Source: Meydan Tv

Naftalan sakini: Polis 2 min manat rüşvət alıb, məni sərbəst buraxdı (yenilənib)

Article was updated on :  1 March 2021

“Naftalan sakinindən polisin rüşvət alması ilə bağlı yayılan iddialar tam və hərtərəfli araşdırılıb”.

Bu sözləri DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. O, Meydan TV-yə bildirib ki, Bəhruz Məmmədovun rayon polisindən şikayəti üçün heç bir hüquqi əsas yoxdur:

“Rayonda yerləşən sanatoriyalarının birində əmək haqqını ala bilmədiyi üçün mübahisə edərək digər şəxsin sağlamlığına bıçaqla xəsarət yetirilməsi ilə bağlı 2,5 il əvvəl barəsində başlayan cinayət işinə tərəflərin barışığından sonra Cinayət Prosessual Məcəlləsinə uyğun olaraq xitam verilib.

Üzərindən bu qədər müddət keçdikdən sonra yenidən bu məsələ ilə bağlı danışan şəxsin iddiaları anlaşılmır”.

***

“Polis vətəndaşı qorumalıdır, ancaq bizdə əksinədir”

Naftalan sakini Bəhruz Məmmədov rayon polisindən şikayətçidir. Deyir, Naftalan sanatoriyalarının birində işləyib, ancaq pulunu ala bilməyib. Buna görə mübahisəsi düşüb və həbs edilib. Onun sözlərinə görə, polis həbs olunduğu müddətdə atasından 2 min manat alaraq onu sərbəst buraxıb:

“800 manatdan çox alacağım var idi. Bu, mənim ailəmin azı 2 aylıq xərcliyidir. Məni aylarla get-gələ saldılar. Axırda getdim ki, bəs verin pulumu, ehtiyacım var. Bu dəfə də verməyəndə dava etdim. Sanatoriya əməkdaşlarından bir nəfərlə dalaşdım və polisə düşdüm. Bu zaman məni azad etmək üçün polis atamdan rüşvət alıb”.

Bəhruz Məmmədov deyir ki, alacağı tam olaraq 871 manat olub. Verilməyəndə ilk olaraq polisə şikayət edib. Ancaq şikayəti araşdırılmayıb:

“Şikayəti araşdırmırlarsa, mən nə etməliyəm? Bu o deməkdir ki, öz problemimi özüm həll etmək məcburiyyətində qalıram. Nəticədə, dalaşdım və bu zaman şikayəti araşdırmayan polis məni anında həbs etdi. Həbsdən sonra atama təzyiq ediblər ki, pul gətir, buraxaq. Yoxsa həbs cəzası düşür. Yazıq atam da qorxusundan 2 min manat kredit götürüb. Gətirib verəndən sonra məni buraxıblar. İndi atam az qala bunu mənə hər gün deyir, başıma vurur ki, sənə görə filan qədər pul vermişəm. Bu tənələri eşitməkdənsə, davaya görə bir neçə sutka həbs düşürdü, yatıb çıxardım”.

Bəhruz Məmmədov deyir ki, həbsdə olduğu müddət atasından pul istəndiyini, onun kredit götürdüyünü bilməyib, bilsəydi, imkan verməzmiş:

“871 manata görə dalaşdım, 2 min manatlıq kreditə düşdüm. Deməyim odur ki, polis vətəndaşı qorumalıdır, ancaq bizdə əksinədir, vətəndaşdan pul qoparır, onu təhdid edir, durduğu yerdə düşmən kəsilir və s”.

Bəhruz Məmmədov deyir ki, Qarabağ qazisidir, ailəsi genişdir və onlara baxmaq məcburiyyətindədir:

“Bir təsəvvür edin də, 2 min manatın yarısından da az bir məbləğə görə mən fəhləlik edirəm, eyni zamanda, həmin pula görə dalaşıram. İndi mən, yaxud təqaüdçü atam o qədər krediti necə qaytarmalıyıq? Dövlət buna bir tədbir görməlidir. Polis vətəndaşdan niyə rüşvət almalıdır? Bununla bağlı bütün aidiyyatı qurumlara yazmışam. Bu dəfə də mediaya danışıram. Bəlkə bundan sonra bir tədbir görülər”.

Naftalan Şəhər Polis Şöbəsindən Meydan TV-yə bildirilib ki, hər hansı rüşvət almaqdan söhbət gedə bilməz. Polis rüşvətlə həbsdən adam çıxarmır.

“Siz deyirsiniz, amma biz heç o adda adam tanımırıq. Bir insan əgər xəta törədibsə, cəzasını alır. Hər hansı başqa məsələdən söhbət gedə bilməz. Eyni zamanda, artıq nəsə məlumat vermək səlahiyyətim də yoxdur. Təkcə onu deyə bilərəm ki, belə bir halın olması mümkün deyil”, - şöbənin növbətçi hissəsindən bildirilib.

While you are here …

We have a small favor to ask of you. In an environment where information is under tight government control, Meydan TV works hard to ensure that people have access to quality independent journalism. We shed light on stories you might otherwise not read because we believe that those who cannot speak up deserve to be heard, and those in power need to be held accountable. We invest considerable time, effort and resources to do so, which is why we need your help.

Your support empowers our courageous journalists, many of whom work at great personal risk to freedom and safety. Every contribution to the protection of independent journalism in Azerbaijan matters. Thank you.

SUPPORT US
Article was updated on :  1 March 2021
Featured in:  
Shortlink:   http://mtv.re/uyb6ft

Most Viewed