Oğlu həbsdə olan ana: 300 manatla terror maliyyələşdirərlər?

Cavid Əmənov daha 10 nəfərlə birlikdə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur.

Source: Specify Source


“Allahdan ömür yox, oğlumu görmək üçün möhlət istəyirəm”

Sabirabadın Zal Qarağac kənd sakini 64 yaşlı Reyhan Əmənovanın bir istəyi var: gözünü əbədi yummadan öncə oğlu Cavidi görmək. Deyir, oğlunun günahsızlığına əmin olmasaydı, onun həbsdən buraxılmasını nə bu qədər arzulayardı, nə də səlahiyyətli şəxslərə müraciət etməyə üzü gələrdi…

Cavid Əmənov 1 il 3 aydır ki, həbsdədir. Suriyada döyüşən İŞİD-çilərə maliyyə yardımında ittiham olunan Cavid Əmənova qarşı Cinayət Məcəlləsinin 167-3.1 (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma), 218.2 (cinayətkar birlikdə, mütəşəkkil dəstələrin birliyində iştirak) və 214-1 (terroru maliyyələşdirmə) maddələrilə ittiham irəli sürülüb.

Amma Cavid Əmənov özünü təqsirli bilmir.


“300 manatla terror maliyyələşdirərlər?”

Anası da deyir ki, Cavid özü çətinliklə dolanırdı, bəzən ehtiyac üzündən başqasından borc aldığı da olurdu. Onun artıq pulu yox idi ki, İŞİD-ə göndərsin: “Uşaqlıqdan ailədə də, məktəbdə də tərbiyəli, həm də mərhəmətli olub. Tikəsini də bölən adamdır. İndi deyirlər ki, Suriyada İŞİD-də vuruşan Xəyala pul göndərib. Vaxtilə birlikdə işləyiblər. Deyib ki, “uşağım xəstədir, pul lazımdır”. Cavid də göndərib. 300 manatla terror maliyyələşdirərlər?”

Reyhan Əmənovanın sözlərinə görə, oğlu təsərrüfatla məşğul olub. Bəzən dolanışığa pul çatmayanda ata-anasının pensiyasıyla ərzaq alıb: “Biz kənd adamıyıq, həmişə əkin-biçinlə birtəhər dolanmışıq. Cavid də həmçinin. Bir Allah bilir ki, o uşaqları nə əziyyətlə böyütmüşəm…”

Reyhan Əmənova ağlaya-ağlaya danışır ki, dörd oğlunun hamısı hərbi xidmətdə olub, onları vətənpərvər ruhda böyüdüb. İndi oğluna “terrorçu” damğası vurulması onu çox ağrıdır:

“Prezidentimizdən, vitse-prezidentimizdən xahiş edirəm, bu iş düzgün araşdırılsın. Günahı olsaydı, heç məni bu qədər yandırmazdı. Dözə bilmirəm. Şəkər xəstəsiyəm, təzyiqim yüksək olur, hər gün ölüb dirilirəm. Amma Allahdan ömür yox, möhlət istəyirəm ki, oğlumu görüm, qucaqlayım, sonra nə olur olsun. Mənim oğlum terrorçu deyil…”


“Oğluma yaraşmır”

Cavid Əmənovun atası Fazil Əmənov 80 illik ömrünün tam yarısını müəllimliklə məşğul olub. Deyir ki, başqaları ilyarım hərbi xidmətdə olduğu halda, oğlu Cavid 3 il əsgərlik çəkib. Atasının sözlərinə görə, Cavid Əmənov düşüncə baxımından da İŞİD ideyalarını dəstəkləyən biri olmayıb. Ona görə də İŞİD-i maliyyələşdirmək məqsədilə pul göndərməsi barədə ittiham ağlabatan deyil.

Fazil Əmənov bildirir ki, oğlunun pul göndərdiyi Xəyal adlı şəxs ortada yoxdur. Oğlu ilə birlikdə məhkəmə qarşısına çıxarılanların heç biri də Cavid Əmənovu tanımır: “O maddələr oğluma yaraşmır. Cavidin terrorla, terror təşkilatı ilə heç bir əlaqəsi olmayıb. Cavidin pul göndərdiyi Xəyal onunla əvvəllər birlikdə işləyib. Həmin adam bəzən ailəvi bizim evimizdə də qalıb. Azərbaycandan gedəndən sonra Cavidə deyib ki, uşaq xəstədir, pul göndər. Cavid də göndərib. Cavid indi də bilmir ki, Xəyal hardadadır, nə işlə məşğuldur. Cavidlə birgə tutulan adamları isə əvvəldən ümumiyyətlə tanımayıb, heç bir əlaqəsi olmayıb. Onlar da Cavidi tanımadıqlarını deyirlər. Mən xahiş edirəm ki, Cavidi ailəsinə, balalarına qovuşdursunlar”.

Cavid Əmənov daha 10 nəfərlə birlikdə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Onları Dövlət Təhlükəsizliyi Xidməti (DTX) əməkdaşları həbs edib. İstintaq araşdırmaları da bu qurumun İstintaq Baş İdarəsi aparılıb.


Kompüter, telefon, dini mesajlar…

Məhkəmədə Cavid Əmənovun vəkili vəsatət qaldırıb ki, iş yenidən istintaqa qaytarılsın. Çünki istintaq obyektiv, hərtərəfli aparılmayıb, həqiqətin üzə çıxması üçün lazım olan addımlar atılmayıb. Amma vəsatət təmin ediməyib.

Cavid Əmənov hələlik məhkəmədə ifadə verməsə də, istintaqdakı dindirməsində özünü təqsirli bilmədiyini deyib. O, inanclı olduğunu, 2010-cu ildən “əhli-sünnə” təriqətinə uyğun ibadət etdiyini təsdiqləyib. Bildirib ki, 2013-cü ildə Ramazan ayında Şirvan şəhərindəki məsciddə Xəyal Nuriyevlə tanış olub. İşsiz olduğunu deyib. Birlikdə ticarətlə məşğul olmağa başlayıblar. Amma işlər yaxşı getməyib deyə, dayandırıblar. Xəyal əvvəlcə Dağıstana, sonra da Türkiyəyə gedib fəhləlik edib. 2017-ci ildə Xəyal mesaj yazaraq, borc pul istəyib: “Onun dediyi adamla “Binə” bazarında görüşüb, 500 dollar verdim. Bir neçə gün sonra isə Xəyal mesaj yazıb, qızının sarılıq xəstəliyinə tutulduğunu, yaxında daha bir övladının dünyaya gələcəyini dedi, 600-700 dollar borc istədi. Mən o qədərə gücüm çatmadığını dedim. 340 manat pul düzəldib Xəyalın dediyi adama verdim”.

Cinayət işinin materiallarında yazılıb ki, Cavid Əmənovun evindən axtarış zamanı Xəyal Nuriyevin ona göndərdiyi noutbuk, telefon və dini mövzuda mesajlar aşkarlanıb. Cavid Əmənov ifadəsində deyib ki, Xəyalın dini baxışları ilə bağlı bəzən şübhələri yaransa da, bu haqda ona heç nə deməyib. Aralarında İŞİD barədə heç vaxt söhbət olmayıb.

Ana səhifəBölgəOğlu həbsdə olan ana: 300 manatla terror maliyyələşdirərlər?