Metro 14 gün, bütün ictimai nəqliyyat isə həftəsonları bağlı olacaq

Operativ qərargah Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında son vaxtlar yüksək yoluxma faktlarının aşkarlandığını qeyd edib.

Source: Foto: Azərtac


Karantin rejmi uzadılır və sərtləşdirilir

Azərbaycanın bir sıra bölgələrində karantin rejimi 20 iyul tarixinə qədər uzadılır və sərtləşdirilir.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda deyilir ki, COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılır.

Operativ qərargah Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonlarında son vaxtlar yüksək yoluxma faktlarının aşkarlandığını qeyd edib.

Məlumatda 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırıldığı bildirilib:

“Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır:

4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;

11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;

18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək”.

Bundan əlavə, virusa yoluxma dinamikasının azaldılması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir:

“Xüsusi karantin rejiminin sərtləşdirildiyi Bakı, Cəlilabad, Gəncə, Goranboy, Göygöl, Lənkəran, Masallı, Mingəçevir, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları ərazisində 2020-ci il 20 iyul saat 06:00-dək həmçinin aşağıda qeyd edilən iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir:

● nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti;

● ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər;

● muzey və sərgi zallarının fəaliyyəti;

● bərbərxanaların, gözəllik salonlarının fəaliyyəti və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət);

● təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla);

● açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi.

Xüsusi karantin rejiminin sərtləşdirildiyi şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir:

● təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar; (SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə)

● ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar; (SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə)

● yaxın qohumunun dəfnində iştirakla əlaqədar. (102 Xidməti – Zəng Mərkəzi vasitəsilə)

Operativ qərargah qeyd edib ki, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS – məlumatın göndərilməsi tələb olunmur. Həmçinin şəxslər məhkəməyə və ya hüquq mühafizə orqanlarına çağırıldıqda SMS – məlumat göndərilmədən yaşayış yerini və olduğu yeri tərk edirlər. Bu halda onlar məhkəməyə və ya hüquq mühafizə orqanına çağırılmalarına dair sənədi polis əməkdaşlarının tələbi ilə onlara təqdim etməlidirlər:

“Beynəlxalq və ölkədaxili uçuşlara müvafiq reys üçün bileti olan şəxslərin yaşadıqları və ya olduqları yerdən hərəkətinə onların biletləri əsasında, dövlət sərhədindən müvafiq qaydada ölkəyə daxil olan şəxslərin yaşadıqları və ya olduqları yerə gəlməsinə isə onların pasportuna vurulmuş ştamp əsasında yol verilir. Nəzərdə tutulan qaydalarla şəxslərin hərəkəti zamanı onların üzərində şəxsiyyəti təsdiq edən sənədlərin olması məcburidir”.

İyunun 19-da Azərbaycan Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad və Abşeron ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə

qərar

qəbul edib.

Azərbaycanda martın 28-də koronavirus (COVİD 19) pandemiyası səbəbindən xüsusi karantin rejimi gücləndirilib.

Aprelin 27-də isə karantin rejimi qismən yumşaldılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargah 18 may tarixində isə karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına qərar verib. Həmin gündən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə yaşayış yerini SMS icazə ilə, xidməti vəsiqə və ya iş yeri barədə arayışla tərk etmək sistemi ləğv olunub.

Ana səhifəSosialMetro 14 gün, bütün ictimai nəqliyyat isə həftəsonları bağlı olacaq