Poqosyan: Erməni tərəfi Qarabağ ətrafında ərazilərin azad edilməsinə getməyəcək


”Bir-birini dinləmək üçün hələ uzun yol keçmək lazımdır”

Son vaxtlar Ermənistanda baş verən siyasi dəyişikliklər erməni millətinin demokratik ölkə olmaq arzusuna və ruhuna uyğundur. Ermənistan imzaladığı beynəlxalq sazişlər və sənədlər çərçivəsində öhdəliklərini saxlayır.

Bu barədə Ermənistan prezidentinin müşaviri Tevan Poqosyan Turan agentliyinə müsahibəsində “məxməri inqilab”dan sonra ölkədəki hakimiyyət dəyişikliyindən sonra Yerevanın xarici siyasətinin necə dəyişməsilə bağlı sualın cavabında deyib.

“Xarici siyasətdə keç bir kəskin dəyişiklik ola bilməzdi. Nikol Paşinyan hələ baş nazir postuna tam olaraq təyin edilməmiş, dəfələrlə bəyan etmişdi ki, xarici siyasətdə ardıcıllıq qalacaq və heç bir dəyişiklik olmayacaq”, – Poqosyan qeyd edib.

Bu gün hakimiyyətin qarşısında duran ən böyük vəzifə seçicilər qarşısında götürülən öhdəliklərin yerinə yetirilməsidir. Parlamentə seçilən partiyaların qarşısında da eyni vəzifə qoyulub və onlar sübut etməlidirlər ki, öz seçkiqabağı proqramlarını reallaşdırmağa qadirdirlər.

Ermənistanın yeni hökumətinin Qərb tərəfə açıq meyllənməsini, Qərb ilə yaxınlaşmanın, eyni zamanda Rusiyadan uzaqlaşmanın təhlükəli olması və Moskvanın buna görə Ermənistanı cəzalandıra bilməsilə bağlı müxalifətin və bəzi ekspertlərin tənqidlərini nə ilə izah etmək olar? Bu sualın cavabında Poqosyan deyib ki, belə fikirlər əsassızdır.

“Baş nazir dəfələrlə deyib ki, yeni hakimiyyət Ermənistan-Rusiya münasibətlərinin möhkəmləndirilməsinə sadiq qalacaq. Biz Avrasiya İqtisadi Birliyinin (AİB) və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvləriyik və orada mövqelərimizi möhkəmlədəcəyik. Heç kimin bundan imtina etmək fikri yoxdur.

Eyni zamanda biz Avropa İttifaqı ilə hərtərəfli əməkdaşlıq haqqında saziş imzalamışıq və Ermənistan öz idarəetmə sistemində islahatlar aparacaq.

Biz həm də KTMT-nin yeganə üzvüyük ki, NATO (İPAP) ilə əlaqələrimiz var. Biz bu əlaqələri saxlayacağıq və əməkdaşlığı iki istiqamətdə aparacağıq”, – müşavir deyib.

“Ermənistan Avropa İttifaqı ilə assosiativ saziş imzalayacaqmı?” sualının cavabında həmsöhbətimiz deyib ki, “bu gün bu məsələ gündəmdə deyil”.

“Bu saziş təkcə siyasi məqamları yox, həm də “geniş ticarət-iqtisadi komponentləri” (DCFTA) nəzərdə tutur. Lakin Ermənistan artıq AİB-i seçib. Odur ki, əgər assosiativ sənəddə dəyişiklik olarsa, gələcəkdə Ermənistan maraq göstərə bilər”, – müşavir hesab edir.

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan açıq deyir ki, Paşinyanın siyasəti qəbuledilməzdir, o, Rusiya ilə münasibətləri korlayacaq və buna görə Ermənistanı cəzalandıracaqlar.

Moskvada da müxtəlif səviyyələrdə oxşar fikirlər eşidilir. Belə fikir var ki, Ermənistan üçün qazın qiymətinin artırılması, erməni kəndi ərazisində hərbi texnika ilə təlim keçərək çaxnaşma yaradan rusiyalı hərbçilərin davranışları Rusiyanın bu narazılığının təzahürü kimi qiymətləndirilir. Bu fikirlər nə dərəcədə əsaslıdır?

Müşavirin sözlərinə görə, belə insidentlər əvvəllər də, başqa hakimiyyətlərin dövründə də baş verib. “Elə tədbirlər görmək lazımdır, bu, bir daha baş verməsin və heç kim cəzasız qalacağın düşünməsin.

Nikol Paşinyan hakimiyyətə gələndə adamlar onu tanımırdılar, çoxları üçün müəmmalı idi. Lakin yeni hakimiyyət tədricən konkret siyasət yürütməklə başqa cür görünür və belə çıxır ki, erməni lider öz sözünü tutur və bütün ölkələr başa düşürlər ki, o, müəmmalı deyil və Ermənistan “düzgün istiqamət”də irəliləyir.

“Biz öz maraqlarımızı düşünməliyik və hamı bunu görəndə, şübhələr dağılanda Ermənistanla Rusiya arasında hörmət və müttəfiqlik münasibətləri olacaq”, – müşavir bildirib.

Yəni, “Ermənistanın maraqları” uğrunda mübarizə Gürcüstan və Ukraynanın taleyinin təkrarlanmasına gətirib çıxarmayacaq?

“Səhvləri təkrar etməmək üçün tarix bizə çox şey öyrədib. Biz öz maraqlarımızın ardınca gedəcəyik, öz müttəfiqlərimiz ilə dürüst danışacağıq”, – Poqosyan deyib.

Ermənistan iqtisadi baxımdan Rusiyadan çox asılıdır. Demək olar ki, ölkənin bütün infrastrukturuna Rusiya nəzarət edir. Yeni hökumətin idarəçiliyində ölkənin iqtisadi inkişaf konsepsiyası necə olacaq?

Bu sualın cavabında həmsöhbətimiz deyib ki, yaxın vaxtlarda hökumət öz iqtisadi konsepsiyasını parlamentə təqdim edəcək. “Əminəm ki, orada çox maraqlı təkliflər olacaq. İstiqamətlər informasiya texnologiyaları sektoru, turizm, təhsil, AİB ölkələri, İran və Gürcüstan ilə ticarət, erməni diasporundan investisiyalar, orta və kiçik biznesin inkişafı, kənd təsərrüfatı olacaq.

İndiki vəziyyətdə Ermənistan öz açıqlığı baxımından investisiyalar üçün cəlbedici olacaq və bütün şübhələr yox olacaq. Düzgün siyasətlə Avropa bazarı və Avrasiya arasında körpü ola bilərik”, – Poqosyan deyib.

Bu gün Ermənistanın xarici borcu 6 mlrd. dollara yaxın edir, əhalinin sayı 2 mln. nəfərə enib (bəzi hesablamalara görə, daha azdır), həyat səviyyəsinin aşağı olması fonunda sosial gərginlik artır. Bütün bunlar pis idarəçiliyin nəticəsidir, yoxsa Azərbaycanla münaqişənin nəticəsi kimi obyektiv yekundur?

Prezidentin müşaviri bu sualın cavabında deyib ki, böhran bütün dünyada var, Türkiyədə, Azərbayanda, İranda, MDB ölkələrində, Avropa və Amerikada.

“Ermənistanın xarici borcu elə də böyük deyil, elə ölkələr var ki, dəhşətli dərəcədə borcu var. Əlbəttə, Türkiyə və Azərbaycan tərəfindən blokada da təsir göstərir. Bugünkü vəziyyətin

subyektiv və obyektiv səbəbləri var. Hesab edirik ki, hökumətin yeni proqramı, korrupsiyaya qarşı mübarizə və milli ruh bir çox problemin öhdəsindən gəlməyə imkan verəcək. Demoqrafiyaya gəlincə, son 9 ayda tendensiya ölkəyə gələnlərin sayının artması tərəfə dəyişib, gedənlər tərəfə yox”, -Poqosyan bildirib.

“Azərbaycanla münaqişənin nizamlanmasını hecə görür?” sualının cavabında o deyib ki, Azərbaycan Ermənistan və Dağlıq Qarabağla danışıqlar masası arxasına əyləşməlidir. “Ancaq əminəm ki, hazırda Bakı, Yerevan və Qarabağ öz dediyinin üstündə duracaq və bir-birini dinləmək üçün hələ uzun yol keçmək lazımdır. Bu, bəlkə 10, bəlkə 100 il sürə bilər, ancaq yeganə yol budur. Əgər müharibəni seçsəniz müharibə olacaq, sülhü seçsəniz sülh olacaq”.

Ermənilər üçün “qırmızı xətt” haradan keçir? Onlar nədən imtina etməzlər və geri çəkilməzlər?

Bu sualın cavabında müşavir belə deyib: “Təhlükəsizlik məsələsində və Qarabağ ermənilərinin təhlükəsizliyinə zəmanət verən statusun tanınmasında güzəşt ola biləməz. Ümumiyyətlə, ünsiyyət qurmağın lazım olduğunu başa düşməyincə, “qırmızı xətt hər yerdən keçir”.

Ermənistanda nizamlanma formulu – status müqabilində ərazi necə qəbul edilir? Bu suala müşavir mənfi cavab verib. Onun sözlərinə görə, bu barədə 1994-cü ildə barışıq əldə edildikdən sonra danışmaq olardı. “O zaman cavab başqa cür olardı”.

Onun sözlərinə görə, erməni tərəfi öz təhlükəsizliyinin təminatı məqsədilə – cəbhə xəttinin Qarabağın özünə yaxınlaşdırılmasına yol verməmək üçün Qarabağ ətrafında ərazilərin azad edilməsinə getməyəcək.

“Əgər qarabağlıları hücum etmək fikrinizin olmadığına inandıra bilsəniz, razılığa gəlmək olar. Ola bilsin ki, buna iki-üç nəslin səyləri lazım olsun”, – o vurğulayıb.

“Yeni müharibə başlayarsa, erməni tərəfinin nəinki Qarabağ ətrafındakı əraziləri, hətta Qarabağın özünü itirə bilməsini istisna edirmi?” sualının cavabında Poqosyan deyib ki, heç bir şeyi istisna etmək olmaz.

“Ancaq itkilər təkcə bizdə olmayacaq və proses bununla başa çatmayacaq. Siz hansısa ərazini nə qədər saxlaya bilərsiniz? Biz Qarabağı özümüzə qaytarmaq üçün 70 il gözləmişik. Lazım gələrsə, yenə gözləyərik. Mən, oğlum və nəvəm bu əraziləri qaytaracağıq. Hər halda, mən onları buna öyrədəcəm”, Ermənistan prezidentinin müşaviri söhbətin sonunda deyib.

Ana səhifəVideoPoqosyan: Erməni tərəfi Qarabağ ətrafında ərazilərin azad edilməsinə getməyəcək