“Müdafiə Xətti” aprel ayında baş verən hüquq pozuntularını açıqlayıb

“Şəxsi həyata müdaxilə edən şəkillər, videollar hüquq-mühafizə orqanları tərəfindən araşdırılmır”

Source: Meydan TV


“Şəxsi həyata müdaxilə edən şəkillər, videollar hüquq-mühafizə orqanları tərəfindən araşdırılmır”

“Aprel ayı Azərbaycanda qanunvericiliyin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə müşahidə olunub”.

“Turan” xəbər verir ki, “Müdafiə Xətti” İnsan Haqları Təşkilatının 2021-ci ilin aprel ayında insan haqlarının durumu barədə hesabatında belə qeyd olunub.

“Müdafiə Xətti” hesab edir ki, Azərbaycanda son aylarda ən çox ailə və şəxsi həyata hörmət, azadlıq və şəxsi toxunulmazlıq, mülkiyyət, ədalətli məhkəmə araşdırılması, işgəncəyə və ayrı-seçkiliyə məruz qalmamaq hüquqları pozulub.

Bildirilir ki, ailə və şəxsi həyata hörmət hüququnun pozulması bir çox siyasi və ictimai xadimləri, fəalları şantaj və susdurmaq məqsədini güdüb.

Hesabatda həmçinin qeyd edilir ki, mediada və sosial şəbəkələrdə yayılan şəxsi yazışmalar, şəkillər, videollar və s. hüquq-mühafizə orqanları tərəfindən cinayət işlərinin başlanmasına əsas olsa da, həmin orqanlar tərəfindən susqunluqla qarşılanıb.

“Azadlıq və şəxsi toxunulmazlıq hüququ ilə bağlı da Azərbaycandakı durum yaxşılığa doğru getmir. Qeyd edilən hüququn pozulması digər prosessual hüquqların pozulmasına gətirib çıxarır”, – təşkilat hesab edir.

Sənəddə bildirilir ki, pozuntulara keyfiyyətli hüquqi yardım almaq hüququ, ailə üzvləri və yaxınları ilə görüş almaq hüququ, vəkillə konfidensial ünsiyyət qurmaq hüququ və s. daxildir. Həmçinin vurğulanır ki, ədalətli məhkəmə araşdırılması hüququ məhkəmə sisteminin müstəqil olmamasından irəli gələrək məhkəmə proseslərinin əksəriyyətində pozulur:

“Məhkəmələr icra hakimiyyətindən asılı vəziyyətdədir və siyasi movitli (“həssas”) işlərdə müstəqil və ədalətli deyillər. Bundan əlavə, ölkədə İkinci Vətən Müharibəsindən sonra qazilər və əlilliyini qazanan qazilər sosial ədalətsizlikə üzləşib. Müdafiə Xəttinin müşahidələrinə əsasən, bu qəbildən olan bir çox işlərdə qazilər əlillik dərəcəsinin müəyyən olunması və sosial müavinətlərin alınmasında əziyyət çəkirlər. Dövlət strukturları süründürməçilik və bürokratiya səbəbindən səmərəli iş görə bilmirlər”.

Öz növbəsində, Azərbaycan hökuməti bir qayda olaraq insan hüquqlarının pozulması ilə bağlı tənqidləri qəbul etmir və qərəzli sayır.

Rəsmi Bakı ölkədə insanların qanunvericilik qarşısında bərabər olduğunu, fundamental hüquq və azadlıqların tam təmin edildyini bildirir. Bununla yanaşı, ölkə beynəlxalq reytinqlərdə insan hüquqları, media azadlığı və korrupsiya indeksində qeyri-azad ölkələr sırasına daxil edilib.

Ana səhifəXəbərlər“Müdafiə Xətti” aprel ayında baş verən hüquq pozuntularını açıqlayıb