Naxçıvanla bağlı bir gündə 3 sərəncam

“Prezidentin Vasif Talıbovu qəbul edərkən şəffaflığa vurğu etməsi artıq hökumətin ordakı durumdan narazı olduğunu göstərdi”

Source: google


“Prezidentin Vasif Talıbovu qəbul edərkən şəffaflığa vurğu etməsi artıq hökumətin ordakı durumdan narazı olduğunu göstərdi”

Prezident İlham Əliyev noyabrın 22-də Naxçıxan Muxtar Respublikası ilə bağlı üç sərəncam imzalayıb.

Sərəncamlar müxtəlif sahələri ehtiva edib.

Bu barədə “Azərtac” məlumat yayıb.

Sərəncamlarda Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması məqsədilə muxtar respublikanın Nazirlər Kabinetinə 34,3 milyon, Süni Mayalanma Mərkəzinin yaradılması məqsədilə 4,8 milyon, əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsi məqsədilə 500 000 manat ayrıldığı qeyd olunub.

Prezident İlham Əliyev noyabrın 18-də muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbovu qəbul edərkən Naxçıvan büdcəsinin cəmi 22 faizinin yerli gəlirlər hesabına formalaşmasından, iqtisadi və maliyyə sahələrində şəffaflığın tam təmin edilməməsindən narazılığını ifadə etmişdi:

“Naxçıvan büdcəsinin cəmi 22 faizi yerli gəlirlər hesabına formalaşır, yəni, 383 milyon manatdan cəmi 83 milyon manatı yerli gəlirlər hesabına formalaşır, qalan 300 milyon manat Bakıdan dotasiya verilir. Hesab edirəm ki, növbəti illərdə yerli gəlirlərin artırılması istiqamətində işlər aparılmalıdır ki, onların faiz nisbəti artsın. Əminəm, belə olan halda daha da böyük imkanlar olacaq ki, sosial və sənaye layihələri icra edilsin. Bütün ölkədə olduğu kimi, bu gün Naxçıvanda da maliyyə və iqtisadi sahələrdə şəffaflıq tam təmin edilməlidir. Aparılan islahatlar nəticəsində təkcə bu ilin 10 ayı ərzində büdcə gəlirləri plandan əlavə 850 milyon manat artmışdır. Bunun yarısı gömrük, yarısı vergi orqanları hesabına formalaşıb. Bu əlavə 800 milyon manat sırf idarəetmədə aparılan islahatlarla, şəffaflıqla bağlıdır və bizə imkan verir ki, maaşları da, pensiyaları da artıraq, investisiya layihələrinə də vəsaiti artıraq. Ona görə gələn ilin büdcəsinə baxdıqda yerli gəlirlərin həm mütləq rəqəmlərinin artırılması, eyni zamanda ümumi büdcədə yerli gəlirlərin faizinin artırılması üçün əlavə addımlar atılmalıdır".

İqtisadçı Rövşən Ağayev Meydan TV-yə deyib ki, Naxçıvan barəsində məlumatlar çox məhdud olduğundan real vəziyyəti qiymətləndirmək çətindir:

“Biz bölgənin iqtisadi potensialının necə olduğunu bilmirik. Çünki media və müstəqil vətəndaş cəmiyyətini muxtar respublikaya buraxmırlar. Mən özümü Azərbaycan iqtisadiyyatı ilə bağlı məlumatlı saysam da, Naxçıvan haqqında bunu deyə bilmərəm. Söhbət yalnız iqtisadi rəqəmlərdən getmir, iqtisadi potensialın qiymətləndirlməsi də vacibdir. Mən Bərdədə, Ağcabədidə, Zaqatalada olduqda, bu rayonların iqtisadi potensialını pis-yaxşı görə bilirəm, amma Naxçıvana gedə bilmədiyimizdən müxtar respublika barəsində müzakirələr apara bilmirik. Ona görə Naxçıvanda gizli iqtisadiyyatın payının nə qədər olması və ya başqa suallara cavab verə bilmirik. Yalnız bir reallığı bilirik, Naxçıvan iki ölkənin, Türkiyə və İranın sərhədində yerləşdiyindən ticarət imkanları böyükdür. Eyni zamanda, bölgənin aqrar və turizm potensialı böyükdür. Amma bu potensial nə dərəcədə istifadə olunur sualına əhatəli cavab vermək mümkünsüzdür. Hökumətin bu istiqamətdə qiymətləndirmə aparıb-aparmamasından məlumatsızam. Yaxşı olardı, hakimiyyət müstəqil tədqiqat insitutlarını bu işə cəlb etsin. Yalnız öz gözləri ilə yox, üçüncü tərəfin baxışlarını da nəzərə alsınlar. Şərait olsa, mən Naxçıvanın iqtisadi potensialının qiymətləndirilməsi blokunda iştirak edərdim”.

rovsen.jpg
Rövşən Ağayev

Rövşən Ağayev regionların vergi potensialına diqqət yönəldərək deyib ki, Naxçıvan əhalinin sayına görə ilk onluqdadır, ancaq vergi gəlirlərinin adambaşına məbləğinə görə 8-ci yerdə qərarlaşır:

“Muxtar respublikada 450 min nəfərə yaxın adamın yaşadığı qeyd olunsa da, əhalinin yarısının kənar ölkələrdə olduğunu söyləyənlər də var. Amma Naxçıvan Bakıdan sonra ən böyük region olsa da, digər bölgələrlə müqayisə edəndə mövcud imkanlardan az istifadə olunduğu üzə çıxır. Konkret olaraq, büdcəyə verilən töhfəni nəzərdə tuturam. Bu mənada prezidentin Vasif Talıbovu qəbul edərkən şəffaflığa vurğu etməsi artıq hökumətin ordakı durumdan narazı olduğunu göstərdi. Mərkəzi hökumət Naxçıvanda şəffaflıqla bağlı problemləri görür və hesab edirlər ki, şəffaflıq olsa, ödənilən vergi və büdcə imkanları daha geniş olar”.

Ana səhifəXəbərlərNaxçıvanla bağlı bir gündə 3 sərəncam