Polad Aslanovun həbsdə aclıq aksiyasına başladığı bildirilir

Gülmirə Aslanova deyir ki, həyat yoldaşının həbsdə aclıq etməsi haqda Ombudsman Aparatını da məlumatlandırıb.

Source: Архив


Xanımı: “Saxlandığı 1 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Emin Həsənovun təzyiqlərinə və qanunsuz addımlarına etiraz edir”

“Xeberman.com” saytının həbsdə olan təsisçisi və baş redaktoru Polad Aslanovun mayın 18-dən aclıq aksiyasına başladığı bildirilir. Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib. Həyat yoldaşının sözlərinə görə, Polad Aslanov bununla saxlandığı 1 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi Emin Həsənovun təzyiqlərinə və qanunsuz addımlarına etiraz edir: “Qanuna zidd olaraq, onun telefon danışıqlarına qadağa qoyulub. Həmçinin ona hamam qadağası tətbiq olunur. Bu üzdən Polad Aslanov da etiraz olaraq, aclıq etmək qərarına gəlib. Bu barədə yazılı ərizəsini də təqdim edib”.

Gülmirə Aslanova deyir ki, həyat yoldaşının həbsdə aclıq etməsi haqda Ombudsman Aparatını da məlumatlandırıb.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə Polad Aslanovun aclıq aksiyası keçirməsi barədə məlumatı təkzib edib. O, həmçinin məhbusa qarşı telefon və hamam qadağası barədə iddianı da qəbul etməyib. Şöbə rəisi bildirib ki, kimliyindən asılı olmayaraq, bütün məhkumlara qarşı eyni münasibət göstərilir və onların qanunvericilikdə nəzərdə tutulmuş hüquqları təmin olunur.

Polad Aslanov 2019-cu il iyunun 12-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 16 il azadlıqdan məhrum edilən sayt rəhbəri Cinayət Məcəlləsinin 274-cü maddəsilə – dövlətə xəyanətdə təqsirli bilinib. Cinayət işinin materiallarında iddia olunur ki, Polad Aslanov İranın xüsusi xidmət orqanlarıyla məxfi əməkdaşlıq edib, ölkədən kənarda onlarla gizli görüşlər keçirib, informasiyalar ötürüb və bunun müqabilində pul alıb.

Baş redaktor isə bu barədə yazılanların yalan olduğunu bildirir, özünü təqsirli bilmir. O, tənqidçi jurnalist fəaliyyətinə, xüsusən DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə cəzalandırıldığını deyir: “Məşhəd, Kərbəla ziyarətinə gedənlərin hər birinə görə 10-20 dollar rüşvət alınması heç kimə sirr deyil. Mən də xüsusi xidmət orqanlarının bu korrupsiya əməllərini işıqlandırdığıma, mənə təklif olunan rüşvət qarşılığında yenə də o yazıları silməyə razılaşmadığıma görə bu gün buradayam”.

Polad Aslanov səhhətindəki problemlərlə əlaqədar uzun müddət hərbi xidmətə aparılmasa da, 2018-ci ilin aprelində ona qəfil çağırış gəlib. O, hərbi xidmətini 2019-cu ilin aprelində başa vurub. İki ay sonra isə həbs edilib.

Ana səhifəSiyasətPolad Aslanovun həbsdə aclıq aksiyasına başladığı bildirilir