Oruc-namaz – günahları bağışlamaq vasitəsi…

Fikir verin: Hüseynbala Mirələmovun əqidə dostları (bütün mənalarda) daşdan keçən arqument gətirirlər ki, keçmiş deputat, yazıçı, siyasətçi olan bu adam oruc tutur, namaz qılır.

Mənbə: Meydan TV


“Hər kim inanaraq və mükafatını yalnız Allahdan gözləyərək Ramazan orucunu tutarsa, onun keçmiş günahları bağışlanar“

Bu “müdrik kəlam”ı

www.meneviyyat.az

saytından götürmüşəm. Hüseynbala Mirələmov filmindən bir parçayla bağlı YAP-çıların səsləndirdiyi oruc-namaz arqumenti qarşısında çarəsiz qalanda axtarıb tapmışam. Adamı düşünməyə məcbur edən kəlamdır. Hələ mənbələrə baş vurub o arqumentləri gücləndirən başqa fikirləri oxuyanda həyatdan əlini üzür, ləyaqətlə yaşamağın çox “mənasız” iş olduğu qənaətinə gəlirsən. Epiqraf kimi verdiyim sitat da bunu təsdiqləyir. Sən, tutaq ki, 70-75 yaşa kimi istədiyini edirsən, hər cür yaramazəməl sahibi olursan, saxta seçkiyə gedirsən, səs oğurlayırsan, rüşvət verib mandat – xalqı təmsil etmək hüququ alırsan, artıq bu əməllərdən bezəndə, ya səhhətin buna imkan verməyəndə keçirsən oruc-namaza. Şeyxülislamın idarəsinə ya öz iş yerindən, ya da vəzifəli bir dostunun şirkətindən, nazirliyindən pul köçürüb (pereçisleniye) Həcc ziyarətinə gedirsən. Hacı titulu alıb qayıdırsan, üstəlik, qohum-əqrəba, dost-tanış pişvazına çıxıb səni övliya kimi qarşılayır. Evdə onlara bir az Zəm-zəm suyu, təsbeh, möhür, bir sözlə, Məkkədə satılan “kitayski” oyuncaqlardan verib könüllərini xoş edirsən. Bununla hər şey, bu yaşa qədər etdiyin bütün günahlar bağışlanır, mömin bəndə statusunda hələ kimlərəsə nəsihət də verirsən…

Yuxarıdakı sitatın Hüseynbala müəllimə birbaşa dəxli var, adam dövlətdən heç bir mükafat (orden-medal, fəxri ad) almayıb, görünür, bu sitatdakı kimi mükafatını Allahdan gözləyib. Ancaq başqaları sayaq alıb döşünə düzdürə bilərdi. Etməyib, ahıl çağında oruc-namazla işləri yoluna qoymağa – günahlarını bağışlamağa ümid edib. Qınamalı da deyil, islamla bağlı mənbələrin çoxunda ona haqq qazandıracaq saysız sitatlar var, həm də gəlmiş-keçmiş din xadimləri adından.



“Harada olursan- ol, Allahdan qorx. Bir pis iş (günah) etdikdə ardınca yaxşı əməl et ki, onu silib aparsın və insanlarla ən gözəl əxlaqla davran!”

Deməli, pis əməl günah olsa da, ardınca bir yaxşı əməl edib o günahı tarixin arxivinə göndərirsən, hələ pisin ardınca iki yaxşı əməl eləsən… çim yağ, yerin cənnətin ən gözəl guşəsindədir… Sonra da məclislərdə ağıllı-ağıllı əxlaqdan danışırsan…

Saxta mandatlı bir neçə deputat keçmiş həmkarları Hüseynbala Mirələmovla bağlı mövqeyini bildirib. Onlar hamısı “pis iş (günah)” edib saxta seçkidə verilən mandatla deputat olub. O pis işdən sonra yaxşı əməl edib-etmədiklərini bilmirəm, ancaq pis iş edən Hüseynbala müəllimin keşiyində möhkəm dayanıblar, həm də dindən qalxan kimi yararlanmaqla.


Siyavuş Novruzov:


“Hüseynbala Mirələmov hər zaman namaz qılır. Məlum videoya gəlincə, həmin katibənin qulaqları yaxşı eşitmir. Hüseynbala müəllim neçə dəfə onu çağırır ki, kompüterin səsini aç. Həmin bacımız da eşitmə əngəlli olduğundan məcbur əli ilə dümsükləyib. Məsələdən şou düzəltməyin…”

5 çağırışdır deputatdır. Bundan başqa, guya həmkarına dəstək üçün katibənin eşitmə əngəlli olduğunu deyir. Qaş düzəldən yerdə göz çıxarır. Görünür, Siyavuş Novruzov və əqidədaşları Hüseynbala müəllimin həmin katibəni “dümsükləməsini” çox görüblər.


Hadı Rəcəbli:


“Hüseynbala Mirələmovla dostluğumuzun dərin tarixi var. Hazırda Hüseynbala müəllim oruc tutur. Belə bir videonun yayılması ancaq montaj ola bilər”.

5 çağırış – 25 il deputat olub. Günahlarının silib aparacaq yaxşı əməli barədə mənbələrdə heç bir yazıyla qarşılaşmadım.


Eldar İbrahimov:


“…Mən Hüseynbala Mirələmovla yaxın olmuşam, dost olmuşam. Gəlin bu məsələni məndən soruşmayın. O video sonradan düzəltmədir, montajdır. Zəlzələdən, vəlvələdən… olubdur…”

6 çağırış mandat veriblər, yəni 30 ilə yaxındır deputatdır. Elə Mirələmov yaşındadır.


Sabir Rüstəmxanlı

:

“Bu görüntüləri yaymaq xəstə şüurun, anormal psixoloji durumun məhsuludur. Hüseynbala Mirələmov bizim çox hörmətli ziyalılarımızdan biridir. Yaxşı yazıçıdır, tanınmış şəxsdir. Bu qədər zəhmətə hörmət etməyib,



xırda şeyi



yaymaq nə dərəcə doğrudur? Hüseynbala Mirələmovun hərəkəti normal deyil, ancaq yayılması on qat anormal hərəkətdir və ayıbdır”.

30 ilə yaxındır deputatdır. Rüstəmxanlının düşüncəsinə görə, adam yaxşı yazıçı və tanınmış şəxsdirsə, demək, nə istəsə edə bilər.

Sabir müəllim üçün İmam Əlidən bir sitat:


"Ən böyük günah odur ki, onun sahibi o günahı kiçik saysın".

Fikir verin: Hüseynbala Mirələmovun əqidə dostları (bütün mənalarda) daşdan keçən arqument gətirirlər ki, keçmiş deputat, yazıçı, siyasətçi olan bu adam oruc tutur, namaz qılır. Daha kimin nə sözü ola bilər?!

Çox təəssüf ki, bu yanaşma Azərbaycanda geniş yayılıb və təbliğ olunur. İllərlə vəzifə kürsüsündə otur, rüşvətin, korrupsiyanın – çirkabın içində ol, pis əməllərin saya gəlməsin, ancaq günün birində vəzifədən çıxarıl, ya da elə vəzifədə qala-qala oruc-namaza başla. Bununla da toxunulmazlıq qazanır, elədiyin bütün günahların, cinayətlərin, hər cür pis əməllərinin üstündən xətt çəkmiş olursan (Quran oxuyub, namaz qılan Ziya Məmmədov kimi). Məclislərdə oruc-namaz əhli kimi yuxarı başa çəkirlər, yox… Məkkə ziyarətində olub Hacı adı almısansa, yerin mollanın yanındadır. Ehsan veriləndə birinci kasa sənin qabağına gələcək…

Çalışın pis iş (günah) etməyin, yoxsa onun ardınca yaxşı əməl etmək zorunda qalacaqsınız; o günah(lar)ı silib aparmaq üçün… Silinsə…

Ana səhifəXəbərlərOruc-namaz – günahları bağışlamaq vasitəsi…