”Nifrət nitqli marginallar”

Onlar istəyir ki, hər kəs onlarla hesablaşsın və işlətdikləri ifadələrdə bu qrupun marağına zidd hansısa terminə rast gəlinməsin.

Source: meydan tv


Cənubi Koreyada ''k-pop'' industriya öz ölkəsində milyonlarla insanı zombiyə çevirib

“K-pop” Cənubi Koreyada 1990-cı illərin əvvəlində yaranmış və özündə elektropop, hip-hop və ritm-n-blyuz janrlarını cəmləşdirən musiqi janrıdır. Çılğın fanatlar sevimli qrup üzvlərini müqəddəsləşdirir və onlara 'idol' deyirlər. “İdol” ingiliscədən tərcümədə 'büt' deməkdir. Fanatlar çoxsaylı plastik əməliyyatlara girirlər ki, öz 'idol'larına bənzəsinlər. “K-pop”ları təqlid etmək üçün xüsusi brend geyimlərə, kosmetikalara, əməliyyatlara və müxtəlif şeylərə milyonlarla pullar xərclənir. Bu trendlər təbii şəkildə sosial media tərəfindən təbliğ və təşviq edilir. Trendi mənimsəyən və tətbiq edən könüllü kölələrin həyatı əsasən virtual dünyada keçir. Onlar məhz belə xoşbəxt olurlar, yaxud bəlkə də özlərini xoşbəxt sayırlar. Bu, kifayət qədər mübahisəli mövzudur və indi bu barədə yazası deyiləm. Diqqəti məhz bu fanatların radikallığına kökləmək niyyətindəyəm.

K-popun fanatları sosial mediada sevdikləri qrupların əleyhinə saydıqları cüzi söz, rəy, post, mem və s. istənilən bu sayaq nəsə gördülərsə, həmin yazını yazan adamın üzərinə “hücum” çəkib, o “post”un altına nifrət nitqli rəylər yazırlar. Həmin kəs “qara siyahıya” düşür və onu virtual şəkildə linç edirlər. Bəzən qalmaqal böyüyür və aqressiya praktika səviyyəsinə qalxır. Nəticədə qara siyahıya düşmüş şəxsə fiziki xəsarətlər də yetirilir.

Son vaxtlar yerli sosial media istifadəçiləri arasında müəyyən paylaşımlarda, əsasən də rəylərdə bəzi marginallaşmış qrup üzvlərinin nifrət dolu virtual nitqlərinin şahidi oluram. Onların çoxunun fəxarətli “idol”ları olmasa da, səmaya dəyəcək boyda aqressiyaları var. Bilmirəm, bu, mənə elə gəlir, ya doğurdan da belədir, elə bil nə vaxt “Facebook”a girirəm, onların rəyləri ilə rastlaşıram. Bir neçə istisna hal olmaqla yanaşı onların çoxu ilə heç “Facebook”da da dostluğum yoxdur. Həmin nifrət dolu rəyləri dostluğumda olan kəslərin postları altında görürəm. Bəzən ağılsızlıq edib o paylaşımlar altındakı müzakirələri oxuyuram. Sonra o cür vaxt xərclədiyim üçün peşman oluram. Bütün hallarda bunu həm də müşahidə edib, təhlil etmək niyyəti ilə oxuduğum sizi şübhəyə salmasın.

Açığı sosial mediada həmişə nifrət dolu rəylər olub və bunu ilk dəfə müşahidə etmirəm. Müxtəlif siyasi qrupların, ateist və teistlərin, millətçi və ideyaçıların öz troll orduları ilə hansısa paylaşımda əks-hücuma keçdikləri yenilik deyil. Sadəcə bu cür nifrət yayan marginallaşmış qrup üzvlərini əksəriyyət intellektual fiqur kimi saydığı üçün bu barədə yazmağa qərar verdim. Dəhşətlisi bilirsiniz nədir?! Virtual və canlı nifrət üyüdən, od püskürənlərin leksikonundan “nifrət nitqi” ifadəsi əskik olmur. Hələ o gün “Facebook”da “event” şəkilində həmin aqressorlardan birinin “nifrət nitqi və bərabərlik” adına bənzər təlim keçirməyi planlaşdırdığını gördüm. Heyrətləndim, sonra bu heyrətin yaratdığı emosiyadan ucadan qəhqəhə çəkdim. Bu hal mənə istismarçıların işğal edib, viran qoyduğu torpaqlara giriş üçün hazırladığı məşhur paradoksu xatırlatdı: “Biz sülh üçün müharibə edirik”.

Həmin qrup üzvlərinin leksikonunda çoxsayda latın kökənli sözlər və söz birləşmələri var. Onları “intellektuallaşdıran” da məhz həmin sözlərdir. O sözlər, həmin “intellektuallar”ın dillərindən sanki inanclı kəsin dilindən düşməyən dua kimi əskik olmur. Sözlər ağızdan, çox vaxt da klaviaturadan qopur və güllə kimi hədəfə tuş gələn qurbana yönəlir və onu dəlik-deşik edir. Ordakı ifadələr əsasən yarlıq kimi hədəfdəkinə yapışdırılır, çünki bu kəslər kiməsə yarlıq yapışdırmağı özlərinə bir növ borc bilirlər.

Onlar istəyir ki, hər kəs onlarla hesablaşsın və işlətdikləri ifadələrdə bu qrupun marağına zidd hansısa terminə rast gəlinməsin. Əgər kimsə bunların xəyali “konstitusiya” kitablarına uyğun olmayan nəsə işlədərsə, o şəxs mütləq linç olunmalıdır.

O qrupun “fəalları” sanır ki, apardıqları mübarizə demokratiyaya xidmət edir və diskriminasiyaya məruz qalanların vəziyyətini yumşaldır. Halbuki, hər şey əks şeyə xidmət edir. Demokratiyanın əsas dayaqlarından olan plüralizm (çoxfikirlilik) məhdudlaşır və ayrı-seçkiliyə məruz qalanlar və digər fəal və passiv qrup və fərdlər arasında qütbləşmə yaranır. Belə nifrət dolu mübarizə xoş nəticələr yarada bilməz.

Tarix də göstərir ki, nifrət və acığa bürünmüş ideoloji mübarizə güclü effekt vermir. Ondan gələn dəyişiklik də yeni və heç də fərqli olmayan sistem əmələ gətirmir.

Ana səhifəXəbərlər”Nifrət nitqli marginallar”