Ölüm də ağzının dadını bilir…

Kimsə bəyin narahatlığının sağalmaz ola biləcəyini, son ucunda ölüm ola biləcəyini ağlına da gətirmirdi.

Foto: Meydan TV


Həyatını siyasi, ictimai həqiqətlərin qələbəsinə həsr etmiş Vurğun bəy ölümü ilə adi bir gerçəkliyi də bu ölkənin yaltaq, rüşvətxor zümrələrinin sifətinə çırpdı

Vurğun Əyyubun ölümü mənim üçün gözlənilməz idi; baxmayaraq ki, son ilyarımda çağdaş tibbin qarşısında aciz qaldığı bir xəstəliyə tutulduğunu bilirdik, son aylarda isə sağlıq durumu getdikcə pisləşdiyindən hər an acı xəbərin gələ biləcəyinin fərqində idik. Ancaq mənim üçün Vurğun bəyin ölümü yenə də gözlənilməz idi, mənə elə gəlirdi ki, o, öz mətinliyi ilə bu sağalmaz xəstəliyin də öhdəsindən gələcək.

Mənə elə gəlirdi ki, 1992-ci ilin burulğanları içində təkcə Azərbaycan təhsili üçün yox, bütövlükdə Azərbaycan tarixi baxımından inqilabi dəyişikliyi – testlə tələbə qəbulunu böyük uğurla həyata keçirmiş bir adam xərçəng adlı bəlanın kürəyini yüzdə yüz yerə vura bilər.

Mənə elə gəlirdi ki, 1993-cü ildən bu yana saysız-hesabsız maddi və mənəvi problemlər yaşamış, basqılar, təzyiqlər görmüş, lakin heç biri qarşısında əyilməmiş, qaya kimi möhkəm dayanmış, şəxsiyyətinə toz qondurmamış, məğrurluğundan zərrə itirməmiş bir adam nə qədər sağalmaz olsa belə, bu xəstəliyə də təslim olmayacaq.

Di gəl, bu ümidlərim elə ümid olaraq da qaldı və Vurğun bəy gözlərini həyata yumdu, sonsuz bir yolçuluğa başladı.

Ölüm isə bir daha sübut etdi ki, o da ağzının dadını yaxşı bilir – dəyərli insanları, parlaq insanları uzun illər gözləməyə tamahı yol vermir, onları erkən udmaq üçün əldən-ayaqdan gedir.

Ancaq istər ölüm ayağında olduğu, istərsə də ölümündən sonrakı günlərdə sosial şəbəkələrdə ona qarşı sayğı, sevgi, rəğbət dolu ismarışlar sübut etdi ki, əcəllə bu savaşın yeganə qalibi Vurğun bəydir. Aramızda olmayışı şərtidir: fiziki yoxluğunun yerində mənəvi varlığı möhtəşəm bir abidə kimi on illər, yüz illər sonra da yaşayacaq, yüksəlməyə davam edəcək.

***

Həyatını siyasi, ictimai həqiqətlərin qələbəsinə həsr etmiş Vurğun bəy ölümü ilə adi bir gerçəkliyi də bu ölkənin yaltaq, rüşvətxor zümrələrinin sifətinə çırpdı: bu torpaqlarda məmur da olmaq olar, alim də; ancaq məmur olub, alim olub, yaradıcı insan olub da bu dünyadan xalqın sevgisi, sayğısı ilə uğurlanmaq mümkündür!

Axırıncı dəfə həmin mənzərəni usta sənətkar Fuad Poladovun həyatının son günlərində və ölüm xəbəri çıxdıqdan sonra görmüş, müşahidə eləmişdik.

O gileylənənlər olur e, "zəmanə dəyişib, artıq adamlarda ölüyə-diriyə belə, hörmət qalmayıb", yanılırlar: Vurğun bəyin də, Fuad bəyin də ölümü göstərdi ki, qalıb, lap yaxşı qalıb! Yetər ki siz yalana bulaşmayın, yaltaqlığa yuvarlanmayın, rüşvətlə yaşamayın, haqqı nahaqqın ayağına verməyin, şərəf, ləyaqət kimi anlayışları əmtəəyə çevirməyin, onları vəzifəyə, pula-paraya, imtiyazlara dəyişməyin!

***

Son telefon danışımızda Vurğun bəy ağrılarının hədsiz artdığından gileylənmişdi, səsi əvvəlki kimi gümrah deyildi, ancaq əvvəlki ötkəmliyində qalırdı. Sanki bununla demək istəyirdi ki, "ağrılarım çoxdu, lakin məmləkətin ağrılarından daha amansız, daha qəddar deyil, bu ağrılara dözdükdən sonra canımdakı ağrılara dözməyə nə var?!"

Bu sətirləri yaza-yaza qəfildən onunla ilk canlı görüşümüzü xatırlayıram: 2003-cü ilin yayı idi, prezident seçkiləri öncəsi idi. Mən o vaxtlar Yazıçılar Birliyinin (AYB) üzvü idim, bu həyatımın indiyə qədərki ən peşman olduğum hadisəsidir. Hələ 22 yaşımda ikən, indi aramızda olmayan Arif Əmrahoğlu və Nüsrət Kəsəmənlinin israrları ilə üzvlük üçün müraciət etmişdim, dərhal da müsbət cavab almışdım. Seçkiöncəsi Yazıçılar Birliyi hakimiyyət namizədini dəstəklədiyinə dair bəyanat yaymışdı. Mən də o vaxtkı bir neçə dostla bu bəyanata qarşı bəyanat hazırlamışdıq, müxalifət namizədini (İsa Qəmbəri) dəstəkləyəcəyimizi bildirmişdik, bununla bağlı mətnə AYB-nin onlarca üzvü qol çəkmişdi. Eyni vaxtda "Oxu" Yazarlar Evi yaratmışdıq, bu qurum da İ.Qəmbərin namizədliyini müdafiə edirdi. Bax elə həmin günlərdə, dostum-qardaşım Ehtiram İlham məni Vurğun bəylə görüşdürmüşdü, bir-birimizi əyani tanımışdıq; seçki tarixin ən rüsvayçı saxtakarlığı ilə bitmişdi, ardınca saxtakarlığa, milli iradənin oğurlanmasına qarşı xalq etirazları amansızcasına yatırılmışdı. Pərişanlığımızın hüdudu yox idi.

Hamının içini məyusluq, bədbinlik bürüdüyü belə bir zamanda Vurğun bəyin yaxın dostlarla görüşdə dediklərini xatırlayıram: "Hər şey itirilməyib, əlbəttə, ümidini itirməyənlər üçün…"

***

Yadımdadımı, bir neçə il öncəydi, yığnaqların birində Vurğun bəy xeyli narahat idi, tez-tez süfrədən qalxmalı olurdu. Məgər xəbərimiz yoxdur, vücudundakı xərçəng adlı illət artıq başlayıbmış. Kimsə bəyin narahatlığının sağalmaz ola biləcəyini, son ucunda ölüm ola biləcəyini ağlına da gətirmirdi. Həmin yığnaqda ağrılarının səbəbini soruşanlara da "hələ heç həkimlər tapa bilmir, mən hardan bilim" deyirdi. Onda dilim dinc durmamışdı, "Bəy altmış yaşın şıltaqlığını eləyir" söyləmişdim.

Vurğun bəy gülümsünmüşdü: "Siz cavanlar o qədər nihilist nəsilsiniz, adamı əlinizlə aparıb torpağa qoysanız da, onun öldüyünə inanmazsınız".

Haqlı çıxdın, bəy. Səni torpağa tapşırdıq, ancaq mən bu olanlara hələ də inanmıram, inana bilmirəm…

Ana səhifəXəbərlərÖlüm də ağzının dadını bilir…