Plessi, Braun və Littl-Roklu 9 nəfər

Ali Məhkəmənin səkkiz hakimindən (bir hakim iştirak etmirdi) yalnız biri Con Marşal Harlan şikayətçini dəstəkləyərək bildirdi ki, konstitusiya daltonikdir və insanları rənginə görə ayırmır.

Foto: Meydan Tv


Bu insanların mətanəti heyranedicidir

ABŞ tarixini həvəskar şəkildə oxuyanlar özlərinə sual verə bilərlər ki, necə olur, konstitusiyasında azadlıq və bərabərliyin əsas dəyərlər olduğu, vətəndaş müharibəsindən sonra quldarlığın ləğv olunduğu bir ölkədə hətta 1960-cı illərə kimi irqi ayrı-seçkilik kimi biabırçı hal mövcud idi? İnanılası deyil, amma bunun hüquqi əsası vardı.

İlk irqçi qanun 1890-cı ildə Luiziana ştatında qəbul edilən "Ayrı vaqonlar haqqında" adlı qanun idi. Burada ağdərili və qaradərili vətəndaşların eyni vaqonlardan istifadəsi qadağan edilirdi. Qanun qaradərililərin etirazına səbəb oldu və etirazlar bəzən onu qəsdən pozmaqla bildirilirdi. Belə hadisələrdən biri 1892-ci ildə oldu.

Otuz yaşlı Homer Plessi adlı birisi Nyu-Orlean şəhərində ağlar üçün nəzərdə tutulan qatara mindi. Amma onun özü tam ağdərili deyildi, səkkiz əcdadından biri qaradərli idi və bu, onun xarici görkəmində iz buraxırdı. Plessi qatara minəndən cəmi 20 dəqiqə sonra həbs edildi və o zaman üçün böyük məbləğ olan 25 dollar həcmində cərimələndi. Plessi və vəkillər bu hökmü konstitusiyanın vətəndaşların bərabərliyi haqqında müddəasına ziddi sayaraq əvvəlcə ştatın, sonra da ABŞ-ın Ali Məhkəməsinə müraciət etdilər. Amma əksi baş verdi.

1896-cı ilə kimi davam edən və tarixə "Plessi Ferqüssona (Luizinada hökm çıxaran hakimin adı) qarşı" adı ilə tarixə düşən işlə bağlı ABŞ Ali Məhkəməsi elan etdi ki, vətəndaşların seqreqasiyası (ayrı-seçkilik) bərabərlik prinsipini pozmur, bir şərtlə ki, müxtəlif irqli insanlara eyni səviyyədə xidmət göstərilməlidir. Ali Məhkəmənin səkkiz hakimindən (bir hakim iştirak etmirdi) yalnız biri Con Marşal Harlan şikayətçini dəstəkləyərək bildirdi ki, konstitusiya daltonikdir və insanları rənginə görə ayırmır.

İndi ABŞ-ın hüquq tarixində ən biabırçı hökmlərdən sayılan həmin hökm ştatlara irqçi qanunlar hazırlamağa və seqreqasiyanı müxtəlif sahələrdə qanuni şəkildə tətbiq etməyə imkan verdi. Vətəndaş müharibəsindən sonra qaradərili əhalinin hüquqları ilə bağlı pozitiv nəticələri əsaslı şəkildə ləğv edən bu qanunlar komik personajın adı ilə "Cim Krou qanunları" adlandırıldı.

***

Həmin qanunlar qəbul edildikləri andan etiraz, müqavimətlə üzləşir, qaradərili əhali bərabər hüquqlar uğrunda mübarizə aparır. Ancaq bu mübarizə öz kulminasiya nöqtəsinə 1950-ci illərdə çatdı və onun ilk ciddi qələbəsi "Braun təhsil şurasına qarşı" adlı məhkəmə işi ilə bağlı hökm oldu. Kanzas ştatının Topika şəhərində yaşayan Oliver Braun 1951-ci ildə öz qızını yaxınlıqdakı məktəbə qoya bilməyib şəhər kənarında yalnız qaradərililər üçün nəzərdə tutulan məktəbə göndərməsindən şikayətçi oldu.

image_from_ios (4).jpg
Həmin qanunlar qəbul edildikləri andan etiraz, müqavimətlə üzləşir, qaradərili əhali bərabər hüquqlar uğrunda mübarizə aparır.

Bu dövrdə ABŞ artıq dünyanın ikinci fövqəldövləti idi və dünyanın müxtəlif regionlarında SSRİ ilə nüfuz savaşı aparırdı. Cənub ştatllarında hökm sürən seqreqasiya isə ABŞ-ın beynəlxalq nüfuzuna ciddi xələl gətirirdi. BMT, onun UNESCO kimi müəssisələri də irqçiliyi qınayırdılar. Buna görə federal qurumlar irqçi qanunların ləğvinə meyl edirdilər.

İrqçi ştatların özləri isə bu məsələdə dəyişikliyə meylli deyildilər. Ağlar və qaralar üçün nəzərdə tutulan məktəbin binasında, müəllimlərin peşə qabiliyyətlərində, təhsil səviyyəsində fərqlər aşkar etməyən şəhər məhkəməsi və ştatın Ali məhkəməsi Braunun şikayətini rədd etdilər. Bundan sonra o, NAACP (National Association for the Advancement of Colored People – Rəngli Əhalinin İnkişafına Yardim Milli Assosiasiyası) təşkilatından olan vəkillərin köməyi ABŞ Ali Məhkəməsinə şikayət etdi.

Ali məhkəmədə Braunun işi ilə yanaşı daha dörd analoji şikayət var idi və onlar bir işdə cəmləşdirildilər. 1954-cü ildə ABŞ Ali Məhkəməsi irqçiliyə qarşı mübarizədə əhəmiyyətli yer tutacaq hökmünü açıqladı: təhsil müəssisələrində irqi ayr-seçkilik qanunsuzdur və konstitusiya edilən XIV dəyişikliyə ziddir. Ali məhkəmənin hakimi Uorren hökmün əhəmiyyətini düzgün qiymətləndirdiyinə görə onun yekdilliklə qəbul edilməsinə çalışırdı. Nəticədə doqquz hakimin hamısı qərarı dəstəklədi.

Amma hökm problemi birdəfəlik həll etmədi. İrqçi ştatların bəziləri Ali məhkəmənin hökmünü inkar etməyə başladılar. Alabama ştatının məhkəməsi isə ştat qanunvericiliyi ziddiyyət təşkil etdiyi halda Ali məhkəmənin hökmünün qüvvədən düşməsi barədə qərar qəbul etdi. Ən maraqlı hadisələrdən biri isə Arkanzas ştatının Littl-Rok şəhərində baş verdi.

***

1957-ci ildə NAACP 6 qız və 3 oğlan olmaqla doqquz afroamerikalı şagirdin (onlar 1940-1942-ci illər təvəllüdlü idilər) əvvəllər sırf ağlar üçün nəzərdə tutulan Little Rock Central High adlı məktəbə qeyd olunmaları üçün müraciət etdi. Ali məhkəmənin hökmünü nəzərə alan məktəb şurası müraciətə müsbət cavab verdi. Amma qərar irqçilər tərəfindən hiddətlə qarşılandı. Ştatın irqçi qubernatoru Fobus dərs ilinin ilk günündə, 1957-ci il sentyabrın 4-də yeni şagirdlərin məktəbə girmələrinə mane olmaq üçün ştatın Milli qvardiyasını çağırdı. İçəri keçə bilməyən şagirlər geri döndülər və növbəti günlər hadisələrin necə cərəyan edəcəyini evdə gözlədilər.

Məsələyə ABŞ prezidenti Duayt Ayzenhauer müdaxilə etməli oldu. Bəzilərinin fikrincə, Ayk (prezidentin ləqəbi belə idi) özü qəlbində irqçi idi, amma Ali məhkəmənin hökmünü yerinə yetirilməsini təmin etmək onun vəzifə borcu idi. Prezidentlə qubernator arasında aparılan danışıqlardan sonra ikinci geri çəkildi və doqquz şagirdin məktəbə buraxılmasına razılıq verdi.

Sentyabrın 23-də yenidən məktəbə gedən şagirdləri burada artıq irqçi kütlə qarşıladı. Polisin müdaxiləsi faydasız oldu və şagirdlər yenidən evlərinə qayıtmalı oldular. Şəhər meri bu baradə Ayzenhauerə teleqram yolladı. Bundan sonra Ayk sərəncam imzalayaraq ştatın Milli qvardiyasının federal hökumətin nəzarətinə keçirdi və ertəsi gün ABŞ-ın 101-ci desant diviziyasını Littl-Roka göndərdi.

image_from_ios (3).jpg
Ali məhkəmənin hakimi Uorren hökmün əhəmiyyətini düzgün qiymətləndirdiyinə görə onun yekdilliklə qəbul edilməsinə çalışırdı.

Desantçılar məktəbin qarşısını mühasirəyə alaraq etirazçıların şagirdlərə hücum etməsinə imkan vermirdilər. Onlar uşaqları məktəbə gedib-gələrkən, hətta məktəbin daxilində də mühafizə edirdilər. Belə vəziyyət tam iki ay davam etdi. Desantçıların gedişindən sonra isə mühafizəni daha yumşaq şəkildə Milli qvardiya həyata keçirdi.

Bundan sonra doqquzluq ağların təhqirlərinə, kinayələrinə hədəf oldular. Amma onlar bütün bunlara mətanətlə dözürdülər. Yalnız birinin, Minnijan Braun-Trikini əsəbləri dözmədi. O, bir dəfə məktən yeməkxanasında şorbasını ona sataşan ağ şagirdlərin üstünə atdı, ikinci dəfə isə bir qıza "ağ zibil" dedi və məktəbdən qovuldu, təhsilini Nyu-Yorkda davam etdirdi. Digərləri isə sona qədər dözərək məktəbi bitirdilər və sereqasiyanın qəti ləğvinə önəmli töhfə verdilər.

Littl-Roklu bu gənclərin mətanəti heyranedicidir. Onlar hər şeyə əllərini yelləyərək qaradərililərin məktəbinə gedə bilərdilər. Amma 15-17 yaşlı bu uşaqlar mənsub olduqları irqin hüquqlarının müdafiəsi üçün, haqları olanı əldə etmək üçün fədakarlıq edirdilər, özlərini təhlükəyə atır, təhqirlərə məruz qoyurdular. Bu keyfiyyət – mənsub olduğun qrupun təəssübünü çəkmək, mənafeyini və gələcəyini düşünmək – çox mühüm cəhətdir.

Onların hər biri ali təhsil aldılar və uğurlu karyera qurdular. 1999-cu ildə ABŞ prezidenti Bill Klinton doqquzluğu Ağ evə dəvət etdi. Burada onlar ölkənin ali mülki mükafatına, ABŞ tarixi və mədəniyyəti üçün əlahiddə əhəmiyyətə malik nailiyyətlərə görə verilən Konqresin qızıl medalına layiq görüldülər. Onların tam siyahısı belədir:

Elizabet Ekford;

Karlotta Uolls Lanye;

Minnijan Braun;

Qloriya Rey Klarmark;

Melba Pattilo Bils;

Telma Matershed;

Ernest Qrin;

Cefferson Tomas;

Terrens Roberts.

Bu gün onlardan səkkizi həyatdadır. Yalnız Cefferson Tomas 2010-cu ildə vəfat etdi.

image_from_ios (2).jpg
1999-cu ildə ABŞ prezidenti Bill Klinton doqquzluğu Ağ evə dəvət etdi.
Ana səhifəXəbərlərPlessi, Braun və Littl-Roklu 9 nəfər