Source: Photolure

Paşinyan Qarabağda ermənilərin 1988-ci ildəki ''birləşmə'' şüarını təkrar edib

Article was updated on :  6 August 2019

Ermənistanın Baş nazirinin çıxışı Azərbaycanda kəskin reaksiya doğurub

Azərbaycanın işğal olunan ərazilərinə gələn Ermənistanın Baş naziri Nikol Paşinyan Xankəndində çıxış edərkən 1988-ci ilin sonlarında ermənilərin “Birləşmə” şüarını təkrar edib.

Ermənistan mətbuatının məlumatına görə, o, bu şüarla çıxışını başlayıb.

Çıxışında N.Paşinyan 2018-ci ildə Ermənistanda nə baş verdiyini yaxşı anlamaq lazım olduğunu deyib.

“Konstitusiyaya görə, Ermənistan xalqı öz müqəddəratını və gələcəyini həll edir. Ermənistanda məxməri inqilab bütün dünya üzrə erməniləri konsolidasiya edib”, - Baş nazir deyib.

Bundan başqa N.Paşinyan deyib ki, Ermənistan daim Dağlıq Qarabağ üçün arxa olub və Dağlıq Qarabağ irəlidə stabillik təmin etməklə Ermənistanı müdafiə edib, ona güc verib.

“Ümumerməni inqilabı deyəndə söhbət təkcə Ermənistandan getmir. Burada həm də söhbət “Artsax”da, (ermənilərin Dağlıq Qarabağı adlandırdığı versiya – red.) diasporada inqilabdan gedir. İnqilab hələ bitməyib. Onun uğurla başa çatması üçün düşüncə tərzini dəyişmək lazımdır”, - N.Paşinyan deyib.

“Ermənistanın danışıqlar prosesində iştirakı riyakarlıqdan başqa bir şey deyil”

Azərbaycan Prezidenti Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yerli mediaya Ermənistan Baş Naizrinin səfəri və çıxışına sərt reaksiya verib.

Hikmət Hacıyev deyib ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir.

“Azərbaycan dövləti və xalqı heç vaxt Ermənistanın törətdiyi hərbi işğal və qanlı etnik təmizləmə vasitəsilə ölkəmizin ərazi bütövlüyünün pozulmasına və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə imkan verməyəcək”.

O, bildirib ki, Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistan adlandırması, Ermənistanla qondarma rejimin birləşdirilməsinə çağırış etməsi Ermənistanın əsl məqsədinin işğalçılıq olduğunun növbəti açıq ifşasıdır. “Azərbaycanın işğal olunmuş ərazilərinin ilhaqına çağırmaq beynəlxalq ictimaiyyətə, xüsusilə münaqişənin danışıqlar yolu ilə həllinə məsul olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinə hörmətsizlik və məsuliyyətsizlik kimi qiymətləndirilməlidir. Ermənistan Baş nazir səviyyəsində beynəlxalq hüququn norma və prinsiplərini, BMT Nizamnaməsini, Helsinki Yekun Aktını ayaq altına atır, təhqir edir və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçilik etdiyi danışıqlar prosesini məhv edir”.

Hikmət Hacıyev daha sonra qeyd edib ki, danışıqlar prosesinin gələcəyi barədə suala ATƏT-in Minsk Qrupunun həmsədrləri cavab verməlidir.

“Bu açıqlama ilə Ermənistan Baş naziri həmçinin, öz-özünü inkar edir və bir müddət əvvəl Dağlıq Qarabağ adından guya danışa bilməməsi haqqında bəyanatının cəfəngiyat və yalandan başqa bir şey olmadığını etiraf edir. Bununla, Ermənistan rəhbərliyi açıq-aşkar sübut edir ki, Ermənistanın danışıqlar prosesində iştirakı riyakarlıq və beynəlxalq ictimaiyyəti aldatmaqdan başqa bir şey olmamışdır”.

H.Hacıyev vurğulayıb ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini, etnik təmizləməyə məruz qalmış vətəndaşlarının öz doğma torpaqlarına geri qayıtmasını və beynəlxalq hüququn aliliyini təmin edəcəyinə heç kimin şübhəsi olmasın.

Erkin Qədirli

Erkin Qədirli

Source: Meydan TV

“Paşinyanın hakimiyyətə gələrkən gözləntiləri özünü doğrultmayıb”

ReAL Partiyasının beynəlxalq məsələlər üzrə sədr müavini Erkin Qədirli bildirib ki, Nikol Paşinyanın sonuncu bəyanatı əvvəlki açıqlamalarına uyğun gəlmədiyindən bu cür reaksiya doğurub:

“Paşinyan Baş Nazir olandan sonra sülhə hazırlıqdan, güzəştlərə getməkdən danışmışdı. Eyni zamanda, rəsmi Bakını Dağlıq Qarabağ erməniləri ilə danışmasını istəmişdi. Qarabağ xalqına görə məsuliyyət daşımadığını da əlavə etmişdi. Bütün hallarda Ermənistanın Baş Naziri yeni bir şey deməyib”.

Erkin Qədirli xatırladıb ki, Ermənistan Konstitusiya Məhkəməsi 1999-cu ildə Robert Köçəryanın prezidentliyə namizəd olmaq hüququnu təsdiqləmək üçün Ermənistan SSRİ Ali Sovetinin 10 il əvvəl, 1989-cu ildəki qərarına istinad etmişdi.

“Ali Sovet həmin qərarla Qarabağı Ermənistana birləşdirildiyini elan etdi. Ermənistan qanunlarına görə prezidentliyə namizəd ən azı 10 il ölkədə yaşamalıdır. Məsələ ondadır ki, nə Ter-Petrosyan, nə Köçəryan, nə də Sarkisyan Qarabağın Ermənistanın tərkib hissəsi olması haqda siyasi çıxış və bəyanatlar verməyib. Amma Konstitusiya Məhkəməsi Köçəryanın namizəd olması üçün belə bir çıxış yolu tapmışdı. Nikol Paşinyan isə ilk rəsmi şəxsdir ki, Qarabağı Ermənistan adlandırır, maraqlı olan bu məqamdır. Çünki nə müharibədə udan Petrosyan, nə qarabağlı olan Köçəryan və Sarkisyan belə bəyanat verib. Əksinə, hakimiyyətə gəldiyi ilk günlərdə Qarabağ problemindən qurtulmaq istəyini büruzə verən Paşinyan isə ərazini Ermənistan adlandırmağa məcbur olub”.

Onun fikrincə, bu, çox populist çıxışdır, iki məqam ola bilər:

“Birinci, Ermənistan daxilindəki ciddi iqtisadi-siyasi problemlər. Paşinyan hakimiyyətə gələndə çox böyük gözləntilərlə gəlmişdi, artıq əhalidə münasibət fərqlidir. Eyni zamanda, Paşinyan diasporaya çox ümid edirdi. Xaricdəki erməni milyonerləri ölkəyə böyük yatırım qoyacaqlarını vəd etmişdi, bunlar baş vermədi. Baş nazirin Xankəndində bu məsələni xatırlatması sıradan bir şey deyil. İkinci, Paşinyanla Qarabağdakı hərbi klan arasındakı qarşıdurma nəzərə alınmalıdır.

Hərbi elita daha çox Moskvaya bağlıdır, nəinki Ermənistana. Ona görə Paşinyan Xankəndində birləşmə mesajı verir”.

Erkin Qədirli deyir ki, Azərbaycanın bu məsələdən fayda çıxaracaq şansları yaranıb, yəni Ermənistanın zəifliklərini görmək olur.

“Aydındır ki, hökumət rəsmiləri etiraz etməlidir”, - Erkin Qədirli deyib.

Rauf Mirqədirov

Rauf Mirqədirov

Source: Meydan Tv

“Paşinyanın çıxışı demogogiyadır”

Avropada mühacir həyatı yaşayan siyasi şərhçi Rauf Mirqədirov da Ermənistanın müstəqillik bəyannaməsini xatırladaraq bildirib ki, sənəddə Qarabağ bu ölkənin tərkib hissəsi kimi göstərilib. Ona görə Paşinyan yeni heç nə deməyib:

“Acınacaqlı tərəf rəsmi Bakının 25 ildə bu məsələni beynəlxaq səviyyədə qaldırmamasıdır. Əslində, həmin sənəd ilhaqın etirafıdır. Hazırda Azərbaycanda ölkənin hərbi gücü haqda səslənən fikirlər Ermənistan tərəfindən ciddiyə alınmır. Onlar bilirlər ki, Azərbaycan hərbi əməliyyatlara getməyəcək, ona görə arxayındırlar. Müdafiə naziri Zakir Həsənovun sonuncu bəyanatını xatırlamaq yetər. O demişdi ki, beynəlxalq vəziyyət müharibə aparmağa imkan vermir”.

Rauf Mirqədirovun sözlərinə görə, Paşinyanın son çıxışları onun Qarabağ elektoratına oynadığını göstərir. O qeyd edib ki, liderləri Köçəryanın həbsdə olduğu Qarabağ elitası hazırda Paşinyana ciddi müxalifətdədir və ona görə də Baş nazir Qarabağ ermənilərini ələ almaq istəyir, onun dedikləri real vəziyyəti əks etdirməkdən çox demoqogiyadır.

“Paşinyan həqiqi simasını üzə çıxardı”

Nikol Paşinyanın çıxışı ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, Ermənistan baş nazirinin çıxışında reallıqdan tamamən uzaq olan populist bəyanatlar səsləndirməsi onun bölgədə və ümumiyyətlə, dünyada baş verənlərdən xəbərsiz və nə dərəcədə aciz birisi olduğunu nümayiş etdirir.

“Bəyanatının əsasən daxili auditoriyaya nəzərdə tutulmasına baxmayaraq, bu, Ermənistan Baş nazirinə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin anneksiyasına çağıran fikirlər səsləndirməsinə heç bir əsas vermir. Ermənistan Baş nazirinin aqressiv bəyanatları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə illərdir ki, aparılan danışıqlar prosesinin ruhu və mahiyyəti ilə, o cümlədən Ermənistan və Azərbaycan arasında keçirilən sonuncu görüşlər zamanı aparılan müzakirələrlə açıq ziddiyyət təşkil edir”.

XİN

XİN

Source: meydan tv

XİN daha sonra bəyan edib ki, bu, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə böyük zərbədir.

“Ermənistanın siyasi rəhbərinin uzun illərdir ki, aparılan danışıqların predmetinə tam zidd olan bu bəyanatı, elə Ermənistanın özünün səsləndirdiyi, “münaqişənin yalnız sülh yolu ilə həlli” çağırışına uyğun gəlmir. N.Paşinyanın Xankəndidə etdiyi çıxışı onun həqiqi simasını üzə çıxarmış oldu. Bölgədə yaşanan bütün gərginliklərin, etnik təmizləmə siyasətinin qurbanı olan yüz minlərlə insanın fundamental hüququnun pozulmasının, münaqişənin sülh yolu ilə həllinə vurulan zərbənin və beləliklə də yaranmış vəziyyətin tam məsuliyyəti Ermənistan üzərindədir”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk Qrupu və Rusiya, ABŞ, Fransadan ibarət həmsədrləri məşğul olur.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  6 August 2019
Featured in:  
Shortlink:   http://mtv.re/27ubii

Most Viewed