Müharibənin ilk dəqiqələrində həyatını itirən pilot

Müharibənin ilk dəqiqələrində həyatını itirən pilot

27 sentyabr – İkinci Qarabağ müharibəsinin ildönümü…

Bu, Kifayət Qasımova üçün həm də oğlu Abbası itirdiyi gündür.

Hərbi pilot Abbas Qasımov savaşın ilk anlarında həlak olub.

Anasının dediyinə görə, müharibə ilk onun canını alır.

“Hər yerdə deyirlər ki, başını dik tut. Vallah, tuta bilmirəm. Başımı qaldıra bilmirəm. Bir il ərzində mən yaşamamışam. Ona görə ki Abbasın səsini eşitmirəm. 26 sentyabr mənimlə danışdı. Dedi, ana mənə dua et. Duam qəbul olunmadı, 28 sentyabrda Abbas bayraqda gəldi”, – Abbas Qasımovun anası belə deyir.

Abbasdan geriyə 2 azyaşlı uşağı qalıb.

Əslində onun uşaqları da Abbasın taleyini yaşayır.

O da 6 yaşında öz atasını itirib.

Bacısı və anası ilə birgə yarı ac-yarı tox həyatda qalmağa davam ediblər.

Kifayət xanım deyir ki, Abbas təkcə onun övladı yox, həm də dərd ortağı olub.

“Əvvəl uşaqların əlindən tutub binanın qarşısına düşürdüm. Mənə deyirdilər ki, yazıq gəlin. Böyütdüm. İndi isə nəvələrimin əlindən tutub düşürəm. Deyirlər: yazıq arvad. Mənim nə günahım var idi?”, – deyir Kifayət Qasımova.

Ötən bir il ərzində Abbasın dostları, döyüş yoldaşları Kifayət xanımı yalnız qoymayıblar.

Deyir ki, Abbası itirsə də, çoxlu oğul qazanıb, hamı onu “ana” deyə çağırır. Onların sayəsində ayaqda durmağa, yaşamağa çalışır:

“Hər başımı yatağa qoyanda paltarını öpüb, qucaqlayıb yatıram. Deyirəm, bala, yuxun şirin olsun. Hər səhər o işə gedən vaxtda dururam. Deyirəm, bala, sağ-salamat get. Deyirlər fəxr elə, yaxşı yerdədir. Fəxr edə bilmirəm. Kaş ki, ayaqları olmayayda, amma gələrdi. Ölənə kimi onu qucağımda saxlayardım. Ölənə qədər… O zaman deyərdim, istəyirsən öl, istəyirsən qal, amma məni sənsiz qoyma, bala”.

27 sentyabr Azərbaycanla Ermənistan arasında baş verən İkinci Qarabağ müharibəsinin il dönümüdür.

44 günlük müharibədə Azərbaycan 30 ilə yaxın işğal altında olan ərazilərinin bir hissəsini qaytarıb.

Savaşda 3000-ə yaxın hərbçi həyatını itirib.

Ana səhifəVideoMüharibənin ilk dəqiqələrində həyatını itirən pilot