Niyə sorğulamırıq?!

Fərqli olmaqdan, gercəkləri görməkdən qorxuruq

Source: Meydan Tv


Fərqli olmaqdan, gercəkləri görməkdən qorxuruq

Niyə sorğulamırıq?! Bu sualı özümə son zamanlar tez-tez verirəm. Çünki ətrafıma, feministlərlə bağlı hansısa postun, 8 Marş yürüşüylə bağlı fotoşəkillərin və ya "uca" müxalifət liderlərinin çıxışları, yazılarının altına gələn şərhlərə baxanda bunu düşünməmək əldə deyil.

Bu şərhləri yazanlar, sorğulamayan, dəyişmək, öyrənmək istəməyən adamlar, özləri üçün qəhrəman və ya mütləqləşdirilmiş dəyərlər yaradıblar. Sözün həqiqi mənasında deyilən heç bir sözün, edilən heç bir hərəkətin, yazılan heç bir cümlənin dərininə enmək istəmirlər.

“O” deyibsə, düz deyib, “mentalitetə uyğun deyilsə, səhvdir” yanaşması ilə baxırlar məsələlərə.

Bu cəmiyyətə “dəyər” deyə sırınmış tabularda də belədir.

Özümüz üçün qanunlar qoymuşuq, amma heç bir zaman o qaydaları sorğulamamışıq.

***

Məsələn, “qadın işləməz” deyən adama “niyə?” sualını verəndə eynən bu cavabı alırsız: “Qadındı, oturub evdə işiylə məşğul olsun”. Bunun qarşılığında bunun işləməklə nə əlaqəsi olduğunu soruşanda, "adətimiz var. Qadın evdə uşağa baxar, yeməyini bişirər" deyirlər. Ciddi-cəhdlə qarşındakından bu “adət” dediyinin mahiyyətini öyrənməyə çalışırsan, verdiyi cavab "bu, dədədən-babadan belə olub, belə davam edəcək", deyir.

Ya da götürək dini inancı.

Azərbaycanda “müsəlman olmaq” adəti var. Müsəlmansan, çünki eynən dəyərlərimiz kimi dinimiz də mütləqdir.

Amma çoxunun "inandığı" din haqqında heç bir fikri yoxdur.

İnanır, çünki çoxluq bunu tələb edir. Rahat olan budur. Bilir ki, "müsəlmanam" desə, heç kim onu tənqid etməz, sorğu- suala tutmaz.

Məktəbdən misal gətirək. Uşaqların əksəriyyəti özlərini müsəlman olaraq qələmə verir. Söhbət düşəndəsə heç kim nəyə niyə inandığını deyə bilmir. Bir az da çətinə düşəndə "biz müsəlman ölkəsiyik" deyib özünü sudan quru çıxarır.

Uşaqların arasında inanmayan da olsa, bunu dilə gətirmir. Öz təcrübələrimə əsasən deyə bilərəm ki, sinifdə dini təbliğat aparan müəllim ilə eynən bu mövzuda mübahisə edib “kafir” damğası yemişdim. Müəllim dini korkoranə, bilgisiz, ənənəvi qaydada təbliğ edir, uşaqlar da səsini çıxarmadan dinləyir. Etiraz edəndə də, "milli dəyərlərimizi pozan antimilli ünsür, ya da müasirlik ilə əxlaqsızlığı dəyişik salan adam" damğasına məruz qalırsınız.

Eyni şəkildə LGBTQ+ məsələsi uşaqlar üçün qanun halını alıb. Bu mövzu ilə bağlı bildikləri yeganə şey, necə deyərlər, "petux" düsturudur.

Şagirdin heç bir məlumatı yoxdur, üstəlik öyrənmək istəyəndə və ya ortaya fərqli fikir qoyanda ittiham olunacağı, çevrəsi tərəfindən bullingə məruz qalacağını bildiyi üçün elə çoxluğa da tabe olmağa davam edir. Beləcə, proses davam edir.

Məktəbdə İsa Şahmarlının ölüm günüdə "Love is love" Homofob Olma İnSAn ol!" yazılan plakat qaldırmışdım. Plakatı qaldırdıqdan sonra eynən istədiyim mühit yaranmışdı. Ətrafıma bir qrup toplaşmışdı. Danışmaq istəyirdilər. Düzdü, əksərinin niyyəti nəsə öyrənmək deyildi. Amma öyrənmək, başa düşmək istəyən də vardı.

Heç bir zaman unutmayacağım isə bir nəfərin mənə yaxınlaşıb "mən hər şeyi bilirəm, xəbərim var" deməsi idi. Sonra da mənə LGBTQ+ açılışını demişdi. Bunu deyəndə çox həyacanlı idi.

Maraqlıdır ki, həmin şagird bunu bərkdən və ya insanların çox olduğu yerdə deməyə cəsarət etməmişdi. Çünki sərt reaksiya görəcəyini, sinif yoldaşlarının ona "gey" deyib lağ edəcəyini, gözümçıxdıya salacaqlarını bilirdi.

*

Bu “dəyər”ləri cəmiyyət olaraq həyatımız bahasına qoruyuruq. Hamımız bir nöqtədə bədbəxt və ümidsizik. Təkçə fərdləri yox, on milyonluq insan qrupunu məhv edən “dəyər”lər bizə nə dövlət qurmağa, nə azadlıq tələb etməyə, nə xöşbəxt olmağa, nə hüquqlarımızı anlamağa, nə də normal ailə olmağa imkan verir.

Biz, bu böyük insan topluluğu əl birliyi ilə bir-birimizi sömürürük. Adına”azadlıq” dediyimiz, lakin heç bir zaman hiss etmədiyimiz bu məfhumu da öz əlimizdən özümüz alırıq.

İnsan gərək azadlığın nə olduğunu bilsin ki, onun uğrunda mübarizə aparsın, onun həsrətini çəksin. Azadlıqdan danışanda belə "azadlığın da bir sərhədi var" deyən insanlar azadlıq, hürr yaşamaq anlayışı üçün necə mübarizə apara bilər axı?

Bu ölkədə valideyinlər uşaqlarının, kişilər qadınların, cəmiyyət hisslərimizin, vəzifəlilər işçilərin, “balığın başı” isə ağlınıza gələn biləcək hər şeyi, iradə və azadlığımızı əlimizdən alıb.

Biz bilmədiyimiz şeylərə inanmağa, mahiyyətini və verdiyi nəticələri görməzdən gəlib bizi məhv edən dəyərlərə sarılmağa davam edirik. Çünki asan olan budur. Bütün məlumatları, gercəkləri, özünü sorğularda biləcək hər şeyi inkar edirik.

“X” (adını çəkməyi məqsəduyğun bilmirəm) bir şəxs müsahibəsində eynən belə bir cümlə qurub. "Kitab insana milli dəyərləri soğuladırdı. Mənə ağır gəldi. Gördüm ki, indiyə qədər inandığım şeylərdən uzaqlaşıram. Elə o kitabdan da cəmi 4 səhifə oxudum".

İnsanın ömrüboyu inandığı dəyərlər bir kitabın 4 səhifəsinə tab gətərə bilmir.

*

Qorxuruq: fərqli olmaqdan, gercəkləri görməkdən qorxuruq.

Beləliklə, öyrənmək qorxusu ilə 60-70 illik "xöşbəxt" və "layiqli" həyatımızı sürüb ölüb gedirik.

Bizdən geriyə qalansa, başqalarının da həyatını məhv edəcək "dəyərlərimiz" olur.

Ana səhifəXəbərlərNiyə sorğulamırıq?!