“Oktay Gülalıyev 11 aydır komadadır, açılan cinayət işi isə az ağır cinayət sayılıb”

“Hər halda Mehman Əliyev müraciət edibsə, baxılıb, cavab veriləcək”.

Source: Meydan TV


Mehman Əliyev hüquq müdafiəçisinin işi ilə bağlı Baş prokurora müraciət edib

Hüquq müdafiəçisi Oktay Gülalıyevin maşınla vurulmasından 11 ay ötsə də, açılan cinayət işi hələ məhkəməyə göndərilməyib.

Bu fikir “Turan” İA-nin direktoru Mehman Əliyevin Baş Prokuror Kamran Əliyevə müraciətində yer alıb.

Mehman Əliyev müraciətində xatırladıb ki, hüquq müdafiəçisi Oktay Gülalıyev 2019-cu ilin oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində avtomobillə vurulub. O, başından aldığı zədə nəticəsində hələ də komadadır:

“Fakt üzrə Oktay Gülalıyevi vuran sürücü Kənan Abdullayevin barəsində CM-in 263.1.1-ci maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) ilə cinayət işi qaldırılıb. Hadisədən təxminən 11 ay keçsə də, O.Gülalıyevin ailəsinin və müdafiə tərəfinin çağırış və tələblərinə baxmayaraq, iş indiyədək məhkəməyə verilməyib”.

Mehman Əliyev bu ilin 4 iyul tarixində Nəsimi rayon prokuroru Həsən Hanifəyevin onu və Oktay Gülalıyevin vəkili Fuad Ağayevi qəbul etdiyi bildirib:

“Görüş zamanı bizə istintaqın gedişi və prokurorluğun son hərəkətləri barədə məlumat verildi. Əsasən istintaq orqanına – Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsinə Oqtay Gülalıyevin nümayəndəsinin vəsatətində əksini tapan tələblərin əksəriyyətinin təmin edilməsi barədə göstəriş verildi. Məsələ bundadır ki, 2019-cu ilin sonundan başlayaraq Fuad Ağayevin istintaq və prokurorluq orqanlarına dəfələrlə müraciətlərinə baxmayaraq, o, bu müraciətlərə heç bir cavab almayıb. Halbuki, adıçəkilən orqanlar onun vəsatətinə və şikayətlərinə baxılmasının nəticələri ilə bağlı onu qısa müddətdə məlumatlandırmalı idi”.

_36405.width-1024.jpg
Mehman Əliyev

Mehman Əliyev 4 iyul görüşü barədə onu da əlavə edib ki, prokuror Hənifəyev onlara istintaqın baş verənlərin mənzərəsinin tam bərpasında və işin ədalətli şəkildə araşdırılmasında maraqlı olduğunu söyləyib:

“İstintaqın marağı çərçivəsində prokuror Oktay Gülalıyevin işini aparan əməkdaşlara tapşırdı ki, zərərçəkənin nümayəndələri ilə bundan sonra sıx ünsiyyət təmin edilsin. Bununla belə, iki aydan çox keçib, vəkil hələ də vəsatətə rəsmi cavab ala bilməyib”.

Mehman Əliyev sadaladığı qeydləri xatırladaraq Baş prokurordan xahiş edib ki, vəkil Fuad Ağayevin bütün vəsatətlərinin təmin edilməsi üçün dərhal tədbirlər görülsün:

“Həm də istintaq materiallarının baxılması üçün məhkəməyə verilməsini sürətləndirəsiniz”.

Mehman Əliyev müraciətində özünü Oktay Gülalıyevin ailəsinin maraqlarının qanuni nümayəndəsi kimi təqdim edib.

Hüquq müdafiəçisi Anar Məmmədlinin fikrincə, məhkəmənin yubanmasında əsas amillərdən biri Oktay Gülalıyevin səhhətidir. Çünki onun həyatı hazırda təhlükə altındadır: “Məsələ ondadır ki, Oktay bəy həmin qəzadan sağ çıxmaya da bilər, yaxud ömürlük şikəst qala bilər”.

36042829_1572920592834854_2424081934159183872_n.jpg
Anar Məmmədli

Anar Məmmədli hesab edir ki, indiki münasibət Oktay Gülalıyevin fəaliyyətinə qərəzdən qaynaqlanır:

“Ona qarşı olan bu əməli araşdırmaq niyyətləri yoxdur, ortada səhlənkarlıq da var. Məncə, səhlənkarlığın arxasında siyasi qərarın olmamasıdır. Azərbaycan elə bir ölkədir ki, bu cür qəzaların araşdırılması, sürətlə yekunlaşdırılması və məhkəməyə zamanında çatdırılması üçün yuxarıdan tapşırıq gözləyirlər. Ona görə də Prezident Administrasiyası səviyyəsində məsələyə müdaxilə olmalıdır”.

AXCP sədri Əli Kərimli Oktay Gülalıyevin vurulmasınında çoxlu sualların olduğunu düşünür:

“Oktay bəyin vurulması, ardınca əməliyyatının gecikdirilməsi və faktiki indiki vəziyyətə salınması ilk gündən çoxlu sual yaradıb. Bu olayda aydın olmayan, şübhə yaradan, bu işin məqsədli olduğunu göstərən çoxlu əlamət var. Bu əlamətlərdən biri odur ki, 11 aydır komadadır, amma sürücüyə az ağır cinayət törətməyə görə cinayət işi açıblar. Deməli, onun məsuliyyətə cəlb olunması üçün heç bir təşəbbüs göstərilməyib”.

Əli Kərimli xatırladıb ki, Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli maşınla 82 yaşlı qadına toxunmuşdu, xanım şikayətçi olmasa da, proses uzadıldı:

“Həmin qəzada qadının dizinin dərisi soyulmuşdu, heç bir sınıq yox idi. Qadın məhkəməyə gəlib şikayətinin olmadığını desə də, Günel Həsənli məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkdi. Amma Oktay Gülalıyev 11 aydır komadadır, açılan cinayət işi az ağır cinayət sayılıb. İkinci, vəkil Fuad Ağayevin vəsatətlərinə diqqət edilməyib. O cümlədən, ərazidəki kameralara baxış, Oktay bəyin telefon zəngləri vəsatətləri araşdırılmayıb”.

Əli Kərimli
Əli Kərimli

Əli Kərimlinin sözlərinə görə, istintaqın süni şəkildə uzadılması Oktay Gülalıyevin işində siyasi motivi aydın şəkildə göstərir.

Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü, deputat Fazil Mustafa Mehman Əliyevin müraciətinin araşdırılmasına ehtiyacın olduğunu deyib:

“Əgər istintaq gedibsə, yekunlaşıb məhkəməyə göndərilməlidir. Amma işin məhkəməyə göndərilməməsinin səbəbləri Baş prokurorun cavabından məlum olacaq”.

fazil mustafa 2504.jpg
Fazil Mustafa

Fazil Mustafa bildirib ki, o, bu məsələylə indiyə qədər maraqlanmayıb, amma onlara müraciət olardısa, deputat sorğusu verib öyrənərdilər:

“Hər halda Mehman Əliyev müraciət edibsə, baxılıb, cavab veriləcək”.

2019-cu ilin oktyabrın 29-da axşam saatlarında hüquq müdafiəçisi Oktay Gülalıyevi avtomobil vurub. Şahidlərin sözlərinə və sosial şəbəkələrdə yayılan videogörüntülərə əsasən, khadisə Oktay Gülalıyev piyadalar üçün nəzərdə tutulan keçiddən keçərkən baş verib. Məlumatlara görə, qəza baş verəndən sonra avtomobil sürücüsü özü Oktay Gülalıyevi xəstəxanaya çatdırıb.

Oktay Gülalıyev əvvəlcə 1 saylı Təcili Tibbi Yardım Mərkəzinə yerləşdirilib. Sonradan “City Hospital”a köçürülüb və oktyabrın 30-da orada əməliyyat olunub. Daha sonra isə yaxınları onu Neyrocərrahiyyə Klinikasına aparıblar.

Sonradan müalicəsini davam etdirmək üçün o, Türkiyənin İstanbul şəhərinə aparılıb. Heydər Əliyev Fondu onun xərclərini öz üzərinə götürüb.

Bəzi ictimai fəallar hüquq-mühafizə orqanlarının qəzanın qəsdən törədilmədiyi ilə bağlı açıqlamasına şübhə ilə yanaşırlar.

Oktay Gülaliyev Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatorudur. O, həmin gün, oktyabrın 29-da Repressiya və İşgəncələr Əleyhinə Komitənin “İşgəncələrə son qoyulsun!” adlı 10-günlük ictimai kampaniyaya start verdiyini açıqlamışdı.

Ana səhifəSiyasət“Oktay Gülalıyev 11 aydır komadadır, açılan cinayət işi isə az ağır cinayət sayılıb”