“Oğlum intihar etməyib, onu öldürüblər”

“Oğlumun cibindən çıxan qələm-dəftərini, qanlı paltarını vermədilər”.

Source: Specify Source


Əsgər atası oğlunun ölümü ilə bağlı istintaqın gedişindən narazıdır

“Oğlumu öldürüb, indi də qanını batırmaq istəyirlər. Övladım heç vaxt özünü güllələməzdi. Yalandan deyirlər ki, guya sevdiyi qıza görə özünü vurub”.

Bu il mayın 7-də 15 saylı cəzaçəkmə müəssisəsində Penitensiar Xidmətin əsgəri, 2001-ci il təvəllüdlü Polad Nağı oğlu Salmanov alnından aldığı güllə yarasından 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılarkən yolda keçinib. Hadisə ilə bağlı Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb.

Əsgərin atası, Xaçmaz rayon Bostançı kənd sakini Nağı Salmanov oğlunun intihar etmədiyini, öldürüldüyünü iddia edir. Bir neçə aydır faktla bağlı açılan cinayət işinin qeyri-obyektiv aparıldığını söyləyir:

“Hərbi xidməti başa vurub, evə gəlməyinə dörd ay qalmışdı. Ölümündən on gün qabaq danışdıq, dedi ki, hər şey yaxşıdır. Mayın 7-də axşam Poladın xidmət etdiyi hərbi hissədən zəng gəldi ki, oğlunuz ölüb. Səbəbini soruşanda telefonda dedilər ki, bilmirik. Mənə deyildi ki, sabah hərbi hissəyə gəlin. Təkrar başqa bir nömrədən zəng gəldi. Bildirdilər ki, bizə Bakıdan zəng ediblər, oğlunuz xəstəxanadadır, son nəfəsidir, sizi görmək istəyir. Etiraz etdim ki, bəs mənə dedilər ki, oğlum ölüb? Dedilər ki, sağdır. Məni hərbi prokurorluğa apardılar. İzahat aldılar, sonra da dedilər ki, qol çək. İzahatı yazanda da dedim ki, mənim oğlum heç vaxt özünü güllələyə bilməz. Oradan məni morqa apardılar. Oğlumun meyitini götürüb, onlarla birgə kəndə qayıtdıq”.

Mərhumun atası deyir ki, işi müstəntiq Arif Fərzəliyev aparıb. Müstəntiq Bostançıya gələrək, kənd sakinlərindən, qonşulardan izahat alıb:

“Camaat da sağ olsun, olduğu kimi danışmışdılar. Sonra ruhi dispanserdən belə, bütün xəstəxanaları gəzdilər. Nə axtarırdılar, nəyi sübut etmək istəyirdilər, anlamadım. Elə bil, balaca uşaq başı aldadırlar. Oğlum aylardır, hərbi xidmətdə qulluq edib, dəli olduğu bilinməyib. Nə oldu, sonradan dəli olub, özünü vurdu? İnsan niyə dayandığı yerdə özünü güllələsin? Bizi dəfələrlə Hərbi Prokurorluğa apardılar-gətirdilər. Sonra da dedilər ki, bəs oğlunuz qız üstündə özünü güllələyib. Mən də tələb etdim ki, hansı qızdır, deyin, biz də bilək. Oğlumun istədiyi olsa, ailəsi bunu bilərdi. Dedilər ki, bəs dayısı qızını istəyib. Mən də dedim ki, sübut et. Müstəntiq cavabında dedi ki, sübut yoxdur. Sonra da oğlumun ölümünü atdılar bizim üstümüzə. Dedilər ki, ailə problemi var. Kənd camaatı da izahat verdi ki, çox normal ailədə böyüyüb. Ailəsində problem olan uşaq özünü hərbi hissədə niyə güllələyir?”

photo-2020-10-30-15-15-38.jpg
Polad Salmanov

Ailə övladlarının ölümündən sonra qarovul binasında olan videoqeydiyyat blokundan görüntülərə baxış keçirilməsini tələb edib. Ata iddia edir ki, görüntülərin bir hissəsi silinib:

“Hadisə baş verənə qədər olan görüntülər silinməyib. Oğlum postu təhvil alandan təxminən 10 dəqiqə sonra əlini qapının dəstəyinə uzadır və açır. Qapıdan içəri hərbi geyimdə kök bir adam girir. Bu adam içəri girəndən sonra çəkiliş pozulur. Onlara demişəm ki, mənə yalan danışmayın. Oğlumu kim öldürübsə, cəzasını çəksin. Dedilər ki, avtomatı alnına dayayayaraq özünü vurub. İki qaşının arasında çeçələ barmağın ucu dərinliyində güllə yarası vardı. Avtomat yox, tapança yarasına oxşayırdı. Əgər avtomatla özünü vursaydı, başı parçalanmışdı. Yaraya baxan ən naşı adam da başa düşərdi ki, atəş 10 metr məsafədən vurulub. Yanına girən adam vurub. Kameradakı görüntülər də silinib”.

Nağı Salmanov nə qədər israr etsə də, ölən oğlunun şəxsi əşyaları ona verilməyib. Ata bu haqsızlığa dözə bilmədiyini deyir:

“Oğlumun cibindən çıxan qələm-dəftərini, qanlı paltarını vermədilər. Dedim ki, mən valideynəm, sənə uşaq vermişəm, indi də tələb edirəm. Onlara demişəm ki, oğluma şəhid adı verin. Övladım orada xainlik etməyib. Dövlətim, vətənim üçün xidmət göstərib. Uşağım Qarabağda ölsəydi, bu qədər yanmazdım. Deyərdim ki, vətən sağ olsun. Oğlum Bakıda, azərbaycanlıların gur yerində, özü də Mühafizə Alayında vurulub. Məni aldatdılar ki, bəs sizə həlak olmuş hərbi qulluqçuya görə 11 min manat ödəniləcək. Əlavə də 3 min manat dəfn üçün veriləcək. Bunu mənə Hərbi Prokurorluqda dedilər. Söylədilər ki, narahat olmayın, Xaçmaz Rayon Hərbi Komissarlığına tapşırmışıq, sizə pulu verəcəklər. Rayon komissarlığında məlum oldu ki, məni aldadıblar. Həmin pul şəhid ailəsinə verilirmiş. Dəfələrlə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya məktub yazmışam. Hərbi Prokurorluq mənə deyir ki, sən hara istəyirsən, şikayət et, ərizələr bizim üstümüzə gəlir. İş burada həll olunacaq”.

Nağı Salmanovun cinayət işi üzrə istintaqın qeyri-obyektiv aparılması ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevaya ünvanladığı şikayət məktubuna cavab olaraq, Hərbi Prokurorluqlarda istintaqa nəzarət şöbəsinin rəisi Oktay Ağayev bildirib ki, müraciət üzrə araşdırma aparılıb. Cinayət işinin qeyri-obyektiv istintaq olunması və ya iş üzrə qanunsuz qərarların qəbul olunması müəyyən olunmayıb.

“Bu, bizim işimizdir. Əlbəttə ki, camaat arasında sorğu aparıb, dindirəcəyik. Qaldı ki, digər məsələlərə, mən həmin işi qısa bir müddət apardım. İstintaqın əsas hissəsini Rafael İsmayılov aparıb”, – müstəntiq Arif Fərzəliyev Meydan TV-yə deyib.

Müstəntiq Rafael İsmayılov məsələ ilə bağlı danışmaq istəməyib. Hərbi Prokurorluğun mətbuat xidmətindən münasibət öyrənmək mümkün olmayıb.

photo-2020-10-30-15-15-36.jpg
Hərbi prokurorluğun cavab məktubu
Ana səhifəBölgə“Oğlum intihar etməyib, onu öldürüblər”