”Onlar heç təsəvvür edə bilmirlər ki, heyvanların da hüquqları var”

Bakılı Raul Məmmədovun 12 iti var. Bəzilərini evdə, bəzilərini iş yerində saxlayır. Raul bir özəl şirkətin mühafizə xidmətində işləyir.

“Digər” heyvanlar – yəni onun himayəsində olmayanlar daha çoxdur, o, həmişə hansınısa müalicə edir, yedizdirir, onlara daimi ev və ya müvəqqəti qalmağa yer axtarır.

Heyvanlara qarşı diqqət və sevgi onda uşaqlıqdan var:

“Məktəbə gedərkən itlər mənə yaxınlaşırdı, mən onları sığallayırdım, onlar mənim xoşuma gəlirdi. Sonra yemək verməyə başladım, onları müalicə etmək, yaralarını sağaltmağa çalışdım”.

Onun heyvan sevgisi böyükləri narahat edirmiş:

“Mənə gülürdülər, itləri yedizdirməyə qoymurdular ki, buradan əl çəkməyəcəklər”.

Himayə etdiyi heyvanların yavaş-yavaş yoxa çıxması onun diqqətini çəkməyə başlayıb. Sonralar öyrənib ki, şəhər rəhbərliyi küçə heyvanlarına sözün əsl mənasında müharibə elan edib – onları ovlayır və öldürürlər.

Bu gün Bakı Şəhər İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən sahibsiz heyvanlarla mübarizə şöbəsi iddia edir ki, yalnız quduzluğa qarşı sterilizasiya və peyvənd etməklə məşğuldurlar, yəni şəhərdəki itləri öldürmürlər. Ancaq sosial şəbəkələrdə şəhərin fərqli hissələrində itlərin öldürülməsilə bağlı məlumatlar getdikcə daha çox paylaşılır.

“Hər il şəhər rəhbərliyi ən azı 5-6 iti quduz elan edir və öldürür”, – Raul deyir.

Ötən il fəallar Bakıda itlərin öldürülməsinə əmr verən yeddi məmurun vəzifədən azad edilməsinə və cərimə olunmasına nail olublar. Raul məmurların məsuliyyətə cəlb olunmasına nail olan fəallardan biri olub. 2011-ci ildə qəbul edilmiş qanun olmasaydı, bu, mümkün olmazdı.


Qanun nə deyir

Azərbaycan 2003-cü ildə heyvanların müdafiəsi ilə bağlı Avropa Konvensiyasına qoşulub və onu 2007-ci ildə ratifikasiya edib. 2011-ci ildə “Heyvanların saxlanılması qaydaları haqqında” Qanun qəbul olunub. Bu qanun heyvanlara qəddar münasibətin cinayət məsuliyyətinə cəlb edilməsini nəzərdə tutur, xüsusən də küçə itlərinin öldürülməsi və it döyüşdürməyi (əvvəllər hər ikisi adi hal idi) əhatə edir. Həmin normativ akt bir itin insana hücum etməsi və ya həyat fəaliyyətini itirməsi halında avtonaziya etməyə imkan verir.

Azərbaycanda heyvanlarla rəftar qaydalarının pozulduğu hallarla bağlı 2013-cü ildə cərimələr on dəfə artırılıb – 20 manatdan (10 avro) 200 manata(100 avro) qədər.

Evsiz heyvanlar üçün ilk sığınacaqlar 2016-cı ildə yaranıb. Ən məşhuru – “Candor school” müğənni Elnur Hüseynova məxsusdur. Onunla eyni vaxtda Heyvanlara Qayğı Mərkəzi (IACC) açılıb – burada klinika, karantin blokları, heyvanlar üçün sığınacaq, himayədarlıq şöbəsi fəaliyyət göstərir.

Mərkəz prezident İlham Əliyevin qızı Leyla Əliyeva tərəfindən yaradılıb (Heydər Əliyev Fondunun vitse-prezidentinin iştirakıyla)

Bunlardan əlavə də bir neçə kiçik sığınacaq var.


Dövlət eşitmir

Raul deyir ki, nə mövcud sığınacaqlar, nə də qəbul edilmiş qanunlar küçə itlərinin acı taleyini dəyişdirmir.

İtlərə qarşı qəddar münasibətin aradan qalxması üçün dövlət aktivistlərə qulaq asmalıdır. Raul şagirdlər üçün xüsusi proqramın xəyalını qurur:

“Heyvan sevgisi uşaq yaşlarından aşılanmalıdır; əgər, bu, evdə baş vermirsə, məktəb etməlidir. Proqramlar, dərsliklər, məktəblərdə iş görmək lazımdır”.

Zoomüdafiə üzrə Raulun həmkarı Mənsurə Rəsulzadə deyir ki, hələ ki, dövlətlə razılığa gələ bilmirlər. “Biz həvəslə məktəblərdə və parklarda maarifləndirici söhbətlər aparardıq. Ancaq Təhsil Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə və ya Mədəniyyət Nazirliyinə müraciət etdikdə heç vaxt bitməyəcək uzun bürokratik proses başlayır”, – deyə o bildirir.


Gənclər daha mərhəmətlidir?

Raul hesab edir ki, Bakıda heyvanlara qarşı adi hal almış düşmənçiliyin heç bir izahı yoxdur:

“İt uzanıb, yatır. Ona yaxınlaşıb təpik vururlar, ya da çubuqla vururlar və ya daş atırlar. Heç bir səbəbsiz qovurlar”.

İzah etmək (məsələn, it peyvənd olunub və qeyri-aqressivdir) nadir hallarda nəyisə həll edir:

“Ancaq yenə də kimisə yola gətirmək olur. Bəziləri hətta aktivist olurlar”.

küçə heyvanlarının müdafiəsilə məşğul olanların böyük əksəyyəti gənclərdir:

“Gənclərin çoxunu artıq tanıyıram. Məsələn, təxminən 65 pişiyin qayğısına qalan bir qızı. Evini sığınacağa çevirən və indi təxminən 260 itə himayəçilik edən bir oğlanı tanıyıram. Yaşlı nəsil, təəssüf ki, heyvanların problemini gözardı edir, hətta bununla məşğul olan fəalları tənqid edir. Onlar heç təsəvvür edə bilmirlər ki, heyvanların da hüquqları var”.

Ana səhifəVideo”Onlar heç təsəvvür edə bilmirlər ki, heyvanların da hüquqları var”