Zərdüşt Əlizadə

Source: Meydan TV

Caption: Zərdüşt Əlizadə

Nəşr olunmamış kitaba rəy

KQB məktəbini supermenlər bitirməyib və bitirə də bilməzdi

Maraqlı və oxunaqlı kitaba rəy yazmaq müəllifə ləzzət verir. Fəqət hələ nəşr olunmamış kitaba rəy yazmaq həm də müəyyən bir müəmma yaradır: aya, görəsən bu nəmənədir ki, kitab hələ işıq üzü görməyib, amma onu oxumuş adam bu kitab barəsində dözməyib rəy yazır?

Bəli, mənə belə bir fürsət müyəssər olub. Əndrəbadi REMFAS ASAB təxəllüsü altında gizlənməyə qərar vermiş bir müəllif “QANUN” nəşriyyatı tərəfindən Azərbaycan dilində nəşri hazırlanan “KÖLN TƏTİLLƏRİ” romanının əlyazmasını mənə oxumağa verdi. Görünür, mənim oxucu zövqümə etibar edirdi və rəyimi bilmək istəyirdi.

Sözün açığı, roman müstəsna ustalıqla yazılmışdır. Detektiv janrının bütün şərtlərinə artıqlaması ilə riayət olunmuşdur. Romanın süjeti məharətlə dolaşdırılmış kələfi xatırladır. Qətl var? Var. Özü də bir yox, bir neçə. Qatil axtarılır? Axtarılır, özü də bir neçə ölkədə. Dəfinə var? Bir neçə! Milyon dollarlar! Almazlar! Brilyantlar! Məxfi kompromat materialları! Divara məharətlə hörülmüş gizli seyfdə, portfellərdə, naməlum bank hesablarında, elektron fayllarda, Bakı bağlarından birində ağacın altında! Casus var? Kefin istəyən qədər! Xain var! “N” qədər! Qadın var? Bir neçəsi, müxtəlif millətlərdən və peşələrdən. Sevgi hekayəsi var? Bəs necə! Qəfildən tapılan oğul varmı? Heç onsuz olar? Şər qüvvələr güclüdürmü? Çox, lap çox. Kəşfiyyat orqanları var? Güldürməyin məni, KQB-siz müasir detektiv olar? Bəs terrorçular, yəni terrorçular da var? Eyib şeydir ki, XXI-ci əsrdə detektiv yazasan, terrorçu olmasın, elə bil sirkəsiz-sarımsaqsız xaş yeyirsən. Yəni qaçaqmalçılıq da var? Yekəsindən! Canlı adamı İran-Azərbaycan sərhəddindən sənədsiz keçirməyə qaçaqmalçılıq deməyib, nə deyəsən? Romanın müəllifinin sərhəd və gömrük işçilərinə nifrəti o qədər dərindir ki, ürəyi sərhədi bir dəfə keçən yaşlı iranlı qadınla soyumayıb, əsərində Azərbaycan-Gürcüstan sərhədini sənədsiz keçənlərin sayı hesabına aşsüzənə çevirib. Romanın əsas hadisələri Avropada vaqe olursa, oxucu Avropa barədə nə isə öyrənə biləcəkmi? Bütün Avropa barədə olmasa da, Almaniya və İsveçrənin bir neçə şəhəri barəsində maraqlı tarixi məlumatı öyrənəcəkdir.

Yaxşı, xainlər varsa, sadiq dost da olmalıdır axı? Sadiqdən də sadiq dost var, azərbaycanlı dostuna görə canından keçən gürcü dost var romanda!

Bu, heç olmadı ki... Bir qazan xörəyə bu qədər ləzzətsiz təamı töküb qarışdıranda həftəbecər alınmırmı? Yox, alınmır. Bəs nə alınır? Peşəkarcasına yazılmış, birnəfəsə oxunan maraqlı roman alınır. Elə bir roman ki, kitab bazarı rəvan işləyən istənilən Qərb ölkəsində şırıppıltı ilə bestseller siyahısında birinci yerə çıxa bilərdi.

Fəqət Azərbaycan Qərb ölkəsi deyil, dərindən fikirləşəndə, heç Şərq ölkəsi də deyil. Bəs nədir? Analoqu olmayan zaddır. Odur ki, bu kitabı minlərlə nüsxə satılıb müəllifinə pul gətirmək aqibəti gözləmir. Burası Azərbaycandır, qardaş, bu respublikanın əhalisi bəxtəvərdir, kitab oxumur. Olsa-olsa, 500 nüsxə ya satıla, ya satılmaya, nə tərcümə, nə də çap xərcini çıxara, ya çıxarmaya.

Yanılsam, özümü çox xoşbəxt sanaram.

Sual yarana bilər ki, bu kitabı oxuyanda onda hansısa qüsur görmədinmi? Bədii əsər kimi ona yanaşdıqda, qüsursuzdur. Lakin bizim gerçək həyatımız baxımından nəzərə alsaq ki, müəllif romanın əsas qəhrəmanı kimi SSRİ dövründə Moskva Dövlət Unuversitetini bitirəndən sonra psixologiya sahəsində elmi iş yazan, sonra isə saqqızı oğurlanaraq KQB-nin iki illik məktəbində təhsil alan azərbaycanlını seçib və bu adam gəlib bir müddət Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyində (MTN) işləyib, mən bir oxucu kimi başımı bulayıb deyirəm ki, “olamaz”! Belə KQB zabiti ümumiyyətlə ola bilməz! Elmi-fantastik romanlarda ola bilər, amma gerçək həyatla bağlı detektivlərdə belə qəhrəman inandırıcı görünmür.

Romanın qəhrəmanı autotreninq vasitəsilə öz bədəninin müvazinətini tənzimləyir. Daxili aləmini və mənəvi durumunu dəqiq təhlil və idarə edir. Xarici dilləri ləhcə incəliklərinə kimi kamil bilir. Əlbəyaxa döyüşdə, bıçaqlaşmada yenilməzdir. Yüksək mənəvi dəyərlərin daşıyıcısıdır. Tamahkar və arvadbaz deyil, əqidəsinə və vicdanına hörmət edir.

Bu ki, ideal supermendir!

KQB məktəbini supermenlər bitirməyib və bitirə də bilməzdi. Ömrüm boyu neçə KQB işçisi ilə rastlaşmısamsa, heç birində bu keyfiyyətlərin toplusunu görməmişəm. Hətta bu keyfiyyətlərin birinin onda birinin sahibini görməmişəm.

Bəs nə görmüşəm? Sovet vaxtı KQB deyəndə vətəndaşları güdən, onların danışdıqları əsasında onlara dosye toplayan bəsit məmurları görmüşəm. Görmüşəm ki, istənilən inamlı və imanlı bir vətəndaşı ləkələmək üçün KQB hansısa çirkin bir tələ qurur. Görmüşəm ki, orta səviyyəyə çatmış KQB zabiti hansısa bir iri mağaza və ya restoran müdirini şantaj edib, onun gəlirinə şərik çıxır. Xaricdə işləyən KQB zabitləri vaxtaşırı kommunizmə sadiq olan binəva yerli kommunistlər haqqında məxfi məlumatı Qərbin kəşfiyyat orqanlarına satır.

SSRİ-nin laxlamağa başladığı dövrdə görmüşəm ki, KQB zabitləri yeni yaranan siyasi-ictimai təşkilatlara dağıdıcı casuslarını yeridib onların əli ilə demokratiya cücərtilərini və ölkəni dağıdır. Görmüşəm ki, Moskvadan Cənubi Qafqaza ezam olunmuş xüsusi xəfiyyə briqadaları qanlı etnik-ərazi münaqişələrini körükləyir.

Bu, sovet vaxtının KQB-si idi. Bəs müstəqil Rusiyanın FSB-si nədir? QRU nədir? İlahi, sənin bu zavallı rus xalqına yazığın gəlsin, onlara bir balaca bəxt və ağıl ver ki, bu bədnam təşkilatların və onların işçilərinin mahiyyətini, millətin düşdüyü girdabın dərinliyini anlaya bilsin. Rusiyanın müstəqillik illəri bu təşkilatların aramsız mənəvi və peşəkarlıq səviyyəsinin tənəzzül illəridir. Bircə buraxılış münasibəti ilə FSB akademiyasının məzunlarının Moskvanın küçələrində “Mercedes-Gelenvagen” maşınlarında nümayişkaranə yürüşə çıxmasını xatırlamaq kifayətdir. Lakin bu da kifayət deyilsə, Skripalları zəhərləmək üçün Böyük Britaniyaya ezam olunmuş QRU xəfiyyələri Petrovun və Boşirovun öz idarələrindən aeroporta qədər istifadə etdikləri taksidən hesabat üçün ödəmə çeki götürdüklərini, İngiltərədə iki kişinin gecələmək üçün mehmanxanada bir mömrə götürdüyünü və ikisinin bir fahişə sifariş etdiyini, azı 50 yerdə kameraya düşdüklərini, sonra isə Rusiya televiziyasında Marqarita Simonyana verdikləri bəsit və əbləh müsahibəni yada salmaq kifayətdir.

Mən hələ ilxı kimi Qərbə qaçıb olan-olmayan dövlət sirlərini satmış ali məqamlı KQB və QRU generallarını xatırlamıram!

Bəs Azərbaycanın MTN-i nə idi? Paho-o! Bu ki, sözlə çətin ifadə edilən rəzalət ensiklopediyası idi! Vətəndaşları pusmaq? Əla. Səs və görüntü yazıları vasitəsilə vətəndaşları şantaj edib müti etmək, tabe olmayanda, yataq səhnələrini yayımlayıb rüsvay etmək. Yuxarıların əmri ilə saxta ittihamlar quraşdırmaq, saxta cinayət işləri qurmaq, evlər yıxmaq, vicdansız məxluqatı üzə durdurmaq. İqtidarın qanunsuz göstərişlərini icra edən zaman öz şəxsi maraqlarını da unutmayaraq ölkə iqtisadiyyatını, varlı insanları, hətta nazirləri reket yolu ilə yolmaq.

Müstəqillik illərinin xəfiyyələri ölkə iqtisadiyyatının bütün gəlirli sahələri üzrə MTN idarələri yaradıb, bu idarələrin işçilərinin əlilə ölkə büdcəsini yağmalayan oğru məmurlara şərik çıxırdılar. Azərbaycan çekisti dedikdə mənim gözümün önünə sifətlərinin eni ilə uzunu bir olan multimilyonçu biznesmen generallarımız Eldar Mahmudov və Akif Çovdarov gəlir. Yadıma onların dəbdəbəli və zövqsüz nəhəng villaları, kimləri və nə qədər soyduqları düşür .

Odur ki, Remfas Asabın detektiv romanının qəhrəmanı öz əlçatmaz kamilliyi ilə mənə Ceyms Bondu xatırladır. Ceyms Bond odda yanmaz-suda batmaz kəşfiyyat zabiti kimi gerçək CİA və Mİ-6-nin boz-bulanıq məmur işçilərindən yerlə-göy qədər fərqlənirdi. “Köln tətilləri”nin baş qəhrəmanı Vəli Aydınlı da eynilə gerçək təhlükəsizlik zabitlərimizdən fərqlənir.

Hər nə də olsa, baş qəhrəman bizim yerli çekistlərə bənzəməsə də, roman xeyli maraqlı və oxunaqlı alınıb. Gözləyək, çıxsın, istəyən alıb oxusun.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Featured in:  
Shortlink:   http://mtv.re/n9zzz7

Most Viewed