Parlament siyasi məhbusları cinayətkar sayan bəyanat qəbul etdi

“125-lər” siyasi klubunun təsisçilərindən İqbal Ağazadənin imza atdığı bəyanatda “Azərbaycanda peşə fəaliyyətinə görə həbs edilmiş hüquq müdafiəçisi və jurnalist yoxdur” fikri yer alıb

Source:


“125-lər” siyasi klubunun  təsisçilərindən İqbal Ağazadənin imza atdığı bəyanatda “Azərbaycanda peşə fəaliyyətinə görə həbs edilmiş hüquq müdafiəçisi və jurnalist yoxdur” fikri yer alıb

Milli Məclisin bir qrup deputatı iyunun 10-da Avropa Parlamentində keçirilmiş dinləmələrlə bağlı bəyanat verib. Bəyanatda “Bakı-2015” I Avropa Oyunları ilə bağlı 2015-ci il iyunun 10-da Avropa Parlamentində keçirilmiş dinləmələri, Avropa Parlamentinin sədri cənab M.Şults və sədr müavini xanım U.Lunaçekin son açıqlamaları Azərbaycana qarşı qərəzli və məqsədyönlü kampaniya kimi qiymətləndiririlir: “Artıq neçənci dəfədir ki, həmin qrupların guya Azərbaycanda insan hüquqlarının pozulmasına dair qondarma problemi müxtəlif bəhanələr altında inadla və məqsədyönlü şəkildə gündəliyə gətirməyə çalışdıqlarının şahidi oluruq. Bu dəfə Azərbaycanı nüfuzdan salmaq üçün Avropa idman hərəkatının tarixində yeni mərhələ açacaq möhtəşəm idman tədbirinə istinad edilməsi yalnız təəssüf hissi doğurur. İdmanın siyasətdən ayrı bir sahə kimi mövcudluğuna müxtəlif siyasi mülahizələr ilə xələl gətirilməməsinə və idman yarışlarının bundan sonra da ölkələr və xalqlar arasında birləşdirici körpü rolunu davam etdirməsinə xüsusi diqqət yetirilməlidir. Narahatlıq doğuran hal budur ki, Azərbaycana qarşı növbəti qərəzli hücum üçün nəcib ideallara xidmət edən Avropa Oyunları kimi hadisədən istifadə etməyə cəhd göstərilmişdir”.

“Azərbaycanda insan hüquqlarının və əsas azadlıqların təmin olunmaması, hüquq müdafiəçilərinin və jurnalistlərin həbs olunması ilə bağlı Avropa Parlamentində səsləndirilən fikirlərə gəlincə, bütün bunların həqiqətdən nə qədər uzaq olduğu ölkəmizi yaxından tanıyan hər kəs üçün aydındır. Çoxu Azərbaycana səfər etməmiş, Azərbaycan haqqında məlumatı az olan deputatların kənardan onlara təqdim olunan birtərəfli informasiyaya əsaslanaraq bütöv bir ölkə barəsində mühakimələr yürütməsi, xalqın tam dəstəyinə arxalanan bir dövlətə öyüd verməyə çalışması parlament diplomatiyası prinsiplərinə və etikasına da qətiyyən uyğun gəlmir. Azərbaycanda peşə fəaliyyətinə görə həbs edilmiş hüquq müdafiəçisi və ya jurnalist yoxdur. Eləcə də, bu cür peşə sahiblərinin cinayət törətdikləri halda məsuliyyətdən azad olunacaqlarına dair hər hansı qanun da mövcud deyildir. Avropa Parlamentində Azərbaycana təzyiq vasitəsi kimi istifadə edilən bu faktlar konkret cinayət əməlləri ilə bağlıdır”,-deyə bəyanatda qeyd olunur.



Bəyanata “125-lər” Siyasi Klubunun təsisçilərindən İqbal Ağazadə də imza atıb

Bəyanata Milli Məclisin özlərini müxalifətçi deputatları hesab edən Ümid sədri İqbal Ağazadə, VHP sədri Sabir Rüstəmxanlı, BQP başqanı Fazil Mustafa və BAXCP sədri Qüdrət Həsənquliyev də imza atıb.

Ancaq maraqlı məqam odur ki, İqbal Ağazadənin üzv olduğu “125-lər” Siyasi Klubu həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyevlə bağlı kampaniya keçirib, onun dərhal azad olunmasını özündə ehtiva edən bəyanat yayıb. O cümlədən, Müsavat Partiyasının müavini Tofiq Yaqubli ilə bağlı “125-lər” Siyasi Klubu oxşar çağırışlar edib.

Bu mənada “125-lər” Siyasi Klubunun bəyanatına imza atan İqbal Ağazadənin “Azərbaycanda peşə fəaliyyətinə görə həbs edilmiş hüquq müdafiəçisi və ya jurnalist yoxdur. Eləcə də, bu cür peşə sahiblərinin cinayət törətdikləri halda məsuliyyətdən azad olunacaqlarına dair hər hansı qanun da mövcud deyildir” fikirləri yer alan MM-in bəyanatına imza atması suallar doğurduğundan qurumun iki üzvünə müraciət etdik.



İlhamiyyə Rza: “Mən İqbal Ağazadədən soruşacam…”


“125-lər” Siyasi Klubunun yetkilisi İlhamiyyə Rzayeva ilə əlaqə saxladıq. İlhamiyyə xanım bu barədə bəzi suallarımızı cavablandırdı.


– İlhamiyyə xanım, klubun üzvü, deputat İqbal Ağazadənin MM-nin siyasi məhbusları cinayətkar adlandıran bəyanatına imzalamasını necə qiymətləndirisiniz?

– Hesab edirəm ki, İqbal Ağazadə öz adından bəyanat verə bilər. Biz klub olaraq heç vaxt müzakirə etmədiyimiz məsələ ilə bağlı bəyanat vermirik. Bu. Ağazadənin mövqeyidir. “125-lər” Siyasi Klubunun mövqeyi deyil.


– Ancaq Ağazadə “125-lər” Siyasi Klubunun üzvüdür…

– Bəli, üzvüdür.


– MM-in bəyanatında “125-lərin müdafiə etdiyi, kampaniya apardığı İntiqam Əliyev, Tofiq Yaqublu cinayətkar adlandırılır. İqbal Ağazadə isə “125-lər” Siyasi Klubunun və MM-in bəyanatlarına imza atıb, bu, fərqli düşüncədir, yoxsa…?

– Bu, fərqli düşüncədir.


– Axı Ağazadə İntiqam Əliyevlə, Tofiq Yaqublunu cinayətkar adlandıran bəyanata imza atıbsa, necə fərqli düşüncə ola bilər?

– Bizim mövqeyimizdən fərqlidir. Biz hesab edirik ki, o adamlar cinayətkar deyillər, siyasi motivlərlə həbs olunublar. Və bu mövqe bizim mövqeyimizdən fərqlidir, o isə başqa cür hesab edir. Burda nə qeyri-məntiqsizlik görünür?


– “125-lər” Siyasi Klubunun müdafiə etdiyi şəxsləri cinayətkar adlandıran şəxslə bir düşərgədəsiniz, bu, qeyri-məntiqsizlik deyilmi?

– Mən bəyanatı indi oxudum. Əgər üzvlərimizdən istənilən biri vaxtilə qoşulduğu bəyanata fərqli mövqe ifadə edirsə, bunu ondan soruşmaq lazımdır. Mən ondan soruşacam.


– Bu məsələ “125-lər” Siyasi Klubunda müzakirə olunacaqmı?

– Yox, müzakirəni deyə bilmərəm. Əvvəlcə mən görüşəcəm, sonra lazım gəlsə, İdarə Heyətində müzakirə edəcəyik.


– Siz bunu irad kimi Ağazadəyə bildirəcəksinizmi?

– Bilirsiniz, mənim heç kimə irad tutmaq fikrim yoxdur, amma səbəbini soruşacam. Ki, vaxtilə birgə bəyanat qəbul etmişik, indi isə İqbal bəy fərqli məzmunlu bəyanata qoşulub və bunun səbəbini soruşacam.


– Bu fərq yox, ziddiyyət deyilmi? Siz iki şəxsin azadlığını istəyirsiniz, o isə cinayərkar sayır, halbuki, əvvəl birgə bəyanatlara imza atmısınız…

– Fərq elə ziddiyyətdir də, ziddiyyət olmasaydı, üst-üstə düşərdi, fərq olmazdı.



Ziddiyyət tamam başqa şeydir, gəlin, fikirlərə getməyək. Qayıdaq bəyanatlara, baş verənlər parlament seçkisi öncəsi “125-lər” Siyasi Klubunun başqa siyasi yönə çevrilmənin əlaməti deyilmi?

– Bu, “125-lər” Siyasi Klubunun adından verilmiş bəyanat deyil, ona görə də qənaətinizdə bir az tələsmisiniz. Əgər belə bir şey müşahidə etsəniz, suallarınıza cavab verə bilərəm. “125-lər” Siyasi Klubu İqbal Ağazadə deyil, həm də digər üzvlərdir. Əgər dediyiniz olsa, bu, birgə qərar olmalıdır. Yenə deyirəm, olsa, müşahidə edəcəksiniz.



Siyasi dairələrdə, ictimai rəydə “125-lər” Siyasi Klubu Ağazadənin nəzarətində olan qurum kimi tanınır…

– Bəli, çünki Ağazadənin təşəbbüsüylə yaranıb və o, klubun ideya müəlliflərindən biridir. Bununla bağlı mətbuatda çox suallara cavab vermişik, yenidən bu sualın gündəmə gəlməsini başa düşmürəm. Biz Ağazadənin təsisçilərdən biri olduğunu inkar etməmişik. İkinci, heç bir maddi bazamız yoxdur, heç kim bizə qrant ayırmayıb, kənarda da ofis tutmaq imkanımız yoxdur və üzvlərimizin resurslarından məmnuniyyətlə istifadə edirik. Ağazadə yox, Xalisa Şahverdi ofisini təklif etsəydi, gedib orda oturacaqdıq.



Deməli, klubun Ağazadənin təsir dairəsində olduğunu qəbul edirsiniz…?

– Xeyr, onu siz deyirsiniz.




Günel Səfər: “Biz Siyasi klub olaraq müzakirə edəcəyik”

“125-lər” Siyasi Klubunun üzvü Günel Səfər bu barədə sualımıza “Mən Avropa oyunlarının və buna bənzər bütün beynəlxalq mədəni və idman oyunların siyasiləşdirilməsinin əleyhinəyəm. Amma birmənalı olaraq İntiqam Əliyevin həbsinin doğru olmadığını bilirik və “125-lər” Siyasi Klubu olaraq prezidentə siyasi həbslərlə bağlı müraciət etmişik” deyə cavab verərək, əlavə etdi ki, Avropa Oyunlarının Azərbaycanı Avropa dəyərlərinə daha yaxınlaşdıracağına əmindir: “Mən Rusiya mövqeyinin Azərbaycanda güclənməsini istəmirəm və Avropanın Azərbaycana sərt mövqeyi buna gətirib çıxara bilər. İqbal Agazadə “125-lər” Siyasi Klubunun üzvüdür, İntiqam Əliyev və digər siyasi motivli həbs olunan insanlara münasibətdə mövqeyinin fərqli olduğunu düşünmürəm”.


Daha sonra Günel Səfərlə söhbətimiz aşağıdakı şəkildə davam etdi:



İqbal Ağazadə siyasi məhbusları cinayətkar hesab edən bəyanata imza atıb, siz isə günahsız olduğunu deyirsiniz, bunu necə izah edərdiniz?

– İntiqam Əliyevin məhkəməsində iştirak etmişəm və mən düşünürəm ki, o, hüquq sisteminə töhvə verən əsas insanlardan biri olub. İntiqam Əliyevin cinayətkar kimi yarğılanmasının əleyhinəyəm. İqbal Ağazadənin İntiqam Əliyevi cinayətkar hesab etdiyini düşünmürəm. O, yeganə millət vəkillərindəndir ki, İlqar Məmmədovun, İntiqam Əliyevin, Leyla Yunusun, Xadicə İsmayılın həbsi ilə bağlı Milli Məclisdə cıxış edib.


– Xanım, imza atıb MM-in bəyanatına, bu, fakt deyilmi?

– Yenə də deyirəm, mən hal-hazırda siyasi məhbus məsələsini Avropanın və ya hansısa bir ölkənin Azərbaycanda həll edəcəyinə əmin deyiləm.


– Sualıma konkret cavab verə bilərsinizmi?

– İqbal bəyin mövqeyini siz ondan öyrənə bilərsiniz. Biz məhkəmənin qərəzli aparıldığını düşünürük. Siyasi klub olaraq üzvlərin fərqli mövqeləri ola bilər. Bizim siyasi klub olaraq mövqeyimiz verdiyimiz bəyanatlarda var. Mən məhkəmədə şəxsən iştirak etmişəm və qərəzli mövqeyi görmüşəm. Eyni zamanda, illərdir ictimai sektorda, donor təşkilatında çalışmışam. O qədər qanuna uyğun olmayan məqamlar görmüşük və aradan qaldırmaq üçün çalışmışıq ki. Onda belə çıxır ki, əksər QHT-larının rəhbərləri həbs olunmalıdır?



Bunları demisiniz. Amma siz mənim konkret sualıma cavab vermirsinizsə, bu sualdan yayınmaq deyilmi?

– Hansı sual?


– Xanım, İqbal bəy MM-in bəyanatına imza atıb, bu, fakt deyilmi?

– Siz səhv etmirəmsə, İlhamiyyə xanımdan da mövqe öyrənmisiniz. Bilirsiniz, yenə də deyirəm, sualdan hec kim yayınmır. O sənədə imzanı mən atmamışam, bizim siyasi klubda muxtəlif mövqelər ola bilər. Yəni biz totalitar rejim formalaşdırmışıq ki, yekdil mövqe olsun. Klub üzvlərinin yekdil fikirləri ayrı-ayrı bəyanatlarda əks olunub, bura əfvlə bağlı bəyanat, İntiqam Əliyevin azad olunması ilə bəyanatı misal çəkmək olar.



 Iqbal Ağazadə həm sizin, həm də MM-in bəyanatına imza atırsa, bu, fərqli fikirdən çox siyasi riyakarlıq deyilmi?

– Iqbal Ağazadənin riyakar olduğunu qətiyyən duşünmürəm və uzun zamandır siyasi məhbus məsələsini parlamentdə ancaq onun nitqindən eşitmişik.


– Mən siyasi riyakarlıqdan danışıram…

– Niyə imzaladığını mən cavablandıra bilmərəm. Siz Iqbal Ağazadənin özündən bununla bağlı soruşa bilərsiniz.





Məsələ siyasi klubda müzakirə olunacaqmı?

– Biz siyasi klub olaraq müzakirə edəcəyik. “125-lər” bütün ictimai-siyasi məsələləri müzakirə edir və mövqeyini bildirir.

Ana səhifəXəbərlərParlament siyasi məhbusları cinayətkar sayan bəyanat qəbul etdi