Özgə halət görmədim

Qurucu-yaradıcı təkliflər verən ağıllı, savadlı, təmiz siyasi liderlərə inanmağın vaxtıdır.

Foto: Meydan.tv


Canavarların islah olub ot yeməyə başlayacağına da inanmayın

Dahi şairimiz dünyanın işlərinə baxıb kədərlə demişdi ki,

“Hər nə gördüm, əyri gördüm,

Özgə halət görmədim”.

Bəşəriyyət düşünən, vicdanlı azlığa və qanmaz, heyvərə çoxluğa bölünür. Dünyanın əksər ölkələrində hiyləgər, tamahkar siyasətçilər öz siyasi hakimiyyətlərini bu qanmaz və heyvərə çoxluğun sarı simlərində oynamaqla qururlar. Belə olmasaydı, Çörçil deməzdi ki, “Demokratiya çox naqis quruluşdur, lakin olanların ən yaxşısıdır” (kəlamı hafizəmə istinad edərək yazıram, kəlmə səhvi ola bilər, fəqət məna səhvi istisnadır).

Avtoritar və totalitar dövlətlərin sonu yaxşı olmur. Lakin özünü demokratik sayan dövlətlərdə də hakimiyyət çox zaman xalqa deyil, cibinə xidmət edən dələduz və lotu insanların əlinə keçir.

Dünya dərin siyasi, iqtisadi, əxlaqi və mənəvi böhran yaşayır. Bu böhran qeyri-demokratik dövlətləri də, həqiqi demokratik dövlətləri də çulğalayıb. Çıxış yolu görünmür.

Yüz il bundan əqdəm çoxu güman edirdi ki, nicat sosializmdədir, rus bolşevikləri sosializm adı altında elə bir eybəcər quruluş nümunəsi sərgilədilər ki, indi dəxi heç kəs sosializmi nicat saymır. Niyəsini xırdalamıram, əhalimizin xeyli hissəsi bu quruluşun ləzzətini Ulu öndərin sayəsində şəxsən dadıb.

Bəşəriyyət qalsın bir yana, söhbətim Azərbaycan ərazisində yaşayan əhalidəndir. Səbəb aydın deyil, lakin göz önündə olan budur ki, bu əhaliyə aid olan məxluqatın əksəriyyətində şərəf və ləyaqət hissi, anlayışı yerli-dibli yoxdur.

Qəzəblənib üstümə şığımağa tələsməyin. Yüngülcə toxtayın, bir neçə sualıma “hə” və ya “yox” cavabını verməyə çalışın, əgər “hə”lərin sayı “yox”ların sayından çox olsa, gəlib lap məni döyə bilərsiniz.

Söz verirəm ki, heç müqavimət də göstərməyəcəyəm.


1.Ehtiyac içində yaşayan xalqın malını talayıb oğurlayan, eyş-işrətə xərcləyən və xaricə daşıyıb gizlədən minlərlə yüksək vəzifəli vətəndaşda şərəf və ləyaqət varmı?


2.Xalqın səsverməsinin nəticələrini saxtalaşdıran, oğru və xain zümrənin hakimiyyəti məngirləməsinə hüquqi əsas verən seçki komissiyalarının on minlərlə üzvündə şərəf və ləyaqət varmı?


3.Qanunu və ədaləti tapdalayıb yuxarıların sifarişi, yaxud rüşvət müqabilində qərəzli qərarlar çıxaran hakimlərdə şərəf və ləyaqət varmı?


4. İki-üç kiçik dərnək tipli təmiz təşkilatı çıxmaq şərtilə 30 ildir Vətəni və xalqı hərracda satan ənənəvi “müxalifət” təsisatlarının fırıldaqçı rəhbərlərinin arxasınca şüurlu və şüursuz sürünən minlərlə məxluqda şərəf və ləyaqət varmı?


5.Zalım və xain hakimiyyətin bəd əməllərini görüb qorxudan cınqırını çıxarmayan, zülmə dözüb haqsızlığa baş əyən, etiraza və müqavimətə özündə cürət tapa bilməyən milyonlarla insanda şərəf və ləyaqət varmı?


6.Özünü ziyalı sayaraq ruzusunu xain və zalım hakimiyyətə yalmanmaqdan çıxaran on minlərlə ikiayaqlı dikgəzən məməli məxluqatda şərəf və ləyaqət varmı?

Suallar üzərində diqqətlə düşünün, fikirlərinizi təhlil və müqayisə edin, əgər “hə”lərin sayı çoxdursa, əsla tərəddüd etmədən gəlin və bu nataraz və ədəbsiz sualları qoymuş həqir bəndənizi çırpın. Əgər “yox”lar daha çoxdursa, Azərbaycanın düşdüyü uçurumun dərinliyini dərk edin, papağınızı qarşınıza qoyub “nə etməli” sualı üzərində dərin fikrə dalın.

Əminəm ki, cəmiyyətimizin mütləq əksəriyyətini düşündürən bu sualın cavabını bilmirsiniz və tapa da bilməyəcəksiniz.

Bu cür heysiyyatı zədələyən girişdən sonra özümdə cürət tapıb bu suala bildiyim və inandığın cavabı hüzurunuza ərz edirəm. Cavabı yenə sual qiyafəsində verəcəyəm ki, siz də onu özünüz asanlıqla tapa biləsiniz.


1

.Vətəni bataqlıqdan dartıb çıxarmağı arzulayan azsaylı vətəndaşın birbaşa toqquşmada gücü dövlətin bütün imkanlarını xalqa qarşı səfərbər etmiş antimilli hakimiyyətə çatarmı?


2

.Dövlətimizi tapdaq altından çıxarmağı arzulayan azsaylı vətəndaş İNDİKİ SİYASİ QÜVVƏLƏR nisbəti şəraitində nə vaxtsa dinc və qanuni yolla vətənə və xalqa xidmət edəcək parlament və prezident seçə biləcəyinə ümid edirmi?


3.

Ruzusu yaltaqlıq və nökərçilikdən çıxan ziyalıların və siyasi dəllaların nə vaxtsa oyanıb xalqa yiyə çıxacağına inanan varmı?


4

.Zalım və xain hakimiyyətimizlə sövdələşmələr sayəsində Azərbaycanın təbii sərvətlərinə sahib çıxmış demokratik Qərbin nə zamansa bizim ölkədə demokratiyaya qahmar çıxacağına inanan qalıbmı?

Bu suallar üzərində də düşünün. Əminəm ki, cavablar acı gerçəkliyi sizə anladacaq.

Bu şəraitdə mən oxucuma bircə məsləhəti verə bilərəm.

Bacardığınız işə girişin. Bacara bilməyəcəyiniz işə baş qoşmayın.

Hökumətlə güc müstəvisində çəkişməyin. Canavarların islah olub ot yeməyə başlayacağına da inanmayın. Əliyev üsuli-idarəsinin islahat nağıllarına uymayın.

Satqın ziyalıların və siyasi liderlərin ölmüş vicdanlarının oyanmasına bel bağlamayın.

Qərb bizə kömək etməyəcək.

Nəyi bacara bilərik? Gücümüz nəyə çata bilər?

Biz müxalifəti satqın və xain ünsürlərdən təmizləyə bilərik.

Otuz ildir xalqı xamlayıb vətənin maraqları ilə dəllallıq edən, özlərinə paytaxtda möhkəm və rahat yuva qurmuş hiyləgər və satqın vücudları siyasət meydanında tənha qoya bilərik.

Onları tanımayaq, saymayaq, onlarla təmasdan yayınaq.

Onlar cüzamlıdırlar, ətrafı yoluxdururlar.

Əl-həzər onlardan!

Onların hamısının adları artıq bəllidir. Onların kimliyi bəllidir. Onların hamısı bizi Qarabağsız, azadlıqsız qoymuş xain siyasi bütlərə sitayiş edirlər və camaatı da sitayiş etməyə çağırırlar.

İnanmayın. Yetər.

Qurucu-yaradıcı təkliflər verən ağıllı, savadlı, təmiz siyasi liderlərə inanmağın vaxtıdır.

Gözünüzü və qulağınızı açın, baxın və dinləyin, milləti onlarla dəfə məğlubiyyətə və iflasa aparmış köhnə ehkam və bütlərdən, mafiya casuslarından xilas olun, müxalifət sıralarını təmizləyib gücləndirin.

Belə etsəniz, bir də görəcəksiniz ki, əhalinin sağlam əksəriyyətini ətrafında birləşdirmiş həqiqi milli müxalifət növbəti seçkilərdə yenilməz bir qüvvə ilə xalqı qaçılmaz qələbəyə və nicata aparır.

Çətin yoldur, fəqət digəri yoxdur.

Ana səhifəXəbərlərÖzgə halət görmədim