“Polis rəisinin qardaşı başıma silah dirədi…”

Həsən Qaraşov: “Belə çıxır ki, mənim yüksək vəzifədə adamım yoxdur deyə, polis rəisinin qardaşı başıma istədiyi oyunu aça bilər…”

Source: Meydan.tv


Həsən Qaraşov: “Belə çıxır ki, mənim yüksək vəzifədə adamım yoxdur deyə, polis rəisinin qardaşı başıma istədiyi oyunu aça bilər…”

Salyan rayonunun Sarvan kənd sakini Həsən Qaraşov son üç ildə hüquq-mühafizə orqanlarına onlarla məktub göndərib, səs yazıları təqdim edib. Keçmiş Baş prokuror Zakir Qaralovdan tutmuş, Daxili İşlər Nazirliyinin Baş istintaq və Təhqiqat İdarəsinin rəisinə qədər müxtəlif vəzifəli şəxslərin qəbulunda olub. Bu haqda Meydan TV-yə danışan Həsən Qaraşov deyir ki, bütün bu cəhdləri nəticəsiz qalıb, şikayətləri obyektiv araşdırmayıb.


“Türkiyə vətəndaşına qarşı zorakılığı görəndə qorxmağa başladım”

Həsən Qaraşov deyir ki, şikayətlərinə obyektiv baxılmaması, günahkarların cəzalandırılmaması səbəbsiz deyil. Onun şikayətçi olduğu şəxsin qardaşı yüksək vəzifədə çalışır. Söhbət Daxili İşlər Nazirliyinin (DİN) Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi, polkovnik Sultan Zeynalovdan gedir. Həsən Qaraşovun sözlərinə görə, polis rəisinin qardaşı Süleyman Zeynalov onun başına silah dayamaqla, hədə-qorxu gəlib, bir neçə gün sonra işlədiyi qızıl sexindəki seyfdən xeyli qızıllarını aparıb.

Həsən Qaraşov 2006-cı ildən Bakıdakı “Moskva” ticarət mərkəzində dayısı oğlunun yanında qızıl mağazasında işləyib. Elə dayısı oğlu İdrak Kazımovun vasitəsilə Xanbaba Səfərovu tanıyıb. Həsən Qaraşov deyir ki, 2016-cı ildə Xanbaba Səfərov ona şərik işləməyi – qızıl emal edib zinət əşyaları düzəldib, satmağı təklif edib: “Qərara aldıq ki, birlikdə iş görək. Əgər mən bir kiloqram 999 əyarlı qızıl ortaya qoysam, o da bu qızılı 585 əyara çevirib, emalı və satışı ilə məşğul olacaqdı. Yaxşı qazanc götürəcəyimizi dedi, mən də razılaşdım. Ailə üzvlərim, bacımdan və başqa qohumlardan lazımi qədər vəsait toplayıb verdim. Sonralar onun bəzi hərəkətlərindən şübhələnməyə başladım. Əvvəldən onun yanında bir Türkiyə vətəndaşı işləyirdi, ona qarşı zorakılığını görəndən sonra düzü, qorxmağa başladım. Verdiyim qızılı da geri alıb ayrılmaq fikrinə düşdüm. Dəfələrlə mehribanlıqla dedim ki, o qızıllar mənim deyil, nə qədər borcum var, ya qızıl, ya da pul şəklində mənə qaytarsın, mən də adamlara verim. O vaxtdan Xanbaba mənə qarşı acıqlı oldu. Çox keçmədi ki, yanında Süleyman adlı şəxs peyda oldu, onu sexə də gətirməyə başladı…”


“Bir əlində silah, o biri əli ilə boynumu sıxmışdı”

Salyan sakininin sözlərinə görə, o, şərikindən Süleyman Zeynalovun adını eşitmişdi, amma üzünü görməmişdi. Həmin ərəfədə atasının səhhətində ciddi problemlər olduğundan, az sonra da o, vəfat etdiyindən az qala, hər gün Salyana gedib gəlirmiş. Həsən Qaraşov deyir ki, günlərin birində rayondan qayıdanda iş yerinə gəlib, orada şərikinin daha iki nəfərlə birlikdə olduğunu görüb. Danışıqdan başa düşüb ki, onlardan biri öncə haqqında eşitdiyi Süleyman Zeynalovdur: “Salamlaşıb keçdim içəri otağa, sonra gəlib bir kənarda əyləşdim. Onlarla işim yox idi, sadəcə, telefonuma baxırdım. Əvvəl silahı çıxardı, başladılar öz aralarında silah haqda danışmağa. Hiss edirdim ki, mənim də diqqətimi silahlı olduğuna çəkmək istəyirlər, amma fikir vermədim. Telefona baxmaqda davam edirdim. Qəfildən Süleyman Zeynalov qalxıb mənə tərəf gəldi, əsəbi halda silahı çıxarıb başıma dayayıb dedi ki, “çaşma ha, sən özbaşınasan ayrılasan? Lazım olsa, elə sənin özünü yola salarıq”. O biri əli ilə də boynumu sıxmışdı. Az sonra boynumu buraxıb, “ağıllı ol, sözə qulaq as” deyərək çıxıb getdi…“.


“Yüksək vəzifədə işləyən daha bir qohumu Kamal Qılıcovdur”

Həsən Qaraşov deyir ki, əvvəl həyəcandan özünü itirsə də, sonra baş verənləri Xanbaba Səfərovun təşkil etdiyini düşünüb, buna görə şərikinə irad bildirib. Cavabında şəriki bildirib ki, Süleyman Zeynalovun hərəkətlərinin ona aidiyyəti yoxdur. Üstəlik, tövsiyə edib ki, məsələni şişirtməsin, çünki qardaşı polis rəisidir, yüksək vəzifədə işləyən daha bir general qohumu var: “Həmin vaxt onun qardaşı Kürdəmir Rayon Polis Şöbəsinin rəisi idi. Yüksək vəzifədə işləyən daha bir qohumu isə hazırda Baş Prokurorluğun idarə rəisi olan Kamal Qılıcovdur. Xanbaba dedi: “Süleymanın özü də psixi xəstəliyə görə dispanser qeydiyyatındadır, onun üstündə cinayət işi olsa da, məsuliyyətə cəlb olunmayıb, onunla baş-başa gəlmək mənasızdır”. Düzü, baş verənlərdən bərk qorxmuşdum, ona görə rayona getdim, səhhətim ciddi problemlər yaranmışdı“.

Həsən Qaraşovun bildirdiyinə görə, o, təxminən 10-15 gün sonra – 2018-ci il martın əvvəllərində qayıdanda sexdə işləyənlərin həyəcanlı vəziyyətdə olduğunu görüb. İşçilər deyib ki, Süleyman Zeynalov silahla sexə daxil olub, oradakıları hədələyərək seyfi açdırıb və qızıl-zinət əşyalarını götürüb aparıb: “İşçilər dedilər ki, Xanbabaya xəbər veriblər, amma o, açıb-ağartmamağı tapşırıb. Sonradan baş verənləri təhlil edəndə anladım ki, Xanbabanın da bütün bunlardan xəbəri olub. Mənim qızıllarımı, pulumu verməmək üçün belə eləyirlər”.


“Ailəmə görə narahatam”

Ailəsinin, övladlarının təhlükəsizliyini nəzərə alaraq, bir müddət susduğunu deyən Həsən Qaraşovun sözlərinə görə, sonradan hüquq-mühafizə orqanlarına şikayət etmək qərarına gəlib. O, seyfdən qızıllar aparılan gün orada olmuş işçilərdən birinin səs yazısını da şikayət məktublarına əlavə edib. Həmin səs yazısında işçi Süleyman Zeynalovun sexə gəlməsi, silah çıxarması və s. haqda danışır.

Hadisələrin baş verdiyi “Moskva” Univermağı Nəsimi rayonu ərazisində yerləşdiyinə görə işin araşdırılması da bu rayonun prokurorluğuna və polis idarəsinə həvalə olunub.

Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Fərid Şirinov 20 iyul 2018-ci ildə cinayət işi başlanmasının rədd edilməsi haqda qərar çıxarıb. Sonradan avqustun 2-də Nəsimi rayon prokurorunun müavini Rauf Qasımov müstəntiqin həmin qərarını qanunsuz və əsassız sayaraq, ləğv edib. İş materialları yenidən araşdırılması üçün Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə qaytarılıb. İş yenə Fərid Şirinovun icraatına verilib. Eyni müstəntiq 9 sentyabr 2018-ci ildə yenə də cinayət işinin rədd edilməsi haqda qərar çıxarıb.

“Mən hazırda ailəm üçün də narahatam. Günün günorta çağı “Moskva” Univermağı kimi bir yerdə silah çıxaran, adamları hədələyən insandan hər cür hərəkət gözləniləndir. Mən Bakı şəhər prokuroru İlqar Abbasovun qəbulunda olanda özü də yanındakına dedi ki, bu adam düzünü danışır, baxan kimi hiss olunur. Göstəriş verdi ki, dərhal araşdırılsın, adları çəkilən adamların izahatları alınsın. Onda ümidim yarandı ki, bəlkə bu dəfə araşdırıldı. Lakin yenə də ümidim qırıldı. Adi telefon anten dairələrinin yoxlanması nədir ki, onu eləmirlər. Bəs harda qaldı qanunun aliliyi, hamının qanun qarşısında bərabər olması prinsipi? Belə çıxır ki, mənim yüksək vəzifədə adamım yoxdur deyə, polis rəisinin qardaşı başıma istədiyi oyunu aça bilər. Dövlət orqanları da buna göz yumacaq?“, – Salyan sakini belə deyir.

O əlavə edib ki, oğlu 44 günlük İkinci Qarabağ döyüşlərinin iştirakçısıdır. Torpaqların işğaldan azad edilməsinə görə prezident tərəfindən bir neçə orden və medalla təltif olunub: “Vətənin dar günündə canını qurban verməyə hazır olan oğulların ailələrinin başına belə oyunlar açmaq heç kimə başucalığı gətirməz”.

Polis rəisinin qardaşı Süleyman Zeynalov izahatında Həsən Qaraşovun onunla bağlı söylədiklərinin əsassız olduğunu bildirib. O deyib ki, Həsən Qaraşovu ancaq qiyabi tanıyır. Amma o, Xanbaba Səfərovla tanışlıqları olduğunu, onunla birlikdə iş gördüklərini təsdiqləyib. Əlavə edib ki, Xanbabanın ona 35 min manat borcu var.

Polis rəisinin qardaşı iddia edib ki, şəriki ondan ayrıldığına görə Həsən Qaraşov onlara böhtan atır.

Xanbaba Səfərov da izahatında Həsən Qaraşovun şikayətində yazılanları təkzib edib. O bildirib ki, keçmiş şərikinə borcu yoxdur.

Polkovnik Sultan Zeynalov 2019-cu ilin dekabrında Kürdəmir rayon Polis Şöbəsinin rəisi vəzifəsindən azad edilərək, Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi təyin edilib. Kürdəmirdən öncə isə o, Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini, Xəzər rayonu 2-ci polis bölməsinin, Nəsimi rayonu 19-cu polis bölməsinin rəisi vəzifələrində çalışıb.

PHOTO-2021-08-31-19-51-19.jpg
Sənəd
PHOTO-2021-08-31-19-51-32.jpg
Sənəd
PHOTO-2021-08-31-19-51-45.jpg
Sənəd
Ana səhifəXəbərlər“Polis rəisinin qardaşı başıma silah dirədi…”