Mübtədası olmayan partiya yığıncağı

Bəs niyə belə bir hakimiyyəti səriştəsizlikdə, korrupsiyada, bacarıqsızlıqda, bəziləri lap qabağa gedib xəyanətdə ittiham edir?

Mənbə: Meydan TV


Yaxud “AXC-Müsavat cütlüyü”nün yapdıqları

Yanvarın 19-da YAP İdarə Heyətinin yığıncağı keçirilib. Bu barədə saytlarda, o sıradan YAP-ın saytında xəbər gedib, yəqin, axşam da AzTV-lər informasiya yayacaq. Bununla işimiz yox, ancaq maraqlıdır ki, yığıncaqların, iclasların qadağan olunduğu indiki çağda YAP o toplantını necə keçirib? Çünki yayılan xəbərdə bununla bağlı heç nə deyilmir. Heç iclasda kimin iştirak etdiyi, yığıncağa kimin sədrlik etdiyi barədə də yazılmayıb. Kimlərin çıxış etdiyi də sirri-xudadır. İnformasiyada ad yoxdur.

Ancaq bilirik ki, YAP-ın İdarə Heyətinin 20 üzvü var, o adlarla

sayt

da tanış ola bilərsiz. Onlardan kimlərin iclasda olduğu, kimlərin gəlmədiyi, yetərsayın alınıb-alınmadığı da bilinmir. Hətta Əli Həsənov da, bəli, bu gün həbsdə olan Vüqar Səfərlinin patronu Əli Həsənov da İH üzvüdür. Onun da yığıncaqda iştirak edib-etməməsiylə bağlı xəbər yoxdur…

İclasın hansı şəkildə keçirildiyinə aydınlıq gələcəyinə ümid edirəm. Bu iclas yadıma YAP-ın yaranma tarixini saldı. Çoxunuzun bildiyi kimi, partiyanın təməli, birincidən üzüaşağı bütün yapçıların söyüb-yamanladığı "AXC-Müsavat cütlüyü"nün hakimiyyəti vaxtı qoyulub. Ardıcıllığa fikir verin, heç bir maneə olmadan adamlar toplaşıb, müraciət edib, partiya yaradıb, Ədliyyə Nazirliyinə üz tutub, qeydiyyatdan keçib, fəaliyyətə başlayıb; demokratik ölkələrdə olduğu sayaq.

– 16 oktyabr 1992-ci il – Yeni Azərbaycan Partiyasını yaratmaq münasibətilə Azərbaycan ziyalıları Heydər Əliyevə müraciət edib (yəni 91-lər).

– 24 oktyabr 1992-ci il – Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev ziyalıların müraciətinə cavab verib.

– 21 noyabr 1992-ci il – Yeni Azərbaycan Partiyasının təsis konfransı, Heydər Əliyev partiya sədri seçilib.

– 18 dekabr 1992-ci il – Yeni Azərbaycan Partiyası Ədliyyə Nazirliyində qeydiyyatdan keçib.

– 1992-1993 – YAP rayon təşkilatları yaradılıb.

Fevral 1993-cü il – YAP sədri Heydər Əliyev Bakıda partiya fəalları ilə görüşüb.

– Aprel 1993-cü il – «Yeni Azərbaycan» qəzetinin ilk sayı çapdan çıxıb.

Göründüyü kimi, partiyanın yaradılmasına təşəbbüslə YAP-ın qeydiyyatdan keçməsi təxminən 2 aya başa gəlib, yəni süründürməçilik olmayıb. Ədalət naminə o da vurğulanmalıdır ki, Heydər Əliyev də ziyalıların müraciətinə operativ cavab verib.

Bəs niyə belə bir hakimiyyəti səriştəsizlikdə, korrupsiyada, bacarıqsızlıqda, bəziləri lap qabağa gedib xəyanətdə ittiham edir? Həm də 27 ildir. Heydər Əliyevdən başlayan o tənqidlər, bəzən təhqirlər bu gün də davam edir. Axı o dönəmdə, o çətin, ağır, müstəqilliyin yenicə qazanıldığı illərdə, üstəlik, düşmənlərin basqısı altında, Qarabağda savaş getdiyi, hakimiyyət strukturlarının formalaşdırıldığı vaxtda 12 siyasi partiya qeydiyyatdan keçib, adamlar istədiyi vaxt toplaşıb aksiya keçirə bilib…

Yadınızda olar, bu yaxınlarda, daha doğrusu, bu il yanvarın 6-da prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda keçirilən müşavirədə dedi: “Bir neçə ay bundan əvvəl mənə məlumat verildi ki, bəzi partiyalar qeydiyyatdan keçməyib. Mənim üçün bu, sözün düzü, yenilik idi. Mən bilmirdim. Mənə heç kim məlumat verməmişdi ki, belə hallar var. Ona görə mən dərhal göstəriş verdim ki, bu məsələ öz həllini tapmalıdır”.

Təsəvvür edirsinizmi, ölkədə demokratiya olduğunu deyən, analoqsuz inkişafdan danışan, köklü islahatlar aparıldığını gözə soxan bir hakimiyyətin vaxtında son 9 ildə heç bir partiya qeydə alınmır və prezidentin də bundan xəbəri olmur.

Bilmirəm “AXC-Müsavat cütlüyü” vaxtı prosedur necəydi, partiyaların qeydiyyatıyla bağlı prezidentlə məsləhətləşirdilər, ya yox. Bəlkə, buna heç ehtiyac da yoxuymuş, nazirlik var, nazir var, partiyalar sənədini verirmiş, hər şey qaydasındadırsa, qeydiyyata alınırmış. Hər halda, görünən odur ki, YAP çox asan şəkildə müxalifət partiyası kimi qeydiyyatdan keçib.

YAP-ın 27 illik hakimiyyəti dönəmindəsə 42 partiya Ədliyyə Nazirliyində qeydiyyatdan keçib – 1993-cü ildə 1 partiya, 1994-cü ildə 4 partiya, 1995-ci ildə 7 partiya qeydiyyatdan keçib. 1996-97-ci illərdə partiya qeydiyyatı olmayıb. 1998-ci ildə 3 partiya, 1999-cu ildə 2 partiya, 2000-ci ildə 1 partiya, 2002-ci ildə 4 partiya, 2005-ci ildə 8 partiya, 2007-ci ildə 2 partiya, 2008 və 2009-da 1 partiya, 2011-də 1 partiya qeydiyyatdan keçib. Sonra 9 illik fasilə yaranıb, nəhayət, İlham Əliyevin göstərişindən sonra 2020-ci ildə 8 partiya qeydiyyata alınıb.

YAP-ın 19 yanvar yığıncağı hesabatla zəngin olub, 2020-ci ilin maliyyə hesabatı dinlənilib, ancaq xəbərdə kimin kimi dinlədiyi bəlli deyil. Linqvistika terminiylə desək, ümumi şəxsli cümlə – mübtədası yoxdur…

140674572_1370345153310344_6230224102330404698_n.jpg
YAP İdarə Heyəti
Ana səhifəXəbərlərMübtədası olmayan partiya yığıncağı