İkincisi aktrisayla duelə çıxmaq məcburiyyətində qalır və tezliklə ona məğlub olur.

Duelləri qadağan edən, amma həm də qadın düşgünü olan kral XIV Lüdovik bu cür hərəkətlərinə görə de Mopeni cəzalandırmır.

17-ci əsrdə kişi paltarında duelə çıxan daha bir fransalı qadın qrafinya Sen-Balmon olub – 30 illik müharibədə (1618-1648) əsgər kimi vuruşan yazıçı Alberte Sen-Balmon ərini və oğlunu elə həmin müharibədə itirmiş; onun tək qalmasından istifadə edib evinə yerləşən bir zabiti “şevalye Sen-Balmon” adıyla duelə çağırmış və ona qalib gələrək evindən çıxmasını tələb etmişdi. Müharibədən sonra kraliça Anna qadınlara kişi paltarı geyinməyi qadağan etdiyi üçün qrafinya mülki həyata qayıdır; savaşdan qayıdıb Lotaringiyanın qubernatoru olmuş marşal Anri de La Ferte-Senneter bu durumdan yararlanaraq onu monastıra göndərib evini əlindən alır…

Ana səhifəXəbərlərQadın duelləri – vikinqlərdən bugünümüzə qədər